Məhkəmə qərarları › İş №2(049)-98/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-98/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-98/2023 15.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı X5 iştirakı ilə, iddiaçı X5 cavabdeh X9 qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş ziyan və cavabdehin özbaşınalığına son qoyulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 tərəfindən tutulmuş mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,60 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi, onun özbaşınalıq hərəkətlərinə son qoyulması, vurulmuş 300 manat ziyanın, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X6 alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X13 ümumi paylı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,93 ha hektar torpaq sahəsindən 0,60 hektar hissəsini 12 fevral 2011-ci il tarixdə AN-1N-0230320 torpaq alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Kakalos kəndində yaşayan X3. X17 alqı-satqı müqaviləsinə əsasən aldığı 0,60 hektar torpaq sahəsini 24 fevral 2022-ci il tarixdə 4Ə-155 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Halbuki, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını 17 mart 2022-ci il tarixdə ********** nömrə ilə qeyd etdirməklə Dövlət Reyestrindən çıxarış almışdır. Mülkiyyətində olan torpaq sahəsini çəpərə almaqdan ötrü payalar basdırmış, cavabdeh qərəzli olaraq payaları çıxarıb və ona xeyli miqdarda ziyan vurmuşdur. Beləliklə torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq özbaşınalıq edərək mülkiyyət hüquqlarını pozmuş torpaq sahəsindən istifadə etməyinə mane olmuşdur. Cavabdehin özbaşınalıq hərəkətlərinə son qoymaqdan ötrü Lənkəran Polis şöbəsinə ərizə ilə müraciət etmiş, polis şöbəsinin xx.xx.2022-ci il tarixli ***-*******-1222 nömrəli məktubları ilə tövsiyə olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət edib. Məhkəmə iclasında iddiaçı X10 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh X13 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-105 KOD80203016 №-li Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 04 saylı qərarına əsasən Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,93 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X18, X15 və X8 ümumi birgə mülkiyyətinə verilmişdir. 12 fevral 2011-ci il tarixdə AN-1N-0230320 torpaq alqı-satqı müqaviləsinə əsasən, Rəsulov X11 rayonu Parakənd kəndində yerləşən 0,93 ha torpaq sahəsinin 0,60 ha hissəsini Astara rayonu Kakalos kəndində yaşayan X3. Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 mart 2022-ci il tarixli ********** qeydiyyat №-li Çıxarışla iddiaçı X5 mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin bütövlükdə cavabdeh X13 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3128 №-li, 30 may 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-477/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 17 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı X5 mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin cavabdeh X13 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, tərəflərin izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçıı mükiyyətində olan torpaq sahəsini cavabdehinn qanunsuz sahibliyindən geri tələb etdiyindən məhkəmə hesab edir ki, tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsi X5 mülkiyyətindədir.

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3128 №-li, 30 may 2023-cü il tarixli rəyinə əsasən iddiaçı X10 mülkiyyətində olan Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsinə sahibliyi həyata keçirmək imkanından məhrumdur.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3128 №-li, 30 may 2023-cü il tarixli rəyinə əsasən iddiaçı X10 mülkiyyətində olan Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə etməklə onun sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – Cavabdeh faktiki olaraq istifadə etdiyi Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus 0,60 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan iddia iddiaçıya məxsus Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,60 ha torpaq sahəsinin cavabdeh X13 zəbtindn azad edilməsi və, onun özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində əsaslıdır. Məhkəmə iddianın vurulmuş 300 manat ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, qeyd olunan ziyan məbləğinin cavabdeh tərəfindən iddiaçıya vurulmasını təsdiq edən hər hansı sübutu iddiaçı təqdim etməli olduğu hal həmin sübutları məhkəmə təqdim etməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən X5 mülkiyyətində olan Lənkəran rayonu Parakənd kəndində yerləşən 0,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilməli, iddanın verilməsi dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən X5 mülkiyyətində olan Lənkəran rayonu Parakənd kəndində yerləşən 0,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilsin. İddanın verilməsi dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh tutularaq iddiaçı X7 ödənilsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar