Məhkəmə qərarları › İş №2(050)-1/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1/2023

11.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və X9 qarşı (üçüncü şəxs: Masallı Rayon Ərkivan Bələdiyyəsi) həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh, X8 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində qanunsuz olaraq darvaza qoyulmaqla bağlanmış yolun darvazanın cavabdehlərin hesabına sökülməklə açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində qanunsuz olaraq darvaza qoyulmaqla bağlanmış yolun darvazanın X5 və X6 hesabına sökülməklə yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsində xüsusi mülkiyyətində 0,05 ha həyətyanı torpaq sahəsi var. Bununla bağlı hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Cavabdehlərin evi isə qeyd olunan torpağın qonşuluğunda yerləşir. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gələn yol onların həyətinin yanından keçir. Bu ona məxsus torpağın plan-ölçü sənədində də əks olunmuşdur. Lakin cavabdehlər həmin yolun üzərində darvaza qoymaqla yolunu tamamilə bağlamışlar. Bununla bağlı ərazi nümayəndəliyinə və bələdiyyəyə müraciət etməli olmuşdur. Lakin cavabdehlər bundan da nəticə çıxarmamış, həyətinə gələn yolun üzərində qoyduqları darvazanı sökməmişlər. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən və orada olan evindən sərbəst istifadə hüququ pozulmuşdur. Cavabdehlər həyətyanı torpaq sahənə gedən yol üzərində darvaza qoymaqla yolu bağlayaraq mülkiyyətində olan torpağa sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməyə imkan verməməklə mülkiyyətinə daxil olmaq hüquqlarından davamlı olaraq məhrum etmişlər. Qanunvericiliyin tələbinə görə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə gedən yolu özbaşına tutduqlarından həmin yolun tutulması ilə bağlı çəkdikləri xərcin əvəzi ödənilmədən yol onların hesabına açılmalıdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Torpaq Məcəlləsinin 110-cu maddələrinə, 111-ci maddənin 2,3-cü bəndlərinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 dekabr 1996-cı il tarixli “Loizidu” (Lazidovu) Türkiyəyə qarşı işə istinad edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini və torpaq sahəsində yerləşən fərdi yaşayış evini birgə əmlak kimi 2019-cu ildə almışdır. Həmin vaxt gediş-gəliş yolunun üzərində mübahisəli darvaza olmamışdır. Həmin darvaza sonradan qoyulmuşdur. Ekspert rəyi də bir daha sübut edir ki, mübahisəli darvaza iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində yerləşir. İddiaçının mülkiyyətinə başqa yerdən yol yoxdur. Sonda N.Q.İslamov iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X11 iddianı qəbul etməyərək, bildirdi ki, əvvəllər həmin yerdə darvaza olmamış, sonradan onlar tərəfindən qoyulmuşdur. Onların da mülkiyyətlərində 0,08 ha torpaq sahəsi var. Ekspert onların torpaq sənədlərinə istinad etməmiş, xəritədə dəyişiklik olmuşdur. Sonda C.İ.Orucov iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşayış məntəqələrinin təyinatlı 0,05 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin sənədin “Torpaq sahəsinin planı” adlanan hissəsindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gedən yol mübahisəli darvazanın qoyulduğu yerdəndir. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması üçün ekspertiza təyin edilmiş, ekspert qarşısında mübahisəli darvazanın yerləşdiyi sahənin kimə məxsus torpaq sahəsi olmasının, darvazanın reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə gedən yolun üzərində qoyulubqoyulmamasının və davazanın mübahisəli yerdə mövcudluğunun iddiaçıya hər hansı bir maneçiliyinin olub-olmamasının aydınlaşdırılması kimi məsələlər qoyulmuş; aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, 10/7618 saylı ekspert rəyində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********71 saylı saylı mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin baza məlumatlarında mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsinin Ərkivan bələdiyyəsinə aid ümumi istifadədə olan (küçə, keçid) ərazi olduğu və darvazanın **********37 reystr nömrəli çıxarışla İddiaçı mülkiyyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə gedən yolun üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında işin araşdırılması ilə müəyyən olunmuşdur ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşayış məntəqələrinin təyinatlı 0,05 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı torpaq sahəsini xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında almış, həmin vaxt yolun üzərində mübahisəli darvaza olmamış, mülkiyyətdə olan 0,05 ha torpaq sahəsinə gedən yol mübahisəli darvazanın qoyulduğu yerdəndir. Darvazanın yerləşdiyi torpaq sahəsi Masallı Rayon Ərkivan Bələdiyyəsinə aid ümumi istifadədə olan (küçə, keçid) ərazidir, mübahisəli darvaza xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,05 hektar torpaq sahəsinə gedən yolun üzərində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi Masallı Rayon Ərkivan Bələdiyyəsinə aid ümumi istifadədə olan (küçə, keçid) ərazidir. İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında almış, həmin vaxt yolun üzərində mübahisəli darvaza olmamış, mülkiyyətdə olan 0,05 ha torpaq sahəsinə gedən yol mübahisəli darvazanın qoyulduğu yerdəndir. Mübahisəli darvaza xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,05 hektar torpaq sahəsinə gedən yolun üzərində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində darvaza qoyulmaqla bağlanmış yol darvazanın X5 və X6 hesabına sökülməklə açılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pul X2 və X3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul X2 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar