Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-10/2023 03.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı Əlhüseyn oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə. İddiaçı Əlhüseyn oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əlhüseyn oğlu iddiası ilə ona məxsus Masallı rayonu Binə Xocavar kəndində yerləşən 0.07 hektar torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz kafenin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun Masallı rayon, Binə Xocavar kəndində xüsusi mülkiyyətində 0.07 ha torpaq sahəsi vardır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı və plan-ölçü sənədi vardır. Lakin torpaq sahəsi 4-5 ilə yaxındır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və həmin ərazidə onlar tərəfindən qanunsuz kafe inşa edilmişdir. Heç bir sənədləri olmamalarına baxmayaraq torpaq sahəsindən istifadə edirlər və hazırda onların qanunusuz olaraq inşa etdikləri tikili fəaliyyət göstərir. Torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, tikili sökülməmiş və zəbt olunmuş torpaq ona qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı Əlhüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun mülkiyyətində Masallı rayonu Binə Xocavar kəndində 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. Bu barədə ona plan ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti vardır. Obyektin adına keçirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin ona rəsmi cavab verilmişdir ki, mülkiyyətində olan 0,07 ha torpaq sahəsində başqa şəxslər tikililər inşa etmişdir. Ona görə müraciətindən imtina edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məsus olan torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 obyekt, yəni kafe inşa etmişlər və istifadə edirlər. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmişdir. Bu barədə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizaları üzrə mütəxəssis rəyləri də düzgün verilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qoyulan suallar tam və düzgün cavablandırılmamışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı Əlhüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə obyekti olan kafeni heç vaxt istifadə etməmiş, ona məxsus deyil. Mübahisənin ona heç bir aidiyyəti yoxdur. Cavabdeh2 onun qaynıdır və həmin kafenin də ona məxsus olubolammasını da bilmir. Cavabdeh2 uzun müddətdir ki, Rusiyada yaşayır. Ona aid olan heç bir obyekti istifadə etmir. Ona görə özünə münsibətdə iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2 Əlhüseyn oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********47 reyestr nömrəli Çıxarışın və torpaq sahəsini plan-ölçü sənədinin surətindən görünür ki, Masallı rayonu Binə Xocavar kəndində İddiaçı Əlhüseyn oğlunun mülkiyyətində 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 18 iyul 2022-ci il tarixli, 10/4140 saylı rəyindən məlum olur ki; -**********47 reyestr nömrəli çıxarış və plan ölçünün koordinatlarına əsasən İddiaçı Əlhüseyn oğlunun mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq istifadə etmirlər. -**********47 reyestr nömrəli çıxarış və plan ölçünün koordinatlarına əsasən İddiaçı Əlhüseyn oğlunun mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı tikili inşa etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2023-cü il tarixli, 10/390 saylı rəyindən məlum olur ki; -**********47 reyestr nömrəli çıxarış və plan ölçünün koordinatlarına əsasən Masallı rayon Binə Xocavar kəndində yerləşən İddiaçı Əlhüseyn oğlunun mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində iki mərtəbəli tikili mövcuddur, həmin tikili İddiaçı Əlhüseyn oğluna məxsusdur və faktiki olaraq onun özü tərəfindən istifadə olunur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. və 14.2.2.-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 152.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri üzrə iddiaçı mülkiyyət hüququnun pozulması qanuni əsasından çıxış edir. Lakin cavabdehlərin iddiaçının hüquq və mənafelərini digər formada pozması halı müəyyən olunmur. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən kafenin inşa edilməsini və istifadə edilməsini iddia edir və həmin subyektiv hüquqa istinadən cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmalarını, kafenin sökülməsini tələb edir. Lakin o, iddiasının əsaslı olması ilə bağlı məhkəməyə başqa sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, mübahisənin tam, obyektiv və ədaləti araşdırılmasının təmin edilməsi və həqiqətə nail olmaq üçün, iki dəfə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, lakin cəlb edilmiş mütəxəssis rəylərindən göründüyü kimi, 0,07 ha torpaq sahəsində ümumiyyətlə cavabdehlər və ya digər şəxlər tərəfindən hər hansı tikilinin inşa edilmədiyi, ümumiyyətlə İddiaçı mülkiyyət hüququ əldə etmək istədiyi iki mərtəbəli qeyriyaşayış sahəsindən başqa, digər obyektin olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəllər heç kimlə həmin ərazidə torpaq və ya tikili mübahisəsi olmamışdır. O, yalnız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin ona ünvanladığı məktublara əsasən belə qənaətə gəlmişdir ki, onun torpaq sahəsində başqa şəxslər tərəfindən obyekt istifadə olunur. Lakin həmin məlumatın nə qədər doğru olmasını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbləri sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq X2 hesabına ödənilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Əlhüseyn oğlunun cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşı Masallı rayonu Binə Xocavar kəndində yerləşən 0.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində qanunsuz tikilmiş kafenin sökülməsi tələbləri təmin olunmasın. Ekspertiza xərci 100 manat İddiaçı Əlhüseyn oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-10/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-10/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver