Məhkəmə qərarları › İş №2(050)-107/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-107/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-107/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndində 0,02 ha torpaq sahəsində yerləşən sahəsi 135 kv.m olan evin naturada 2 hissəyə bölünərək sahəsi 76 kv.m olan (mətbəx, 2 yataq otağı, holl, hamam və tualet) hissəsini cavabdeh Ağabalayeva (Quliyeva) İradə Sərdar qızının, sahəsi 46 kv.m olan (yataq otağı 5*4=20 kv.m, holl 8.40*3=46 kvm) hissəsinin isə onun istifadəsində saxlanılması, hissələr arasındakı arakəsmələrə sərf olunacaq xərclərin tərəflərin birgə vəsaiti hesabına həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh kirayə haqqı olan 10550 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə Abşeron rayonunun Masazır kəndində X1 etibarnamə əsasında 0,02 ha torpaq sahəsi satın alaraq həmin torpağın üzərində 2007-ci ildə 135 kv.m ölçüdə yaşayış evi inşa etmişdir. Ev dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlə aralarındakı nikah pozulmuşdur. Cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edərək onun inşa etdiyi evdə yaşamasına məhdudiyyətlər yaratmış, məcburiyyət qarşısında qalaraq kirayədə yaşayır. Evi sataraq əldə olunmuş vəsait hesabına ayrı-ayrılıqda ev almaq barədə təkliflərini cavabdeh qəbul etmir, bu səbəbdən də yaranmış vəziyyətə görə evdən istifadə edə bilmir. Ev faktiki olaraq cavabdehin istifadəsindədir. Yaranmış vəziyyətdə mübahisələrə yol verilməsin deyə evdən istifadə qaydasını müəyyən etmək lazımdır. Evin naturada iki yerə bölünməsi mümkündür. Belə ki, sahəsi 76 kv.m olan (mətbəx, iki yataq otağı, holl, hamam və ayaqyolu) hissənin cavabdehin, sahəsi 46 kv.m olan (yataq otağı 5x4=20 kvm, holl 8.40x3=26 kvm=46 kvm) hissəsinin isə onun istifadəsində saxlanılması mümkündür. Göstərilən sahələr ayrılarkən mətbəxin qarşısındakı yataq otağından holla açılan qapı hörgü ilə bağlanmalıdır. Eyni zamanda sahəsi 26 kv.m olan holdan sahəsi 5.52x1.47=9 kv.m olan hola açılan qapı bağlanmalıdır. Evin iki yerə bölünməsi ilə əlaqədar çəkilən xərclərə tərəflər müştərək qaydada məsuliyyət daşımalıdırlar. Bundan əlavə qeyd etdiyi kimi 2019-cu ildən bu günədək müxtəlif mənzillərdə kirayadə yaşamışdır. Hər bir mənzilə dair kirayə müqaviləsi olmadığından bütün dövrü əhatə edən sənədləri təqdim edə bilmir. Hesab edir ki, kirayə haqqı kimi xərclədiyi ümumilikdə 10550 manat cavabdehdən tutularaq ona verilməlidir. Çünki, cavabdeh onunla razılaşmış olsaydı, o da kirayələrdə yaşamazdı. İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçılə el adəti qaydasında toy etməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 2005-ci ildə Abşeron rayonunun Masazır kəndində X1 etibarnamə əsasında 0,02 ha torpaq sahəsi satın alaraq həmin torpağın üzərində 2007-ci ildə yaşayış evi inşa etmişlər. Əvvəllər həmin evdə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və 2019-cu ildə ayrılmalı olmuşlar. Ayrıldıqdan sonra iddiaçı bir müddət onlarla yaşamış, sonradan qeyri rəsmi münasibətdə olduğu qadına görə başqa yerdə yaşamağa başlamışdır. O, iddiaçının mübahisəli evdə yaşamasına heç bir maneə törətməmiş, sonuncu öz istəyi ilə evdən getmişdir. Hazırda həmin evdə o, uşaqları ilə birlikdə yaşayır. Evə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Hesab edir ki, iddiaçının hazırki tələbi tamamilə əsassızdır. Bu səbəbdən də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı iddianı qəbul etməyib, Cavabdeh ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(050)-2224/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı “Mercedes- Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 14000 (on dörd min) manatın ½ hissəsi olan 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X2 verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 arasında olan nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, kişiyə Quliyev, arvada Ağabalayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Masazır Bələdiyyəsi tərəfindən verilmiş 05 iyun 2023cü il tarixli, 01/01-06/592 saylı arayışdan görünür ki, İddiaçı adına Abşeron rayon, Masazr kəndi ərazisində Masazır bələdiyyəsi tərəfindən (etibarnamə ilə X4) ayrılmış 0.02 ha torpaq sahəsində 0.0135 kvm tikili qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/801 saylı rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunaları nəzərə alaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 118.21 kv.metr olan fərdi yaşayış evindən dəhliz, hamam, ayaqyolu, mətbəx bir yaşayış otağı tikililəri olmaqla 73.91 kv.metr sahə və 13.92 kv.metr açıq eyvanın Cavabdeh istifadəsində qalmaqla bir yaşayış otağı və zal tikilisi sahəsi 44.3 kv.metr və torpaq sahəsində künc hissəsində yerləşən ümumi sahəsi 16.0 kv.metr olan 2 mərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsində hamam-ayaqyolu (8.0 kv.metr), 2-ci mərtəbəsində isə pilləkən quraşdırılaraq mətbəx yaradılmaqla İddiaçı istifadəsinə verilməsi mümkündür. Bunun üçün mətbəx otağı ilə yataq otağı arasında olan pəncərə bağlanaraq qapı açılmalı, yaşayış otağından zala açılan qapı bağlanmalı, zaldan dəhlizə açılan qapı bağlanmalı, zaldan həyətə açılan, evə giriş tərəfdə yerləşən pəncərə bağlanmalı, həmin hissədən sərhəd hasarı çəkilməli, zaldan həyətə qapı açılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər 1999-cu ildə faktiki, daha sonra isə rəsmi nihaha daxil olub evlənmişlər. 2005-ci ildə Abşeron rayonu, Masazır kəndində X1 etibarnamə əsasında (həmin etibarnamənin müddəti 28 avqust 2011-ci ildə bitmişdir) 0,02 ha torpaq sahəsi alaraq 2007-ci ildə həmin torpaq sahəsində 135 kv.m sahəsi olan yaşayış evi inşa etmişlər. Əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və 2019-cu ildə ayrılmşlar. Mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.11-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı daşınmaz əmlak ilk növbədə dövlət reyestrində qeydə alınmalı, sonra həmin əmlak üzərində paylı mülkiyyətçilərin hər birinin payı müəyyən edilməli, daha sonra isə həmin paylara uyğun olaraq əmlakın naturada bölgüsü həyata keçirilməlidir. Lakin, qeyd olunduğu kimi hazırki mübahisə predmeti olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, yəni özbaşına tikilidir. Məhz bu səbəbdən də həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf cavabdehin təqsiri nəticəsində mübahisəli fərdi yaşayış evindən istifadə etmək imkanlarından məhrum olduğunu, bu səbəbdən də kirayədə qalaraq 10550 manat kirayə haqqı xərclədiyini sübüt etməlidir. Lakin, iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Masazır kəndində 0,02 ha torpaq sahəsində yerləşən sahəsi 135 kv.m olan evin naturada iki hissəyə bölünərək sahəsi 76 kv.m olan hissəsini Cavabdeh, sahəsi 46 kv.m olan hissəsinin isə onun istifadəsində saxlanılması və kirayə haqqı olan 10550 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumları özünə aid edilməli, ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı və 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Masazır kəndində 0,02 ha torpaq sahəsində yerləşən sahəsi 135 kv.m olan evin naturada iki hissəyə bölünərək sahəsi 76 kv.m olan hissəsini Cavabdeh, sahəsi 46 kv.m olan hissəsinin isə onun istifadəsində saxlanılması və kirayə haqqı olan 10550 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumları özünə aid edilsin. Əlavə olaraq ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı və 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar