Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1130/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 44695 (qırx dörd min altı yüz doxsan beş) manat və dövlət rüsumuna görə 224 (iki yüz iyirmi dörd) manat 08 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə X2 ilə ailə həyatı qurmuş, birgə yaşadıqları müddət ərzində iki nəfər uşaqları olmuşdur. Həyat yoldaşı hərbiçi olmuş, hərbi xidmət zamanı avtoqəza nəticəsində 04 fevral 2022-ci ildə vəfat etmişdir. O, həyat yoldaşının vəfatından sonra başsız qalmış, həyat yoldaşının hərbi xidmətdə vəfat etməsi ilə bağlı ona birdəfəlik 7178 manat müavinət və hər ayda da 1300 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Qayınatası Cavabdeh qadın olduğundan həmin pulu almaq və bütün işləri özü icra etməsi üçün sənədləşmə işlərinə görə ona etibarnamə verməsini bildirmişdir. O da qayınatasına inanaraq etibarnamə vermiş, həmin pulu almaq üçün kart açılmışdır. Sonra qayınatası ona bildirmişdir ki, uşaqlar üçün hesab açaq və həmin pulu uşaqların hesabına yerləşdirək ki, gələcəkdə uşaqlar əziyyət çəkməsin. Bu səbəbdən də kartı qayınatasında saxlamışdır. Həmin vaxtdan qayınatası ona cəmi 1000 manat pul vermiş, qalan pulları əsassız olaraq mənimsəmişdir. Halbuki, həmin pullar uşaqların payıdır və onlara çatan puldur. Bundan başqa mərhum əri Rəvan Muxtarov 6800 manata onun qardaşı Şahid1 adına etibarnamə ilə avtomobil almışdır. Həmin maşını cavabdeh tanımadığı Musaküçə kənd sakininə satmış, 6500 manatı mənimsəmişdir. Həyat yoldaşının ölümünə görə birdəfəlik müavinət kimi 7178 manat, aylıq müavinətə görə cəmi 31017 manat, maşını satdığına görə isə 6500 manat pulu mənimsəmiş, ona verməmişdir. Cavabdeh ümumilikdə ona və uşaqlarına məxsus 44695 manat pulu mənimsəmiş, onları puldan qanunsuz olaraq məhrum etmişdir. Cavabdehə verdiyi etibarnaməni ləğv elətdirmiş, sonuncu dəfə ona məxsus kartdan razılığı olmadan xx.xx.2024-cü il tarixdə 1630 manat pul çıxarmışdır. Bunu bildikdən sonra kartı bağlatdırmışdır. Əri öləndən təxminən 1 il 2 ay sonra qayınatası və qayınanası ilə birlikdə onlara məxsus evdə yaşamış, sonra uşaqlarını da götürüb atası evinə getmişdir. O, elə bilirmiş ki, cavabdeh ərinin ölümünə görə verilmiş pulu uşaqlar üçün karta yığır. Lakin, sonradan məlum olmuşdur ki, cavabdeh oğlunun ölüm pulunu və müavinatı mənimsəmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı ilə mərhum oğlu Rəvan Muxtarov el adəti qaydasında toy edərək evlənmiş və birgə nikahlarından iki uşaqları olmuşdur. Mərhum oğlu 04 fevral 2022-ci ildə N saylı hərbi hissədə xidmətdə olduğu vaxt avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum oğlunun vəfatı ilə əlaqədar iddiaçıya birdəfəlik və aylıq müavinat ayrılmışdır. Bütün bunları sənədləşdirmək və müvainatları almaq üçün iddiaçı ona etibarnamə vermişdir. 2023-cü ilin aprel ayının sonlarına kimi iddiaçı onlarla birlikdə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. Oğlunun ölmündən sonra ona ayrılmış müavinatları iddiaçının razılığı ilə mərhumun oğlunun yas mərasiminə, baş daşına, onun bankdan götürdüyü kreditlərin ödənilməsinə, yaşadıqları evin təmirinə və evin gündəlik təlabatına xərcləmişlər. Onun iki qız və bir oğul övladı olmuşdur. Evi iddiaçı və nəvələrinin evdən rahat istifadə etməsi üçün təmir etdirmişdir. Eyni zamanda həmin puldan son 4 ayı, hər ay 250 manat, ümümilikdə 1000 manat İddiaçı şəxsi ehtiyacları üçün vermişdir. Oğlunun vəfatından sonra iddiaçı təxminən 1 il 3 ay onlarla birlikdə yaşamış, 2023-cü ilin aprel ayının sonlarında öz istəyi ilə uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Bundan başqa mərhum oğlunun aldığı “Vaz 2107” markalı avtomobil etibarnamə ilə idarə olunmuş və etibarnamə də iddiaçının qardaşı Şahid1 adına olmuşdur. Oğlu vəfat etdikdən qısa müddət sonra Samir avtomobili 6500 manata sataraq pulunu özü götürmüşdür. Göründüyü kimi iddiaçının tələbi tamamilə əsaszıdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclası zamanı iddianı qəbul etməyib, Cavabdeh ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, avtomobil almaq üçün dostuna müraciət etmiş, dostu ona bildirmişdir ki, onun atası maşın alveri ilə məşğuldur və hazırda Sumqayıt şəhərində yerləşən maşın bazarındadır. Sonra dostunun atası, yəni Şahid3 zəng edərək ona maşın almaq istədiyini demişdir. Şahid3 da ona bazarda yaxşı “Vaz 2107” markalı avtomobil olduğunu, istəsə onun üçün ala biləcəyini demişdir. O da razılaşaraq Şahid3 6600 manat verib sözü gedən avtomobili almış, sənədləşməyə o, Şahid3 və mərhumun qaynı Şahid1 getmişlər. İş materiallarına əlavə edilmiş; -Nikah haqqında arayışdan görünür ki, X2 ilə İddiaçı arasında nikah qeydi Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2015-ci il tarixdə, 702 sayla qeydi alınmışdır. -Doğum haqqında arayışlardan görünür ki, X2 ilə İddiaçı birgə nikahdan 14 iyun 2016-cı ildə X4 və 15 avqust 2019-cu ildə X5 adlı uşaqları doğulmuşdur. -Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 04 fevral 2022-ci ildə Bakı şəhəri, Xəzər rayonunda baş beynin ocaqlı travması səbəbindən ölmüşdür. -Ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus karta 27 may 2022-ci il tarixdən 15 fevral 2024-cü il tarixədək olan dövr üzrə 31,017,80 manat mədaxil, 31,022.00 manat məxaric olunub. -11 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən borclu X1 "xxxx" ASC-yə olan 3991,63 manat məbləğində kredit borcu tam ödənilmişdir. -"xxxx" MMC-nin direktoru E.Tağıyev tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh tərəfindən 04 fevral 2022-ci ildə vəfat etmiş oğlu X1 məzarüstü abidəsinin hazırlanması üçün 3200 (üç min iki yüz) manat xərclənmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ona ayrılmış birdəfəlik və aylıq müavinatı, həmçinin avtomobilin satışından əldə olunmuş pul vəsaitini mənimsədiyini və onu puldan qanunsuz olaraq məhrum etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehin oğlu Rəvan Muxtarov rəsmi nikaha daxil olub evlənmiş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Rəvan Muxtarov 04 fevral 2022-ci ildə N saylı hərbi hissədə xidmətdə olduğu vaxt avtoqəza nəticəsində vəfat etmişdir. Həmin vaxtdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus Masallı rayonu, Yeddioymaq kəndində yerləşən evində yaşamağa başlamışdır. Mərhum R.Muxtarovun vəfatı ilə əlaqədar iddiaçıya birdəfəlik və aylıq müavinatlar ayrılmışdır. Bütün bunları sənədləşdirmək və müvainatları almaq üçün iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmişdir. 2023-cü ilin aprel ayının sonlarına kimi iddiaçı cavabdehlə birlikdə sonuncuya məxsus evdə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. Qeyd olunan müavinatlar tərəflərin qarşılıqlı razılığı əsasında mərhum R.Muxtarovun yas mərasiminə, baş daşına, onun bankdan götürdüyü kreditlərin ödənilməsinə, yaşadıqları evin təmirinə və evin gündəlik təlabatına xərclənmişdir. Eyni zamanda cavabdeh həmin puldan iddiaçıya şəxsi ehtiyacları üçün ümümilikdə 1000 manat vermişdir. İddiaçı cavabdehin evində təxminən 1 il 3 ay yaşadıqdan sonra 2023-cü ilin aprel ayının sonlarında valideynlərinin evinə getmiş və hal-hazırda da orada yaşayır. Həmçinin müəyyən edilmişdir ki, mərhum Rəvan Muxtarovun aldığı “Vaz 2107” markalı avtomobil etibarnamə ilə idarə olunmuş və etibarnamənin biri də iddiaçının qardaşı Şahid1 adına olmuşdur. R.Muxtarov vəfat etdikdən sonra həmin avtomobil Şahid3 vasitəsi ilə Fərid Manaflıya 6600 manata satılmış və sənədləşmə işləri iddiaçının qardaşı Samir tərəfindən aparılmışdır. Avtomobilin satışından əldə olunmuş pul vəsaitinin isə cavabdehə verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi işin mübahisəsiz halları ilə təsdiq olunur ki, iddiaçının əri vəfat etdikdən sonra sonuncu 1 il 3 ay, yəni 2023-cü ilin aprel ayının sonlarına kimi cavabdehə məxsus evdə yaşayaraq təsərrüfatı birgə idarə etmiş və həmin vaxtadək alınmış birdəfəlik və aylıq müavinatlar iddiaçının öz razılığı ilə ailənin ehtiyacları üçün sərf olunmuşdur. Həmin vaxtdan sonra isə, yəni 2023-cü ilin may ayından 2024-cü ilin mart ayınadək iddiaçıya çatası aylıq müavinatlar (10 ay üçün 13.618,47 manat) cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan əldə olunaraq şəxsi ehtiyacları üçün xərclənmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzində 130,85 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 13618,47 manat və ödənilmiş dövlət rüsumuna görə 130,85 manat, cəmi 13749 (on üç min yeddi yüz qırx doqquz) manat 32 qəpik məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13618,47 manat və ödənilmiş dövlət rüsumuna görə 130,85 manat, cəmi 13749 (on üç min yeddi yüz qırx doqquz) manat 32 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1130/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1130/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver