Məhkəmə qərarları › İş №2(050)-1141/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1141/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1141/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. Ərizəçi iştirakı ilə. Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 20 iyun 1928-ci ildə, X2 22 oktyabr 1935-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində X4 doğulmaqla bacı olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl qeyd edilən faktla bağlı inzibati orqana müraciət etməli, müraciəti əsasında məsələ həll edilmədiyi halda məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizəçinin tələb etdiyi faktı inzibati orqanda həll etmək imkanı itirilməmişdir. Göstərilənlərə əsasən və MPM-in 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar