Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-14/2024 27.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı (üçüncü şəxslər X16, Nəsirov Saday Vəkil oğlu və X39) torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1 saylı X50 istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1306.5 kv.m hissəsinin Fabrikin xx.xx.1998-ci il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan 12 dekabr 2022-ci il tarixdə X16 ərizə ilə məhkəməyə müraciət edərək iddia olunan mübahisəli ərazinin başqa şəxs tərəfindən zəbt edilməsinin onun hüquqlarının pozulması ilə əlaqədar olduğunu qeyd edərək, iş üzrə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 12 dekabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında X16 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra məhkəmənin 12 yanvar 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Nəsirov Saday Vəkil oğlu və X39 da iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının dəlilləri: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan, 1 saylı X50 yerləşdiyi torpaq sahəsinin 1306.5 kv.m hissəsində Cavabdeh tərəfindən tikililərin inşa edildiyi aşkar olunmuşdur. 1 saylı X50 əmlakı Dövlət Əmlak Komitəsi ilə Fabrikin əmək kollektivi arasında bağlanılmış xx.xx.1999-cu il tarixli, 12.929 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən özəlləşdirilmiş və onlara qeyd edilən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1999-cu il tarixli, 12387 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Lakin, fabrikin yerləşdiyi, xx.xx.1998-ci il tarixli texniki pasporta əsasən sahəsi 32 823,8 kv.m (hazırda faktiki 29 132,9 kv.m) olan torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Cavabdeh tərəfindən mübahisəli tikililər Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan, dövlətin mülkiyyət hüququ pozulmaqla 1 saylı X50 istifadəsində olan 1306.5 kv.m torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən tikinti işləri əmlak kompleksinin texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, həmin torpaq sahəsinə mütəxəssislər dəfələrlə baxış keçirmişlər. Lakin, cavabdeh tərəf mübahisəli olan sahəyə baxış keçirilməsi üçün heç vaxt şərait yaratmamışdır. Bu da onu göstərir ki, cavabeh qəsdən süni maneələr yaratmaqla iddia tələbindən yayınmaq istəmişdir. Mübahisəli ərazinin 12 sotu iki nəfər şəxsin mülkiyyətində olsa da, 2010-cu ildəki baş planında göstərilən ərazinin 2021-ci Baş planında azalmasına səbəb elə həmin şəxlərə topraq sahəsinin verilməsidir. Həmçinin cavabdeh əlavə olaraq zəbt etdiyi torpaq sahəsini hasara almaqla öz istifadəsində saxlamışdır. Zəbt edilmiş həmin torpaq sahəsi isə dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Sonda Y.Y. Mirzəyev iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, 2010-cu ildə olan baş planla, 2021-ci ildə olan baş plan arasında fərq olsa da mütəxəssis və ekspert rəylərinə əsasən buna düzgün qiymət verilməmişdir. Azalmanın səbəbi cavabdehin zəbt etməsi ilə əlaqələndirilməməlidir. Cavabdehin ərazini zəbt etməsi ilə əlaqədar mötəbər sübut yoxdur. Baş planda dəyişiklik olarkən, hesab edir ki, həmin ərazi Çay fabrikinin ərazisinə düşməmişdir. Çıxarış hazırda Nəsirov Sadayın adınadır. Saday özü də etiraf edir ki, həmin torpaq onun özünə məxsusdur. Ümumiyyətlə cavabdeh düzgün göstərilməmişdir. Tikililəri müdafiə etdiyi Cavabdeh tikməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X16 izahatında bildirmişdir ki, bundan əvvəlki işə baxan hakim bir neçə dəfə həmin əraziyə baxış keçirmiş, həmçinin dəfələrlə də mütəxəsislə əraziyə baxmışlar. Müəyyən edilmişdir ki, cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. İddia ərizəsində 1306 kv.m göstərilsə də, cavabdeh ərazini mütəxəssislərə şərait yaratmadığından hasarının çölündən kordinatlar qoyulmuş və zəbt olunmuş ərazi 1437 kv.m kimi göstərilir. Apelyasiya məhkəməsi onun mübahisəli ərazinin hasarlarının cavabdeh tərəfindən sökülməsi nəticəsində ona vurulmuş ziyan tələbi ilə bağlı iddiasını təmin etmişdir. Bundan başqa təmin tədbiri ilə bağlı məhkəmə qərarı vardır və cavabdeh işi icra edərək təmin tədbiri ilə bağlı qərarı icra etməmişdir. Saday Nəsirov qeyd edir ki, ərazi onun deyil, o həmin yerdə qarovulçudur. Bundan başqa əvvəllər cavabdehin dövlət mülkiyyətini zəbt etməsi barədə onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Polis şöbəsinə müraciət etmiş və araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DƏDKR PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Əvvəl verilmiş mütəxəssis rəyində qeyd edilən 2010-cu ilin baş planına əsasən Çay fabrikinin ərazisi 2.9 ha olmuşdur. Lakin, 2021-ci ilin baş planında isə həmin ərazi azalaraq 2.76 ha olmuşdur. 2647 kv m torpaq sahəsinin 1239 kv.m hissəsi Saday Nəsirov və İlqar Əsdədovun faktiki qanuni istifadəsindədir. Qalan hissə isə Çay fabrikinə aid olan torpaq sahəsidir. 28 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DƏDKR PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Həmin əraziyə baxış keçirərkən başqa mütəxəssislər iştirak etmişdir. Onun fikrincə ərazi ölçülərkən ərazinin arxa hissəsinə keçə bilmədiklərindən döngə nöqtələri tam olaraq vurula bilməmişlər. Həmçinin özləri də əraziyə baxış keçirərəkən içəriyə daxil olmalarına cavabdeh tərəfindən icazə verilmədiyindən verilən rəylərdə müxtəliflik yaranmışdır. Həmçinin içəridə inşa edilmiş tikililər barəsində də rəy verə bilməmişlər. Digər üçüncü şəxslər Nəsirov Saday Vəkil oğlu və X39 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi Nümayəndə1, Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun məsləhətçisi F.Q.Qasımov və Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi E.P.Məmmədov tərəfindən tərtib edilmiş 04 iyul 2022-ci il tarixli aktdan görünür ki, tapşırığa əsasən ünvan 2i ünvanında yerləşən 1 saylı X50 yerləşdiyi torpaq sahəsinə yerində (naturada) baxış keşirilmişdir. Baxış zamanı 1 saylı X61 Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1464 №-li sərəncamı ilə əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Masallı rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1949-cu il tarixli, 90 №-li protokoluna əsasən keçmiş Əzizbəyov adına kolxozun ərazisindən çay fabriki tikintisi üçün 12.0 hektar torpaq sahəsi ayrılmışdır. Özəlləşmə anında hazırlanan faktiki pasporta əsasən çay fabrikinin ümumi torpaq sahəsi 32 823,8 kv.m göstərilməsinə baxmayaraq, DƏDRX-nin əməkdaşlarının 2010-cu ildə hazırladığı baş plana əsasən çay fabrikinin ümumi torpaq sahəsi 29 132,9 kv.m təşkil etmişdir. Çay fabrikinin torpaq sahəsində Bədəlan kənd sakinləri Nəsirov Saday Vəkil oğlunun və X23 adına JN - 636A və JN - 637A №li torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə hər birinə 0.06 hektar (cəmi 0.12 ha) torpaq sahəsi üzrə mülkiyyət hüquqları tanınmışdır. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2016-cı il tarixli ekspertiza rəyinə istinad edən Masallı rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli Qətnamə ilə həmin 0.12 ha torpaq sahəsinin 1 saylı Çay fabrikinin ərazisinə düşməməsi barədə qərar qəbul etmişdir. Elə həmin Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarları ilə təmin edilməyərək Masallı Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Çay fabrikinin ərazisindən 1482.5 kv.m azalaraq (yuxarıda qeyd olunan 0.12 ha və ya 1200 kv.m və həmin torpaq sahələrinə gediş-gəliş yolu) hal-hazırda ümumi torpaq sahəsi faktiki azalaraq 27 650,4 kv.m olmuşdur. Bu torpaq sahəsindən Bədəlan kənd sakini X5 məxsus maye qaz doldurma məntəqəsi tərəfindən 1373.3 kv.m, eyni şəxsə məxsus YDM-si tərəfindən 58.0 kv.m və Cavabdeh məxsus fərdi yaşayış evinə aid köməkçi tikililər üçün 1306.5 kv.m olmaqla cəmi 2737.8 kv.m torpaq sahəsi zəbt olunmuşdur. Dövlət arxivinin Lənkəran filialı tərəfindən verilmiş 15 avqust 2014-cü il tarixli, b/59 saylı arxiv çıxarışından görünür ki, Masallı rayon ZDS İcrayyə Komitəsinin 13 oktyabr 1949cu il tarixli, 90 №-li icrakom iclas protokolundan çıxarışa əsasən Rayonda çay fabrikası tikilməsi üçün torpaq verilməsi barədə Bədəlan kəndindəki Əzizbəyov adına olan kolxozunun 7/İX-1949 cu il, 12 nömrəli heyət iclasının və 28/İX-1949-cu il, 14 nömrəli ümumi iclas qərarına əsasən Əzizbəyov adına kolxozunun bənd yanı yerindən 12 hektar torpaq sahəsi çay fabrikası tikmək üçün olan qərar təsdiq edilmişdir. Əzizbəyov adına kolxozun ictimailəşmiş torpağından 12 hektar sahənin çay fabrikası tikilməsindən ötrü verilməsi üçün SSSR Nazirlər soveti qarşısında vəsatət qaldırılması Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilməsi qərara alınmışdır. 1 saylı X50 əmlakı Dövlət Əmlak Komitəsi ilə Fabrikin əmək kollektivi arasında bağlanılmış xx.xx.1999-cu il tarixli, 12.929 nömrəli alqı-satqı müqaviləsindən və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 22 fevral 1999-cu il tarixli, 012987 nömrəli Şəhadətnamədən görünür ki, Masallı rayonu 1 saylı Çay fabrikinin əmlakı X14, X8, X24, X9, X17, X10, X6, X3 və X1. Masallı rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli, 2(050)-98/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər X27 və qeyrilərinə qarşı şəhadətnamələrin ləğv edilməsi və s. tələbi barədə iddia təmin edilməmiş, Ali Məhkəmə tərəfindən qeyd edilən qətnamə qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(106)-60/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Nəsirov Saday Vəkil oğlu, X25, X18, X34, X35, X19, X15, X7, X20 (hüquqi varisləri: X28, X21, X29, X30, X22, X31, X32) və X39) qarşı sökülmüş çəpərlərin bərpası və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsindən iddiaçı X16 və Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, ünvan 2ində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlər əvvəlki yerlərinə bərpa edilməsi və onların yerlərində aparılmış (maneələr) tikililərin sökülməsi qət edilmişdir. Yuxarıda qeyd edilən X4 mübahisəli ərazidə quraşdırdığı hasarların cavabdeh tərəfindən sökülərək ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı əvvəl məhkəmədə baxılmış başqa iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 3-16-16/2-10/683 saylı ekspert rəyində qeyd edilmişdir ki: Birinci sual üzrəmübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində, 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X23 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X23 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. İkinci sual üzrə-mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və ünvan 2ində yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir. Mübahisələndirilən sahədə texniki pasportda qeyd olunan metal hasarın, dəmir-beton hasarın hansı dövrdə mövcud olmasını, torpaq sahəsində yerləşən dəmir barmaqlıqlar və beton çəpərlərin sökülüb-sökülməməsini, sökülmüş olduğu halda, kim tərəfindən sökülməsinin müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar olmaqla hüquqi xarakterli məsələdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3227 nömrəli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-840/2024 №-li mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistmində Dövlət mülkiyyətində olan ünvan 1ində yerləşən 1 saylı Çay Fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Mübahisəli tikililərə yerində baxış keçirmək mümkün olmadığı üçün həmin tikililərin yerləşdiyi ərazinin koordinatları müəyyən etmək mümkün olmamışdır. Mübahisəli hasar daxilində yerləşən 0.30 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistminə əsasən Dövlət mülkiyyətində olan "Çay fabrikinə" məxsus 2.85 ha torpaq sahəsinin 2647 kv metr hissəsi "Çay fabrikinə" məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin 2647 kv metr torpaq sahəsinin 0.0629 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla X23, 0.061 ha hissəsi **********75 reyestr nömrəli çıxarışla X36 mükiyyətindədir. Mübahisə ərazidə vətəndaşların xüsusi mülkiyyətindən əlavə olaraq 1437 kv metr torpaq sahəsi çay fabrikinə məxsusdur. Əsaslandırma hissəsi Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli hasar daxilində yerləşən 0.30 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistminə əsasən Dövlət mülkiyyətində olan "Çay fabrikinə" məxsus 2.85 ha torpaq sahəsinin 2647 kv metr hissəsi "Çay fabrikinə" məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin 2647 kv metr torpaq sahəsinin 0.0629 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla X23, 0.061 ha hissəsi **********75 reyestr nömrəli çıxarışla X36 mükiyyətindədir. Mübahisə ərazidə vətəndaşların xüsusi mülkiyyətindən əlavə olaraq 1437 kv metr torpaq sahəsi çay fabrikinə məxsusdur. Qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən mişar daşından hasara alınmaqla zəbt edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili bir tərəfdən mübahisəli hasar daxilində çay fabrikinə məxsus olan torpaq sahəsinin olmasını inkar etməmiş, lakin həmin torpaq sahəsinin müdafiə etdiyi şəxs tərəfindən zəbt edilmədiyini, iddia tələbinin onlara qarşı düzgün irəli sürülmədiyini mübahisələndirərək iddianın rədd edilməsini tələb etmiş, digər tərəfdən də iş üzrə alınmış mütəxəssis və ekspert rəylərinin düzgün olmamasını mübahisələndirərək əlavə ekspertizanın təyin edilməsi ilə bağlı çıxışlar etmişdir. Məhkəmə qeyd edilən iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülıkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə alınmış mütəxəssis və ekspert rəylərində göstərilmiş məlumatların həqiqətə uyğun olduğunu qəbul edir, cavabdehin qeyd edilən iddia tələbinə cavab verməli olan şəxs olmaması ilə bağlı etirazına isə aşağıdakı kimi qiymət verməyi zəruri hesab edir. Belə ki, hələ qeyd edilən mübahisəli ərazidə 2021-ci il tarixdə Cavabdeh tərəfindən tikinti işləri aparıldığı üçün Masallı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(050)-2202/2021 saylı qərardadı ilə tiknti işlərinin məhkəmənin yekun aktı çıxarılanadək saxlanması ilə bağlı müvəqqəti təminat tədbiri tətbiq edilmiş, həmin qərardadın icrası ilə əlaqədar Masallı Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı Amid Hüseynov həmin mübahisəli əraziyə gedərək, icra məmuru İlkin Həsənovun, icra işi üzrə borclu Cavabdeh tikinti işlərini aparılmasına nəzarət edən Nəsirov Saday Vəkil oğlu, icra işi üzrə tələbkar X16, Masallı Rayonu RİHB-nin Bədəlan kənd ərazi üzrə nümayəndəsi X12 iştirakları ilə akt tərtib edilmişdir. Aktın məzmununda qeyd edilmişdir ki, həmin vaxt Cavabdeh özü şəxsən orada olmadığından onun istifadəsində olan 050 211-06-62 mobil nömrəli telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, Bakı şəhərində yaşadığından icra yerində iştirak edə bilməyəcəyini qeyd etmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, tikinti işlərini yekun məhkəmə aktı çıxarılanadək dayandırılmalı olması bildirilmiş, o, məhkəmə qərarına hörmətlə yanaşdığını və tikinti işlərinin dayandırılması üçün göstəriş vermişdir. Qeyd edilən akt yuxarıda adları qeyd edilən şəxslər tərəfindən imzalanaraq aktın doğruluğu təsdiq edilmişdir. Qeyd edilən akt məhkəmə iclasında tədqiq edilərkən cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında heç bir tutarlı əsaslar göstərmədən aktın doğruluğunu təkzib edərək, elə bir halın olmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırda məhkəmə iclasında üçüncü şəxs kimi iştirak edən Mehdi İsrafilov qeyd edilən mübahisəli ərazinin onun tərəfindən düzəldilmiş hasarlarının Cavabdeh tərəfindən sökülərək yerində mişar daşından ibarət hasar tikilməsi nəticəsində ona vurulmuş maddi ziyanın Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə bağlı başqa icraat çərçivəsində məhkəməyə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlərin əvvəlki yerlərinə bərpa edilməsi və onların yerində aparılmış tikililərin sökülməsi qət edilmişdir. Düzdür, qeyd edilən qətnamədən cavabdehin vəkilinin dediyinə görə Ali Məhkəməyə şikayət verilmiş, hazırda yekun qərar qəbul edilməmişdir. Lakin, qeyd edilməlidir ki, hər iki məhkəmə icraatı çərçivəsində aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ərazi məhz Cavabdeh tərəfindən zəbt edilərək idarə edilmişdir. Cavabdehin vəkili iddiaya cavab verməli şəxs olmadıqlarını bildirsə də, hasarların sökülməsi tələbi ilə bağlı mülki işin araşdırılması zamanı alınmış ekspert rəyi ilə hazırki iş üzrə alınmış ekspert rəyinin arasında ziddiyyətlərin olduğunu, əlavə ekspertizanın təyin edilməsi zərurətinin olduğunu bildirərək iddiaya qarşı etirazını açıq-aşkar bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin vəkilinin dediyinə görə iddiaya cavab verməli şəxs olmadıqları halda, onlar iddia tələbinin rədd edilməsi üzrə etirazlarını bildirməklə bir növ həmin iddia tələblərinin onların mənafelərinə toxunduğunu nümayiş etdirmişlər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tələb olunan torpaq sahəsi X50 istifadəsində olmaqla dövlətin mülkiyyətinə daxil olan torpaq sahəsidir. Çay fabrikinə məxsus torpaq sahəsinin 1437 kv m hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. İddiaçı iddia ərizəsində 1306 kv metr ərazinin faktiki olaraq qanunsuz zəbt edildiyini qeyd etmiş, mübahisəli əraziyə daxil olmağa maneələr yaradıldığından hasarın çölündən kordinatlar qoyulmaqla torpaq sahəsi ölçüldüyündən ekspert və mütəxəssis rəylərində 1437 kv.m ərazinin zəbt edildiyi göstərilmişdir. Ekspert rəyində açıq-aşkar göstərilmişdir ki, hasara alınmış Çay fabrikinə məxsus 2647 kv metr ərazinin 0,0629 ha hissəsi X27, 0,061 ha hissəsi isə X40 mülkiyyət hüququ ilə məxsus olmaqla, qalan 1437 kv metr ərazi Çay fabrikinin ərazisidir. Cavabdeh qeyd edilən ərazini qanunsuz zəbt etməklə iddiaçını torpaq sahəsindən isifadə hüquqlarından məhrum etmişdir. Mübahisəli torpaq sahəsinə mütəxəssislərin daxil olmasına cavabdeh maneələr yaratdığından zəbt edilmiş torpaq sahəsinin hüdudları daxilində konkret olaraq tikililərin inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan da mübahisəli hasar daxilində vətəndaşların xüsusi mülkiyyətində yerləşən torpaq sahələrindən kənarda olan torpaq sahəsindən cavabdeh çıxarılmalı və torpaq sahəsinin əvvəlki vəziyyətinin (əgər hər hansı tikili varsa sökülməli) bərpa edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Cavabdeh məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dövlət mülkiyyətində olan və X50 istifadəsinə verilmiş mübahisəli hasar daxilində yerləşən vətəndaşların xüsusi mülkiyyətində olmayan 1437 kv.metr torpaq sahəsindən qanunsuz istifadə edən Cavabdeh torpaq sahəsindən çıxarılsın və torpaq sahəsinin fabrikin xx.xx.1998-ci il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsi onun üzərinə qoyulsun. Cavabdeh məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X13 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-14/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-14/2024
27.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver