Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-140/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun, İddiaçı Əhmədova Şahzadə Həsən qızının, onun vəkili İslamov Nicat Qurbanəli oğlunun, cavabdeh Bayramova Sevdagül Kamran qızının nümayəndəsi Bayramov Nurlan Xudaverdi oğlunun, cavabdehlər Əhmədov Əkrəm Kamran oğlunun, Əhmədov Elman Kamran oğlunun, İbadova İlhamə Kamran qızının nümayəndəsi həmdə cavabdeh Əhmədov Mayis Kamran oğlunun, onun vəkili Vəkil iştirak ilə, İddiaçı Əhmədova Şahzadə Həsən qızının cavabdehlər Bayramova Sevdagül Kamran qızına, Əhmədov Əkrəm Kamran oğluna, Əhmədov Elman Kamran oğluna, Əhmədov Mayis Kamran oğluna, İbadova İlhamə Kamran qızına, Nəsirova Ətriyyə Kamran qızına, Məmmədova Gülruba Kamran qızına və üçüncü şəxs Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova Şahzadə Həsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-0569 Kod 80515018 saylı Dövlət Aktında qeyd edilmiş torpaq sahəsində cavabdehlərlə mərhum Əhmədov Kamran Rəşid oğlunun hər birinin 1/9 payının müəyyən edilməsi və 28 oktyabr 2020-ci ildə vəfat etmiş mərhum Əhmədov Kamran Rəşid oğlundan miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0569 Kod 80515018 saylı Dövlət Aktında qeyd edilmiş 1,46 ha payıbəlli torpaq sahəsinin 1/9-dən və Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olmuş Masallı rayonu Mahmudavar kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilərək həmin miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Mahmudavar kənd sakini Əhmədov Kamran Rəşid oğlu ilə 19 mart 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Ancaq Kamran Əhmədovun birinci evliliyindən Sevdagül, Əkrəm, Elman, Mayis, İlhamə, Ətriyyə, Gülruba, Əsmayə adlı uşaqları olmuşdur, onlardan sonuncu vəfat etmişdir. Kamran Əhmədovun özü də 28 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək Kamran Əhmədovun mülkiyyətində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Çıxarışa əsasən Masallı rayonu Mahmudavar kəndində 0,23 ha həyətyanı torpaq sahəsi və orada olan fərdi yaşayış evi, Torpağa mülkiyyət hüququna dair JN-0569 saylı Dövlət Aktı ilə 1,46 ha payıbəlli torpaq sahəsi olmuşdur. Payıbəlli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla həmin torpaq sahəsində mərhum Kamran Əhmədovla birlikdə 9 nəfər şəxsin adı qeyd edilmişdir. Yəni qeyd olunan payıbəlli torpaq sahəsinin 1/9-i mərhum Kamran Əhmədovdan miras qalmışdır. Mərhumun övladları hamısı ailə qurmuşlar. Yalnız o, mərhumdan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə etmiş və kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Həmçinin mərhumun oğlanlarından Əhmədov Mayis də həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən mərhumun övladları buna notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum Kamran Əhmədova aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Kamran Əhmədovun valideynləri daha öncədən vəfat etdiklərindən, mərhumun birinci növbəli vərəsələri kimi yalnız övladları ilə iddiaçı olan arvadı qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə bu həyətyanı torpaq sahəsi, orada olan fərdi yaşayış evi və payıbəlli torpaq sahəsindən ibarətdir. Həyətyanı torpaq sahəsi ilə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışla Kamran Əhmədovun ayrıca, payıbəlli torpaq sahəsi isə Torpağa mülkiyyət hüququna dair JN-0569 saylı Dövlət Aktı ilə mərhum Kamran Əhmədov ilə ailə üzvlərinin mülkiyyətində olmuşdur. O və cavbadehlər birinci növbəli 8 vərəsə olmaqlarına baxmayaraq, vərəsələrdən yalnız onunla mərhumun övladı olan Əhmədov Mayis miras əmlakı faktiki qəbul etdiklərindən miras ona və cavabdehlərə çataraq aralarında bölünməlidir. Miras əmakın qəbul edilməsi barədə notariat kontoruna vaxtında ərizə verməsə də, mərhumdan qalan miras əmlaka sahiblik etməklə, təsərrüfatı idarə etməyə başlamışdır ki, qanunvericiliyin tələbinə əsasən bu hal da miras əmlakın qəbulu hesab edilir. Mərhum Kamran Əhmədovdan miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etsə də, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna vaxtında müraciət etməmişdir. Hazırda isə mirasın adına sənədləşdirilməsi məsələsində cavabdehlərlə aralarında narazılıqlar yaranmışdır. İddiaçı Əhmədova Şahzadə Həsən qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd edilənləri təsdiq edir. Eləcədə qeyd etmək istəyir ki, Kamran Əhmədov onun əridir. Belə ki, onlar 2012-ci ildə faktiki olaraq ailə həyatı qurmuşlar, nikahlarını isə 2016-cı ildə rəsmiləşdirmişlər. Kamran Əhmədov 2020-ci ildə vəfat etmişdir və o, vəfat etdiyi günədək onlar birlikdə yaşamışlar və təsərrüfatı idarə etmişlər. Kamran Əhmədovla onların bu birlikdəliyindən övladları olmamışdır. Lakin Kamran Əhmədovun birinci nikahından 8 övladı olmuşdur. Kamran Əhmədov ölümündən öncə həmişə ona bildirmişdir ki, onun ölümündən sonra ona məxsus evdə o, yaşasın, evin sahibəsi o, olsun. Həmçinin Kamran Əhmədova məxsus həyatyanı torpaq sahəsində Kamran Əhmədovun böyük oğlu Mais Əhmədov uzun illər öncə özünə fərdi yaşayış evi tikmişdir və hal hazırdada həmin evdə yaşayır. Kamran Əhmədovun digər iki oğlu Əkrəm və Elman Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayırlar və Mahmudavar kəndinə gəlmirlər. Həmçinin Əkrəm və Elmana məxsus hər hansı bir əmlak yaşadığı evdə yoxdur. Cavabdehlərin qeyd etdikləri cehiz əmlaklarda onun yaşadığı ərindən qalmış evdə yerləşmir. Kamran Əhmədovun qızları isə ailə həyatı quraraq köçüb getmişlər. Hal-hazırda yaşadığı fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi mərhum əri Kamran Əhmədova məxsusdur. Eləcədə Aqrar İslahat Komissiyası tərəfindən verilmiş pay torpaq sahəsində əri Kamran Əhmədovun adı vardır və ondan başqa daha 8 nəfərin adı vardır. Sonda həmçinin onuda qeyd etmək istəyir ki, vəkilin məhkəmə iclasında qeyd etdikləri ilə razıdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili İslamov Nicat Qurbanəli oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı Şahzadə Əhmədova mərhum Kamran Əhmədovun ikinci həyat yoldaşıdır. Onların aralarında rəsmi nikahları olmuşdur və Şahzadə xanım əri Kamran bəy vəfat etdiyi günədək onunla birlikdə yaşayaraq ona qulluq etmişdir. Cavabdehlər isə mərhum Kamran Əhmədovun birinci həyat yoldaşından olan övladlarıdır. Kamran Əhmədov vəfat etdikdən sonra ondan miras əmlak olaraq həyatyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və 8 nəfər ailə üzvləri ilə birlikdə verilmiş kənd təsərüfatı təyinatlı pay torpaq sahəsi miras qalmışdır. İddiaçı Şahzadə xanımda mərhum Kamran Əhmədovdan miras qalmış fərdi yaşayış evində yaşayır və həmin əmlaka dari, kommunal və digər xərcləri ödəyir. Bununla bağlı müvafiq ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. Şahzadə xanım yeganə insandır ki, Kamran Əhmədova məxsus evdə yaşayır. Kamran Əhmədovun ölümündən sonra mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddətdə heç bir vərəsəsi mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Odur ki, Kamran Əhmədovun vərəsələri olan iddiaçı və 8 nəfər övladları mirası qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarında qeyd edilmişdir ki, miras iki yolla qəbul olunur vəsiyyət üzrə və qanun üzrə. Hazırda mərhum Kamran Əhmədov ölümündən öncə vəsiyyətnamə qoymadığı üçün ondan miras qalmış əmlak qanun üzrə qəbul edilməlidir. Qanun üzrə vərəsəlik isə mərhumun ölümündən sonra 6 ay müddətində qəbul edilir. Hazırkı vəziyyətdə isə qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Çünki mərhum Kamran Əhmədov 2020-ci ilin oktyabr ayında vəfat etmişdir və onun ölümündən artı 2 ildən çox vaxt keçməsinə baxmayaraq heç bir vərəsəsi vərəsəliyi qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Belə olduğu təqdirdə isə qanunvericiliyin tələblərinə əsasən miras əmlak həmin əmlakı faktiki olaraq qəbul etmiş və həmin əmlakı istifadə edib əmlak idarə edənlər arasında bölünməlidir. Bu halda da, miras əmlak iki vərəsə arasında bölünməlidir. Çünki mərhum Kamran Əhmədovdan miras qalmış əmlakı iki vərəsəsi iddiaçı Şahzadə Əhmədova və cavabdeh Mais Əhmədov faktiki olaraq qəbul etmişlər və həmin əmlakı idarə edirlər. Belə ki, iddiaçı Şahzadə Əhmədova miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla və həmin əmlaka dair kommunal, vergi və digər xərcləri ödəməklə və Mais Əhmədovda atasına məxsus həmin həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi inşa edib orada yaşayaraq miras əmlakı idarə etməklə miras əmlakı faktiki olaraq qəbul etmiş olmuşlar. Digər vərəsələrin isə miras qalmış əmlakı qəbul etmələri ilə bağlı heç bir sübutları yoxdur. Çünki Kamran Əhmədovun qızları ailə həyatı quraraq ata evindən köçmüşlər və özlərinə məxsus təsərrüfatları vardır. Mərhumun digər iki oğlanları isə Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayırlar və onlarında ataları öldükdən sonra mirası faktiki olaraq qəbul etmələri ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Həmçinin Ərkəm və Elmana məxsus cehiz və hər hansı bir əmlak həmin evdə yoxdur. Eləcədə onlara məxsus əşyaların atalarıma məxsus evdə olması mirası faktiki olaraq qəbul etmələri demək və əmlakı faktiki ilaraq idarə etmək deyildir. Belə olduğu təqdirdə miras əmlak onu faktiki olaraq qəbul etmiş iki vərəsə arasında Şahzadə və Mais arasında bərabər şəkildə bölünməlidir. Digər vərəsələr isə miras əmlakı nə qanunla nəzərdə tutulmuş müddətdə nə notarila qaydada nədəki həmin müddət ötdükdən sonra faktiki olaraq qəbul etməmişlər və mirası qəbul etmələri ilə bağlı sübutlarıda yoxdur. Bu səbəbdən də həmin vərəsələrə miras əmlakdan pay düşə bilməz. Odur ki, iddia tələbi təmin edilərək miras əmlakın Şahzadə və Mais arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh həmdə cavabdehlər Əhmədov Əkrəm Kamran oğlunun, Əhmədov Elman Kamran oğlunun, İbadova İlhamə Kamran qızının nümayəndəsi Əhmədov Mayis Kamran oğlu izahat verərək bildirdi ki, Kamran Əhmədov onu atasıdır. Atasının sağlığında atasına məxsus həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir və hazırda da həmin yərdi yaşayış evində yaşayır. İddiaçı Şahzadə xanım onun atasının ikinci arvadıdır. Belə ki, onlar 2012-ci ildə ailə qurmuşlar və nikahlarını 2016-cı ilsə rəsmiləşdirmişlər. O, iddiaçının qoca atası ilə nikahını rəsmiləşdirməsində nə marağının olduğunu anlamamışdır. Əslində yaşadıqları həyatyanı torpaq sahəsi nənəsi tərəfindən alınmışdır və nənəsi, eləcədə atası sağlığında həmin həyəti və evi ona vermişlər, lakin vəsiyyətnamə yoxdur. Bu səbəbdən də onun başqa bir yerdə həyəti və evi olmasına baxmayaraq hələ uzun illəd öncə atası ona gəlib ata həyətində ev tikərək yaşamasını bildirdiyindən o, ata həyətində ev tikib yaşamağa başlamışdır. İddiaçı mərhum atasını məcbur etmişdir ki, həmin həyətyanı torpaq sahəsini və üzərində olan evi öz adına rəsmiləşdirsin. İki qardaşı Rusiya Federasiyasında yaşasalarda onlara məxsus cehiz və digər şəxsi əmlakları mərhum ataları Kamran Əhmədova məxsus mübahisəli miras əmlakda yerləşir. Qardaşları Rusiya Federasiyasından vətənə qayıtdıqları zaman atalarına məxsus evəd yaşayırlar, həmin evdən istifadə edirlər. Çünki onların Azərbaycanda yaşamağa başqa yerləri yoxdur. O və qardaş-bacıları ona vərəsələr iddiaçıya atalarından miras qalmış əmlakdan bir pay verilməsinə etiraz etmirlər. Sadəcə istədikləri odur ki, miras əmlak bütün vərəsələr arasında, yəni iddiaçı, o və qardaş-bacıları arasında bərabər şəkildə paylara bölünsün. Həmçinin atası öldükdən sonra onun bütün yas mərasininin və xərclərini və başdaşısının qoyulmasının qoyulmasına dair xərclərini hamısını o, qardaşlar və bacıları çəkmişlər. İddiaçının bu işdə heç bir zəhməti olmamışdır. Eləcədə atasının sağlığında qardaşları və bacıları həmeşə atalarına baş çəkmişdir. Atası xəstə olduğu zaman bacıları ona qulluq etmişlər. Ataları öldükdən bir müddət sonrada atalarının evinə gedib-gəlmişlər və həmin evdən istifadə etmişlər, lakin sonradan iddiaçı evin qapısını bağladığı üçün və evə girəcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini bildirdiyi üçün evə girib oradan istifadə edə bilməmişlər. Lakin buna baxmayaraq bacıları atalarına məxsus pay torpaq sahəsindən atalarının sağlığında və onun ölümündən sonra hazırkı vaxta kimi istifadə edirlər, torpaq sahəsinin vergisinidə ödəyirlər. Bununla bağlı ödəniş qəbzləri məhkəməyə təqdim edilir. Bütün bunlara baxmayaraq iddiaçı onları atanarı olan Kamran Əhmədovun arvadı olmuşdur və ona sağlığında qulluq etmişdir. Onlar iddiaçının əməyini danmırlar, bu səbəbdən də atalarından miras qalmış əmlakdan ona bir pay verilməklə miras əmlakın iddiaçı və mərhumun övladları arasında 9 hissəyə bərabər şəkildə bölünməsini istəyirlər. Məhkəmədən də xahişi iddianın qismən təmin olunaraq bütün vərəsələr arasında bərabər şəkildə bölünməsidir. Cavabdeh Əhmədov Mayis Kamran oğlunun vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum Kamran Əhmədov iddiaçının əri, cavabdehlərin isə atası olmuşdur. Kamran Əhmədov 2020-ci ildə ölmüşdür və hazırda ondan miras əmlakın bölünməsi ilə bağlı tərəflər arasında müəyyən anlaşılmazlıq vardır, bu səbəbdən də iş məhkəmə səviyəsinə kimi qalxmışdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçını vəkili çıxışında mirasın faktiki qəbulu məsələsinə toxunmuşdur və miras əmlakın iki vərəsə tərəfindən qəbul edildiyini və mirasın həmin iki vərəsə arasında bölünməli olduğunu, digər vərəsələrin isə miras paydan kənarda qalmalarını bildirir. Bu isə tamamilə yanlış bir fikirdir. Belə ki, mərhum Kamran Əhmədovun sağlığında və o, xəstə olduğu zamanda mərhumun qızları həmeşə gəlib atalarına baş çıkmişlər, ona qulluq etmişlər. İddiaçının kənd təsərüfatı mallarının istehsalı məqsədi ilə verilmiş pay torpaqlarının mövcudluğundan ümumiyyətlə anlayışı olmamışdır. Həmin paybelli torpaq sahəsini mərhumun qızları həmeşə əkib becəriblər, eləcədə otlaq sahəsi kimi istifadə ediblər. Həmçinin torpaq sahəsinə dair vergiləridə mərhumun qızları ödəyirlər bununla bağlı ödəniş qəbzləri məhkəməyə təqdim olunmuşdur. Eləcədə mərhumun iki oğlu Rusiya Federasiyasında yaşayırlar və həmin iki oğlunun cehizləri və digər şəxsi əmlakları ata evində olan otaqlara yığılmışdır, hazırdada həmin evdədir. Həmin oğlanları Mahmudavar kəndində və ümumiyyətlə Azərbaycan Respublikasında yaşamaq üçün evləri yoxdur, onlar vətənə gəldikləri zaman həmeşə ata evində yaşamışlar, ata evindən istifadə etmişlər. Bütün bu halları təsdiq edəcək sənədlər məhkəməyə təqdim edilmişdir. Mais Əhmədova gəldikdə isə iddiaçı tərəfində qeyd etdiyi kimi o, ata həyətində özünə fərdi yaşayış evi inşa etməklə orada yaşayır və istifadə edir. Məhkəməyə təqdim edilmiş ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışlar bütün bu sadalananları təsdiq edir və həmin arayışlar cavabdehlərin atalarından miras qalmış əmları faktiki olaraq qəbul etdiklərinidə təsdiq edir. Həmçinin mərhum Kamran Əhmədov öldükdən sonra onu yas mərasininin və baş daşısının qoyulması ilə bağlı bütan xərcləridə övladları qarşılamışlar. Ümumiyətlə cavabdehlərin ata evi ilə heç bir vaxt əlaqələri kəsilməmişdir. Bütün bunlar sübut edir ki, təkcə iddiaçı Şahzadə Əhmədova və Mais Əhmədov deyildə mərhum Kamran Əhmədovun bütün ödlarları hər bir öz növbəsində atalarından miras qalmış əmlakın bir hissəsini istifadə və idarə etmişlər. Buda onu göstərir ki, mərhumun övladlarının hər biri öz növbəsində miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən mirasın bir hissəsini faktiki olaraq qəbul etmiş şəxs mirası bütünlüklə qəbul etmiş sayılır. Həmçinin oda qeyd edilməlidir ki, cavabdehlər bir övlad olaraq iddiaçının atalarının aravadı olaraq ona qulluq etmələrini danmırlar, iddiaçının zəhmətini itirmək fikirləri belə yoxdur, onun haqqını taptalamaq istəmirlər. Lakin öz hakları olanı tələb edirlər. Bu səbəbdəndə iddiaçıya miras əmlakdan bir pay verilməsinə etiraz etmirlər və mirasın bərabər şəkildə 9 yerə bölünərək iddiaçıyada 1/9 payın verilməsini istəyirlər. Odur ki, iddianın qismən təmin edilərək mərhum Kamran Əhmədovdan miras qalmış əmlakın iddiaçı və Kamran Əhmədovun 8 övladı arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədəb xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bayramova Sevdagül Kamran qızının nümayəndəsi Bayramov Nurlan Xudaverdi oğlu izahatında göstərdi ki, mərhum Əhmədov Kamran Rəşid oğlu onun babasıdır. O, özü babasına məxsus evdə doğulmuşdur. Onlar həmeşə babası evinə gedib-gəlmişlər. Anası Sevdagül Bayramova babası xəstə olduğu zaman xalaları ilə birlikdə babasına qulluq etmişlər. Babası Kamran Əhmədov vəfat etdikdən sonra anası, xalaları və dayıları yas mərasiminin xərclərini ödəmişlər və babasına başdaşı qoymuşlar. Babası öldükdən sonra anası yenədə həmin evə gedib-gəlmişdir. Lakin sonradan iddiaçı evin qapılarını bağladığı üçün və onları evə buraxmadığı üçün onlar həmin evə gedib gəlməmişlər. Eləcədə paybəlli torpaq sahəsində onun, anasının və ailə üzvlərinin adları vardır. Onlar xalaları ilə birlikdə həmin torpaq sahəsindən istifadə etmişlər və torpaq sahəsinin vergisini ödəmişlər. Həmçinin dayıları Əkrəm və Elmana məxsus əşyalar babası Kamrana məxsus evdədir. İddiaçı babasının arvadı olmuşdur və babasının sağlığında ona qulluq etmişdir. Bu səbəbdən də halallıq olmalıdır. Odur ki, onlar iddiaçıya babasından miras qalmış əmlakdan bir pay verilməsinə etiraz etmirlər. Ona görə də, iddianın qismən təmin edilərək babasından miras qalmış əmlakın iddiaçı və babasının 8 övladı arasında bərabər paylara bölünməsini, yəni 9 hissəyə bölünməsini xahiş edir. Cavabdeh Nəsirova Ətriyyə Kamran qızına, Məmmədova Gülruba Kamran qızına və üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, həmçinin üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Məmmədova Gülruba Kamran qızı və Məmmədova Gülruba Kamran qızı izahatlarında göstərmişlər ki, iddiaçı mərhum atası Əhmədov Kamran Rəşid oğlunun arvadıdır. İddiaçı ilə ataları 2012-ci ildə evlənmişlər və 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Nikahlarından övladları olmamışdır. Ataları Kamran Əhmədov 28 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. ataları vəfat edərkən onun dəfn, yas mərasimlərində iştirak etmişlər, dəfn və digər xərclərini o və digər cavabdeh bacı-qardaşları qarşılamşlar. Atasından miras qalmış pay torpaq sahəsini onlar istifadə etmişlər. Həmçinin qardaşları Əkrəm və Elmana məxsus cehiz və digər əşyaları atalarına məxsus evdə olan otaqlara yığılmışdır. Atalarından miras qalmış əmlakda onların, qarşılamşlarının və digər bacılarınında payları vardır. Odur ki, məhkəmədən atalarından miras qalmış əmlakın vərəsələr arasında bərabər şəkildə bölünməsini xahiş etmişlər. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin notariusu məhkəməyə məktub göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Əhmədov Kamran Rəşid oğluna Masallı rayonu, Mahmudavar kəndində xüsusi mülkiyyətlərində 0.23 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 104.5 kv.m fərdi yaşayış evi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN-0569 Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı ilə Əhmədov Kamran Rəşid oğlu, Əhmədova Layə Fəttah qızı, Əhmədova Zəhra Mənsim qızı, Bayramova Sevdagül Kamran qızı, Bayramova Nuranə Xudaverdi qızı, Bayramov Nurşad Xudaverdi oğlu, Bayramov Nurlan Xudaverdi oğlu, Əhmədov Elman Kamran oğlu, Əhmədov Əkrəm Kamran oğlundan ibarət 9 nəfərə Masallı rayonu, Mahmudavar kəndində 1.46 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədov Kamran Rəşid oğlu 10 iyul 1944-cü ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası ------- oğlu, anası Əhmədova Layə Fəttah qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Paşayeva Sevdagül Kamran qızı 16 iyul 1961-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Paşayeva Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədov Əkrəm Kamran oğlu 08 may 1963-cü ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədov Elman Kamran oğlu 01 avqust 1965-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədov Mayis Kamran oğlu 14 sentyabr 1967-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədova İlhamə Kamran qızı 01 yanvar 1970-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədova Ətriyyə Kamran qızı 14 yanvar 1972-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədova Gülruba Kamran qızı 02 fevral 1974-cü ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əhmədova Əsmayə Kamran qızı 03 yanvar 1976-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əhmədov Kamran Rəşid oğlu, anası Əhmədova Zəhra Mənsim qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Əlizadə Eltay Elçin oğlu 16 noyanbr 2004-cü ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Əliyev Elçin Əziz oğlu, anası Əhmədova Əsmayə Kamran qızıdır. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Əhmədov Kamran Rəşid oğlu ilə Məhərrəmova Şahzadə Həsən qızı arasında 19 mart 2016-cı ildə Masallı rayonu Mahmudavar ərazi nümayəndəliyində 04 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əhmədova soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Əliyev Elçin Əziz oğlu ilə Əhmədova Əsmayə Kamran qızı arasında 26 mart 2005-ci ildə Masallı rayonu Mahmudavar ərazi nümayəndəliyində 14 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, Əhmədova Əsmayə Kamran qızı 12 noyabr 2020-ci ildə kəskin respirator çatışmamazlığı səbəbindən Masallı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, Əbilov Rəşid İsa oğlu 29 oktyabr 1961-ci ildə miokard infarkt səbəbindən Masallı rayonu Mahmudavar kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Əhmədov Kamran Rəşid oğlu 28 oktyabr 2020-ci ildə miokard infarkt səbəbindən Masallı rayonu Mahmudavar kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Əhmədova Layə Fəttah qızı 06 oktyabr 2003-cü ildə insult, hipertoniya səbəbindən Masallı rayonu Mahmudavar kəndində ölmüşdür. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışda qeyd edilmişdir ki, Əhmədov Kamran Rəşid oğlunun ölümündən sonra Əhmədova Layə Fəttah qızı (anası-vəfat edib), Əhmədova Zəhra Mənsim qızı (həyat yoldaşı-vəfat edib), Bayramova Sevdagül Kamran qızı (qızı), Bayramova Nuranə Xudaverdi qızı (nəvəsi), Bayramov Nurşad Xudaverdi oğlu (nəvəsi), Bayramov Nurlan Xudaverdi oğlu (nəvəsi), Əhmədov Elman Kamran oğlu (oğlu), Əhmədov Əkrəm Kamran oğlu (oğlu) və Əhmədov Mais Kamran oğlundan (oğlu) başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisindən Əhmədova Şahzadə Həsən qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli 854 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Əhmədov Kamran Rəşid oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəlliyin qəbul müddətinin keçməsinə görə, vərəsələrin dairəsi və miras əmlakın tərkibi barədə mübahisə olduğuna görə vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Əhmədova Şahzadə Həsən qızı tərəfindən Azərişıq ASC-yə komunal borcu barədə ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Əhmədova Şahzadə Həsən qızı tərəfindən Azəriqaz İB-nə komunal borcu barədə ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Əhmədova Şahzadə Həsən qızı tərəfindən elektrik enerjisinin istehlakı haqqında ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Əhmədova Şahzadə Həsən qızı tərəfindən telefon üçün abunə haqqında ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Əhmədova Şahzadə Həsən qızı tərəfindən Aztelekom üçün internet abunə haqqı və Bakinternet trafik haqqında ödəniş edilmişdir. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 248 nömrəli arayışda qeyd edilmişdir ki, Əhmədov Kamran Rəşid oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus olan paybəlli torpaq sahəsini ölümündən sonra- Əhmədov Əkrəm Kamran oğlu, Əhmədov Elman Kamran oğlu, Əhmədov Mais Kamran oğlu, Bayramova Sevdagül Kamran qızı, İbadova İlhamə Kamran qızı, Nəsirova Ətriyyə Kamran qızı, Məmmədova Gülruba Kamran qızı və Əliyeva Əsmayə Kamran qızı tərəfindən istifadə edilmişdir. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 246 nömrəli arayışda qeyd edilmişdir ki, Əhmədov Kamran Rəşid oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra onun yas və mərasim xərcləri-Əhmədov Əkrəm Kamran oğlu, Əhmədov Elman Kamran oğlu, Əhmədov Mais Kamran oğlu, Bayramova Sevdagül Kamran qızı, İbadova İlhamə Kamran qızı, Nəsirova Ətriyyə Kamran qızı, Məmmədova Gülruba Kamran qızı və Əliyeva Əsmayə Kamran qızı tərəfindən ödənilmişdir. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 247 nömrəli arayışda qeyd edilmişdir ki, Əhmədov Əkrəm Kamran oğlu və Əhmədov Elman Kamran oğlu Rusiya Federasiyasında yaşayırlar Mahmudavar kəndində fərdi yaşayış evləri yoxdur. Ölkəyə gələn zaman atalarına məxsus evdə yaşayırlar. Onlara məxsus əşyalar həmin evdədir. İş materiallarında olan **********0227 saylı tədiyə bildirişindən görünür ki, Masallı rayon Mahmudavar bələdiyyəsi tərəfindən Bayramova Sevdagül Kamran qızına əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bayramova Sevdagül Kamran qızı Masallı rayon Mahmudavar bələdiyyəsinin hesabına 16 manat məbləğində ödəniş etmişdir. Mübahisəli məsələnin həlli ilə bağlı aşagıdakı maddi hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Məhkəmə işin faktiki və hüquqi hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı Əhmədova Şahzadə Həsən qızı mərhum Əhmədov Kamran Rəşid oğlundan qalmış mirası faktiki qəbul etməsi mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə, həmçinin iş materiallarına əlavə edilmiş Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayışla bu fakt öz təsdiqini tapmışdır. Mərhum Əhmədov Kamran Rəşid oğluna mülkiyyət hüququ ilə məxsus olmuş 0.23 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən 104.5 kv.m fərdi yaşayış evində yaşamışdır. Həmçinin tərəflərin izahatları və iş materialları ilə cavabdehlər Əhmədov Mayis Kamran oğlu, Bayramova Sevdagül Kamran qızı, Əhmədov Əkrəm Kamran oğlu, Əhmədov Elman Kamran oğlu, İbadova İlhamə Kamran qızı, Nəsirova Ətriyyə Kamran qızı və Məmmədova Gülruba Kamran qızının da mərhum atası Əhmədov Kamran Rəşid oğlundan qalmış mirası faktiki qəbul etmələri müəyyən olunur. Belə ki, iş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 246 nömrəli, 247 nömrəli və 248 nömrəli arayışlarla, Masallı rayon Mahmudavar bələdiyyəsi tərəfindən Bayramova Sevdagül Kamran qızına əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı verilmiş bildirişlə, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə miras əmlakı faktiki qəbul etmələri öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilir ki, mərhum Əhmədov Kamran Rəşid oğlunun digər vərəsəsi olan Əhmədova Əsmayə Kamran qızının və onun övladlarının mərhum Əhmədov Kamran Rəşid oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Əhmədova Əsmayə Kamran qızı 12 noyabr 2020-ci il tarixdə, yəni mərhum atası 28 oktyabr 2020-ci il tarixdə ölmüş Əhmədov Kamran Rəşid oğlundan qısa müddət sonra ölməsi və cavabdehlər tərəfindən vermiş izahatlara əsasən Əhmədova Əsmayə Kamran qızının övladları ilə birlikdə yaşamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Əhmədova Şahzadə Həsən qızı, Əhmədov Kamran Rəşid oğlundan miras qalmış əmlaklar onun birinci növbəli qanun üzrə vərəsələri olan Əhmədov Mayis Kamran oğlu, Bayramova Sevdagül Kamran qızı, Əhmədov Əkrəm Kamran oğlu, Əhmədov Elman Kamran oğlu, İbadova İlhamə Kamran qızı, Nəsirova Ətriyyə Kamran qızı və Məmmədova Gülruba Kamran qızı arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə qeyd edir ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarına əsasən JN-0569 Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi mülkiyyətdə olan 1.46 hektar əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan Əhmədov Kamran Rəşid oğlunun və digər payçıların hər birinin 1/9 payı vardır. İddiaçı Əhmədova Şahzadə Həsən qızının və cavabdehlər Əhmədov Mayis Kamran oğlunun, Bayramova Sevdagül Kamran qızının, Əhmədov Əkrəm Kamran oğlunun, Əhmədov Elman Kamran oğlunun, İbadova İlhamə Kamran qızının, Nəsirova Ətriyyə Kamran qızının və Məmmədova Gülruba Kamran qızının arasında mərhum Əhmədov Kamran Rəşid oğlunun 1/9 payı bərabər şəkildə bölünərsə, nəticədə qeyd olunan torpaq sahəsində Əhmədova Layə Fəttah qızının, Əhmədova Zəhra Mənsim qızının, Bayramova Nuranə Xudaverdi qızının, Bayramov Nurşad Xudaverdi oğlunun və Bayramov Nurlan Xudaverdi oğlunun 1/9 paylarının, Bayramova Sevdagül Kamran qızının, Əhmədov Elman Kamran oğlunun və Əhmədov Əkrəm Kamran oğlunun 1/8 paylarının və Əhmədova Şahzadə Həsən qızının, Əhmədov Mayis Kamran oğlunun, İbadova İlhamə Kamran qızının, Nəsirova Ətriyyə Kamran qızının və Məmmədova Gülruba Kamran qızının 1/72 paylarının olması müəyyən olunacaqdır. Bundan başqa digər miras əmlak olan Masallı rayonu Mahmudavar kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəsi ilə qeydiyyata alınmış Çıxarış ilə mərhum Əhmədov Kamran Rəşid oğlunun xüsusi mülkiyyətində olan 0.23 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 104.5 kv.m fərdi yaşayış evindən ibarət əmlak üzrə də paylar müəyyən edilməlidir. Odur ki, mərhum Əhmədov Kamran Rəşid oğlunun xüsusi mülkiyyətinə verilmiş Masallı rayonu, Mahmudavar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəsi ilə qeydiyyata alınmış Çıxarış ilə mərhum Əhmədov Kamran Rəşid oğlunun xüsusi mülkiyyətində olan 0.23 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 104.5 kv.m fərdi yaşayış evindən ibarət əmlak iddiaçı Əhmədova Şahzadə Həsən qızının və cavabdehlər Əhmədov Mayis Kamran oğlunun, Bayramova Sevdagül Kamran qızının, Əhmədov Əkrəm Kamran oğlunun, Əhmədov Elman Kamran oğlunun, İbadova İlhamə Kamran qızının, Nəsirova Ətriyyə Kamran qızının və Məmmədova Gülruba Kamran qızının arasında bərabər şəkildə bölünərsə, nəticədə onların hər birinin qeyd olunan əmlakda 1/8 paylarının olması müəyyən olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Masallı rayonu Mahmudavar kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarına əsasən JN-0569 Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 1.46 hektar torpaq sahəsinin 28 oktyabr 2020-ci ildə vəfat etmiş Əhmədov Kamran Rəşid oğluna düşən 1/9 hissəsinin və 28 oktyabr 2020-ci ildə vəfat etmiş Əhmədov Kamran Rəşid oğlundan miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəsi ilə qeydiyyata alınmış Çıxarışda nəzərdə tutulmuş 0.23 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 104.5 kv.m fərdi yaşayış evinə birinci növbəli vərəsələr Əhmədova Şahzadə Həsən qızı, Əhmədov Mayis Kamran oğlu, Bayramova Sevdagül Kamran qızı, Əhmədov Əkrəm Kamran oğlu, Əhmədov Elman Kamran oğlu, İbadova İlhamə Kamran qızı, Nəsirova Ətriyyə Kamran qızı və Məmmədova Gülruba Kamran qızı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. JN-0569 Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 1.16 hektar torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Əhmədova Layə Fəttah qızının, Əhmədova Zəhra Mənsim qızının, Bayramova Nuranə Xudaverdi qızının, Bayramov Nurşad Xudaverdi oğlunun və Bayramov Nurlan Xudaverdi oğlunun 1/9 payları, Bayramova Sevdagül Kamran qızının, Əhmədov Elman Kamran oğlunun və Əhmədov Əkrəm Kamran oğlunun 1/8 payları və Əhmədova Şahzadə Həsən qızının, Əhmədov Mayis Kamran oğlunun, İbadova İlhamə Kamran qızının, Nəsirova Ətriyyə Kamran qızının və Məmmədova Gülruba Kamran qızının 1/72 payları. RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda nəzərdə tutulmuş 0.23 hektar torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 104.5 kv.m fərdi yaşayış evində paylar aşağıdakı qaydada müəyyən edilsin: Əhmədova Şahzadə Həsən qızının, Əhmədov Mayis Kamran oğlunun, Bayramova Sevdagül Kamran qızının, Əhmədov Əkrəm Kamran oğlunun, Əhmədov Elman Kamran oğlunun, İbadova İlhamə Kamran qızının, Nəsirova Ətriyyə Kamran qızının və Məmmədova Gülruba Kamran qızının hər birinin 1/8 payı. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-140/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-140/2023
09.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver