Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1413/2024 16.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki baş iri buynuzlu heyvanlarının, heyvanları olmadığı təqdirdə onların dəyəri olan 3000 manat pulun, evindən götürdüyü 2000 manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Masallı rayonu Miyankü kəndində anadan olmuşdur, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahından iki övladı olmuşdur. Övladları xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5r. Bir müddət mehriban yaşasalar da, ailədaxili narazılıqlar səbəbindən faktiki olaraq bir ilə yaxındır ki, ayrı yaşayırlar. Birlikdə yaşadıqları dövrdə maddi imkanları aşağı olduğundan atası Ağahüseyn Tahirov ona üç baş iri buynuzlu heyvan hədiyyə etmişdir. Birgə nikah dövründə inşa etdikləri evində olarkən iribuynuzlu heyvanlara o, baxmışdır. Cavabdeh onu döyüb evdən qovduqdan sonra iri buynuzlu hevanlardan biri örüşdən qayıdarkən atasının evinə qayıtmışdır. İki baş iri buynuzlu heyvan isə cavabdehin evində qalmışdır. Cavabdehin evində qalan heyvanları tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hətta atası cavabdehdən heyvanlar barəsində Boradigah Polis bölməsinə şikayətdə etmişdir. Sahə rəisi bu barədə cavabdehin izahatını da almışdır. Cavabdeh onun razılığı və məlumatı olmadan iki baş heyvanı 3000 manata satmışdır. Dəfələrlə cavabdehdən heyvanlarının pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. X9 birinci qrup əlildir, serebral iflic xəstəliyindən əziyyət çəkir. Həkimlər qızının əməliyyat olunacağı təqdirdə yerimək ehtimalının ola biləcəyini bildirmişlər. Maddi imkanı olmadığından atası, bacı-qardaşları və həmçinin kəndinin xeyriyyəçi insanları tərəfindən qızının əməliyyatı üçün 6400 manat pul yığılaraq ona verilmişdir. Cavabdeh onun xəbəri olmadan əməliyyat pulu olan 6400 manat pulu evdən oğurlamışdır. Cavabdehdən polisə şikayət etməsin deyə cavabdehin əmisi oğlu Tofiq Əliyev pulun 4400 manatını cavabdehdən alaraq ona qaytarmışdır. Cavabdeh ondan vaxt verməyini və yerdə qalan 2000 manatı da tez bir zamanda qaytaracağını bildirmişdir. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh onun 2000 manat pulunu qaytarmamışdır. Pulu düzəldə bilmədiyinə görə qızını əməliyyat etdirə bilməmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir əsas gətirmədən pulunu qaytarmamışdır. Odur ki, iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini Cavabdeh iki baş iri buynuzlu heyvanlarının, heyvanları olmadığı təqdirdə onların dəyəri olan 3000 manat pulun, evindən götürdüyü 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İddiaçı uşağının müalicəsi üçün kənd adamlarından pul yığılarkən 200 manat pul vermişdir, lakin nə qədər pul yığıldığını bilməmiş, pul yığılması barədə siyahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, İddiaçı onun dayısı qızıdır, onun uşağının müalicəsi üçün kənd adamlarından pul yığılarkən 150 manat pulu Qumrunun atasına vermişdir, lakin nə qədər pul yığıldığını bilməmiş dəftər siyahı olmamışdır, müalicə üçün nə qədər pul lazım olduğunu da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qumrunun şifahi müraciətinə əsasən Natiqdən 4000 manat pulun nə olduğunu soruşmuşdur. Natiqin ilkin olaraq dediyi bir söz olmamışdır. Sonradan ara sakitləşdikdən sonra eşitmişdir ki, pul qaytarılmışdır. Qurmunun atası ona bildirmişdir ki, 2 baş inək vermişdir. Qohumu Rüfət bildirmişdir ki, Qumrunun dediyinə görə Natiq toyun pulunu kreditə vermişdir. O, heyvanları görməmişdir lakin Qumru ona bildirmişdir ki, Natiq heyvanları götürməsinə icazə vermir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq edilmiş dəftərdən görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 20 may 2001-ci il təvəllüdlü X2 01 iyul 2023-cü il tarixdə olmuş toyu üçün yazılmış pullar həmin dəftərdə qeyd edilmişdir, tərəflərin izahatları, təqdim edilmiş fotoşəkillərdən də görünür ki, Fatimə üçün toy olmuş və toya görə pul yığılmışdır, cavabdehin də etirafına görə yığılan pul ailənin ehtiyaclarına xərclənmiş, həmçinin Rabitəbankdan Cavabdeh götürdüyü kreditin qaytarılmasına sərf edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Ağahüseyin qızı pul tələbi ilə bağlı Masallı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, hazırkı İddiaçı Ağahüseyin qızı ilə ailə həyatı quraraq xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən 2 övladları var. Övladlarından biri 2001-ci il təvəllüdlü X4 ağır xəstəlikdən əziyyət çəkdiyinə görə 1-ci qrup əlildir. Buna baxmayaraq keçmiş həyat yoldaşı onun və həkimlərin razılığı olmadan 1-ci qrup əlil övladını ərə vermişdir. Bundan sonra ailədaxili münasibətlərində pozulmalar yaranmışdır. Məlumat üçün qeyd edir ki, o, özü ağır vərəm (ağciyər iltihabı) xəstəlyindən əziyyət çəkir. Yaxın günlərdə paytaxt Bakı şəhərində yerləşən aidiyyatı üzrə xəstəxanada müayinədən keçdikdən sonra xəstəliyi tibbi rəy əsasında öz təsdiqini tapmışdır. Qarşı tərəf iddiasında qeyd edir ki, birgə nikah dövründə olan 2 baş iribuynuzlu heyvanları sataraq 3000 (üç min) manat pul əldə etmişdir. Ancaq əslində qarşı tərəfin atası tərəfindən 2015-ci ildə birgə nikah dövründə 1 baş 8 aylıq buzov verilmişdir. Həmin 8 aylıq heyvanı təsərrüfatlarında saxlayıb şəxsən o, özü qulluq etməklə artırmışdır. Sonrada o, öz zəhməti və qulluğu hesabına böyütdüyü 2 baş heyvanı sataraq, satışdan əldə etdiyi 1400 (min dörd yüz) manat birgə nikah dövründə götürdükləri 256 (iki yüz əlli altı) manat və 30 (otuz) manat aylıq kredit ödənişinə sərf etmişdir. Ancaq buna baxmayaraq hazırki iddia üzrə iddiaçı iddiasında qeyd etmişdir ki, həmin heyvanlara qulluğu özü etmişdir. Halbuki həmin iribuynuzlu heyvanlara keçmiş həyat yoldaşı səhhətində problemlər olduğunu bəhanə gətirdiyinə görə sağmağından tutmuş, bütün lazımi qulluğu həmin heyvanlara özü etmişdir. Bundan əvvəlki iddiaçı tərəf iddiasında qeyd etmişdir ki, o, qızının əməliyyat pulu üçün yığılan 6400 (altı min dörd yüz) manat pulu oğurlayaraq ələ keçirmişdir. Bundan sonra iddiasında qeyd edir ki: "Oğurluq faktı ilə bağlı polisə şikayət etməyim deyə pulun 4400 (dörd min dörd yüz) manatını əmim oğlu Tofiq Əliyevə verərək mənə vermiş, yerdə qalan 2000 (iki min) manatı da tez bir zamanda iddiaçıya geri qaytaracağını şifahi əqdlə söz vermişdir" deyə bildirmişdir. Həmin iddia üzrə iddiaçının barəsində iddia ərizəsində qeyd etdikləri ağ yalan və əsassızdır. Çünki, hələ birgə nikah dövründə aralarında mübahisə yarandığından əl və dırnaqları ilə ona xəsarət yetirdiyini görüb iddiaçını özündən uzaqlaşdırmaq məqsədilə yüngül toxunuşla iddiaçını itələmişdir. Bu anda iddiaçı ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Əsassız şikayət etməyinə baxmayaraq qarşısında tələb qoymuşdur ki, qızının toyunda yığılan 4900 (dörd min doqquz yüz) manat pulu iddiaçıya verdiyi təqdirdə polis şöbəsindən ərizəsini geri götürəcəkdir. Buradan da açıq-aşkar görmək olur ki, hazırki iddia üzrə cavabdehin qeyd etdiyi məbləğ 6400 (altı min dörd yüz) yox, 4900 (dörd min doqquz yüz) manat təşkil edir və həmin məbləğdə övladının müalicə xərcləri üçün yığılaraq oğurladığı pul olmayıb, qızının toyunda yığılan pullar olmuşdur. Burada nə oğurluqdan, nə qohum-qonşular tərəfindən övladının müayinə və müalicə məqsədi üçün yığılmamış, həmin məbləğin 6400 (altı min dörd yüz) manat olması yalan və əsassızdır. Toydan yığılaraq qalan 4900 (dörd min doqquz yüz) manatdan 4400 (dörd min dörd yüz) şikayət ərizəsini geri götürəcəyi ilə razılaşıb, əmisi oğlu X3 vasitəçiliyi ilə hazırki iş üzrə cavabdehə göndərmişdir. Qalan 500 (beş yüz) manatı isə mobil telefonun aylıq ödənişlərinə sərf etmişdir. Birgə nikah dövründə götürmüş olduğu kreditin 2000 (iki min) manatını hazırki iş üzrə cavabdeh özü üçün ətriyyat dükanı açdığından kömək məqsədilə ona vermişdir. Odur ki, iddia üzrə İddiaçı Ağahüseyin qızı iddiasında barəsində pul tələbinə dair yazılanların əzassız və yalan olması nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materilarına əlavə edilmiş Rabitəbank ASC-nin Masallı fifialı tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli XZ1811-2 saylı Qəbzdən görünür ki, Cavabdeh Məhərrən oğlu tərəfindən 2000 manat pul girovun yüklülüyə alınması üçün ödənilmişdir. Masallı RİHB-nin Miyankü kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışdan görünür ki, ev təsərrüfatlarının uçotu kitabı 1 nömrəli, şəxsi hesabı 59 nömrəli olan, səhifə 122-də olan şəxsi hesabında xx.xx.2023-cü il tarixdə 3 baç iri buynuzlu mal-qara olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsində qeyd edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsində qeyd edilmişdir ki, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsində qeyd edilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Ona görə ki, tərəflər hazırda rəsmi nikahda olmaqla İddiaçı Cavabdeh tələb etdiyi iki baş iri buynuzlu heyvan tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak olduğu üçün həmin heyvanların naturada və ya dəyərinin alınması, iddiaçının tələbinə görə cavabdehin evdən götürdüyü 2000 manat pul ailənin ümumi gəliri hesabına əldə olunduğu üçün cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilə bilməz. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün köçürülmüş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün köçürülmüş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1413/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1413/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver