Məhkəmə qərarları › İş №2(050)-1438/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1438/2023

06.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1438/2023 06.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu azyaşlı uşaqları ilə birlikdə Masallı rayonu, Ləngan kəndində yerləşən 9 metrin 13 metrə olmaqla 10 daş üstə tikilmiş, 3 otaqdan ibarət yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahları rəsmiləşmədən ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 18 aprel 2014-cü ildə Aysun, 07 iyul 2020-ci ildə Əli adlı uşaqları olmuşdur. Ailədə bir müddət mehriban olmuşlar. Sonradan aralarında narazılıqlar olmuş, hazırda ayrı-ayrı yaşayırlar. Bundan sonra bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh1 ilə birgə yaşdıqları müddətdə Masallı rayonu, Ləngan kəndində 3 otaqdan ibarət yaşayış evi tikmişlər. Bir müddət uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Cehiz əşyaları həmin evdə yerləşir. 2013-cü ildə həmin evdə yaşamışlar. Lakin cavabdehlər heç bir əsas olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən çıxarmışlar. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edilmişdir. Cavabdehlər iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdilər ki, mübahisəli ev uzun illərdir ki, ataları Həsənov Xanhüseyn tərəfindən Cavabdeh2 və onun ailəsi üçün tikilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, o, Cavabdeh1 ilə yaşadığı müddətdə 3 otaqlı ev tikmişlər. Bu yalandır. Cavabdeh1 uşaqlıqdan İ dərəcəli əlildir, onun hər iki əlinin barmaqları kəsilmişdir. İşləmək qabiliyyəti yoxdur və heç vaxt işləməmişdir. İddiaçı özü də işləməmiş, gəliri olmamışdır. Belə olan halda iddiaçı İ dərəcəli əlil olan faktiki əri ilə ev tikə bilər? İddiaçı X7 ilə faktiki ər-arvad münasibətlərinə girdikdən sonra Xanhüseyn Həsənova məxsus Ləngan kəndində yerləşən evə yerləşdirilmiş və uzun illər orada yaşamışdır. Ailə başçılarının qərarına əsasən Cavabdeh1 İ dərəcəli əlil olduğu, əmək qabiliyyəti olmadığından onların yaşayış yeri valideynlərinin yanında müəyyən olunmuşdur. Mübahisəli ev atalarının və Cavabdeh2 gəlirləri heabına Cavabdeh2 və onun ailəsi üçün tikilmişdir və ona məxsusdur (kommunal xidmətlər və s.). İddiaçı uzun illər atalarına məxsus evdə yaşamış və sonralar ailə ilə münasibətlərində söz-söhbət olduğundan ailə məcbur olub onları müvəqqəti, söz-söhbət aradan qalxana qədər Bayramın evinə köçürmüşlər. İddiaçı son illərdə Cavabdeh1 qarşı biganəlik göstərmiş və bir neçə dəfə heç kimə demədən valideynlərinin yanına getmiş və hər dəfə gedərkən özünə məxsus və ya birgəyaşayış dövründə əldə olunmş əmlaklardan bir qismini valideynlərinin evinə aparmış, Masallı Rayon Məhkəməsində əmlak tələbi barədə iddia qaldırmış və iddia qismən təmin olunmuşdur. Bununla da iddiaçı mübahsəli evin ona heç bir aidiyyəti olmadığını nümayiş etdirmişdir. İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh2 və digər cavabdehin vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. İddiaçının vəkili iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, iddiaçı uzun müddət mübahisəli evdə yaşamış, həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Cehiz əmlakları da həmin evdə yerləşir. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah yoxdur. Tərəflər arasında rəsmi nikah olmadığından ailə münasibətlərindən söhbət gedə bilməz. İddiaçı və faktiki həyat yoldaşı Cavabdeh1 mübahisəli evə təxminən 2016-2017-ci illərdə köçmüşlər. Sonda Vəkil1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, iddiaya etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli evin 1-ci mərtəbəsi 2011-ci ildə, qalan hissəsi isə 2012-ci ildən hissə-hissə tikilmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, göstərmişdir ki, Cavabdeh1 ilə rəsmi nikahı yoxdur. 2013-cü ildə evlənib qaynatası Xanhüseyn Həsənova məxsus Masallı rayonu, Ləngan kəndində yerləşən evə gəlin köçmüşdür. Mübahisəli ev 2016-ci ildə tikilmişdir. 2016-2022-ci illərdə mübahisəli evdə ailəsi ilə birlikdə yaşamışdır. Cehiz əmlakları həmin evdədir. Mübahisəli evi qaynatası əri Cavabdeh1 üçün tikmiş və onlara demişdir ki, bu evdə yaşayacaqsınız. İki övladı ilə ata evində yaşayır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə olunmuş: ********** qeydiyyat, **********55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və seriya A, 475579 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 hektar torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2020-cü ildə daşınmaz əmlakın Dövlət reyestrində 137 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüququn qeydiyyata alınmasına əsas Masallı rayonu Ləngan Bələdiyyəsinin torpaq sahəsinin satılması barədə bələdiyyə qərarından çıxarış, xx.xx.2006; Masallı rayonu, Ləngan bələdiyyəsi, “Torpaqların alğısatqısına dair akt, 79, xx.xx.2006; Masallı RİHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyi, 141, xx.xx.2006. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Masallı rayonu, Ləngan kəndində yerləşən, ümum sahəsi 0.06 ha olan torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. **********3 qeydiyyat, **********55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 hektar torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2020-cü ildə daşınmaz əmlakın Dövlət reyestrində 137 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Torpağa mülkiyyət hüququna” dair JN-0008 Kod 80500018 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarına əsasən X1, X9, X2, Cavabdeh1 və Cavabdeh2 kənd təsərüffatı məhsullarının istehsalı üçün 1.64 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X3, X8, X10 və Həsənov X6 rayonu, Ləngan kəndində yerləşən, birgə mülkiyyət üzrə onlara məxsus ümumi sahəsi 0.42 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışdılar. ********** qeydiyyat, **********99 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0.42 hektar torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü ildə daşınmaz əmlakın Dövlət reyestrində 211 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-554/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh1 və X8 qarşı qızıl və cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 18 aprel 2014-cü il təvəllüdlü X4 və 07 iyul 2020-ci il təvəllüdlü X11 anası İddiaçı, atası X5 qeyd edilmişdir (atalıq müəyyən edilməmişdir). Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 mart 2023-cü il tarixli məktubunda göstərilir ki, Cavabdeh2 bildirdiyinə görə qardaşı və qardaşı arvadı İddiaçı ona məxsus Təklə kəndində yerləşən evdə yaşamışdır. Ev 9 metrin 13 metrə olmaqla, 10 daş üstə tikilmiş, 3 otaq və mətbəxdən ibarətdir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1990-cu il tarixdə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş İddiaçı Masallı rayonu, Təklə ərazi dairəsi, Ləngan kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddiaçının iddia ərizəsində göstərdiyi - Cavabdeh1 ilə birgə yaşdıqları müddətdə Masallı rayonu, Ləngan kəndində 3 otaqdan ibarət yaşayış evi tikmələri barədə mövqeyinə münasibətdə bildirir ki, bununla bağlı onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin hal işin araşdırılması zamanı iddiaçının özü tərəfindən təkzib edilmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, “...Mübahisəli evi qaynatası əri Cavabdeh1 üçün tikmiş və onlara demişdir ki, bu evdə yaşayacaqsınız.” Digər bir məsələ - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah yoxdur. Mübahisəli ev ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. İddiaçının mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması barədə mövqeyinə münasibətdə məhkəmə bildirir ki, birincisi, DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022ci il tarixli arayışından görünür ki, xx.xx.1990-cu il tarixdə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş İddiaçı Masallı rayonu, Təklə ərazi dairəsi, Ləngan kəndində qeydiyyatdadır. Bu hələ birmənalı şəkildə o demək deyil ki, iddiaçı məhz mübahisəli evdə qeydiyyatdadır. İkincisi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah yoxdur və mübahisəli ev üzərində hüquq qeydiyyata alınmamışdır. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin qanuni sahibinin digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, həmçinin, yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasında yalnız mülkiyyətçinin keçmiş ailə üzvünün yararlanması ilə bağlı qeyd edir ki, iddiaçının faktiki nikaha daxil olduğu şəxs Cavabdeh1 mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətçi və ya mülkiyyətə gözlənti hüququ olmadığından, onun faktiki nikaha girdiyi şəxsi ailə üzvü kimi iddiaçını mübahisəli evə köçürmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən maddi hüquq normalar baxımından rəsmi nikahda olan ər-arvadın hazırki mübahisə üzrə istifadə hüququ yaranmadığı halda, nikahı müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxsin mübahisəli fərdi yaşayış evinə istifadə hüququndan söhbət gedə bilməz. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar