Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1477/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinin Cavabdeh qarşı «meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzi Cavabdeh tərəfindən Masallı şəhəri, Həzi Aslanov küçəsi ev 12-də qanunsuz zəbt etdiyi 1,82 ha meşə fondu torpağında yerləşən tikililərin sökülməsi və əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Cavabdeh qarşı daşınmaz əşyanın olduğu yer üzrə kommersiya məhkəməsində iddia qaldırmaq hüququ iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinə izah olunmalıdır. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh meşəlik ərazidə yeməkxananın fəaliyyəti üçün müəyyən tikintilər inşa etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-15-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflərdən biri İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzi hüquqi şəxsdir, Cavabdeh isə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan çıxarışdan görünür ki, fərdi sahibkardır (yeməkxananın fəaliyyəti ilə bağlı). Həmçinin mübahisə predmeti olan torpaq sahəsi ilk əvvəl meşə fonduna aid olan torpaq sahəsidir, təyinatı üzrə istifadəsində əsas məqsəd qazanc əldə etməkdir. Göründüyü kimi, iddia tələbində göstərildiyi kimi cavabdeh torpaq sahəsini zəbt etdiyi təqdirdə əsas məqsədi həmin torpaq sahəsindən gəlir əldə etmək olmuşdur. Tərəflər arasında olan mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzi hüquqi şəxs, Cavabdeh (VÖEN **********) isə sahibkarlıq fəaliyyətinin subyekti olduğundan həmin iddia ərizəsində qeyd olunan tərəflər arasındakı yaranan mübahisənin kökündə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin dayandığı məlum olur. Göründüyü kimi tərəfələr arasındakı mübahisə həm subyektlərin dairəsinə, həm də mübahisənin xarakterinə görə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinin Cavabdeh qarşı «meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinin Cavabdeh qarşı daşınmaz əşyanın olduğu yer üzrə kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (elektron məhkəmə sistemi vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1477/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1477/2025
10.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver