Məhkəmə qərarları › İş №2(050)-148/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-148/2025

30.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-148/2025 30.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisləri X3, X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Masallı rayonu, Tatyanoba kəndində mülkiyyətində 0,10 ha torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 169 saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-116A saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmişdir. Həyətə gələn yol qonşuluqda yaşayan cavabdehlərin həyətinin yanından keçir. Lakin cavabdehlər həmin yolun üzərində dəmir tordan ibarət çəpər vurmaqla yolu bağlamışlar, nəticədə həyətə giriş-çıxış mümkünsüz olmuşdur. Onlar bundan başqa dəmir üstlərdən və turbalardan ibarət hasar çəkərkən müəyyən qədər (30x5 metr) həyətə müdaxilə etmiş və mülkiyyətində olan torpağı zəbt etmişdir. X26 Məhkəməsinin icraatında olmuş iş üzrə ekspert rəyi ilə də bir daha müəyyən edilmişdir ki, həyətinə gələn yol cavabdehlərin həyətinin yanından keçir. Cavabdehlər isə özbaşına olaraq mülkiyyətinə və həyətinə gələn yola müdaxilə etmiş, həm həyətinin müəyyən hissəsini, həm də yolu zəbt etmişlər. Bununla bağlı dəfələrlə etirazını və iradını bildirsə də, nəticəsi olmamışdır. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən və orada olan evindən sərbəst istifadə hüququ pozulmuşdur. İddiaçının tələbi: Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cil il tarixli 169 saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-116A saylı şəhadətnamə ilə mülkiyyətində olmaqla, Masallı rayonu Tatyanoba kəndində yerləşən həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin orada sonradan basdırılmış dəmir turba və dəmir üstlərdən ibarət hasarın cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması, həmin hissədə dəmir tordan ibarət çəpərin cavabdehlərin hesabına əvvəlki yerindən bərpa edilməsi, həmçinin gediş-gəliş yolundan istifadəyə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, həmin yolun üzərində qoyulmuş dəmir tordan ibarət çəpərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı onlara qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə iddia qaldırmışdır. Həmin iddianı qəbul etmir və əsassız olduğu üçün rədd olunmasını xahiş edir. Belə ki, o, Masallı rayonu Tatyanoba kəndində yaşayır. Həmin kənddə özünə məxsus 0.12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunmuş və buna görə də məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı torpaq sahəsindən çıxarılması qət olunmuş və həmin qətnamə qüvvəyə minmiş və icra olunmuşdur. Yəni həmin torpaq sahəsinin ona məxsus olması Ali Məhkəmənin qərarı ilə artıq təsdiq olunmuşdur. Hazırkı iddia tamamilə əsassızdır. İddiaçı qəsdən Cavabdeh2 da cavabdeh qoyaraq və iddia tələbini dəyişərək iddia qaldırmışdır. Halbuki, mübahisə predmeti olan torpaq sahəsi əvvəlki iş üzrə olan torpaq sahəsi ilə eynidir və həmin torpaq sahəsini icra məmurlarının iştirakı ilə təhvil almış və hazırda da mülkiyyətindədir. Ümumiyyətlə şəhadətnamədə Cavabdeh2 adı yoxdur və mülkiyyətçi deyildir. İddiaçı bundan əlavə Şirvan İnzibati Məhkəməsində də iddia qaldırmış və məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı və onun mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. Çünki onların torpaqları da ayrıdır və onun torpağının iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı hesab edir ki, guya torpaqları üst-üstə düşəcək və onun sənədi ləğv olunacaqdır. Lakin ekspert rəyi ilə iddiaçının iddiasının tamamilə əsassız olması təsdiq olunmuşdur. İddiaçının iddiası istər rayon məhkəməsində, istərsə də inzibati məhkəmədə uğur qazanmamışdır. Torpaqların elektron kadastr uçot informasiya sistemində həmin torpaq sahəsi onun mülkiyyətində göstərilmişdir. Hazırkı iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş və ekspert rəyləri mövcuddur. Buna görə də hazırkı iddia tamamilə əsassızdır. Mülki Qanunvericiliyin tələbinə əsasən bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa həmin hallar başqa işdə mübahisələndirilə bilməz. Lakin iddiaçı hazırda əsassız olaraq məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsi zəbt edilmişdir. Həmçinin dəmir tor çəkilməklə onun torpaq sahəsinə maneəsiz giriş-çıxışına əngəl yaradılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər mülki işdə həqiqətən torpaq sahəsi İddiaçı tərəfindən zəbt vəziyyətində olmuş və buna dair qanuni qüvvəsini almış məhkəmə aktları qəbul edilmişdir. Həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilərkən İddiaçı tərəfindən çəkilmiş çəpər sökülmüşdür. Daha sonra yeni çəpər Cavabdeh2 tərəfindən çəkilmişdir. Bu dəfə isə İddiaçı sahibliyində olan torpaq sahəsinin müəyyən hissəsi qarşı tərəfin istifadəsində qalmışdır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında təkrar ekspertiza təyin edilməsini tələb etməyinin səbəbi eyni torpaq sahəsinə dair iki fərqli rəyin olmasıdır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Aralarında əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisələrə əsasən iddiaçının ona məxsus torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir. Qanuni qüvvəsini almış bir məhkəmə qətnaməsi ilə ona məxsus olan torpaq sahəsinin, digər mülki iş üzrə alınmış mütəxəssis rəyinə əsasən onun tərəfindən zəbt kimi qiymətləndirilməsi mümkünsüzdür. Çəpəri sökməyə razı deyildir. Çəpər çəkilən ərazi ona məxsusdur. Lakin iddiaçının torpaq sahəsinə gedən yolu aça bilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verilmiş mütəxəssis rəyinə dair bildirmişdir ki, rəyi elektron xəritə əsasında vermişlər. İddiaçının torpaq sahəsinə gedən yol həqiqətən dəmir dəmir tor ilə bağlanıb. X2 məhkəmə iclasında verilmiş mütəxəssis rəyinə dair bildirmişdir ki, hər iki torpaq sahəsinin şəhadətnaməsi vardır. Torpaq sahələri bir-biri ilə tam qonşudur. Aralarında bələdiyyə torpağı yoxdur. Digər mülki işdəki mütəxəssis rəyini də o tərtib etmişdir. Əraziyə baxış keçirərkən müəyyən etmişdir ki, Cavabdeh2 yolu çəpər, dəmir tor (setka) çəkməklə tutub. Hazırda dəmir torun yeri əvvəlki rəylə müqayisədə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: JN-116A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında X13 və onun ailə üzvləri olan İddiaçı, X14, X9, X6, X5 və X10 birgə mülkiyyətlərinə 0,10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/6007 saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2831/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-116A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin naturada və sənəd üzrə və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2831/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-116A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2831/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və X12 ümumi birgə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2831/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-116A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin koordinat göstəriciləri JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və X12 ümumi birgə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinat göstəricələrinin üstüstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2831/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-116E nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin koordinat göstəriciləri JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və X12 ümumi birgə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinat göstəricilərinin üstüstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3337/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 89/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Masallı rayonu, Tatyanoba kəndində yerləşən JN-117A, KOD 80508028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçı Cavabdeh1 və onun ailə üzvünə məxsus 0,12 hektar fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş torpaq sahəsinin 0,0135 hektar (135,0 kv.m) hissəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-3337/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. JN-117A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında X17 və onun ailə üzvü olan Cavabdeh1 birgə mülkiyyətlərinə 0,12 ha torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, - Torpağın mülkiyyətə verilməsinə dair JN-116A saylı Şəhadətnamə ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlərin həyətinin yanından keçən hissədə metal tordan ibarət darvazanın olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Masallı rayonu Tatyanoba kəndinin kompleks yerquruluşu layihəsində mülkiyyətə verilməsinə dair JN-116A saylı Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.1 ha torpaq sahəsi verilsə də faktiki olaraq 0.1505 ha torpaq sahəsi istifadə edir. Torpağın mülkiyyətə verilməsinə dair JN-117A saylı Şəhadətnamə ilə Cavabdeh1 və ailə üzvünün mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilsə də, faktiki olaraq 0.1364 ha torpaq sahəsi istifadə edir. Mübahisələndirilən 0,0088 ha 87,68 kv.m torpaq sahəsi cavabdehlərin istifadəsində olsa da, torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 116A nömrəli şəhadətnamə ilə qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki işin mübahisəsiz halları:

1. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında JN-116A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,10 ha torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilməsi.

2. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında JN-117A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha torpaq sahəsinin Cavabdeh1 və onun ailə üzvünün istifadəsinə verilməsi.

Mülki işin mübahisəli halları:

1. İddiaçı məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunubolunmaması.

2. JN-116A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsində cavabdehlər tərəfindən dəmir turba və listlərdən ibarət çəpərin çəkilib-çəkilməməsi

3. Eyni torpaq sahəsinə dair müxtəlif mütəxəssis rəylərinin verilib-verilməməsi.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materialları ilə Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında JN-116A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,10 ha torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin istifadəsinə, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 169 saylı qərarı əsasında JN-117A nömrəli kod 80508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha torpaq sahəsinin Cavabdeh1 və onun ailə üzvünün istifadəsinə verilməsi müəyyən edilir. Hazırda iş üzrə iddiaçı ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən quraşdırılmış dəmir turba və lövhələrdən çəkilmiş hasarın cavabdehlərin vəsaiti hesabına sökülməklə torpaq sahəsinin geri qaytarılmasını və dəmir çəpərin əvvəki yerindən bərpa edilməsini, həmçinin gediş-gəliş yoluna qoyulmuş maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış və rəydə qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-116A saylı Şəhadətnamə ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlərin həyətinin yanından keçən hissədə metal tordan ibarət darvazanın olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Həmçinin Masallı rayonu Tatyanoba kəndinin kompleks yerquruluşu layihəsində mülkiyyətə verilməsinə dair JN- 116A saylı Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,1 ha torpaq sahəsi verilsə də faktiki olaraq 0,1505 ha torpaq sahəsi istifadə edir. Torpağın mülkiyyətə verilməsinə dair JN-117A saylı Şəhadətnamə ilə Cavabdeh1 və ailə üzvünün mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilsə də, faktiki olaraq 0,1364 ha torpaq sahəsi istifadə edir. Mübahisələndirilən 0,0088 ha 87,68 kv.m torpaq sahəsi cavabdehlərin istifadəsində olsa da, torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-116A nömrəli şəhadətnamə ilə qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin 0,0088 ha 87,68 kv.m hissəsinin faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilməsi və JN-116A saylı Şəhadətnamə ilə iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsi üzərində gediş-gəliş yolunun cavabdehlərin həyətinin yanından keçən hissədə metal tordan ibarət darvazanın olması sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə iclasında Cavabdeh2 da dəmir tordan çəpər çəkməsini və gediş gəliş yolunu iri buynuzlu heyvanların əraziyə girişini məhdudlaşdırmaq məqsədilə dəmir tor (setka) ilə bağladığını etiraf etdiyindən bu hal işin münasihəsiz halı kimi nəzərə alına bilər. Bundan başqa Cavabdeh2 əvvəlki məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə qətnamələrində onun tərəfindən hər hansı zəbtin olmadığı və alınmış ekspert rəylərini əsas gətirərək çəpər çəkilmiş ərazinin ona məxsusluğunu iddia etmiş, həmçinin mütəxəssis rəyində yanlışlığa yol verilməsini, eyni torpaq sahəsinə dair iki fərqli rəyin verilməsinin mümkün olmamasını iddia etmişdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırılmanın aparılması üçün rəyi tərtib etmiş mütəxəssislər məhkəmə iclasına dəvət edilmiş və mütəxəssislər tərəfindən ilk rəylə, hazırki rəyə əlavə edilmiş plan sxemlərdə çəkilmiş çəpərin yerinin fərqli olması bildirilmişdir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cil il tarixli 169 saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-116A saylı şəhadətnamə ilə iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Masallı rayonu Tatyanoba kəndində yerləşən həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin orada sonradan basdırılmış dəmir turba və dəmir listlərdən ibarət hasarın cavabdehlərin hesabına sökülərək torpaq sahəsi geri qaytarılsın, həmin hissədə dəmir tordan ibarət çəpər cavabdehlərin hesabına əvvəlki yerindən bərpa edilsin, gedişgəliş yolundan istifadəyə cavabdehlər tərəfindən olan maneələr aradan qaldırılsın, həmin yolun üzərində qoyulmuş dəmir tordan ibarət çəpər cavabdehlərin hesabına sökülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar