Məhkəmə qərarları › İş №2(050)-149/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-149/2025

24.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-149/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı "miras qalmış əmlakda payların müəyyən olunması" tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 2015-ci ildə vəfat etmiş atası X5 və 28 avqust 2020-ci ildə vəfat etmiş anası X3 miras qalmış Masallı rayonu, Həsənli kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsində və 0.9355 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə payçıların paylarının müəyyən edilməsi, mərhum atası və anasının payına düşən hissənin miras əmlak kimi qəbul edilməsi və həmin hissədə miras əmlakın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəliləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X5 02 fevral 2015-ci ildə və mərhum anası X9 28 avqust 2020-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra o, digər bacı və qardaşlar birinci növbəli vərəsə olaraq qalmışlar. Onlardan qalmış miras əmlakı qəbul etmişlər. Mərhum atası, anası və digər qardaşının mülkiyyətində Masallı rayonu, Həsənli kəndində 0.18 ha həyətyanı torpaq sahəsi və 0.9355 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Hər iki torpaq sahəsi ümumi birgə mülkiyyətdir və mərhum atası və anasının payları vardır. Həmin paylar müəyyən edilməli və daha sonra vərəsəlik qaydasında bölünməlidir. O, mərhum valideynlərinin birinci növbəli vərəsəsidir, onlardan qalmış miras əmlakın müəyyən hissəsini qəbul etmiş, idarə etmişdir və vərəsəliyi qəbul etmişdir. Hazırda miras əmlakın bölünməsi ilə bağlı vərəsələr arasında mübahisə vardır. Vərəsəliyin müəyyən olunması barədə notariat orqanına müraciət etmişdir. X13 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən 22 oktyabr 2024-cü il tarixli, 1538 saylı imtina məktubu verilmişdir. Buna görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət olunmuş, lakin yalnız əmlak barədə məlumat verilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının 02 fevral 2015-ci ildə vəfat etmiş atası X5 və 28 avqust 2020-ci ildə vəfat etmiş anası X3 miras qalmış Masallı rayonu, Həsənli kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsində və 0.9355 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payların müəyyən olunması, mərhum atası və anasının payına düşən hissənin miras əmlak kimi müəyyən olunaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Bakı şəhərində yaşasa da, həmişə kəndə gəlib getmişdir. Kəndə gələrkən sözügedən evdə qalmışdır. Valideynləri vəfat etdikdən sonra evdə olan daşınar əmlakların (xalça, palaz və s) bir hissəsini özü ilə Bakı şəhərinə aparmışdır. Valideynləri dünyasını dəyişdikdən bir müddə sonra qardaşı İsbəndiyar onu və ailə üzvlərini həyətə buraxmamışdır. Sözügedən evin sənədləri yoxdur. Lakin, valideynlərinin həyətyanı torpaq və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətçi kimi mülkiyyət hüquqları vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin və sonradan verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, miras əmlakı iddiaçı və cavabdehlər qəbul etmişlər. İddiaçı həmişə həmin evə gəlib getmişdir. Valideyləri vəfat edəndə də, onların yas mərisiminin təşkil edilməsində digər qardaşları kimi yaxından iştirak etmişdir. Cavabdehlərdən Cavabdeh4 başqa heç biri mirasda payların müəyyən edilməsinə etiraz etmir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: 30 yanvar 2025-ci il və xx.xx.2025-ci il tarixlərdə tarixdə keçirilən məhkəmə iclaslarında Cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, valideynlərinin vəfatından sonra onun bacı və qardaşları mirası qəbul etmişlər. Valideynlərindən qalan əşyalar və mal qaralar bütün övladlar arasında bölüşdürülmüşdür. Həmçinin, iddiaçıya da müəyyən pay çatmışdır. Həmin evdə hazırda heç kim yaşamır, onun həmin həyətdə öz evi vardır. Məhəmmədin həyat yoldaşı Ruhəngizlə mübahisələri olduğundan onların həmin evə gəlməsini istəmir. Payıbəlli torpaq da ümumi birgə mülkiyyətdə olsa da, torpağı özü idarə edir. Bundan başqa Məhəmməd onun valideynlərinə layiqli övlad olmadığından hesab edir ki, ona torpaqdan pay verilməməlidir. Sonda Cavabdeh3 göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Miramil Abdullayev ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun bacanağıdır. Məhəmməd Bakı şəhərində yaşayır. Əvvəllər Məhəmməd kəndə gələndə öz ata evinə gəlmiş, orada qalıb sonra getmişdir. Sonradan onun valideynləri vəfat etmişdir. Onlar vəfat etdikdən sonra Məhəmmədin qardaşı İsbəndiyarla aralarında narazılıqlar olduğundan münasibətləri korlanmışdır. Bu səbəbdən də Məhəmməd kəndə gələrkən həmin evə gedə bilmir, onlara gəlib qonaq kimi qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun əridir. Onlar Bakı şəhərində yaşayırlar. Əvvəllər Məhəmmədin valideynləri öldükdən sonra kəndə gələndə Məhəmmədin ata evinə gəlmişlər, orada müvəqqəti də olsa yaşamışlar. Son dövrlər qaynı İsbəndiyarla aralarında narazılıqlar olduğundan münasibətləri korlanmışdır. Bu səbəbdən də Məhəmməd kəndə gələrkən həmin evə gedə bilmir. Qaynanası vəfat etməzdən əvvəl onun son günlərində özü ona baxmışdır. O, vəfat edəndən sonra ev boş qalmışdır, evdə olan əşyalardan onun övladları müəyyən əmlakları öz aralarında bölüşdürmişlər. Həmin əmlaklardan çox az hissəsini də onlar götürüb, özləri ilə Bakı şəhərinə aparmışlar. Hazırda İsbəndiyar onları həmin həyətə və evə buraxmır və əmlakın və həyətin özünə məxsus olmasını bildirir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Təsviri hissə Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, X5 ilə X9 arasında 22 mart 1962-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Quliyeva soyadı verilmişdir. Ölüm haqqında arayışlardan görünür ki, X5 02 fevral 2015-ci ildə, X9 28 avqust 2020-ci ildə ölmüşlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Həsənli kənd sakinləri mərhum X5 02 fevral 2015-ci ildə, mərhum X9 28 avqust 2020-ci ildə vəfat etmişlər. Onlar vəfat etdikdən sonra övladları Cavabdeh1, Cavabdeh5, Quliyev (Məmmədov) Məhəmməd Mahmud oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qalmışlar. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı atası X5, anası X6r. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1538 saylı məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 338A, Kod 80507018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X5, X9 və Cavabdeh3 0.18 hektar torpaq sahəsi verilmişdir. JN-311 kod 80507018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı əsasında X5, X9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 0.94 hektar torpaq sahəsi verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaşın yaxın qohumlarının məlumatına əsasən xx.xx.1962-ci ildə Həsənli kəndində anadan olmuş, hal-hazırda Bakı şəhərində qeydiyyatda olan Məmmədov X1 qohumlarının xeyir və şər məclislərində iştirak etmək üçün gəlib gedir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962ci ildə Həsənli kəndində anadan olmuş, hal-hazırda Bakı şəhərində qeydiyyatda olan Məmmədov X1 qohumlarının xeyir və şər məclislərində iştirak etmək üçün gəlib gedir. Hal hazırda atası vəfat etdikdən sonra həmin evdə yaşayış yoxdur. Əsaslandırma hissəsi Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, mərhumlar X7 və X4 birgə mülkiyyətdə olan Masallı Rayonu Həsənli kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və 0,94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi miras əmlak kimi qalmış, həmin torpaq sahələri vərəsələr tərəfindən faktiki yolla qəbul edilmişdir. İddiaçı digər bacı-qardaşları ilə birlikdə valideynləri dünyasını dəyişdikdən sonra miras qalmış 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə etmiş, evdə olan daşınar əşyaları aralarında bölüşdürmüşlər. Sonradan Cavabdeh4 həmin torpaq sahəsində özünə ev tikərək iddiaçını və ailə üzvlərinə həmin torpaq sahəsinə gəlməyə qadağa qoymuşdur. İşin mübahisəli halı isə odur ki, cavabdeh məhkəmənin ilkin hazırlıq iclasında torpaq sahəsi üzərində iddiaçının payının müəyyən edilməsinə etiraz etməsə də, sonrakı iclaslar zamanı miras qalmış torpaq sahələrindən iddiaçıya pay verilməsinə etiraz etmişdir. Məhkəmə Mülki Məcəllənin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edilən iddia tələbinin həlli ilə bağlı miras əmlakın faktiki qəbulu məsələsinin müzakirə edilməsinə ehtiyac olduğunu zəruri hesab edir, qəbul faktı xüsusi icraat çərçivəsində həll edilməli məsələ olduğundan iddiaçı irəli sürdüyü tələb daxilində miras əmlakın qəbul etməsini sübut etməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin üç ulduz statuslu 22 noyabr 2023-cü il tarixli qərarında qeyd edilən məsələyə aydınlıq gətirilmişdir. Həmin qərarda göstərilmişdir ki, MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn müəyyən edilməsi (əldə olunması (məsələn ,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum valideynləri X5 02 fevral 2015-ci ildə, anası X9 28 avqust 2020-ci ildə vəfat etmişlər. Mərhumların övladları Cavabdeh3 ilə ümumi birgə mülkiyyətlərində Masallı rayonu Həsənli kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi, həmçinin mərhumların övladları-Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə birgə Masallı rayonu Həsənli kəndində yerləşən 0.94 ha payıbəlli torpaq sahəsi vardır. İddiaçı və digər vərəsələr tərəfindən miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat kontoruna müraciət edilməmiş, lakin İddiaçı valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində müəyyən vaxtlarda yaşamaqla torpaq sahəsini faktiki olaraq qəbul edib idarə etmişdir. Digər vərəsələr də miras əmlakı faktiki olaraq qəbul etmişlər. Bu məhkəmə araşdırması zamanı alınmış izahatlar, həmçinin iş materialları ilə təsdiqini tapmışdır. Belə ki, iddiaçı valideynləri öldükdən sonra həyətyanı torpaq sahəsində yerləşən daşınar əşyaları qardaş-bacıları ilə bölüşdürmüş, ona evdə olan xalça, yorğan-döşək verilmişdir. Eyni zamanda icra nümayəndəliyindən verilmiş arayışdan görünür ki, iddiaçı kəndə gəldiyi vaxtlarda mərhumlara məxsus evdə yaşamışdır. Son dövrlər qardaşı Cavabdeh4 onları həyətə daxil olmağa icazə vermədiyindən həmin torpaq sahəsinə gedə bilməmişdir. Həqiqətən də, Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında qardaşı İddiaçı qarşı aqressiv çıxışlar etməklə, onu həyətə buraxmayacağını konkret olaraq bildirmişdir. Göründüyü kimi, İddiaçı birinci növbə vərəsə kimi mərhum atası X5 və anası X3 miras qalmış daşınar əşyaların bir hissəsini qəbul etməklə, eyni zamanda qardaşının ona mane olduğu vaxtadək torpaq sahəsində yerləşən fərdi yaşayış evində kəndə gəldiyi vaxtlarda yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etməkdən ibarət hərəkətlər etmişdir. Məhkəmə hesab edir ki, torpaq sahələri mərhumlarla yanaşı digər şəxslərin də ümumi birgə mülkiyyətində olduğundan həmin əmlaklar üzərində mülkiyyətçilərin konkret payları müəyyən edildikdən sonra miras qalmış əmlakın üzərində paylar müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə JN 338A, Kod 80507018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-311 kod 80507018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilən Masallı rayonu Həsənli kəndində yerləşən həyətyanı və payıbəlli torpaq sahələri üzərində paylar tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, hazırda paylı mülkiyyətçilərin ikisi dünyasını dəyişdiyindən və bundan sonra razılaşma mümkün olmadığından qeyd edilən torpaq sahələri üzərində paylar müəyyən edilməlidir. Belə ki, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan 0.18 ha həyətyanı torpaq sahəsi 3 nəfər şəxsin, Torpağın mülkiyyət hüququna dair Dövlət aktında olan 0,94 ha payıbəlli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla 5 nəfər şəxsin mülkiyyətində olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlak üzərində paylar üzrə razılaşma olmadığından onların hər birinin payları bərəbər hesab edilməli, yəni şəhadətnamədə adları qeyd edilmiş X5, X9 və Cavabdeh3 torpaq sahəsi üzərində hər birinə münasibətdə 1/3 (0,18ha) payları, Torpağın mülkiyyət hüququna dair Dövlət aktında adları qeyd edilmiş X5, X9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 1/5 (0,94 ha) payları müəyyən edilməlidir. Həmin mülkiyyətçilərdən X5 və X9 öldüyündən onların payları üzrə miras əmlak açılmış və İddiaçı tərəfindən həmin torpaq sahələri faktiki olaraq qəbul edilərək idarə edildiyindən, torpaq sahələrini faktiki olaraq qəbul edən digər vərəsələr də ana və atalarına məxsus olan paylardan imtina etmədiklərindən mərhumlara məxsus olan miras əmlak kimi qalmış həyətyanı torpaq sahəsinə münasibətdə 2/3 hissədə payları, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə miras qalmış 2/5 hissədə payları miras əmlak kütləsinə daxil edilməklə üzərində iddiaçı ilə digər 6 nəfər vərəsənin pay hüquqları müəyyən edilməlidir. 1) Mərhumların 0,18 ha torpaq sahəsi üzrə 2/3 hissədən ibarət olan payları qanunvericiliyin tələbinə əsasən 7 nəfər birinci növbə vərəsənin arasında bərabər bölünməlidir. Belə olan halda, iddiaçının torpaq sahəsi üzərində 2/21 hissədə pay hüququ müəyyən edilməlidir. (2/3:1/7)=2/21. 2) Eyni ilə mərhumların 0,94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində müəyyən edilmiş 2/5 hissədən ibarət payları 7 nəfər vərəsənin arasında bərabər bölündükdə, iddiaçının torpaq sahəsi üzərində 2/35 hissədə pay hüququ müəyyən edilməlidir. (2/5:1/7)=2/35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəticə Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1) JN 338A, Kod 80507018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətə verilmiş Masallı rayonu Həsənli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə münasibətə birgə mülkiyyətçilər X5, X9 və Cavabdeh3 hər birinin 1/3 hissədə payları müəyyən edilsin və miras qalmış həmin torpaq sahəsinin 2/3 hissəsi vərəsələr arasında bərabər bölünməklə, torpaq sahəsinin 2/21 hissəsi üzərində İddiaçı pay hüququ müəyyən edilsin. 2) JN-311 kod 80507018 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mülkiyyətə verilmiş Masallı rayonu Həsənli kəndində yerləşən 0,94 ha payıbəlli torpaq sahəsinə münasibətdə birgə mülkiyyətçilər X5, X9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 hər birinin 1/5 hissədə payları müəyyən edilsin və miras qalmış həmin torpaq sahəsinin 2/5 hissəsi vərəsələr arasında bərabər bölünməklə, torpaq sahəsinin 2/35 hissəsi üzərində İddiaçı pay hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar