Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-154/2023 10.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə, evdən istifadə hüququnun təmin olunması və həyətyanı sahədən istifadə etmək tələblərinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq uşaqları X4 və X6 ilə birlikdə 2 mərtəbəli, 5 otaqlı evə köçürülmələri, məhkəmə rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq onlara verilməsi, həyətyanı torpaq sahəsindən və evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə 12 avqust 2008-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 29 may 2009-cu ildə X4 və 09 iyun 2010-cu ildə X6 adlı iki uşaqları doğulmuşdur. Ailə münasibətləri çox yaxşıdır. Lakin İddiaçı1 anası onu və həyat yoldaşını doğulub boya-başa çatdığı evdən söyüb, döyüb qovmuş və evə buraxmır. Hazırda ayrı-ayrı yerlərdə yaşayırlar. 05 yanvar 2022-ci il tarixdə İddiaçı2 ölüm həddinə çatdırmaqla o, intihara cəhd etmişdir. Masallı RPŞ-də bu barədə araşdırma aparılmışdır. Mediasiya təşkilatına müraciət etmişlər, lakin cavabdeh ora gəlməkdən imtina etdiyindən, məcbur qalıb məhkəməyə müraciət etmişlər. Odur ki, evə köçürmə, evdən və torpaq sahəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, anası Cavabdeh onu ailəsi ilə birlikdə 08 yanvar 2022-ci il tarixdə onları evdən çıxarmışdır. Hətta yaranmış mübahisəyə görə həyat yoldaşı İddiaçı2 sirkə içmiş və bu səbəblə o, hələ də ağır xəstədir. Evin hüquqmüəyyənedici sənədi yoxdur, o, anadan olandan həmin evdə yaşamışdır. Evi mərhum atası inşa etmişdir. Həyat yoldaşı Süsən isə faktiki 2008-ci ildə toyları olduğu vaxtdan orada yaşayır. Onların rəsmi nikahı isə xx.xx.2009-cu ildə bağlanmışdır. Uşaqları da orada anadan olmuşdur. Hazırda məcburiyyət qarşısında qalıb kirayədə qalırlar. X2rı evə qoymur, göstərdiyi hallara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin evi mərhum əri ilə birlikdə tikmişlər. Ev ona məxsusdur, oğlunun evi yoxdur. Onları özləri evdən getmişdir, lakin tez-tez mübahisələri olduğuna görə bir yerdə y aşamaları mümkün deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ailə tərkibi barədə arayışlardan görünür ki, İddiaçı2, X4 və X1 Elşən Qiyas oğlunın ailə tərkibindədirlər. Nikah haqqında arayışdan görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahlarını 28 fevral 2009cu ildə rəsmiləşdirmişlər. Doğum haqqında arayışlardan məlum olur ki, X4 29 may 2009-cu ildə, X6 09 iyun 2010-cu ildə anadan olmuşlar, uşaqların atası İddiaçı1, anası İddiaçı2dır. 12 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı2 sirkə turşusu içməsi barədə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı2 qaynanası Cavabdeh mübahisə etmiş və sirkə turşusu içmişdir. Lakin iş üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Masallı RİHB-nin Şıxlar kənd inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli, 196 və 198 saylı arayışlarında görünür ki, İddiaçı1 və İddiaçı2 Masallı rayon Şıxlar kəndində qeydiyyatdadırlar və daimi yaşayış yerləri Şıxlar kəndidir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ilə 2008-ci ildə faktiki ailə qurmuş və rəsmi nikahları xx.xx.2009-cu ildə bağlanmışdır. Onlar xx.xx.2022-ci il tarixə qədər 14 il müddətində cavabdehlə birlikdə yaşamışlar. Birgə nikahlarından 29 may 2009-cu ildə X4 və 09 iyun 2010-cu ildə X6 adlı iki uşaqları doğulmuşdur. Evdən çıxdıqları müddətdə iddiaçıların bütün əmlakları evdə qalmış, hal-hazırda evdə Cavabdeh yaşayır. Evin hüquqmüəyyənedici sənədi yoxdur. Göründüyü kimi, tərəflər arasında mülki hüquq münasibəti 2008-ci ildə yaranmışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yarandığından, həmçinin mübahisə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin şərtləri mövcud olmadığına görə, mübahisə 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982) maddi normalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci bəndinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də istinad olunmuş Məcəllənin 87-ci maddəsinin 2-ci bəndinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayıəş sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd oluna Mənzil Məcəlləsinin yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələrinu müəyyən edən 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı mübahisənin qanuni əsası kimi tətbiq etməklə qeyd edir ki, iddiaçı tərəf ər-ravad kimi, eləcə də uşaqları ilə birlikdə 2008- 2022-ci illərdə birlikdə köçmək istədikləri evdə yaşamış, təsərrüfatı idarə etmiş, sonradan cavabdehlə ailə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalaraq kirayədə yaşamalı olmuşlar, hazırda evə köçüb yaşamaları isə cavabdehin yaratdığı maneələr nəticəsində mümkün olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların əldə etdikləri əmlakları hal-hazırda həmin evdədir, həmin evlə yetərli və davamlı əlaqələri davam etməkdədir. Ona görə də iddiaçıların ötən müddət ərzində Bakı şəhərində kirayədə yaşaması daimi qiymətləndirilməməli və iddiaçılar əvvəllər yaşadığı evə köçürülməlidir. Uşaqların yaşayış yeri valideynlərinin yanı olduğu üçün, onlar da iddiaçlarla bərabər evə köçürülməlidir. Məhkəmə iddia tələbinin həyətyanı torpaq sahəsinə və evə istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddianın evə köçürülmə hissəsinin təmin olunması, mənzil hüququ baxımından özlüyündə iddiaçıların həmin evdə yaşamasını və faktiki evdən istifadə etmələrini ehtiva edir. Əşya hüququ baxımından isə Mülki Məcəllənin 228-ci maddəsinin şərtləri mövcud deyil, ona görə də həmin hissədə iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 uşaqları 29 may 2009-cu il təvəllüdlü X4 və 09 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh yaşadığı Masallı rayonu, Şıxlar kəndində yerləşən yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə köçürülsünlər. İddia həyətyanı torpaq sahəsindən və evdən istifadə hüququnun tanınmasına münasibnətdə təmin olunmasın. Məhkəmə rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-154/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-154/2023
10.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver