Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-165/2024 31.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzi Cavabdeh qarşı meşə fonduna aid 10 hektar torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X3 Mərkəzi bildirir ki, Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının 2-ci kvartalının 2-ci bölməsində yerləşən “Türkan” istirahət mərkəzində qanunsuz tikinti işlərinin aparılması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə 3-14-27-05/2-144/2023 saylı məktubla Masallı RHİBnə müraciət olunmuşdur. Masallı RHİB-nin əməkdaşları tərəfindən daxil olmuş müraciət yerində araşdırılmışdır. Araşdırma zamanı Masallı rayonu, S.Məmmədov küçəsi, ev 31-də yaşayan Cavabdeh tərəfindən Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının 2ci kvartalının 2-ci bölməsində 10 ha torpaq sahəsində 7 ədəd söhbətgah, 4 ədəd söhbətgahın kürsü hissəsi, 8x20 metr ölçüdə yarımçıq tikili, 30x10 metr ölçüdə yeməkxana binasının yarımçıq tikilisi və diametri 15-18 metr ölçüdə hovuzun yarımçıq tikilsi inşa edilərək zəbt olunması aşkar olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iddianı eyni əsaslarla müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh və nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa olunmuş tikililərin xüsusi mülkiyyətdə olmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş müvafiq olaraq şəhadətnamələr və çıxarışlar mövcuddur. Qeyd olunan sənədlərdən də göründüyü kimi, həmin ərazilərin meşə təsərrüfatına heç bir aidiyyəti yoxdur. 31 yanvar 1959-cu ildə Masallı “İstisu” kurortunun yaradılması ilə əlaqədar olaraq Azərbaycan KP- Mərkəzi Komitəsininin Azərbaycan SSR Nazirlər Sovetinin 04 fevral 1958-ci il tarixli 125 №-li qərarına əsasən “Masallı İstisü” mədən suyunda kurort kompleksi tikilməsi üçün Baş Kurortlar İdarəsi və Azərbaycan Dövlət Layihə İnstitutunun Komissiyasının yer ayrılması haqqında 01 fevral 1959-cu il tarixli aktı təsdiq edilmiş və bu məqsəd üçün torpaq sahəsi ayrılmasına dair sənədlər Nazirlər Sovetinə təqdim edilərək təsdiq edilmiş “İstisu" Kurortuna ayrılmış həmin ərazidə tikinti işləri aparılmış və “İstisu" Kurortu qanuni əsaslarla öz fəaliyyətinə başlamışdır. Sovet İttifaqı dağıldıqdan sonra qeyd olunan “İstisu" Kurortu və onun ərazisində olan tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmişdir. Qeyd olunan Masallı “İstisu" Kurortunun ərazisində olan tikililər və tikililərin altında olan torpaq sahəsi Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 754 №-li mülkiyyət hüququna dair şəhadətnamə əsasında özəlləşdirilmiş, Masallı rayon Qəriblər kəndində yerləşən “İstisu" Kurortunun torpaq sahəsinin tam dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bu haqda müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Mülkiyyət hüququna dair çıxarış və texniki pasport alınmışdır. Həmin ərazinin meşə təsərrüfatına heç bir aidiyyəti yoxdur. Masallı “İstisu" Kurortuna ayrılmış torpaq sahəsi və həmin ərazidə olan tikililərin meşə təsərrüfatı ərazisinə heç bir aidiyyəti yoxdur, meşə təsərrüfatı tərəfindən məhkəmə qarşısında qaldırıldığı iddia ərizəsi tam əsassız olmaqla, həmin ərazidəki torpaq sahəsi və tikililər dövlət tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq özəlləşdirilməklə, alğı-satqı yolu ilə satılmış və xüsusi mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış və texniki pasport verilmişdir. Bundan əlavə iddiaçının bu iddianı irəli sürməsi üçün subyektiv hüququ yoxdur: İddiaçı 10 ha meşə fondu torpağını zəbt etdiyini iddia edərək torpaq sahəsini əvvəlki vəziyyətinə qaytararaq ona təhvil verməyini tələb etsə də, bu iddianı irəli sürməsi üçün subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı bu iddianı irəli sürməsi üçün öncə aşağıdakı tələblərə cavab verməlidir: 1. Zəbt edildiyi iddia edilən torpaq sahəsi meşə fondunun torpaq sahəsidir; 2. Meşə fondunun torpaq sahəsinin mühafizəsinin təmin edilməsi qanunvericiliklə onun hüquq və vəzifələrinə aid edilmişdir; 3. Meşə fondunun torpaq sahəsinin zəbt edilməsi halında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququ vardır. Birincisi, iddiaçının zəbt etdiyini iddia etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Bu fakt onu təsdiq edir ki, o, qeyd edilən torpaq sahəsinin qanuni mülkiyyətçisidir və hər hansı zəbt iddiası tamamilə əsassızdır. İkincisi, xüsusi mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır və bu fakt da hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb, ona təqdim edilmiş çıxarışda da öz əksini tapıb. Üçüncüsü, iddiaçının fəaliyyətini, hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamədən görünür ki, nəinki iddiaçının hətta onun tabe olduğu Meşələrin İnkişafı Xidmətinin də müstəqil şəkildə bu xarakterli iddianı irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Həmin əsasnamənin 5.4.12ci bəndinə əsasən, Meşələrin İnkişafı Xidməti Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir. Bu iş üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu iddianı irəli sürməsi və nazirliyi təmsil etməsi səlahiyyətinin iddiaçıya verilməsi barədə hər hansı sübut mövcud deyil, belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Masallı rayonu, S.Məmmədov küçəsi, ev 31-də yaşayan Cavabdeh tərəfindən Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının 2-ci kvartalının 2-ci bölməsində yerləşən “Türkan İstirahət” mərkəzində yerləşən 10 ha torpaq sahəsində 7 ədəd söhbətgah, 4 ədəd söhbətgahın kürsü hissəsi, 8x20 metr ölçüdə yarımçıq tikili, 30x10 metr ölçüdə yeməkxana binasının yarımçıq tikilisi və diametri 15-18 metr ölçüdə hovuzun yarımçıq tikilsi inşa edilərək zəbt olunması aşkar olunmuşdur. Satıcı "xxxx" Firması adından təmsilçi X5 ilə alıcı Şirinzadə Orxan və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" Firması Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən torpaq sahəsinin 3796,7 kv.m hissəsini Şirinzadə Orxana 400000 manata, Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən torpaq sahəsinin 10 ha hissəsini Cavabdeh 95000 manata satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yerləşən 0,10 ha torpaq sahəsi, Cavabdeh tam mülkiyyətinə verilmişdir. Hüquq xx.xx.2021-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 26 dekabr 2023-cü il tarixli, 11 saylı X3 Mərkəzinə ünvanlanmış məktubundan görünür ki, Xüsusi mülkiyyət hüquqlarını təsdiq edən sənədləri, həmçinin meşə quruluşuna əsasən Qəriblər meşəbəyliyinin xəritəsindən çıxarışda qeyd olunan məlumatları yenidən araşdırmaqla mülkiyyətçiyə və aidiyəti qurumlara əlavə məlumat verilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 23 noyabr 2023-cü il 3-14/1-K-2706-3/2023 saylı müraciəti Meşələrin İnkişafı Xidmətində araşdırılmışdır. Araşdırma zamanı torpağın mülkiyyət növünün müəyyən edilməsi ilə bağlı sualların yarandığını nəzərə alaraq Meşələrin İnkişafı Xidməti tərəfindən 29 noyabr 2023-cü il 3-14-27/2- 453/203 saylı məktubla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə müraciət edilmişdir. Meşələrin İnkişafı Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin əməkdaşları əraziyə baxış keçirmiş, ərazinin məkan məlumatları götürülmüş və müraciətdə qaldırılan məsələlər araşdırılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixli, 3-21-3-60/2-3038/2023 tarixli cavab məktubunda əvvəllər Dövlət meşə fondu torpaqlarına aid olmuş həmin ərazilərdən SSR Nazirlər Sovetinin 04 fevral 1958-ci il tarixli 125 №-li qərarı əsasında İstisu sanatoriyasının yaradılması məqsədilə 10 ha torpaq sahəsinin ayrıldığı, 2008-ci ildə İsti-su sanatoriyasının yerləşdiyi ərazi və mövcud tikilinin keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında "xxxx" firmasına satıldığı və həmin ərazinin 2021-ci ildə "xxxx" firması tərəfindən Cavabdeh satılmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10.2021-ci il tarixli **********10-12301 nömrəli dövlət reyestrindən çıxarışla 10,0 ha torpaq sahəsinin vətəndaş Cavabdeh mülkiyyətinə verildiyi qeyd edilmişdir. Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı haqqında xx.xx.2008-ci il tarixli, 1184 №-li müqavilədən görünür ki, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 754 №-li mülkiyyət hüququna dair şəhadətnamə əsasında özəlləşdirilmiş, Masallı rayon Qəriblər kəndində yerləşən “İstisu" Kurortunun torpaq sahəsi alıcı "xxxx" Firmasına 22000 manata satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara, əsasən məlum olur ki, mübahisə edilən Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Türkan” istirahət mərkəzində qanunsuz tikinti işlərinin aparılması iddia edilsə də, meşə fonduna aid olduğu mübahisələndirilən torpaq sahəsnə dair "xxxx" firması ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlandığı və bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət reyestrində xx.xx.2021-cü il tarixdə, ********** nömrə ilə Masallı rayonu, Qəriblər kəndində yerləşən 0,10 ha torpaq sahəsinin Cavabdeh tam mülkiyyətinə verilməsi barədə qeydiyyat aparıldığı müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 26 dekabr 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixli, 3-21-3-60/2-3038/2023 tarixli cavab məktubunda əvvəllər Dövlət meşə fondu torpaqlarına aid olmuş həmin ərazilərdən SSR Nazirlər Sovetinin 04 fevral 1958-ci il tarixli 125 №-li qərarı əsasında İstisu sanatoriyasının yaradılması məqsədilə 10 ha torpaq sahəsinin ayrıldığı, 2008-ci ildə İsti-su sanatoriyasının yerləşdiyi ərazi və mövcud tikilinin keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında "xxxx" firmasına satıldığı və həmin ərazinin 2021-ci ildə "xxxx" firması tərəfindən Cavabdeh satılmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10.2021-ci il tarixli **********10-12301 nömrəli dövlət reyestrindən çıxarışla 10,0 ha torpaq sahəsinin vətəndaş Cavabdeh mülkiyyətinə verildiyi qeyd edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh qanuni mülkiyyətindədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbi baxımından torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına görə də rədd edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsinin meşə fonduna aid torpaq sahəsi olmaması sübuta yetirilmişdir. Bu halda iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və təhvil verilməsi tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-165/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-165/2024
31.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver