Məhkəmə qərarları › İş №2(050)-1678/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1678/2025

07.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1678/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları - 27 dekabr 2007-ci il təvəllüdlü X8, 05 iyul 2010-cu il təvəllüdlü X15 və 04 iyun 2019-cu il təvəllüdlü X11 ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən, mərhum qaynanası X4 məxsus olmuş və hazırda cavabdehlərin istifadəsində olan 1988-ci ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz və etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, İddiaçı onlara qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2(050)-1678/2025 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası 22 mart 2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. İddiaçı məhkəmədən, “azyaşlı uşaqları 27 dekabr 2007-ci il təvəllüdlü X8, 05 iyul 2010-cu il təvəllüdlü X16 və 04 iyun 2019-cu il təvəllüdlü X11 ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən, mərhum qaynanası X4 məxsus və hazırda cavabdehlərin istifadəsində olan 1988-ci ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi vasavış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını” xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qardaşları Cavabdeh1 ilə 2005-ci ildə el adəti ilə toy edərək faktiki ailə həyatı qurub mərhum analarına məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evə gəlin köçmüş, toy hədiyyəsi olaraq ona verilmiş cehizləri də, ev sahiblərinin razılığı ilə həmin evə yerləşdirmişdir. Cavabdeh1 ilə nikahlarını 08 yanvar 2008-ci il tarixdə Masallı rayon RİHB-nın Ərkivan qəsəbə ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər, birgə yaşadıqları dövrdə 19 iyun 2006-cı il təvəllüdlü X12, 27 dekabr 2007-ci təvəllüdlü X8, 05 iyul 2010-cu il təvəllüdlü X15 və 04 iyun 2019-cu il təvəllüdlü X6 ibarət dörd uşaqları olmuşdur. Ötən ilin noyabr ayının 7-də Şərqiyyə Rəhmanova vəfat etmiş, onun vəfatından sonra baldızları evin onlara aid olmasını və həmin evə köçmək istədiyimizi bildirib onun evdən çıxmasını guya tələb etmişlər. Əri Elnur da, onlarla eyni mövqedə olduğunu, o isə buna razı olmadığı üçün aralarında narazılıqlar yarandığı və bu mübahisələr zəminində Cavabdeh1 cari ilin fevarl ayının 27-də onu bıçaqla vuraraq ayrı-ayrı nahiyyələrindən 5 zərbə yetirdiyi, bu əməlinə görə Elnur barəsində cinayət işinin başlanmasını, hazırda Masallı RPŞ-nin İstintaq bölməsində araşdırıldığını, həmin hadisədən sonra evə qayıda bilmədiyini, uşaqları ilə birlikdə müvəqqəti olaraq ata evində məskunlaşdığını, əşyaları isə 20 il əvvəl gəlin köçdüyü onların istifadəsində olan evdə olduğunu bildirərək, evdə hazırda heç kimin yaşamamasını, evin qapısının açarları onlarda olmaqla evə köçməsinə imkan vermədiklərini, buna etiraz etdiklərini, bu səbəbdən də, onlara məxsus evə köçmə barədə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İddiaçının ona və digər cavabdehlərə qaldırdığı iddia tələbini qəti şəkildə qəbul etmir. Onun bu iddiası başdan sona ağ yalandır və həqiqətləri əks etdirmir. İddiaçı və Cavabdeh1 arasında olan ailə münasibətlərinə, onlar heç vaxt qarışmamış və müdaxilə etməmişlər. Bunu iddiaçı özü də, çox gözəl bilir. Bunu bildiyi halda iddiasında yalan məlumatlar qeyd edərək, onlara qarşı şər və böhtan atmışdır. İlk əvvəl bildirir ki, həmin evdə iddiaçı, övladları qardaşı Cavabdeh1 və mərhum anası yaşamışdır. Həmin ev 20 ildən çoxdur ki, ona bağışlanmış, bacı və qardaşları öz payından onun xeyrinə imtina etmişdir. Həmin sənədlərin əldə olunması üçün aidiyyəti qurumlara sorğu vermiş və növbəti məhkəmə proseslərində həmin sənədləri məhkəməyə təqdim edəcəkdir. Əlavə etmək istəyir ki, iddiaçının məqsədi və səbəb nədir ki, əsassız şəkildə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. O, hər şeyi çox gözəl bilir. Hətta atdığı şər-böhtana görə cavab verməlidir. Yalan danışaraq özünü müdafiə edə bilməz. Onun məqsədi hələ də onlara məlum deyildir. Nə üçün onun adını məhkəmədə hallandırır? Onun da, məhkəməyə müraciət etmək hüququ vardır. Lakin o, iddiaçı kimi yalan danışaraq yox, həqiqətləri əks etdirərək məhkəməyə iddianı irəli sürəcəkdir. İddiaçının qardaşı Elnur ilə aralarında çox ciddi narazılıqlar olmuş və bu narazılıqların yaranmasına günahkar olan tərəf iddiaçının özüdür. O, bu sözləri boşuna yazmır və onların ailəsinin dağılmasına səbəbləri lazım gələrsə, videogörüntülər ilə məhkəmədə sübuta yetirməyə hazırdır. Bu hadisələr haqqında iddiaçı nə üçün bəhs etməyib? Ona görə ki, onların ailəsinin dağılmasına səbəb özüdür. Onlar bu günə kimi qardaşlarının ailəsinə qarışmamışlar. Bu iddia tələbində iddiaçının bu qeyd etdikləri yalan olduğu üçün etirazını məhkəməyə ünvanlamağa məcbur qalmışdır. İddiaçı qardaş Elnur ilə mübahisə etmiş və özü öz istəyi ilə uşaqları ilə birlikdə çıxıb atası evinə getmişdir. Onu heç kim evdən qovmamışdır. Ailəsinə etdiyi zidd hərəkətlər qardaşı tərəfindən aşkarlanmış və aralarında böyük mübahisəyə səbəb olmuşdur. O, qardaşına haq qazandırmır. Sadəcə olaraq bildirmək istəyir ki, iddiaçı tək qardaşı Elnuru günahlandırır. Lakin ən böyük günah iddiaçının özündədir. Bildirir ki, mübahisələndirilən ev onundur. Qardaşına yaşamaq üçün icazə verilmişdir. Çünki həmin evdə ahıl yaşlı anası da yaşayırdır. Həmin evə dair nə Elnurun və də ki, digər cavabdehlərin heç bir payı yoxdur. Bir daha bildirir ki, digər məhkəmə proseslərində evə dair lazımı sənədlərin surətlərini məhkəməyə təqdim edəcəkdir. Düşünür ki, iddiaçının bu iddiası əsassızdır və ləğv olunmalıdır. Məhkəmədən İddiaçı onlara qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdeh1 ilə 2005-ci ildə el adəti ilə toy edərək faktiki ailə həyatı qurmuş və onun anası Şərqiyyə Rəhmanovaya məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona verilmiş cehizləri də, ev sahiblərinin razılığı ilə həmin evə yerləşdirmişdir. Cavabdeh1 ilə nikahları 08 yanvar 2008-ci il tarixdə Masallı rayon İHB-nın Ərkivan qəsəbə ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 19 iyun 2006-cı il təvəllüdlü X12, 27 dekabr 2007-ci il təvəllüdlü X8, 05 iyul 2010-cu il təvəllüdlü X15 və 04 iyun 2019-cu il təvəllüdlü X6 ibarət dörd övladları anadan olmuşdur. Ötən ilin noyabr ayının 7-də qaynanası Şərqiyyə Rəhmanova vəfat etmişdir. Onun vəfatından sonra baldızları evin onlara aid olmasını və həmin evə köçmək istədiklərini bildirərək onun evdən çıxmağını tələb etməyə başlamışlar. Elnur da, onlarla eyni mövqedə idi, o, isə buna razı olmadığına görə aralarında narazılıqlar yaranmağa başlamışdır. Bu mübahisələr zəminində Cavabdeh1 cari ilin fevral ayının 27-də onu bıçaqla vuraraq ayrı-ayrı nahiyyyələrdən 5 zərbə yetirmişdir. Bu əməlinə görə onun barəsində cinayət işi başlanmış və hazırda Masallı RPŞ-nm İstintaq bölməsində araşdırılır. Həmin hadisədən sonra evə qayıda bilməmişdir. Uşaqları ilə birlikdə müvəqqəti olaraq ata evində məskunlaşmışdır. Əşyaları isə 20 il əvvəl gəlin köçdüyü cavabdehlərin istifadəsində olan evdədir. Qeyd olunan evdə hazırda heç kim yaşamasa da, evin qapısının açarları cavabdehlərdə olmaqla onlar onun evə köçməyinə imkan vermir və buna etiraz edirlər. Bu səbəbdən də, cavabdehlərə məxsus evə köçmə barədə məhkəməyə hazırda müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə 20 avqust 2005-ci ildə faktiki ailə qurmuş, nikahlarını 08 yanvar 2008-ci ildə rəsmiləşdirmişlər. 27 fevral 2025-ci ildə əri tərəfindən bıçaqlandığı üçün evdən çıxarılmışdır. Hazırda evdə heç kim yaşamır. Yaşadığı müddətdə evdə əri, qaynanası və uşaqlarla birlikdə yaşamışlar. Qaynanası 07 noyabr 2024-cü ildə rəhmətə getmişdir. Başqa yaşayış yeri yoxdur, hazırda atasına məxsus evdə yaşayır. Ev mərhum qayınanasına məxsusdur, əri Lənkəran Penitensiar kompleksində həbsdədir, iş prokurorluqdadır. Evə dair sənədlər vardır, qaz ərinin adında, işıq isə qayınanasının adında olmuşdur. Sözügedən ev Masallı rayonu, Ərkivan qəsəbəsi, Bağlaküçə məhəlləsi ünvanında yerləşir. Əlavə olaraq bildirmişdir ki, atası evdə bəzi təmir işlərinə köməklik etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 08 fevral 2025-ci il tarixdə qardaşı Elnur iddiaçının qardaşı Həsənov Rakifə zəng edərək kamera ilə bağlı məsələni danışmış, sonra Natəvanın qardaşı gələrək iddiaçını evdən aparmışdır. İddiaçı fevral ayın ortalarında yenidən qayıtmışdır. Bıçaqlanma hadisəsi olandan sonra iddiaçı sağalaraq xəstəxanadan öz atasının evinə qayıtmış, iddiaçının əri türmədə olduğuna görə evə yenidən köçə bilməz. Qardaşı həbsdən çıxandan sonra özü qəbul etsə onu yenidən köçürdər. Üç bacı üçü də, iddiaçının evə köçüb yaşamasına qəti razı deyillər. Hazırda evdə heç kim yaşamır. İddiaçının atası evdə heç bir təmir işlərinə köməklik etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının gəlin kimi evə köçüb yaşamasına qəti razı deyildir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh1 həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 məhkəmə bildirişi göndərilərək iddiaya etirazını, iddia tələbi ilə bağlı suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibət bildirməsi xahiş olunsa da, heç bir münasibət bildirməmişdir.

8. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

11. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında 08 yanvar 2008-ci il tarixdə Masallı rayonu Ərkivan kənd icra nümayəndəliyində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əzimova” soyadı verilmişdir.

12. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X12 19 iyun 2006-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə 08 yanvar 2008-ci il tarixdə Masallı rayonu Ərkivan kənd icra nümayəndəliyində 10 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur.

13. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X8 27 dekabr 2007-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə 16 yanvar 2008-ci il tarixdə Masallı rayonu Ərkivan kənd icra nümayəndəliyində 19 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur.

14. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X15 05 iyul 2010-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə 02 mart 2011-ci il tarixdə Masallı rayonu Ərkivan kənd icra nümayəndəliyində 400 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur.

15. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X11 04 iyun 2019-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə 30 sentyabr 2019-cu il tarixdə Masallı rayonu Ərkivan kənd icra nümayəndəliyində 1330 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur.

16. Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Masallı rayon Ərkivan qəsəbə sakini İddiaçı aşağıdakı ailə tərkibi vardır: X14 - əri, həbsdə; X12 – qızı, tələbə; X8 – qızı, məktəbli; X15 – oğlu, məktəbli; X11 – oğlu, azyaşlı. İddiaçı uşaqları ilə birlikdə mərhum qayınanası X4 məxsus 1988-ci ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evində yaşamışlar, hal-hazırda həmin evdə yaşayanlar yoxdur.

17. 284400600300890 nömrəli abonent saldosundan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən ünvanda məişət qaz qurğusu istifadəçisi Cavabdeh1dur.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən sorğuya cavab məktubundan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 adına DBF siyahı məlumatlarında JN-1127 nömrəli şəhadətnamə qeyd edilmiş, lakin həmin şəhadətnamənin arxiv nüsxəsi, həmçinin xəritə məlumatları (DWG) və şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınması aşkar edilməmişdir. Əşrəfova (Əzimova) Könül Asəf qızının adına ümumibirgə mülkiyyətdə olan 0.06 ha (JN-1215F nömrəli şəhadətnamə) həyətyanı torpaq sahəsi qeydə alınmışdır. X4 məxsus fərdi yaşayış evinə aid texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir.

19. Masallı Rayon Məhkəməsinin 2(050)-1674/2025 saylı 29 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında 08 yanvar 2008-ci il tarixdə Masallı rayon Ərkivan kənd ərazi nümayəndəliyində bağlanmış 06 saylı nikahın pozulması, 27 dekabr 2007-ci il təvəllüdlü X8, 05 iyul 2010-cu il təvəllüdlü X15 və 04 iyun 2019-cu il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması, 25 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 05 iyul 2010-cu il təvəllüdlü X9 və 04 iyun 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması qət etmişdir.

20. 17 aprel 2025-ci nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

21. Məhkəmə iclasında müəyyən olundu ki, Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən mübahisəli Masallı rayonu Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsində yerləşən 2 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evi X4 məxsus olsa da, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Həmin evin yerləşdiyi torpaq sahəsi isə Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 birgə mülkiyyətindədir. Həmin evə dair təbii qazdan istifadə edən abonent kimi Cavabdeh1 qeydiyyata alınmışdır. İddiaçı həmin evə gəlin köçərək Cavabdeh1 ilə birlikdə (yoldaşı və uşaqları) 2025-ci ilin fevral ayınadək təsərrüfat aparmışdır.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 1

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 222.1-ci maddəsinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı: Mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.

30. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarı: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

Məhkəmə baxışının hədləri:

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

32. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

33. Məhkəmə hesab edir ki, iddiaçının evə köçürülmə məsələsini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

35. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

37. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə evdən istifadə və köçürülmə hüququnun yaranma əsasları ilə bağlıdır. Odur ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün yaşayış sahəsindən istifadə etmək hüququnun hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

38. Məhkəmə hazırkı mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Göründüyü kimi, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında olan münasibətlər 2008-cı il tarixdə yarandığından hazırkı mübahisəli hüquq münasibətlərinə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri əsas götürülərək, Mülki Məcəllənin 228-ci maddəsinin normaları tətbiq edilməlidir.

40. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi.

41. Məhkəmə qeyd edir ki, əvvəla mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir. İddiaçı həmin evin təmir işlərində atasının iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ev (özbaşına tikili) tərəflər nikaha girməmişdən əvvəl cavabdehlər tərəfindən inşa edilmişdir. Hazırki mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı iddiaçının şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.

42. Məhkəmə qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, cavabdehlər tərəfindən inşa edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən cavabdehlərin birgə mülkiyyətində olduğundan mübahisəli tikiliyə cavabdehlərin gözlənilən hüququ vardır.

43. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zamanzaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

44. Lakin, həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması və ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olması istisna deyil. Mübahisəli evin inşasına çəkilən vəsait cavabdehlərin vəsaiti olmuşdursa, iddiaçının ondan bəhrələnmək hüququ vəsaitin sahibinin (sahiblərinin) icazəsi ilə baş tuta bilər.

45. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

46. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

47. Qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlininin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir.

48. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il Qərarındakı hüquqi mövqelərə əsasən mübahisənin hüquqi həlli ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı mübahisəli evə köçərkən ev mülkiyyətdə olmasa da, torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətləri 2008-ci ildə yarandığından iddiaçı ilə cavabdehlər arasında notarial qaydada evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə müqavilə bağlanmalı idi. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bu müqavilə mövcud deyildir. Evdən istifadə hüququ ilə bağlı tərəflər arasında digər müqavilələr də (əvəzsiz istifadə, kirayə və.s) mövcud ola bilərdi ki, hazırkı mübahisədə buna da rast gəlinmir.

49. Göstərilənlərə əsasən iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçilərindən və yaşayış evinə gözlənilən hüququ olan cavabdehlərdən Cavabdeh1 arvadı olsa da, digər birgə mülkiyyətçilərə münasibətdə onların qardaşı arvadı olduğundan, qanunvericiliyin tələbinə əsasən həmin cavabdehlərin ailə üzvü statusuna malik olmamaqla, Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Mülki qanunvericiliyin tələbinə əsasən digər ailə üzvü olan şəxslərin mənzilə dair istifadə hüququnun yaranması üçün mənzilin sahibi ilə həmin şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmalıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir razılaşmanın olması halı aşkar edilməmişdir. İddiaçının keçmiş əri Cavabdeh1 münasibətdə birgə yaşayan ailə üzvü olmaqla yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olsa da, cavabdehin həmin əmlakdan payı müəyyən edilməmişdir. Ona görə də, qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçının müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək hesab edir ki, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə tələbi əsassız olmaqla təmin edilməməldir.

Məhkəmə xərcləri:

50. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

51. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «yaşayış evinə köçürülmə» barədə iddia tələbi rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

52. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evə köçürülmə barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar