Məhkəmə qərarları › İş №2(050)-172/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-172/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-172/2024 05.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları ilə birlikdə ona məxsus olan Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 60 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə faktiki olaraq ailə qurmuşdur. Nikahlarını isə 06 mart 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 oktyabr 2008-ci ildə X3, 09 aprel 2010-cu ildə isə X2 doğulmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, övladları anaları ilə saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. Nikahları pozulduqdan sonra cavabdeh uşaqları da götürərək Türkiyə Respublikasına getmişdir. O, isə atası ilə birlikdə özünə məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 60 saylı evdə yaşamağa başlamışdır. Lakin bir neçə ay sonra cavabdeh Türkiyə Respublikasından qayıtmış və Masallı rayonu, Ərkivan qəsəbəsində anasının yanında yaşamağa başalmışdır. Daha sonra isə onun və atasının işdə olmağından istifadə edərək cavabdeh yaşadıqları evin qıfılını sındıraraq evə yerləşmişdir. Həmin vaxtdan da evdən çıxmaq istəmir. Cavabdehlə aralarında olan nikah pozulsa da, qarşı tərəf ona məxsus evdə yaşamaqla onu və valideynlərini narahat edir. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Belə olan halda cavabdehin ona məxsus evdə yaşaması qanunsuzdur. Cavabdehə dəfələrlə evdən könüllə şəkildə çıxmağı və bunun müqabilində ona lazımi məbləğdə məvacibin verilməsini təklif ets də, o, evdən çıxmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 26, 29-cu maddələrinə, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz ilə məhkəməyə müraciət etmişdir. Etirazda göstərmişdir ki, o, İddiaçı ilə 2007-ci ildə yox, 2005-ci ilin iyun ayında faktiki ailə qurmuşdur. 18 yaşı olmadığından rəsmi nikaha daxil ola bilməmişlər. Faktiki nikahda olarkən ona toy hədiyyəsi kimi verilmiş qızıllar satılaraq iddiaçının mübahisələndirdiyi torpaq sahəsini almışlar. Torpaq sahəsini aldıqdan sonra faktiki və birgə nikah dövründə ev tikmişlər. Evin elektrik və qaz sayğacı iddiaçının adına, su sayğacı isə onun adına qeydiyyata alınmışdır. Evin sıfırdan tikintisindən başlayaraq, təmirinə kimi iştirak etmişdir. Münasibətləri pisləşdiyindən nikahları 2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozularkən uşaqları onun yanında saxlanılmış və cavabdehdən aliment tutulmuşdur. Nikah pozulduqdan sonra da uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Onlar həmin evdə yaşayarkən iddiaçı da mübahisəli evdə onlarla birlikdə yaşamışdır. İddiaçının atası isə heç vaxt onlarla birlikdə yaşamamışdır. İddiaçının atasının özünə məxsus şəxsi evi vardır. İddiaçı ərizəsində qeyd edir ki, guya o, Türkiyə Respublikasında yaşayır. O, Türkiyə Respublikasına bacısının yanına uşaqları ilə birlikdə tətilə getmişdir. Tətildən qayıtdıqdan sonrada öz evində yaşamışdır. Masallı şəhərində yerləşən gözəllik salonlarından birində işləyir. Uşaqları Bakı şəhərində oxuyurlar. O, isə həftənin 1-2 günü Bakı şəhərində, qalan günlərini isə Masallı rayonunda evində yaşayır. Uşaqlarının kirayə xərcini və digər ödənişlərini ödəyir. İstədiyi vaxt valideynlərinin Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evində anası ilə qala bilir. Gəlinlik və sonradan birgə nikah dövründə olan aldıqları cehizləri də öz evindədir. Onun öz evi ilə heç vaxt əlaqəsi kəsilməmişdir. Mübahisəli fərdi yaşayış evinin sənədi yoxdur. İddiaçı ona evdən çıxması qarşılığında pul təklif etməmişdir. Mübahisəli ev onların faktiki nikah dövründə tikilmişdir. Evin tikilməsinə o, iddiaçıdan çox pul xərcləmişdir. İddiaçının vəkili və nümayəndəsi bildirdi ki, mübahisəli fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmamışdır. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi tərəflər arasında nikah bağlanmamışdan əvvəl alınmışdır. İddiaçı tərəf mübahisənin barışıq yolu ilə həll olunması üçün iddiaçıya 12000 manat pul təklif etmiş, lakin qarşı tərəf bununla razılaşmamışdır. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuş, nikahlarını isə 06 mart 2012-ci ildə rəsmiləşdirmişdilər. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2006-cı ildə alınmışdır. Cavabdehə toy hədiyyəsi olaraq bağışlanmış nişan üzüyü satılaraq əldə olunmuş pul əlavə pulun üzərinə qoyularaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi alınmışdır. Cavabdehə məxsus müəyyən qızılzinət əşyası nişan üzüyündən əvvəl satılmış, bir qismin isə torpaq alındıqdan sonra övladlarının xəstəliyi ilə bağlı satılmışdır. Mübahisəli fərdi yaşayış evi 2009-2015-ci illərdə hissə-hissə tikilmiş, 2012-ci ildən 2023-cü ilin müəyyən aylarına qədər cavabdeh və övladları ilə birgə həmin evdə yaşamışdılar. 2022-ci ildə ailədə söz-söhbət olmuş, evdən çıxmış və evdə cavadeh və övladları yaşamışdılar. Mübahisəli fərdi yaşayış evi birmərtəbəli, dörd otaqlıdır, otaqlardan iki otaq yaşayış üçün hazırdır. Hazırda mübahisəli fərdi yaşayış evində o, yaşayır. Cavabdehə məxsus cehiz əmlaklar mübahisəli evdədir. Cavabdeh mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə iddia etməyərək, fərdi yaşayış evindən könüllü şəkildə çıxarsa bununla bağlı ona 12000 manat pul verə bilər. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 2005-ci ilin iyun ayında ailə qurmuş, nikahlarını isə 06 mart 2012-ci ildə rəsmiləşdirmişdilər. Ailə həyatı qurduqdan sonra 8 il qaynata evində yaşamışlar. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2006-cı ildə alınmışdır. Ona toyunda hədiyyə olunmuş qızıl-zinət əşyalarından bəziləri satılaraq əldə olunmuş pul ailənin ümumi pulunun üzərinə qoyularaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi alınmışdır. Torpaq sahəsi alındığı 2006-cı ildə mübahisəli fərdi yaşayış evinin bünövrəsi tökülmüş, fərdi yaşayış evi illərlə hissə-hissə tikilmiş, 2013cü ildə evə köçmüşdülər. Həmin vaxt fərdi yaşayış evi 2 otaqdan ibarət olmuş, sonradan 2 otaq və mətbəx tikilmişdir. Ona toyunda hədiyyə olunmuş qızıl-zinət əşyalarından bəziləri də sonradan satılaraq əldə olunmuş pul fərdi yaşayış evinin tikintisinə xərclənmişdir. Bundan başqa, iddiaçı ilə birlikdə yaşadığı dövrdə rəsmi olmasada, çiyələk yığımı ilə bağlı işləmiş və ailəyə müəyyən qazanc gətirmişdir. 2022-ci ildə ailədə söz-söhbət olmuş, iddiaçı evdən çıxmış və evdə onunla övladları yaşamışdılar. 2022-ci ilin dekabr ayında nikahları pozulmuş, boşandıqdan sonra da evdə övladları ilə yaşamışdılar. Övladları Bakı şəhərində təhsil alırlar və buna görə övladları ilə yaşayır. Masallı rayonuna gələndə mübahisəli fərdi yaşayış evində qalır. Ona məxsus cehiz əmlaklar mübahisəli evdədir. Mübahisəli fərdi yaşayış evinə verilən su sərfiyyatını qeydə alan sayğac onun adına rəsmiləşdirilmişdir. İddiaçı ona bu gün zəng vuraraq, fərdi yaşayış evinə və torpaq sahəsinə iddia etməyərək, fərdi yaşayış evindən könüllü şəkildə çıxarsa bununla bağlı ona 14000 manat pul verə biləcəyini bildirmişdir. Lakin buna razı deyil. Əgər iddiaçı razıdırsa ona həmin məbləği o, verə bilər, əvəzində qarşı tərəf mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən onun xeyrinə imtina etsin. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materillarında olan: Masallı Rayonu Dadva Bələdiyyəsinin 17 aprel 2006-cı il tarixli qərarından görünür ki, İddiaçı Bafadar oğluna fərdi yaşayış evi tikmək üçün 0.04 ha torpaq sahəsinin alğı-satqı qaydasında satılması qərara alınmışdır. 21 aprel 2006-cı il tarixli qəbzdən görünür ki, Xəlilov X1 Rayonu Dadva Bələdiyyəsinin hesabına torpaq sahəsinin alğı-satqısı ilə bağlı bank vasitəsi ilə 88 manat ödəmişdir. Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Masallı Rayonu Dadva Bələdiyyəsinin 17 aprel 2006-cı il tarixli qərarı ilə İddiaçı Bafadar oğluna satılması qərara alınmış torpaq sahəsi ilə bağlı akt tərtib edilmiş, akt Masallı Rayonu Dadva Bələdiyyəsinin nümayəndəsi və Masallı Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə olan videogörüntüyə baxılmışdır. Videogörüntüdə İddiaçı Balafər oğlu ilə Cavabdeh toy mərasiminin 17 iyun 2005-ci il tarixdə olması məlum olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3691/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 mart 2012-ci il tarixli, 91 saylı nikah akt qeydi pozulmuşdur. Azərbaycan Respublikasında Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (212.2). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir (215.4). Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər (222.1). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, tərəflər 2005-ci ildə ailə qurmuş, lakin nikahlarını 06 mart 2012-ci ildə rəsmiləşdirmişdilər. Mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində hüquq qeydiyyata alınmamış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflər arasında rəsmi qaydada nikah bağlanmamış, yəni 2006-cı ildə alınmış, torpaq sahəsinin satılması ilə bağlı Masallı Rayonu Dadva Bələdiyyəsinin 17 aprel 2006-cı il tarixli qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş akt var, iddiaçının etirafedici izahatına əsasən cavabdehə toy hədiyyəsi olaraq bağışlanmış nişan üzüyü satılaraq əldə olunmuş pul əlavə pulun üzərinə qoyularaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi alınmışdır. Mübahisəli fərdi yaşayış evi illərlə, hissə-hissə tikilmiş, fərdi yaşayış evinin tikintisinin müəyyən hissələri tərəflərin nikahı qeydiyyata alınmamış dövrlərdə, müəyyən hissələri isə nikahları rəsmiləşdikdən sonra tikilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi keçmiş ər-arvadın nikah müddətində əldə edilmədiyi, lakin həmin əmlakın alınmasında cavabdehə toy hədiyyəsi olaraq bağışlanmış nişan üzüyünün satışından əldə edilmiş pul (onun əmlakı) da çıxış etdiyi üçün torpaq sahəsinin ilkin sənədlərinin iddiaçının adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin əmlaka münasibətdə tərəflərin gözlənilən paylı mülkiyyət hüquqları var. Mübahisəli fərdi yaşayış evinin tikintisinin müəyyən hissələri tərəflərin nikahı qeydiyyata alınmamış dövrlərdə, müəyyən hissələri isə nikahları rəsmiləşdikdən sonra tikilmişdir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. İddiaçı məhkəmə iclasında cavabdehə mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə iddia etməyərək, fərdi yaşayış evindən könüllü şəkildə çıxarsa bununla bağlı 12000 manat pul təklif etsədə, cavabdeh bununla razılaşmamış və bildirmişdir ki, əgər iddiaçı razıdırsa ona həmin məbləği o, verə bilər, əvəzində qarşı tərəf mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən onun xeyrinə imtina etsin. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin uşaqları ilə birlikdə Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 60 saylı evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar