Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1768/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********14-05301-093006 reyestr nömrəli Çıxarışla onunla cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38,2 kvadrat metr olan mənzilin 1/2 hissəsi onun və 1/2 hissəsi cavabdehin olmaqla cavabdehlə aralarında naturada bölünərək onun 1/2 hissədə payının müəyyənləşdirilib ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslndırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili narazılıqlar səbəbindən məhkəmə qaydasında ayrılmışlar. Birgə nikah dövründə olarkən ünvan 1 ünvanında 38,2 kvadrat metr evi çıxarışla onun adına alınmışdır. Nikah pozulduqdan sonra cavabdeh məhkəməyə iddia ərizəi ilə müraciət edərək birgə nikah dövründə alınmış əmlak üzərində 2/3 payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində 1/2 payları müəyyən edilmişdir. Hazırda həmin mənzildə cavabdeh yaşayır. Mənzilin məhkəmə qərarı ilə naturada bölünmədiyindən mənzilindən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında ailə vəziyyətinə və səhhətində yaranmış problemlər səbəbindən iştirak edə bilməyəcəyin, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 38.2 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 11 sentyabr 2023cü il tarixli, 10/5186 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********14-05301-093006 reyestr nömrəli Çıxarış ilə İddiaçı və Cavabdeh xüsusi mülkiyyətində olan, ümumi sahəsi 38.2 kv.m təşkil edən məzilin planlı yerləşməsini, girişçıxışının və yardımçı tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzildən İddiaçı 1/2 hissədə payının və Cavabdeh 1/2 hissədə payının təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iddiaçıların paylı mülkiyyətdə olan paylarının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyində 38.2 kv.m olan mənzilin planlı yerləşməsini, girişçıxışının və yardımçı tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzildən İddiaçı 1/2 hissədə payının və Cavabdeh 1/2 hissədə payının təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı mümkün olmadığı qeyd edilmişdir. Ekspert bu qənatə gələrkən nəzərə almışdır ki, ümumi sahəsi 38.2 kv.m olan mübahisəli mənzilin girişçıxışının və yardımçı tikililəri yeganədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçıya münasibətdə mənzil naturada ayrıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə payın naturada ayrılmasının mümkün olmadığı təqdirdə ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olması da nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd olunan hüququn həyata keçirilməsinin mümkünlüyünü qanunvericilik yalnız ayrılmanı tələb edən şəxsin razılığı ilə əlaqələndirmişdir. Yəni mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi üçün ilk növbədə payın naturada ayrılması mümkün olmamalı, daha sonra isə bunun üçün iddiaçının mütləq şəkildə razılığı olmalıdır. Göründüyü kimi hazırda tərəflərin hər hansı məbləğdə kompensasiya vermək və ya almaq mübahisəsi yoxdur. Belə olan halda məhkəmənin öz təşəbbüsü ilə kompensasiya ödənilməsini müəyyən etmək səlahiyyəti olmadığından qeyd olunan qaydada mübahisənin həlli də istisna olunur. Bundan başqa Mülki Məcəllənin 220.6-ci maddəsində əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinin mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə qərarın qəbul edilməsi isə bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Odur ki, iddiaçıların gələcəkdə qeyd olunan iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, həmçinin iş üzrə çəkilmiş məhkəm xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SVİFT -CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1768/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1768/2023
05.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver