Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1855/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 03 iyun 2016-cı il tarixli nikah müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 05 oktyabr 1994-cü il tarixdə Masallı rayonu Bambaşı kəndinin icra nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. 03 iyun 2016-cı il tarixində X1 şəhərində onunla cavabdeh arasında nikah müqaviləsi bağlanmışdır. Lakin o, tatar və rus dillərini yaxşı bilmədiyi üçün həmin vaxt müqavilənin nədən ibarət olmasını və hansı şərtlərinin olmasını bilməmişdir. Həmin vaxt cavabdeh onu aldadaraq öz maraqlarına uyğun şəkildə nikah müqaviləsi bağlamışdır. Odur ki, hesab edir ki, həmin müqavilə ləğv olunmalıdır. Çünki müqavilə onun hüquqlarını pozur. Cavabdeh bilə-bilə onunla Azərbaycan Respublikasında deyil, xarici ölkədə nikah müqaviləsi bağlamışdır. O, bu addımı düşünərək atmışdır. Çünki o, nə həmin dövlətin dilini nədə ki qanunlarını bilməmişdir. Odur ki, nikah müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirərək, nikah müqaviləsinin etibarsız edilməsinə razı olduğunu, müqavilənin öz aralarında sülh yolu ilə deyil, məhkəmə qaydasında iddiaçının tələbinə əsasən etibarsız hesab edilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə “məhkəmədə baxılmalı deyildir” əsası ilə iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyun 2016-cı il tarixində X1 şəhərində natariat qaydasında təsdiq edilmiş nikah müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edilən iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2016-cı il tarixdə özünün dediyinə görə hazırda birlikdə yaşadığı əri tərəfindən “aldadılaraq” bağladığı müqaviləni 8 il keçdikdən sonra etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək mübahisələndirmişdir. O, məhkəmə iclasında cavabdehlə hal-hazırda da birgə nikahda olduqlarını, ailənin gəlirlərini birgə istifadə etdiklərini və təsərrüfatını birlikdə idarə etdiklərini, ərinin nikah müqaviləsi bağlandıqdan sona bir neçə əmlakın üzərində sərbəst şəkildə sərəncam verdiyini bildiyini, ərinin biznes uğursuzluğu nəticəsində bir neçə əmlakın özgəninkiləşdirildiyini qeyd etmişdir. O, hazırki vəziyyətdə də ərininin adına evin olduğunu, o evi də satacağından ehtiyatlandığı üçün nikah müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Maraqlısı odur ki, “cavabdeh” kimi qeyd etdiyi əri Cavabdeh də izahatında evi gələcəkdə satacağından ehtiyatlandığı üçün iddiaçının müqavilənin etibarsızlığını haqlı olaraq tələb etdiyini, bu səbəbdən də iddia tələbini qəbul etdiyini deyərək, müqavilənin ləğv edilməsini deyil, etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki müqavilənin tərəfləri gələcəkdə arzuolunmaz risqlərdən müdafiə olunmaq üçün öz iradələri ilə nikah müqaviləsini ləğv edə bilərlər. Cavabdehin hələ gələcəkdə özünün iradəsi ilə həyata keçirə biləcəyi evin satılması ilə bağlı hərəkət etməsi birbaşa onun iradəsi ilə bağlı olduğu halda, qeyd edilən hərəkətlə arvadının ziyan çəkəcəyini düşündüyünü, müqaviləni istənilən vaxt arvadı ilə razılaşaraq xitam etmək varinatı olmasına baxmayaraq, bir-biri ilə razılaşaraq nikah müaviləsinin ləğvi etmək əvəzinə, məhkəməyə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə hesab edir ki, həmin şəxslər hüquqdan sui-istifadə etməklə aralarında hər hansı mübahisə olmadığı halda formal olaraq iddiaçı və cavabdeh qismində məhkəmədə iştirak etmişdilər. Çünki cavabdeh özü də izahatında Rusiyada olan əmlakları borclarının olması səbəbindən girov qoyulduğunu, həmin əmlaklardan yarısının, yəni arvadının payına düşən hissəsinin geri qaytarılması üçün onlara nikah müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə qətnaməsinin lazım olduğunu, sülh yolu ilə, yəni razılıqla müqavilənin ləğvinin əmlakların geri qaytarılmasına səbəb olmayacağını bildirməklə müavilənin etibarsız hesab edilməsini xahiş etmişdilər. Buradan da aydın olur ki, etibarsızlıq halı müqavilənin bağlandığı andan heç bir hüquqi nəticə yaratmadığından iddiaçı məqsədyönlü şəkildə iddia ərizəsi ilə müraciət edərək müqavilənin etibarsızlığını tələb edir və bu işdə maraqlı olan əri isə cavabdeh olsa da, müqavilənin etibarsız hesab edilməsini istəyir ki, əldə çıxmış əmlakların arvada düşəcək hissədə geri qaytara bilsinlər. Eyni zamanda qeyd ediləmlidir ki, iddiaçı birgə nikah dövründə əldə ediləcək əmlakların kimin adınadırsa onun da mülkiyyəti sayılması ilə bağlı nikah müqaviləsinin şərtini anlamadığını, nəticədə birgə nikah dövründə əldə edilmiş, ona çatacaq əmlakların yarısına mülkiyyət hüququnu itirdiyini qeyd etmiş, lakin cavabdehlə birlikdə yaşayaraq əmlakların ailənin gəlir qazanması üçün sərəncam verilməsindən məlumatı olmuş, bu barədə etiraz etməmişdir. Tərəflər eyni zamanda izahatlarında əmlaklarla bağlı sənədləşmə işlərində iddiaçının hər dəfə müxtəlif orqanlara getməsi imkanının olmadığını, cavabdehin özünün sənədləşmə işlərini tək həyata keçirə bilməsi üçün belə bir müqaviləni bağladıqlarını qeyd etmişdilər. Buradan da görünür ki, hər iki tərəf müqaviləni bağlamalarını dərk etmişlər və ümumi niyyətlə qeyd edilən müqaviləni bağlamışdılar. Hazırda isə biznes uğursuzluğu nəticəsində əmlakların əldə çıxdığını görüb, əmlakların yarısını, yəni arvadın payına düşən hissəni əldə etmək üçün bu addıma əl atmışdılar. Məhkəmə qeyd edir ki, məhkəmədə tərəflər arasına mövcud olan real mübahisəyə baxılır. Hazırki vəziyyətdə isə tərəflərin yaratdığı mübahisə süni mübahisədir və hüquqdan sui-istifadədir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1855/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1855/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver