Məhkəmə qərarları › İş №2(050)-192/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-192/2025

06.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-192/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi cəlb edilməklə miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: xx.xx.2019-cu ildə ölmüş X14 iddiaçının anası olmuşdur. X5 da bir neçə il öncə ölmüşdür. Qeyd edir ki, anası ilə atasının arasında rəsmi nikahları olmamışdır. Anası öləndən sonra ondan Masallı rayonu, Xırmandalı kəndində yerləşən həyətyanı torpaq sahəsi miras qalmışdır. Belə ki, Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə X12 fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.23 ha torpaq sahəsi verilmişdir. (JN-557A, KOD ********). Qeyd edir ki, anasının sağlığında və anası öldükdən sonra ondan miras qalmış əmlakı istifadə etmişdir. Çünki ora onun doğulub boya-başa çatdığı ev, yurddur. X6 öldükdən sonra onun birinci dərəcəli varisləri kimi o və bacı-qardaşı qalmışdır. X3 ölümündən sonra ondan miras qalmış əmlakı istifadə etmiş, lakin cavabdeh olan qardaşı bir müddət öncə həmin torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Bu səbəbdən miras qalmış əmlaka qanun üzrə vərəsə kimi tanınmağı ilə bağlı notariat orqanına müraciət etsə də, bundan imtina edilmişdir. Səbəb vərəsələr arasında mübahisə olması göstərilmişdir. Onu da qeyd edir ki, cavabdeh qismində qeyd etdiyi bacısı Cavabdeh2 həmin miras əmlakın qardaşlar arasında bölünməsinə etiraz etmir, hətta notariat kontoruna gəlib bu barədə ərizə belə verməyə razıdır. Lakin qardaşı olan cavabdeh qanunla ona çatası miras payını vermək istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: X1 miras qalmış Masallı rayonu, Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 557A, kod 80524018 saylı şəhadətnaməsi ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.23 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh2 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan miras əmlakdan imtina edir və miras əmlaka dair heç bir pay tələbi yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında bildirmişdir ki, anasına məxsus 0,62 ha payıbəlli torpağı olmuşdur. Həmin torpaq sahəsindən öz payının ayrılmasını istəmiş, lakin sonradan həmin torpaq sahəsinin zəbt torpaq sahəsi hesab edilərək, anasının adından silindiyini öyrənmişdir. Bu səbəbdən də böyüyüb boya-başa çatdığı torpaq sahəsi və üzərində yerləşən evə payının müəyyən edilməsini tələb edir. Həmin evi qardaşı onun dəstəyi ilə tikmişdir. O, 1999-cu ildə həmin evdən köçüb getmiş, qardaşı Canalı anası ilə yaşamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının mərhum anasına məxsus Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0,23 ha torpaq sahəsi və üzərində yerləşən tikiliyə vərəsə kimi hüquqları vardır. Hesab edilir ki, həmin miras əmlak üzərində onun da digər vərəsələrlə bərabər payı müəyyən edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum X6ndan miras qalmış Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0,23 ha torpaq sahəsi və üzərində yerləşən tikili hazırda onun istifadəsindədir. Həmin evi 1993-cü ildə özü tikməyə başlamış və tikinti işlərini 1997-ci ildə başa çatdırmışdır. Əvvəllər ata evini qardaşına verməyi, özünün həmin evdən çıxmasını təklif etsə də, sonradan o qalmış, qardaşı ayrı evə köçmüşdür. Anasının sağlığında və onun vəfatından sonra qardaş kimi bir-birlərinin evinə gedib gəlmişlər. Lakin fərdi yaşayış evi və torpağı miras əmlak kimi o özü qəbul etmişdir. Hazırda da iddiaçıya evinin arxa tərəfində olan torpaq sahəsini təklif edir. Həmçinin əvvəlki məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, mərhum anası vəfatından öncə özünə məxsus bir cüt sırğanı onun, 1 ədəd üzüyü isə iddiaçının oğluna vəsiyyət etmişdir. Anasının vəfatından təxminən 6-7 ay sonra şəxsən özü üzüyü qardaşına vermişdir. Bacısı Pərvanə isə anasından xatirə kimi ona məxsus jaketi götürmüşdür. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan əlavə mübahisəli torpaq sahəsini hazırda qızı istifadə edir. Dolanışığını təmin etmək üçün torpağı qızı əkib becərir, özü isə Bakıdan kəndə gedəndə həmin evdə qalır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, miras əmlaka dair pay tələbi yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat edib. Mərhumun daimi yaşayış yeri Masallı rayon Xırmandalı kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri Cavabdeh1 qalmış, mərhumun ailə tərkibindən çıxıb getmiş övladları Cavabdeh2 və İddiaçı vardır. X2 yuxarıda adları göstərilən vərəsələrindən başqa digər vərəsəsi yoxdur. Masallı RİHB-nin Xırmandalı kənd iəd üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66- 12/2-200/2024 saylı arayışından görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat edib. X14 vəfat etdikdən sonra yaşayış evindən və həyətyanı torpaq sahəsindən vəfat edən günə qədər onunla birlikdə yaşamış oğlu Cavabdeh1 tərəfindən istifadə olunur. Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1430 №-li məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 5584/2024 saylı məktubundan görünür ki, Masallı rayon Xırmandalı kəndində mərhum X11 mülkiyyətinə JN:557A (KOD ********) nömrəli mülkiyyət hüququna dair şəhadətnamə ilə 0,23 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) torpaq sahəsi ayrılmışdır. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X9 ilə nikahlarını xx.xx.2001-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər və buna dair 448 saylı qeydiyyat aparılmışdır. Ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X7, X6dır. Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Atası ---, X6dır. Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X7, X6dır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 05/09İS/042332-25 saylı arayışdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X11 ölənədək rəsmi nikahı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarında qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir.

1. Masallı rayonu, Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 557A, kod 80524018 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.23 ha torpaq sahəsi X4na məxsus olmuşdur. O, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

2. Mərhumun qanun üzrə birinci dərəcəli vərəsələri övladları- İddiaçı (iddiaçı), Cavabdeh2 (cavabdeh) və Cavabdeh1dur (cavabdeh).

3. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 istifadəsindədir.

4. Cavabdeh2 miras əmlakdakı payından imtina edir.

5. X2 vəsiyyətinə əsasən onun vəfatından bir neçə ay sonra bir ədəd qızıl üzük cavabdeh tərəfindən iddiaçının oğluna verilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəli halları aşağıdakılardan ibarətdir.

1. X2 vəfatından sonra onunla yaşayan övladı Cavabdeh1 ilə yanaşı digər vərəsələr tərəfindən də miras əmlakın qəbul edilib-edilməməsi.

İşə baxan məhkəmənin mövqeyi.

Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı mərhum anasının ölümündən sonra ondan miras qalmış bir ədəd üzüyü, bacısı Cavabdeh2 isə mərhum anasına məxsus jaketi qəbul etmişdir. Həmin əşyalar onların istifadəsində olmaqla miras əmlakın faktiki olaraq onlar tərəfindən də qəbul edildiyini sübuta yetirir. Bundan əlavə məhkəmə iclasında izahat vermiş Cavabdeh1 özü də izahatında bu halları qeyd etmişdir. Bu halda məhkəmə hesab edir ki, miras əmlakın hər üç vərəsə tərəfindən qəbul edilmə faktı tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları və digər iş materialları ilə öz təsdiqini tapdığından mirasın qəbul edilmə faktına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə “miras əmlakda payların müəyyən edilməsi” tələbinə nəzərən məhkəmə hesab edir ki, hər üç vərəsə tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edildiyindən ilkin olaraq vərəsələrin hər birinin miras əmlakda 1/3 hissədə payının olması müəyyən edilir. Lakin iş materiallarında olan ərizə və Cavabdeh2 məhkəmə iclasındakı izahatında onun miras əmlakdakı payından imtinası nəzərə alınmaqla digər vərəsələr İddiaçı və Cavabdeh1 miras əmlakdakı payları ½ hissədə müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. X1 miras qalmış Masallı rayonu, Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 557A, kod 80524018 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.23 ha torpaq sahəsindən ibarət miras əmlakın vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Cavabdeh2 miras əmlakdakı payından digər vərəsələrin xeyrinə imtinası nəzərə alınsın. Masallı rayonu, Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 557A, kod 80524018 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.23 ha torpaq torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh1 1/2, İddiaçı 1/2 payı. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar