Məhkəmə qərarları › İş №2(050)-1935/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1935/2023

06.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1935/2023 06.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı «işə bərpa» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli, K-051 saylı əmrin etibarsız hesab olunması, onunla bağlanmış əmək müqaviləsinin müddətinin daha bir il müddətə uzadılması və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞyə həkim stomotoloq vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli həkimdir (stomotoloq), 1976cı ildə həkim stomotoloq kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində həmişə işə vaxtında getmiş, nizam-intizama həmişə əməl etmiş, əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmiş, heç bir cəza almamışdır. 65 yaşı tamam olduqdan sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında ardıcıl olaraq hər il onunla əmək müqaviləsi bağlanmaqla üç il qanunvericiliyə əsasən müqavilə əsasında işləmişdir. Lakin onunla bağlanılmış sonuncu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, müqavilə müddətinin bitməsinə iki gün qalmış rəhbərliyə ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanılaraq müqavilə müddətinin daha bir il artırılmasını xahiş etmişdir. Lakin rəhbərlik tərəfindən verdiyi ərizəyə baxılmamış və onunla bağlanılmış əmək müqaviləsinin müddəti uzadılmayaraq əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin buna baxmayaraq cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmamışdır. Hansıki daha iki dəfə hər dəfəsində bir il olmaqla uzada bilərdi. İşlədiyi müddət ərzində həmişə işə vaxtında getmiş, nizam-intizama həmişə əməl etmiş, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, heç bir cəza almamışdır. İşdən azad olunmamışdan öncə işlədiyi müəssisənin rəhbərliyinə ünvanladığı ərizəsinə baxılmadığı üçün həmin ərizə ilə təkrar olaraq Azərbaycan Respublikası “TƏBİB” PHŞ-yə və “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞyə müraciət etmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən ona məktub ünvanlanaraq bildirilmişdir ki, “müəssisəmizdə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomotoloq olduğu nəzərə alınaraq “TƏBİB” PHŞ tərəfindən sizinlə çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir”. Həmçinin ona bildirilmişdir ki, kəskin zərurət yaranmadığı halda 65 yaşı tamam olmuş həkim stomotoloqların çalışma müddətinin uzadılmasına TƏBİB tərəfindən icazə verilmir. Bu isə onu göstərir ki, əmrdə göstərilən xüsusatlar əsassızdır və onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin əmrin verildiyi gündən dəfələrlə şifahi və yazılı müraciətlərini TƏBİB-ə etmişdir. Mediasiya Şurasına və məhkəməyə gec müraciət etməyinə səbəb isə beyin insultu keçirməyi olmuşdur. Müalicəsini qurtardıqdan sonra mediasiya şurasına müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan iddianı qəbul etmirlər. Belə ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Masallı rayon Mərkəzi Xəstəxanasında stomotoloq həkim kimi işləmişdir. 65 yaşı tamam olduqdan sonra hər il ardıcıl olaraq əmək müqaviləsi bağlanmaqla 3 il müqavilə əsasında işləmişdir. Sonuncu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması barədə ərizəsi olsa da, buna əhəmiyyət verilməmiş, müqaviləyə xitam verilmişdir. İddiaçıya məktub ünvanlayaraq bildirilmişdir ki, iş yükünə görə kifayət qədər faktiki çalışan işçi olduğundan onunla bağlanan müqavilənin müddətinin uzadılması məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv edilə bilər. Lakin işçisinin həmin müəssisədə çalışma müddəti 5 ildən çox olmamaqla müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər və buna yalnız iddiaçının razılığı ilə yol verilir. İşçinin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzatmaq səlahiyyəti, əmək qanunverciliyində işəgötürənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddiaçının barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş əmrin etibarsız hesab edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbi əsassızdır. İddiaçı əmək mübahisəsinə dair qanunun iddia müddəti barədə tələblərinə əsasən 1 aylqı müddəti ötürmüşdür. İddiaçının işdən azad edilməsi barədə məlumatlı olmuşdur. İddiaçı işə bərpası tələbi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Masallı rayon X3 Hüquqi Şəxsin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-0561 saylı əmrdən görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsində həkim-stomatoloq vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli işdən çıxan işçilərə məxsus əmək kitabçasının verilməsi kitabından görünür ki, İddiaçı (xx.xx.2022-ci il tarixli K-0561 nömrəli) xx.xx.2022-ci il tarixdə əmək kitabçası təhvil verilmişdir. İş materiallarında olan Lənkəran 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00815 saylı arayışdan görünür ki, birinci tərəf İddiaçı, ikinci tərəf Masallı rayon X3 Hüququ Şəxsidir. İkinci tərəf Masallı rayon X3 Hüququ Şəxsi tərəfindən mediasiya prosesində iştirak etməyən tərəf olmuşdur. İş materiallarında olan Masallı rayon X3 Hüququ Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 28 fevral 2023-cü il tarixli, PHŞ-6-60/3-272/2023 nömrəli məktubdan görünür ki, çalışma müddətinin üzadılması ilə bağlı Masallı rayon X3 Hüququ Şəxsinə edilmiş müraciətə baxılmış və müəssisədə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomotoloq olduğu nəzərə alınaraq “TƏBİB” PHŞ tərəfindən çalışma müddətinin uzadılması məqsədə müvafiq hesab edilməmişdir. Əlavə olaraq, müraciətlə bağlı müəssisə tərəfindən dəfələrlə qəbul edilərək çalışma müddətinin uzadılması təmin edilmişdir. İş materiallarında olan AH 030004 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2018-ci il, xx.xx.2023-cü ilədək etibarlı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X6 tərəfindən Masallı rayon X3 Hüququ Şəxsə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli, PHŞ/6-2-2022-12438 nömrəli məktubdan görünür ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli PHS/6-60-2- 2022-267 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Müəssisədə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomatoloq olduğundan, vakant olan həkim-stomatoloq vəzifəsi üzrə göndərilmiş namizəd İddiaçı işə qəbul edilməsi məqsədə uyğun hesab edilməmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni olmaqla yanaşı, cavabdeh tərəfindən mübahisələndirilən əmrlə işdən azad olunması barədə məlumatlı olmuş və əmri mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, ona görə də, iddia tələbi iddia müddəti ötürüldüyü üçün rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı 1 aylıq müddətin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş üzürlü səbəblərdən buraxılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi.Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsi əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri təsbit edir.Əmək qanunvericiliyi müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əgər işçi ilə bağlanmış müddətli əmək müqaviləsinini müddəti qurtararsa, işəgötürən tərəfindən əmək müqaviləsinə ya Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə və yaxud Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilə bilər.Əmək Qanunvericiliyi eyni zamanda əmək müqaviləsinə iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsini qadağan edir. Əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas vardırsa, bu hələ işçi ilə əmək müqaviləsini ləğv etməyə hüquq vermir. Qanunvericilik müəyyən edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməli, habelə bu Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirilməlidir. Əks təqdirdə, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi əmək mübahisəsinə baxan məhkəmə tərəfindən qanunsuz hesab olunacaqdır. Tətbiq edilən maddi hüquq normalarının tələbləri və hüquqi müəyyənlik baxımından məhkəmə hesab edir ki, cavabdeh Masallı rayon X3 Hüququ Şəxsin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-0561 saylı saylı əmr qanuni və əsaslı olduğu üçün ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iddianın “iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, 27 oktyabr 2022-ci il tarixli K-0561 saylı mübahisələndirilən əmrin ləğv olunması hissəsi təmin olunmadığından, “iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsədə iddianın müzakirə olunması əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı «işə bərpa» tələbinə dair iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar