Məhkəmə qərarları › İş №2(050)-2031/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2031/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2031/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X3 miras qalmış Masallı şəhəri İsgəndərli yaşayış massivində yerləşən 14 oktyabr 2011-ci il tarixli **********77-10301 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi və tikililər üzərində qanun üzrə vərəsə kimi onun, yəni X6 tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi xahiş etmişdir. Tərəflər məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə hazırlıq iclasına gəlməmiş, maraqlı şəxslər gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasını keçirib ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X21 məktub göndərərək iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli, 1111 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X7 29 aprel 2011-ci ildə vəfat etmişdir. X4 aşağıdakı vərəsələri qalmışdır: Ərizəçi, Maraqlı şəxs3, Maraqlı şəxs4, X12, X13, X8, X9, X14 və X10. X2, X9, X14 və X10 vəfat etmişdir. Hüquqi faktın müəyyən edilməsi barədə ərizədən görünür ki, X4 vərəsələrindən yalnız Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qeyd edilmişdir. X1, X9, X14 və X10 vəfat etmiş, lakin onların vərəsələri iş üzrə maraqlı şəxs qismində ərizədə qeyd olunmamaqla yanaşı, ümumiyyətlə onların vərəsələrinin olub-olmaması, olduğu halda vərəsələr tərəfindən miras əmlakla bağlı mübahisə olub-olmamasına dair iş materiallarında hər hansı bir sənəd yoxdur. Eyni zamanda ərizəçinin hüquq münasibətinin iştirakçısı kimi miras əmlaka dair hüququn yalnız ona məxsus olmasını iddia etməsi vərəsələr arasında fikir ayrılığının olmasına dəlalət edir. Belə ki, digər şəxslərin vərəsə olaraq mübahisəli torpağa və evə dair hüquqları vardır və qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakın vərəsələr tərəfindən qəbul edilməməsi onların miras əmlakdan imtina etməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda vərəsələr arasında miras əmlakla bağlı fikir ayrılığı olmasaydı miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddət keçmiş olsa belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirası qəbul edən bütün digər vərəsələrin razılığı olduğu halda vərəsələr miras əmlakı məhkəməyə müraciət etmədən də, qəbul edə bilərdilər. Belə olan halda məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Eyni zamanda ərizəçi və maraqlı şəxslərə izah olunur ki, onların ümumi əsaslarla iddia vermək hüququ vardır. İş materiallarından görünür ki, Ərizəçi hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 12:54). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 12:54) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar