Məhkəmə qərarları › İş №2(050)-204/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-204/2024

16.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-204/2024 16.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən edilməsi (üçüncü şəxslər - Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi, X18) tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə vəfat etmiş mərhum atası X2 miras qalmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.016 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, Masallı Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 046 saylı qərarı ilə Masallı rayonu, Mahmudavar kəndində mərhum atası X16 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsində payların ayrılması və mərhum atasının payının vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 4 qardaşdılar. İddiaçının atası X8 və digər ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Mahmudavar kəndində Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 046 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi verilmişdir. İddiaçının anası X12 xx.xx.1994cü ildə, atası X16 xx.xx.2009-cu ildə ölmüşlər. Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş 0.10 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsinə paylar müəyyən olunmalı və daha sonra X2 miras qalmış paya qanun üzrə vərəsə kimi 4 övladının payı müəyyən edilməlidir. Bu zaman miras əmlak üzrə vəsiyyətnamənin olması nəzərə alınmalıdır. Sonda Vəkil iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini cavabdehlərə çatdırılması üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Üçüncü şəxslər Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi və X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişdilər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-005A Kod 80515018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə X8, İddiaçı, X13, X9, X10 və Cavabdeh1 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Nikahın haqqında arayışdan görünür ki, X16 ilə X14 arasında 22 avqust 1967-ci ildə Masallı rayon Mahmudavar kənd ərazi nümayəndəliyində 14 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Lələyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, İddiaçı 01 avqust 1964-cü il tarixdə doğulmuşdur, atası X16, anası X3r. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh2 02 sentyabr 1960-cı il tarixdə doğulmuşdur, anası X4r. Ata qrafasında qeyd yoxdur. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 07 iyul 1954-cü il tarixdə doğulmuşdur, atası X16, anası X3r. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh3 16 avqust 1967-ci il tarixdə doğulmuşdur, atası X16, anası X4r. Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş Masallı rayon 1 saylı Dövlət notariat kontorunda 01 sentyabr 2007-ci il tarixdə 2V-01/98 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X16 ona məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən bir mərtəbəli, üç otaqlı evini və 0.10 ha həyətyanı torpaq sahəsini nəvəsi X17 vəsiyyət etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X12 19 may 1994-cu ildə Masallı rayonu, Mahmudavar kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyun 1994-cü ildə 20 saylı qeydiyyat aparılmışdır. Ölüm haqqında arayışdan görünür ki, X16 21 iyul 2009-cu ildə Masallı rayonu, Mahmudavar kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 iyul 2009-cu ildə 11 saylı qeydiyyat aparılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 933 nömrəli arayışdan görünür ki, İddiaçı atası X16 xx.xx.2009-cu ildə vəfat etmiş, X5 daimi yaşayış yeri Masallı rayonu, Mahmudavar kəndi olmuş, ölənədək onunla birlikdə İddiaçı yaşamışdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. X1 yuxarıda qeyd edilən şəxslərdən başqa digər vərəsələri yoxdur. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1295 saylı məktubdan görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlər nəzərədən keçirilərkən vərəsəliyin qəbul müddəti keçdiyi, faktiki qəbulu təsdiq edən sənədlərin olmadığına görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 223.1, 223.2 və 223.2-ci maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı rayonu, Mahmudavar kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-005A Kod 80515018 saylı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda mülkiyyətçilərin hər birinin 1/6 payı vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X5 1/6, İddiaçı 1/6, X11 1/6, X6 1/6, X7 1/6 və Cavabdeh1 1/6 payı vardır. İş materiallarında olan 01 sentyabr 2007-ci il tarixdə 2V-01/98 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X16 ona məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini nəvəsi X17 vəsiyyət etmişdir. Nəzərə alınmalıdır ki, vəsiyyət edən şəxs öz əmlakını vəsiyyət edə bilər, 0.10 ha həyətyanı torpaq sahəsininin hamsı vəsiyyət edənə məxsus olmamışdır. Bu səbəbdən də vəsiyyət edən şəxsin nəvəsi X17 miras qalmış əmlakda 1/6 payını vəsiyyət edə bilməsi nəzərə alınmalıdır. Lakin bu zaman MM-in 1151.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə olduqda X2 miras qalmış 1/6 paya münasibətdə X15 1/12, İddiaçı 1/48, Cavabdeh1 1/48, Cavabdeh2 1/48 və Cavabdeh3 1/48 payı vardır. Həmçinin, nəzərə alınmalıdır ki, İddiaçı və Cavabdeh1 vərəsə olmaqla yanaşı özlərinin “Torpağa mülkiyyət hüququna dair” JN-005A Kod 80515018 saylı ilə şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.10 torpaq sahəsinə münasibətdə hər birinin 1/6 payı vardır. Belə vəziyyətdə Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsinə münasibətdə İddiaçı və Cavabdeh1 hər birinin 18/96, X11, X6 və X7 hər birinin 16/96, X15 8/96, Cavabdeh2 və Cavabdeh3 hər birinin 2/96 payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-005A Kod 80515018 saylı şəhadətnamədə nəzərdə tutulmuş 0.10 hektar torpaq sahəsinə münasibətdə 21 iyul 2009cu ildə ölmüş X8 düşən pay vərəsələr arasında bölünsün. Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-005A Kod 80515018 saylı şəhadətnamədə nəzərdə tutulan 0.10 hektar torpaq sahəsinə münasibətdə İddiaçı və Cavabdeh1 hər birinin 18/96, X11, X6 və X7 hər birinin 16/96, X15 8/96, Cavabdeh2 və Cavabdeh3 hər birinin 2/96 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar