Məhkəmə qərarları › İş №2(050)-2073/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2073/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2073/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs kimi qeyd edilmiş Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasının müəyyən edilməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 ilə aralarında bağlanmış Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində yerləşən 0.10 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Masallı rayonunda anadan olmuş və uzun illərdir ki, Viləş kəndində yaşayır, həmin kənddə özünə məxsus fərdi yaşayış evi vardır. 1999-cu ildə Viləş kəndində yaşayan X5 adlı şəxsdən 0.10 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almışdır. Proxorova Nina miliyyətcə Rusiyalı olmuş, SSRİ dövründə Kalinovka kəndində köçürülmüş, orada yaşamış, Şıxlar kəndində orta məktəbdə müəllim işləmiş və 2000-ci ildə vəfat etmişdir. SSRİ dağıldıqdan sonra onun qohumları hamısı Rusiyaya qayıtmış, təkcə X6 kəndində yaşamış və burada ölmüşdür. Həmin torpaq sahəsində 2000-ci ildə fərdi yaşayış evi inşa etmiş və yaşamağa başlamışdır. Hazırkı vaxtadək həmin evdə yaşayır, torpaq sahəsindən istifadə edir və istifadəsində heç kim maneəçilik törətmir. Həmçinin, torpağın mülkiyyətə verilməsinə dair JN260A saylı şəhadətnaməyə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, qonşu torpaq sahəsi kimi X1, digər tərəfdən gediş-gəliş yolu olması müəyyən edilmişdir. O, həmin şəhadətnaməni həmin vaxt fəaliyyət göstərən Masallı rayon Torpaq və Xəritəçəkmə Komitəsindən almış və torpaq sahəsini artıq 25 ildir ki, istifadə edir. Ona verilmiş şəhadətnamə qanuni və möhürlü olduğundan həmin sənədə əsasən torpaq sahəsinin ona məxsus olmasın fikirləşmişdir. Həmçinin, 2003-cü ilədək daşınmaz əmlakın alğı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməli olmadığından ondan yalnız həmin şəhadətnaməyə əsasən torpağın ona məxsus olmasını bilmişdir. Lakin, hazırda torpağa dair hüquqlarının qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr və kadastr xidmətinə müraciət etmiş, bundan sonra məlumatı olmuşdur ki, həmin torpaq sahəsi adlı siyahıda 260-cı sırada X5 adlı şəxsə məxsus olmuşdur. O, həmin torpağı Nina Proxorovadan almışdır və daha sonra həmin torpağa şəhadətnamə almış, buna görə də hesab etmişdir ki, həmin torpaq artıq onun mülkiyyətidir. X7 ilə aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmış, lakin notarial qaydada təsdiqlənməmişdir. Alğı-satqı olunan zaman qüvvədə olan qanunvericiliyə əsasən müqavilənin notarial qaydada təsdiqlənməsi məcburi olmamışdır. O, vicdanlı alıcıdır, onun mülkiyyətə gözlənti hüququ vardır və onun həmin torpaqdan istifadə sahibliyinə hazırkı vaxtadək heçkim tərəfindən pretenziya edilməmiş və ya məhkəməyə müraciət olunmamışdır. O, həmin torpaq sahəsinin reyestrdə qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin Nina Proxorova ilə aralarında alğı-satqı müqaviləsi olduğu halda qeydə alınmasının mümkün olacağı bildirilmişdir. Nina Proxorova vəfat etmiş və hazırda həmin müqavilənin başqa qaydada əldə olunması mümkün deyildir. Həmçinin, həmin torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. Buna görə də alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunmalıdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərərk, bildirdi ki, 1973-cü ildən ailəsi ilə Bakı şəhərində yaşayır, arabir Viləş kəndində tikdiyi evə gəlib-gedir. Ev tikdiyi torpaq sahəsinin əvvəlki sahibi olan X6 kəndində müəllim işləmişdir. Onun heç kimi olmamış, orada tək yaşamışdır. Həmin torpaq sahəsini Ninadan təxminən 1997-1998-ci illərdə almışdır. Təxminən 2003-2005-ci illər aralığında həmin həyətdə özü üçün ev tikmişdir. O, evi tikərkən orada olan köhnə tikililəri sökmüşdür. Nina 2004-cü ildə vəfat etmiş, Viləş kəndində dəfn edilmiş, öldüyü vaxtadək şifahi formada razılaşaraq aldığı torpaq sahəsində olan kiçik evdə yaşamışdır. Həyəti mərhum Nina Proxorovadan pul verib, aralarında şifahi razılaşma ilə almışdır. Puldan 3000 manat saxlamışdır ki, torpağın mülkiyyətə verilməsi barədə Şəhadətnamə aldıqdan sonra həmin pulu da Ninaya vermişdir. Lakin şəhadətnamə verilərkən onun kim tərəfindən ona verildiyini bilmir. Təxmin edir ki, Ninanın hansısa qohumları ona Şəhadətnaməni vermişdir. Pulu verdikdən sonra evi tikmişdir. Evə sənəd almaqda məqsədi, evi satmaq fikrinin olmasıdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi və Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərərk, əlavə olaraq bildirmişdir ki, ərizəni müdafiə edir. Ərizəçi 1999-cu ildə Viləş kəndində yaşayan X4 adlı şəxsdən 0.10 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almışdır. O, aldığı torpaq sahəsinin pulunu ödəmiş, məhkəmə iclasında şahidlər ifadələrində də bunu təsdiq etmişlər. Həmçinin, həmin şahidlər həmin kənddə və torpaq sahəsinin qonşuluğunda yaşayan şəxslərdir. Ərizəçi Bakı şəhərində yaşasa da arabir kənddə olan evinə də gəlib orada yaşayır. Ərizəçinin hazırda başqa qaydada sənəd alması mümkün deyil. X9 2004-cü ildə vəfat etmişdir. Bu barədə dövlət orqanlarına sorğular edilmiş, lakin onun barəsində heç bir vəsiyyətnamə və vərəsəlik haqqında məlumatlar aşkar edilməmişdir. Onun başqa heç bir qohumu da yoxdur. X8 vətəndaşı olmuş, SSRİ dövründə Kalinovka kəndində köçürülmüş, orada yaşamış, Şıxlar kəndində orta məktəbdə müəllim işləmiş və SSRİ dağıldıqdan sonra onun qohumları hamısı Rusiyaya qayıtmış, təkcə X6 kəndində yaşamış və burda ölmüşdür. Ərizəçi 2005-ci ildə torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə almış və hesab etmişdir ki, torpaq artıq onundur. 25 ildən artıqdır ki ərizəçi həmin torpağa sahiblik edir. O həmin torpaq sahəsinin reyestrdə qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir, həmin torpaq sahəsi adlı siyahıda 260-cı sırada X5 adlı şəxsə məxsus olması məlum olmuşdur. Bundan sonra onlar arxiv idarəsinə və digər orqanlara müraciət etmişlər və müəyyən olunmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi Nina Proxorovaya məxsusdur. Bu səbəbdən də ərizəçi 25 ildir onun istifadəsində olan həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bununla bağlı iddianın əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərara istinad edilmişdir. Həmin qərarda onların işində olan fərqli cəhət odur ki, orada digər mülkiyyətçilər sağdırlar, lakin onların işində mülkiyyətçi vəfat etmiş və vərəsələri yoxdur. Həmin iş üzrə birinci instansiya məhkəməsi və yuxarı intansiya məhkəmələrində iddia təmin edilməmiş, lakin Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edərək, hesab etmişdir ki, alqısatqı müqaviləsinin olması, notarial qaydada bağlanması mütləq deyil, tərəflərin hüquqlarının məhdudlaşdırılmaması, tərəflərin hər hansı bir razılaşması alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına əsas verə bilər. Həmin işdən də görünür ki, uzun əqdin bəyənilməsi ilə bağlı Mülki Məcəllənin 358-ci maddəsinə istinad etmişlər. Hazırki vaxtadak mülkiyyətçilər və ya vərəsələr faktiki istifadə edən şəxsin sahibliyini bilirlər, o cümlədən Ərizəçi 30 ilə yaxın müddətdir ki, həmin torpağa sahiblik edir, orada ev tikmiş, uşaqları dünyaya gəlmiş, yaşamışdır. Mülkiyyətçinin vərəsəsi varsa belə, onlar hazırki vaxtda susmaqla öz razılıqlarını bildirmişlər. Həmin qərardan da görünür ki, vərəsələr susaraq həmin əqdi artıq bəyənmişlər. Bundan sonra vərəsə olsa belə, bundan sonra onlar gəlib mülkiyyəti tələb etsələr də, onların tələbi təmin edilə bilməz. Artıq bir neçə ildən sonra avtomatik olaraq həmin mülkiyyətə ərizəçi mülkiyyət hüququ əldə edəcəkdir. Hesab edir ki, alğı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Çünki şəxsin hüquqları məhdudlaşdırılıb, həmin hüququn bərpa edilməsi başqa qaydada mümkün deyil. Maraqlı şəxslər də ərizəyə qarşı heç bir etiraz etməmişlər. Yalnız tərəflər arasında alğı-satqı müqaviləsi olduğu halda ərizəçinin hüquqlarının qeydə alınmasının mümkün olacağı bildirilmişdir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi, həmçinin qonşusudur. Qurbanxan 20-25 il olar ki, kənddə yaşayan rus qadından həyət almışdır. Həmin həyətdə köhnə, balaca bir tikili olmuşdur. Onların kəndində bu kimi hallar çox olmuşdur. Kənddə yaşayan yaşlı insanlar, yəni ruslar həyət və evlərini satıb köçərkən, kənd sakinləri həmin həyətləri alıb özlərinə evlər tikmişlər və ya orada yaşamışlar. O, özü də bu formada ev almışdır. Onlar yaşlı olduğundan, onlara baxmaq qarşılığında öz evlərini kənd sakinlərinin adlarına keçirmişlər və ya pulla satmışlar. Qurbanxanın aldığı həyətlə qonşuluqda onun evidir. Qurbanxan evi qadından aldıqdan təxminən iki il sonra qadın vəfat etmişdir. Qadın bir müddət müəllim işləmiş, xəstələnmiş, vəfat edənə kimi həmin evdə yaşamışdır. Qurbanxan sonradan orada ev tikmiş və arabir gəlib o, evdə qalır. Həyəti alarkən qadına pul verib alması barədə məlumatı yoxdur. Qadın vəfat etdikdən sonra onu qonşular dəfn etmişlər. Sağ olarkən bir neçə dəfə onun bacısı gəlib getmişdir. O, vəfat etdikdən sonra onun heç bir qohumu gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi, həmçinin xalası oğludur. 1979-cu ildə hazırkı yaşadığı evə köçmüşdür. Qurbanxan torpaq sahəsini Ninadan almışdır. Nə vaxt aldığını dəqiq xatırlamır. Nina orada ölənədək tək yaşamış, orada ölmüş və həmin kənddə dəfn edilmişdir. Onun böyük bacısı olmuşdur. Onu tanıyırmış, Yeddioymaq kənd məktəbində müəllim işləmişdir. O, da vəfat etmişdir. Onun başqa qohumlarının olub-olmamasını bilmir. Onların kəndində bu kimi hallar çox olmuşdur. Kənddə yaşayan yaşlı insanlar, yəni ruslar həyət və evlərini satıb köçərkən, kənd sakinləri həmin həyətləri alıb özlərinə evlər tikmişlər və ya orada yaşamışlar. Üçüncü şəxs Masallı regional Maraqlı şəxs1ndə notariat ofisinin notariusu Əlövsət İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 8 saylı Cəlilabad Ərazi İdarəsindən vətəndaş Ərizəçi ünvanlanmış 22 may 2024-cü il tarixli məktubdan görünür ki, JN-260 A nömrəli şəhadətnamədə ərizəçinin adı qeyd ediləsə də, adlı siyahıda 260-cı sırada X2 adının qeyd edildiyi, qeyd edilən şəhadətnamənin ərizəçinin adına tərtib edilməsinə dair məlumat aşkar edilmədiyi, X5 ilə alqı satqı müqaviləsi bağlanaraq təqdim ediləcəyi halda torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılmasının mümkün olacağı ilə bağlı məlumat verilmişdir. JN-260 A torpağın mülkiyətə verilməsinə dair şəhatənamədən görünür ki, Masallı Rayon Aqrar İslahat komissiyasının 08 sentyabr 1998-ci il tarixli 43 saylı qərarı əsasında sözü gedən 0,10 ha torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Masallı Rayon Dövlət arxivi tərəfindən verilmiş Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Kalinovka kənd XDS (ZDS) İK) 1991- 1995-ci illərə aid 4 saylı təsərrüfatbaşına kitabın 274-cü təsərrüfatından çıxarışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X2 təsərrüfatında özü tək olmuşdur Ailə üzvləri qrafalarında qeydlər yoxdur. Masallı Rayon Dövlət arxivi tərəfindən verilmiş Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Kalinovka kənd XDS (ZDS) İK) 1996- 2000-ci illərə aid 4 saylı təsərrüfatbaşına kitabın 291-ci təsərrüfatının 37-38-ci səhifələrindən çıxarışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X2 təsərrüfatında özü tək olmuşdur. Ailə üzvləri qrafalarında qeydlər yoxdur. Masallı regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nina Makarovna ilə bağlı şöbənin arxivində heç bir məlumat aşkar edilməmişdir. Masallı regional Maraqlı şəxs1ndə Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Masallı regional Maraqlı şəxs1ndə Notariat ofisində Elektron notariat informasiya sisteminə baxış keçirilmiş, xx.xx.2004-cü il tarixdə Masallı rayonu, Viləş kəndində vəfat etmiş, X2 adına açılmış vərəsəlik işi və vəsiyyətnamə aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2004-cü ildə Masallı rayonu Viləş kəndində ölmüşdür. Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Masallı rayonu Kalinovka indiki Viləş kəndində yaşamış, X2 torpağı və mülkiyyəti barədə məlumatları olmadığına görə, sənədlər Masallı rayon Dövlət arxivinə təqdim olunduğundan ərazi nümayəndəliyində rəsmi sənəd yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-260 A nömrəli şəhadətnamədə ərizəçinin adı qeyd ediləsə də, adlı siyahıda 260-cı sırada X2 adının qeyd edildiyi, qeyd edilən şəhadətnamənin ərizəçinin adına tərtib edilməsinə dair məlumat aşkar edilmədiyi müəyyən edilmiş, X5 öldüyü günədək, yəni 2004-cü il tarixədək qeyd edilən torpaq sahəsində yerləşən evində yaşamış, həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Ərizəçi 2004-cü il tarixdən etibarən qeyd edilən torpaq sahəsinə faktiki sahiblik edərək idarəçiliyi hal-hazırki vaxtadək həyata keçirmiş, hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüqunu təsdiq edən sənəd ala bilmədiyindən Nina Proxorova ilə aralarında şifahi şəkildə razılaşaraq torpaq sahəsini sonuncudan aldığını təsdiq etmək üçün alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini irəli sürdüyündən Mülki Məcəllənin daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə bağlı normaları əsas götürülməklə qeyd edilən məsələyə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1.3-ci maddəyə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsasdır. 144.1-ci maddəyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 646.1-ci maddəyə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəyə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı və satıcı arasında bağlanmaqla, müqavilənin etibarlı hala gətirilməsi üçün həmin müqavilənin yazılı formada bağlanaraq notariat qaydada təsdiqlənməsi tələb olunur. Əks halda həmin müqavilələr etibarsız müqavilələr hesab edilir. Müqavilələrin etibarlılığı ilə bağlı Mülki Məcəllədə aşağıda sadalanan normalar nəzərdə tutulmuşdur: Azərbaycan Respubliksı Mülki Məcəlləsi: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilən normaların təhlili bir daha onu göstərir ki, daşınmaz əmlaklarla bağlanmış müqavilələr bir mənalı şəkildə yazılı notariat qaydada təsdiqlənməlidir. Göründüyü kimi, qanunvericilik şifahi bağlana bilən əqdin bağlanmış hesab edilməsi üçün şəxsin əqdi bağlamaq iradəsinin onun rəftarından asılı olaraq bağlanmasını mümkün hesab etdiyi halda, lakin daşınmaz əmlakla bağlı şifahi qaydada iradənin ifadə edilməsini hər hansı haldan asılı etmədən müavilənin bağlanmış hesab edilməsinə səbəb olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ərizəçi 1999-cu il tarixdə şifahi razılaşma yolu ilə torpaq sahəsini aldığını bildirmişdir. Bu səbəbdən də qeyd edilən münasibətə hüquqi qiymət verilməsi üçün hazırki Mülki Məcəllənin 2005-ci il tarixli qanunla qüvvədən düşmüş 335-ci maddəsində nəzərdə tutulmuş normalar əsas götürülməlidir. Həmin maddədə “əqdin notarial formasına riayət edilməməsinin nəticələri adlanmaqla” qeyd edilən formaya riayət edilmədən əqdin etibarlı hala gətirilməsi halları nəzərdə tutulmuşdur. Ərizəçi “Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək, həmin qərarda göstərilmiş hüquqi mövqeyə əsasən torpaq sahəsini əldə etdiyini, şifahi formada torpaq sahəsini aldığını bildirərək, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir. Həmin qərarda göstərilən hüquqi mövqelər aşağıdakı kimi olmuşdur. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Göründüyü kimi, konstitusiya Məhkəməsi açıq-aşkar şəkildə göstərmişdir ki, müəyyən formaya tabe tutulan əqdləri mütləq şəkildə bir tərəf tamamilə və qismən icra etmişdirsə, qarşı tərəf həmin əqdi notarial qadada təsdqlənməsindən yayınırsa, həmin əqdlər məhkəmə tərəfindən etibarlı hala gətirilə bilər. Ardınca göstərmişdir ki, notarial qaydada təsdiq edilməli əqdlər mütləq formada sadə yazılı formada bağlanmalıdır. Hazırki mülki işdə isə ərizəçi nəinki müqavilənin yazılı formada bağlanmasına riayət etmiş, şifahi formada razılaşaraq torpaq sahəsini əldə etdiyini bildirmişdir. Ərizəçi məhkəmə iclasında izahatında torpaq sahəsinin qiyməti ilə bağlı da konkret fikirlər söyləməmiş, razılaşdığı pulun bir qismini Nina Proxorovaya ödədiyini, bir qismini isə sonuncunun torpağa dair şəhadətnəməni ona verdikdən sonra ödədiyini bildirmişdir. İş materiallarında olan torpaq sahəsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə ərizəçinin adına 2005-ci il tarixdə verilmiş, Nina Proxorovanın isə ölüm haqqında şəhadətnamədən görünür ki, 2004-cü il tarixdə dünyasını dəyişmişdir. Belə olan halda, ərizəçinin dediyi kimi 2005-ci il tarixdə Ninanın şəhadətnaməni ərizəçinin adına alması qeyri mümkün idi. İşin halları göstərir ki, ərizəçi torpaq sahəsinə dair şəhadətnaməni almış, hansı ki, həmin şəhadətnamə torpaq sahəsinə dair əsl mülkiyyət hüququnu özündə əks etdirməmiş, bundan sonra hesab etmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur və buna görə də mülkiyyət hüququnun rəsmi qeydə alınması üçün müraciət etməmişdir. Yəni, ərizəçi Nina Proxorova ilə şifahi qaydada bağladığı alqı-satqı müaviləsinə görə deyil, şəhadətnamə onun adına verildiyindən həmin sənədə əsaslanmaqla torpaq sahəsinin ona məxsus olduğuna inanmış və sahiblik etmişdir. Qeyd edilən şəhadətnamə torpaq sahəsi üzərində həqiqi mülkiyyət hüqunun əks etdirməmişdir. Həmin torpaq sahəsi Nina Proxorovaya məxsus olmuşdur. Ərizəçi torpaq sahəsinin Nina Proxorovaya məxsus olduğunu bildikdən sonra vəziyyətdən çıxış yolu kimi ölən şəxsin mülkiyyətindəki torpaq sahəsini rəsmi şəkildə ələ keçirilməsi üçün şifahi yolla torpaq sahəsini alması əsası ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi aralarında olan şifahi razılaşmanın alqı-satqı müqaviləsi kimi bağlanmış hesab edilməsi ilə tələbi ilə bağlı bildirir ki, ərizəçi qeyd edilən tələblə müraciət etməklə hüquqi əhəmiyyət kəsb edən faktın məhkəmə qaydasında təsdiq edilməsinə nail olmaq istəmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin aşağıdakı qeyd edilən normalarını qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi məhkəməyə ünvanladığı ərizəsində X2 ölməsi səbəbindən alqı satqı müqaviləsini onunla bağlamaq mümkün olmadığını, bu səbəbdən də alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişdir. Nina Proxorovanın alqı-satqı müqaviləsini bağlamasına dair iradəsini hər hansı formada ifadə etməsi təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, miras əmlak açıldıqdan sonra onun vərəsələri miras əmlakın mülkiyyətçiləri hesab edilirlər. Hazırki vəziyyətdə X2 ölməsi halı təsdiq edildiyindən, qanunvericiliyin tələbinə əsasən ölən şəxsin əmlakı vərəsələrə keçdiyindən, vərəsələrin olub-olmaması ilə bağlı heç bir dəqiqləşdirmə aparmadan cavabdeh qisimində tələb irəli sürməli olduğu şəxsi müəyyən edə bilmədiyindən ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında razılaşmanın olması işin halları və tərəflərin izahatları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında izahatları alınmış şahidlər bildirmişdilər ki, Nina Proxorova onların qonşuluğunda yaşamış, 2004-cü il tarixədək, yəni öldüyü günədək həmin torpaq sahəsində yerləşən evində yaşamışdır. Ərizəçi isə qeyd edir ki, həmin torpaq sahəsini 1999-cu il tarixdə əldə etmişdir. Ərizəçi izahatında torpaq sahəsini 1999-cu il tarixdə aldığı halda, 2004-cü ilədək Nina Proxorovanın orada hansı səbəbə yaşaması ilə bağlı fikir bildirə bilməmişdir. Bütün bunlar onu göstərir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşmanın olmasını təsdiq edən mötəbər sübut mövcud deyildir. Eyni zamanda ərizəçi həmin torpaq sahəsinə uzun müddət sahiblik etdiyini bildirmiş, qeyd edilən müddət ərzində etirazsız şəkildə torpaq sahəsini idarə etdiyini, Nina Proxorova və digər şəxslər tərəfindən torpaq sahəsinə dair iddia olmamışdır. Məhkəmə həmin xüsusatla bağlı bildirir ki, işin hallarından göründüyü kimi Nina Proxorova 2004-cü il tarixdə ölmüşdür. Ölmüş şəxsin torpaq sahəsinə dair hər hansı iddiasını bildirməsi təbii ki qeyrimümkündür. Ölmüş şəxsin vərəsələrinin olub-olmaması ilə bağlı konkret olaraq məlumat yoxdur. Şəxsin vərəsələri olsa da, belə miras əmlakın qalmasından xəbərsiz olmaları da istisna edilmir. Şahidlər izahatlarında Nina Proxorovanın bacısının olduğunu, həmin şəxsi əvvəllər gördüklərini, uzun müddətdir ki, ondan xəbər olmadığını qeyd etmişdilər. Bu hal onu təsdiq edir ki, şəxsin vərəsəsi olmuş, lakin onların harada olmasından bir məlumat yoxdur. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi (maraqlı şəxs kimi qeyd edilmiş Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisi, Daşınmaz əmlakın dövlət kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar