Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-21/2025 23.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Masallı Rayon Xıl Bələdiyyəsi) qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (üçüncü şəxs Masallı Rayon Xıl Bələdiyyəsi) qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt olunmuş Masallı rayonu Xıl kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, yolun əvvəlki vəziyyətə gətirilməsi və həmin yolun ətrafında olan su kanalının cavabdehin qeyri qanuni zəbtindən azad edilməsi, həmin yolun üzərində cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək bu hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayon, Xıl kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə şəxsi təsərrüfatı vardır. Masallı rayon Aqrar İslahat komissiyasının qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Bununla bağlı rəsmi sənədləri də vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyətinə dair bütün hüquqları həyata keçirir. Cavabdeh həmkəndlisi Masallı rayon Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh istifadələrində olan torpaq sahəsinə gedən gediş-gəliş yolunu və həmin yolun ətrafında olan su kanalını qeyri qanuni olaraq heç bir əsas olmadan zəbt etmişdir. Kəndin yerquruluşu və kadastr lahiyyəsindədə onlara məxsus torpaq sahəsinə gedən yol məhz cavabdehin tutduğu yerdən nəzərdə tutulmuşdur. Bununla bağlı Dövlət Əmlak Komitəsindən də müvafiq qaydada baxış keçirilərək gediş-gəliş yolunun cavabdehin zəbt etdiyi torpaq sahəsindən olduğu barədə ona bildirilmişdir. Cavabdehə zəbt etdiyi gediş-gəliş yolunu əvvəlki vəziyyətə gətirməsi barədə dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bununla bağlı bütün aidiyyəti orqanlara müraciət etmişdir və bildiriblər ki, məhkəməyə müraciət etməlidilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********09 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Xıl kəndində yerləşən 1.9829 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X2, X5, X3, X6, X4, X7, X11 və X9 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0095 kod 80500058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 nömrəli qərarı ilə Masallı rayonu, Xıl kəndində X1, Cavabdeh və X8 0.66 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı rayonu Xıl bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 09 saylı məktubunun məzmunundan görünür ki, Xıl kənd sakini İddiaçı pay torpaq sahəsinə gedən yol təkcə onun yox digər kənd sakinlərinin pay torpaq sahəsinə gedən yoldur. İddiaçı hal hazırda həmin yoldan mal-qarasını apara bilmir. Xıl kənd sakini Cavabdeh kənd sakinlərinin gedişgəlişinə mane olur, yoldan gediş-gəlişə icazə vermir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Xıl kəndi ərazisində **********09 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 1,44 ha və 0,54 ha cəmi 1,98 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ümumi istifadəli gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edildi. İddiaçının və cavabdehin naturada faktiki istifadə kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı iddia tələbi ilə onun gediş-gəliş yolu kimi iddia etdiyi şimal-qərb istiqamətində çaylar, arxlar ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının 0.0192 ha (192,3 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Mübahisələndirilən ərazinin fiziki sərhədsiz torpaq sahəsi olduğundan suvarmaya maneələrin yaradılması bəndi cavablandırılmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/147 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6513/2023 saylı mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, Masallı rayonu Xıl kəndi ərazisində **********09 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 1.44 ha və 0.54 ha, cəmi 1.98 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ümumi istifadəli gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçı iddia tələbi ilə onun gediş-gəliş yolu kimi iddia etdiyi şimal-qərb istiqamətində çaylar arxlar ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının 0.0192 ha (192.3 kv.m) hissəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 12 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Xıl kəndi ərazisində **********9 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı oğunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 1.44 ha və 0.54 ha cəmi 1.98 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ümumi istifadəli gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edildi. İddiaçının və cavabdehin naturada faktiki istifadə kimi plana alınmış kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş ve yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən iddiaçı X10 tələbi ilə onun gedişgəliş yolu kimi iddia etdiyi şimal-qərb istiqamətində çaylar, arxlar ərazi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının cavabdehə tərəf 0.0270 ha (270.4 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Sözügedən bələdiyyə mülkiyyətinə aid suvanma arxı ərazisinin İddiaçı tərəf hissəsində isə suvarmaya maneə yaradan hər hansı fiziki işin görülmədiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına, həm də Masallı rayonu Xıl ərazi vahidində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci suallar mübahisə predmeti olan gediş-gəliş yolu ilə əlaqədar olduğundan və iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığına görə cavablandırılmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 24 yanvar 2025-ci il tarixli, 10/30 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7536/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı tələbi ilə onun gediş-gəliş yolu kimi iddia etdiyi şimal-qərb istiqamətində çaylar, arxlar ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının cavabdehə tərəf 0,0270 ha (270,4 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Sözügedən bələdiyyə mülkiyyətinə aid suvarma arxı ərazisinin İddiaçı tərəf hissəsində isə suvarmaya maneə yaradan hər hansı fiziki işin görülmədiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı tələbi ilə onun gediş-gəliş yolu kimi iddia etdiyi şimal-qərb istiqamətində çaylar, arxlar ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının cavabdehə tərəf 0.0270 ha (270.4 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Sözügedən bələdiyyə mülkiyyətinə aid suvarma arxı ərazisinin İddiaçı tərəf hissəsində isə suvarmaya maneə yaradan hər hansı fiziki işin görülmədiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına, həm də Masaliı rayonu Xıl ərazi vahidində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci suallar mübahisə predmeti olan gediş-gəliş yolu ilə əlaqədar olduğundan və iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığına görə cavablandırılmadı. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********09 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Masallı rayonu, Xıl kəndində yerləşən 1.9829 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X2, X5, X3, X6, X4, X7, X11 və X9 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında mübahisəli ərazinin istifadəsi ilə bağlı mübahisə var. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin arxlar ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid suvarma arxının cavabdehə tərəf 0.0270 ha (270.4 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Masallı rayonu, Xıl kəndində yerləşən torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə tərəf 0.0270 ha (270.4 kv.m) hissəsindən Cavabdeh çıxarılmalıdır, cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılaraq cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 101.3 maddəsinə əsasən ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən mütəxəssis rəylərinə görə ödənilmiş 100 manat və 95 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat və 100 manat pul da ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Masallı rayonu, Xıl kəndində yerləşən torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə tərəf 0.0270 ha (270.4 kv.m) hissəsindən Cavabdeh çıxarılsın, cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılaraq cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəylərinə görə ödənilmiş 95 və 100 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-21/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-21/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver