Məhkəmə qərarları › İş №2(050)-210/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-210/2024

05.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-210/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 9720 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 3000 (üç min) manat olmaqla cəmi 6000 (altı min) manat kompensasiya verilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********39-05101-093009 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 14 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin məbləğin 9720 manat olmasını təklif etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə nikahlarını 07 fevral 1989-cu ildə Masallı rayon VVAQ şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə yaşadıqları dövrdə Cavabdeh2 adlı uşaqları olmuşdur. Cavid sonradan Cavabdeh3 ilə ailə həyatı qurmuşdur. Hazırda qeydiyyatda olduqları Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili onun atası Ağamusa Ələkbərova məxsus olmuş və o, həmin evi 04 iyul 2014-cü il tarixli bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Qeyd olunan evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********39-05101-093009 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdehlərlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Cavabdeh1 ilə aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Nikahları Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi əsasında 02 oktyabr 2022-ci il tarixdə pozulmuşdur. Cavabdeh1 ilə nikahları dövründə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 31ci məhəllədə 3 №li binanın 3-cü blokunda, 6-cı mərtəbədə 66,3 kv.metr sahəsi olan 235 saylı mənzili almışlar. Həmin mənzil xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MTKdan alınmışdır. Qeyd olunan mənzil üzərində Cavabdeh1 ilə payları müəyyən edilsə də, o, mənzilin satılması ilə bağlı razılığa gəlmədiyindən, aralarında olan narazılığa görə ayrılsalar da, mülkiyyətlərində olan mənzildə cavabdehlər yaşadıqlarından kirayədə qalmalı olmuşdur. Qeydiyyatda olduqları evdə onunla yanaşı cavabdehlərin də birgə yaşaması mümkün deyildir və bu onun mülkiyyət hüquqlarının pozulmasıdır. Bununla bağlı cavabdehlərə kompensasiya ödəməklə evdən istifadə etməmələrini xahiş etsə də, onlar razılaşmamışlar. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli mənzilin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı Bakı şəhərində başqa mənzilin satılmasını təklif etsə də, bu təklifi qəbul etməmişlər. Halbuki bu təklifi qəbul etmiş olsa idilər hazırkı iş üzrə iddia tələbi irəli sürülməyəcəkdi. Mübahisəli ev bağışlama müqaviləsi əsasında iddiaçıya verilmişdir. Həmçinin sonuncu ekspert rəyini nəzərə alaraq kompensasiya məbləğini 9720 manat məbləğində təklif etmişlər. Digər mübahisəli məqam isə gəlinə kompensasiya ödənilməsi məsələsi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 03 aprel 2019-cu tarixli fərmanında vurğulanan məsələlərdən biri də vahid məhkəmə təcrübəsinin formalaşması olmuşdur. Vahid məhkəmə təcrübəsinin formalaşması isə oxşar işlərə eyni münasibətin göstərilməsini tələb edir. Odur ki, həmin Fərmanın tələbləri baxımından Ali Məhkəmənin qərarlarına nəzər yetirmək yerinə düşərdi. Belə ki, Ali Məhkəmənin 2(102)-1621/2024 və 2(102)-634/2024 saylı qərarları Şirvan şəhərində olan tələblərlə bağlıdır. Həmçinin Şirvan şəhərində kirayə mənzilə tələbat Masallı şəhərində olan tələbatdan daha çoxdur. Analoji işdə verilən kompensasiyanın miqdarı iddiaçıların təklif etdiyindən daha azdır. Cavabdeh tərəfin yaşamağa mənzili olmasına baxmayaraq, kompensasiya təklif edilmişdir. Odur ki, qeyd olunanları və Ali Məhkəmənin mövqeyi nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, iddianın evdən çıxarılma hissəsini qəbul etsə də, verilməli olan kompensasiya məbləği, habelə ekspert rəyi ilə razı deyildir. Cavabdeh1 vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, iddiaçı evdən çıxarılma hissədə iddianı qəbul etsə də, kompensasiya məbləği və ekspert rəyi ilə razı deyildir. İddiaçının vəkilinin vurğuladığı Ali Məhkəmənin qərarlarının tətbiq olunması məsələsi isə məcburi xarakter daşımayan məsələdir. Çünki şəhərlər arasında fərqlər vardır. Həmçinin kirayə haqqının 270 manat olması ilə razı deyildirlər. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında istifadə hüququ ilə bağlı irəli gələn məsələlərdə kimlərin ailə üzvü hesab olunubolunmaması göstərilmişdir. İstifadə hüququ fərdi hüquqdur. İddiaçı ilə cavabdeh 1989-cu ildə ailə qurub, uşaqları 1991 və 1993-cü illərdə anadan olmuşdur. Həmin evdə 1989-cu ildən ər-arvad kimi yaşamışlar. Hər ailə üzvlərinə münasibətdə isə hüquq ayrı-ayrı vaxtlarda yaranmışdır. Kompensasiya hüququ isə fərdi hüquqdur. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilir ki, kompensasiya hüquq bütün hüquq iştirakçılarına fərdi qaydada tətbiq olunmalıdır. Fərdi hüquqla bağlı kompensasiyanın toplanılaraq, hesablanması düzgün deyildir. Konstitusiya Məhkəməsinin qərarı normativ aktların iyerarxiyasında daha üstün qüvvəyə malikdir. Cavabdeh3 də, mülkiyyətçinin keçmiş ailə üzvüdür. Beləliklə həmin qərarı rəhbər tutaraq 3 illik müddət üçün məbləğ (270x12x3) 9720 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdehlərin hər birinə 9720 manat məbləğində kompensasiya ödənilməlidir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş olsa da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Notarial qaydada təsdiq olunmuş Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili X2 məxsus olmuş və o, həmin evi 04 iyul 2014-cü il tarixli bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 iyul 2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 iyul 2024-cü il tarixli, 19/470 saylı ekspert rəyindən məlum olur ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 1 ünvanında yerləşən orta təmirli mənzilin aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 270 manat müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh2 oğlu, Cavabdeh3 isə gəlinidir. Cavabdeh1 ilə İddiaçı ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzili iddiaçının atası Ağamusa Ələkbərov bağışlama müqaviləsi əsasında oğluna bağışlamış və 12 iyul 2014-cü il tarixdə fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Həmin Məcəllənin 152-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (13 və 29-cu maddələr) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz” Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR-in 08 iyul 1982-ci ildə qüvvəyə minmiş, 01 оktyabr 2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə Cavabdeh3 münasibətdə hər hansı kompensasiya məbləğinin ödənibödənilməməli olmasına dair aşağıdakıları qeyd edir: -Cavabdeh3 iddiaçının oğlu Cavabdeh2 ilə ailə qurmuş, 2006-cı ildə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzilinə köçmüşdür. Belə olan halda ona münasibətdə iddia tələbi üzrə mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. -Ailə üzvlərinin dairəsinə İddiaçı gəlini Cavabdeh3 daxil olmadığından, həmçinin onlar arasında fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmadığından, Cavabdeh3 münasibətdə kompensasiya alınması qanunauyğun və ədalətli deyildir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Masallı şəhərində olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin 3 otağı olmaqla, ümumi sahəsi 67.0 kv.m-dir. İddiaçı mənzil hüququ qanunla qorunur və bu hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq kompensasiya verməsi yolu ilə onların mənzildən istifadə hüquqlarına xitam verilə bilməsi mümkündür. Cavabdeh1 2006-cı ildən mübahisəli mənzildə yaşamış, keçmiş əri İddiaçı ilə birlikdə təsərrüfatı idarə etmişdir. Həmçinin onların birgə nikahdan olan uşaqları Cavabdeh2 1992ci ildə anadan olmuş, anadan olduğu vaxtdan həmin mənzildə yaşamışdır. Odur ki, məhkəmə hesab edir ki, onların uzun müddətdə həmin evdə yaşaması, tərəflərin hər ikisinin ailə və maddi vəziyyətləri, təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan məhkəmə kompensasiya məbləğinin 9720 manat müəyyən olunmasını ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 iyul 2024-cü il tarixli, 19/470 saylı ekspert rəyində ünvan 1 ünvanında yerləşən orta təmirli mənzilin aylıq kirayə haqqının orta bazar qiymətinin təxminən 270,00 manat olması qeyd edilmişdir. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 davamlı və müəyyən müddət daxilində oxşar şəraitli evdə yaşaması, təklif olunan 9720 manat kompensasiya məbləği ilə 36 ay, yəni 3 il müddətində mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, göstərilən 3 il cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda yaşadığı oxşar xüsusiyyətlərə uyğun mənzildə davamlı olaraq yaşaması üçün kifayət qədər uzun müddət hesab oluna bilər. Belə ki, mülkiyyətçinin evdən istifadə hüququna xitam verilən şəxsi daha uzun müddətə digər yerdə mənzillə təmin etməsi də, mütənasiblik prinsipi ilə ziddiyət yarada bilər. Çünki kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə mülkiyyətçi bu hüququn qorunması üçün cavabdehin mənzil hüququnun itirilməsinə görə maddi mənada ziyan ödəyir. Mülkiyyət hüququ daha üstün və qorunan təməl hüquq hesab edildiyinə görə, bu hüququn qorunması üçün mülkiyyətçini daha çox əmlak itkisinə məruz qoymaq məcburiyyətində buraxmaq da doğru yanaşma olmaz. Belə ki, işin hallarına əsasən iddiaçının da maddi və ailə vəziyyəti, daha çox kompensasiya ödəmək imkanında olub-olmaması kimi diqqətəlayiq hallar nəzərə alınmalıdır. Daha çox kompensasiya ödəmək maddi imkanına malik olmayan şəxsin mülkiyyət hüququnun qorunmaması, həmin hüququn əmlak üzərində formal olması ilə nəticələnə bilər, bu isə faktiki olaraq mülkiyyətdən məhrum etmək anlamına gəlir. Çünki tərəflər arasında gərgin münasibət vardır və həmin gərginliyə görə mülkiyyətçi İddiaçı evdən istifadə edə və faydalana bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi baxımından hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının mülkiyyətçi olaraq kompensasiya verməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi onun mülkiyyətçi olaraq hüquqlarının müdafiəsini özündə ehtiva edir və cavabdehlərə yaşayış sahəsinin istifadəçisi olaraq ədalətli kompensasiya təklif edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9720 (doqquz min yeddi yüz iyirmi) manat kompensasiya ödənilməklə onların İddiaçı məxsus Masallı şəhəri, H.Əliyev prospekti, ev 38, mənzil 3-dən istifadə hüquqlarına xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsınlar. Cavabdeh1 və Cavabdeh2 kompensasiyanın ödənilməsi və onların evdən çıxarılması eyni vaxtda icra edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar