Məhkəmə qərarları › İş №2(050)-2173/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2173/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2173/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər kimi qeyd edilmiş Masallı regional “ASAN xidmət” mərkəzində notariat kontoru) «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı şəhərində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, № ******* saylı çıxarışda qeyd edilmiş 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 349.2 m2 olan fərdi yaşayış evi və 124.5 m2 köməkçi tikilidən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə kimi onun, yəni Ərizəçi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qanun üzrə vərəsə kimi tanınması tələbinə baxılmamasını, yalnız miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2007-ci il tarixdə anası X10 isə xx.xx.2011 -ci il tarixdə Masallı şəhərində ölmüşlər. Atası vəfat etdikdən sonra ondan qalmış miras əmlak qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə anasına keçmişdir. Valideynləri xx.xx.1957-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların bu nikahlarından o və qardaş-bacıları olmuşdur. X2 mülkiyyətində fərdi yaşayış evinin inşası üçün verilmiş toraq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qalmışdır (Seriya MA, № ******* saylı Dövlət Reyestrindən Çıxarış). Həmin miras əmlakı anası öldükdən sonra faktiki olaraq qəbul etmişdir. Belə ki, o mərhumdan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Bununla bağlı ərazi nümayəndəliyinin arayış və “Azərişıq”-dan təqdim olunmuş Abonentin saldosundanda görmək olar. Həmçinin o, daimi olaraq Rusiya Federasiyasında yaşamış olsa da, Azərbaycana gəlib miras əmlak kimi qeyd olunan evdə yaşamışdır. Anası öldüyü zaman onların dəfnində iştirak etmiş, onun bütün dəfn və yas mərasimi ilə bağlı xərcləri özü ödəmişdir. Anasının sağlığında da onun bütün xərclərini qarşılamışdır. Onun ölümündən sonra da özü həmin evdə yaşamışdır. Eləcə də anasının digər vərəsələri olan qardaş və bacıları ilə aralarında heç bir mübahisəsi yoxdur, onlar anasından qalmış miras əmlakı qəbul etməmişlər və gələcəkdə də qəbul etmək fikirlərində olmamaları ilə bağlı notariusda təsdiq edilmiş ərizələr vermişlər. Lakin, bütün bunlara baxmayaraq miras əmlakın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etdiyi zaman Notariat ofisi tərəfindən vərəsəliyin qəbulu müddəti keçməsi və faktiki qəbul barədə heç bir sənəd olmadığı əsas gətirilərək miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə alınmış izahatlar: Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzinin notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun kürəkənidir. Zəkinin valideynləri vəfat etdikdən sonra onlardan qalmış evə və həyətə Zəki baxmışdır. Onların yas mərasimini Zəki keçirmişdir. Hazırda da həmin evə və həyətə Zəki nəzarət edir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 28 noyabr 1967-ci ildə Yardımlı rayonu, Yolocaq kəndində anadan olmuşdur. X12, anası X3r. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X13 18 may 2011-ci ildə ölmüşdür. Nikah haqqında şəhadətnamədən görünür ki, X35 ilə X9 arasında Masallı rayon Qeydiyyat şöbəsində 08 iyun 1957-ci il tarixdə nikah bağlamış, bu barədə 32 saylı akt qeydi var və nikah bağlandıqdan sonra ərə (arvada) Qəmbərov (a) soyadı verilmişdir. “Azərişıq”-nin saldosundan görünür ki, Masallı şəhəri Digah küçəsində yerləşən, abonet kodu **********9 olan elektrik sayğacı Ərizəçi adına qeydiyyata alınmışdır. Abdullayeva (qızlıq soyadı-Qənbərova) Atlaz Xeybi qızı, X14, Nümayəndə, X16, Yusifova (qızlıq soyadı- Qənbərova) Kəmalə Xeybi qızı, X28, X19 və X15 notariat ofisinə ayrı-ayrılıqda ərizələr təqdim edərək göstərmişlər ki, nəzərdə tutulmuş müddət ərzində xx.xx.2011-ci il tarixdə vəfat etmiş anaları X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişlər. Miras əmlaka dair istənilən əsaslarla onlara çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmirlər, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə heç bir etirazları yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Masallı şəhəri, X43 küçəsi, 12, 2-ci dalan ünvanında yerləşən fərdi yaşayış evi (köməkçi tikilələr də daxil olmaqla) və 0.04 hektar torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010) **********26-10301 reyestr nömrəsi ilə X7 adına tam payı olmaqla qeydiyyata alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat kontorunun ərizəçiyə ünvanladığı 27 may 2025-ci il tarixli, 699 saylı məktubdan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə nəzərdən keçirilərkən məlum olmuşdur ki, vərəsəliyin qəbul müddətinin keçməsinə və faktiki qəbul barədə heç bir sənəd olmadığına görə vərəsəlik işinin notariat qaydasında təsdiqlənməsi mümkün olmamış və məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 954 saylı arayışdan görünür ki, Nümayəndə anası X11 xx.xx.2011-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 3 olmuş, vəfat edənədək onunla yaşamış və hazırda yaşayan Nümayəndə və X14 qalmışdır. Onun övladları X15, X17, X16, X20, Ərizəçi, X23 və X29 ailə tərkibindən çıxıb getmişlər. X1 başqa vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 may 2025-ci il tarixli, 5-66-7/2-140/2025 məktubdan görünür ki, ünvan 3 ünvanında yaşamış mərhum X11 xx.xx.2011-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlaka Ərizəçi faktiki olaraq idarə etməklə sahiblik və nəzarət edir. 30 aprel 2010-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 07 mart 2007-ci il tarixdə vəfat etmiş X21 vərəsəsi arvadı-X8r. Şəhadətnamə verilən Miras əmlak DƏDRX-nin Cəliabad Ərazi İdarəsinin 02.04.10-cu il tarixli 23/435 saylı arayışına əsasən mərhum X24 məxsus olan Masallı şəhəri Axundov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 349.2 kv.m yaşayış sahəsi 63.6 kv.m köməkçi sahə 285.6 kv.m olan iki mərtəbəli üç otaqlı yaşayış evi və 124.5 kv.m köməkçi tikilidən ibarətdir. Şəhadətnamə DƏDRX-nin Cəlilabad Ərazi İdarəsində qeydiyyatdan keçirilməlidir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, X10 xx.xx.2011-ci ildə vəfat etdikdən sonra Masallı şəhəri Axundov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 349.2 kv.m yaşayış sahəsi 63.6 kv.m köməkçi sahə 285.6 kv.m olan iki mərtəbəli üç otaqlı yaşayış evi və 124.5 kv.m köməkçi tikili miras əmlak kimi qalmışdır. Miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat kontoruna müraciət edilməmişdir. Mərhum vəfat edərkən, yəni miras əmlak açılarkən birinci növbə vərəsələri- övladları Abdullayeva (Qənbərova) Atlaz Xeybi qızı, X14, Nümayəndə, X16, X23, X28, X19, X15 və Ərizəçi sağ olmuşlar. Həmin birinci növbə vərəsələrindən yalnız Ərizəçi miras əmlakı faktiki olaraq idarə etmiş, digər vərəsələr isə miras əmlakı qəbul etməyərək miras əmlakı qəbul etmək niyyətlərinin olmadığını notariat ofisinə ərizələrini təqdim etmişlər. Vərəsələrin arasında miras əmlakla bağlı mübahisə yoxdur. Tətbiq edilən hüquq: Məhkəmə ərizəçinin tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd edir ki, iş üzrə toplanmış sənədlər və alınmış şahid ifadəsi ilə müəyyən edilir ki, Ərizəçi mərhum X2 birinci növbə vərəsəsidir. Ərizəçi miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinin faktiki olaraq idarəçiliyini həyata keçirməklə miras əmlakı qəbul etməkdən ibarət hərəkətlər etmişdir. Belə ki, o, daimi olaraq Rusiya Federasiyasında yaşasa da, miras qalmış əmlakın faktiki olaraq idarəçiliyini həyata keçirmiş, Azərbaycana gəldiyi vaxtlarda həmin evdə yaşayaraq kommunal xərcləri ödəmişdir. Digər vərəsələr isə miras əmlakı qəbul etməmişlər və gələcəkdə qəbul etməyəcəkləri ilə bağlı notariat qaydada təsdiq edilmiş ərizələr təqdim etmişlər. Odur ki, məhkəmə ərizənin əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin: 395.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.9-cu maddəyə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 309.2-ci maddəyə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 18 may 2011-ci ildə ölmüş X5 miras qalmış Masallı şəhərində yerləşən Hüququların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, № ******* saylı çıxarışda qeyd edilmiş 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 349.2 m2 olan fərdi yaşayış evi və 124.5 m2 köməkçi tikilidən ibarət miras əmlakın birinci növbə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 may 2011-ci ildə ölmüş X6 adına mülkiyyət hüququ ilə Hüququların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış Masallı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 349.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 124.5 m2 köməkçi tikilidən ibarət miras əmlakın birinci növbə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar