Məhkəmə qərarları › İş №2(050)-2188/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2188/2025

16.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2188/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Yaqub oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yaqub oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X11 və mərhum anası X3 miras qalmış Masallı rayonu, Lürən kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə payçıların paylarının müəyyən edilməsi, mərhum atasının və anasının payına düşən hissənin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Masallı rayonu, Lürən kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı rayonu, Lürən kəndində yaşayır. Mərhum atası X26 xx.xx.2005-ci ildə, mərhum anası X8 xx.xx.2015-ci ildə, mərhum qardaşı X13 xx.xx.2024-cü ildə və mərhum bacısı X27 xx.xx.1994-cü ildə vəfat etmişlər. Onların vəfatından sonra o, və digər bacı qardaşları birinci növbəli vərəsə olaraq qalmışlar və ondan qalmış miras əmlakı qəbul etmişlər. Mərhum atası və anasının mülkiyyətində Masallı rayonu, Lürən kəndində yerləşən 0.28 hektar həyətyanı və 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Valideyinləri vəfat etdikdən sonra onlardan miras qalmış əmlakı o, idarə etmiş, onlardan miras qalmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində o, yaşayır və mirası idarə edir. Hər iki torpaq sahəsi ümumi birgə mülkiyyətdir, mərhum atası və anasının payı vardır. Həmin paylar müəyyən edilməli və daha sonra vərəsəlik qaydasında bölünməlidir. O, mərhum valideyinlərinin birinci növbəli vərəsəsidir, onlardan qalmış miras əmlakın müəyyən hissəsini qəbul etmiş, idarə etmiş və vərəsəliyi qəbul etmişdir. Hazırda miras əmlakın bölünməsi ilə bağlı vərəsələr arasında mübahisə vardır. Vərəsəliyin müəyyən olunması barədə notariat orqanına müraciət etmiş, Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 743 saylı imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Yaqub oğlu məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, mərhum atası X26 xx.xx.2005-ci ildə və mərhum anası X8 xx.xx.2015-ci ildə vəfat etmişlər. Mərhum valdeyinlərindən miras qalmış Masallı rayonu, Lürən kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsini və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq qardaşı İddiaçı qəbul etmişdir. Ona görə də, iddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclası zamanı Cavabdeh1 Yaqub oğlu ilə eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, üçünçü şəxslər X14, X15, X16, X20 və X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - JN-085A, KOD 80516028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 42 nömrəli qərarı ilə X17 və X4 mülkiyyətinə 0.28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - JN-110, KOD 80516028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə X17, X5 və Cavabdeh1 Yaqub oğlunun mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.66 hektar torpaq sahəsi verilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 27 oktyabr 2005-ci il tarixdə beynə qansızma səbəbindən Masallı rayonu, Lürən kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 02 may 2015-ci ildə beynə qnsızma səbəbindən Masallı rayonu, Lürən kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 16 dekabr 2024-cü ildə beyin ödemi səbəbindən sumqayıt şəhərində ölmüşdür. - Ölüm haqqında arayışdan görünür ki, X27 18 yanvar 1994-cü ildə dərman zəhərlənməsi səbəbindən Masallı rayonu, Lürən kəndində ölmüşdür. - Masallı RİHB-nin Lürən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 17 iyul 2025-ci il tarixli, 5-66-20/2-12/2025 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Lürən kənd sakini olmuş mərhum X18 əri X20 ərazidə qeydiyyatdadır, hal-hazırda ərazidə yaşamır, uzun müddətdir Rusiya Fedrasiyasında yaşayır, mərhumun oğlu X21 ərazidə qeydiyyatda deyil, hal-hazırda ərazidə yaşamır. - X12 notariat qaydada təsdiq olunmuş 13 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X17 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Mirasın qəbulu üçün müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. - X9 notariat qaydada təsdiq olunmuş 13 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş babası-X17 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Mirasın qəbulu üçün müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. - X10 notariat qaydada təsdiq olunmuş 13 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş babası-X17 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Mirasın qəbulu üçün müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. -Masallı RİHB-nin Masallı Rayon Lürən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 may 2025-ci il tarixli, 08 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum anası X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Lürən kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan, oğlu X22 xx.xx.1965, oğlu Cavabdeh1 Yaqub oğlu xx.xx.1972, X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları-oğlu Cavabdeh2 xx.xx.1952, oğlu X13 xx.xx.1962/ xx.xx.2024 (vəfat edib), qızı X27 xx.xx.1967/xx.xx.1994 (vəfat edib), qızı Cavabdeh4 xx.xx.1956 və qızı Cavabdeh4 1960. X1 qeyd olunan vərəsələrdən başqa vərəsələri yoxdur. - Nikah haqqında arayışdan görünür ki, X26 ilə X8 arasında Masallı rayonu, Musaküçə kənd icra nümayəndəliyi tərəfindən bağlanmış 28 noyabr 1951-ci il tarixli, 10 saylı nikah qeydi olmuşdur. - Doğum haqqında arayışdan görünür ki, İddiaçı 08 avqust 1965-ci ildə doğulmuş, atası X26, anası X7r. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı miras qoyan mərhumlar X26 və X6 doğma oğlu olmaqla birinci növbə vərəsəsidir. Miras qoyanlar Yaqub Bağışov xx.xx.2005-ci ildə, Qıztamam Nurullayeva isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Miras əmlak Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə mülkiyyətə verilmiş 0.28 hektar həyətyanı və 0.66 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən ibarətdir. Miras qoyanın birinci növbə olan vərəsələri (cavabdehlər) Cavabdeh1, Cavabdeh2 və mərhum Şirməmməd Şükürovun vərəsələri onlara çatası paydan imtina etmişlər. Qeyd olunan miras əmlak birinci növbə vərəsə kimi iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və onun tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə X2 və X3 miras qalmış JN-085A, KOD 80516028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Lürən kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin və JN-110, KOD 80516028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Masallı rayonu, Lürən kəndində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə birinci növbə vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 və X3 miras qalmış JN-085A, KOD 80516028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Lürən kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin və JN-110, KOD 80516028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Masallı rayonu, Lürən kəndində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə birinci növbə vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar