Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2206/2025 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh qanunsuz çiyələk bitkisi əkərək zəbt etdiyi 0.16 ha meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizənin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə 11 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən Masallı meşəbəyliyinin 18 saylı meşə dolayında Dövlət meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı Masallı rayonu Meşəkənar kəndində yaşayan Cavabdeh tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının, 10-cu kvartalının, 19-cu bölməsində 0.16 ha torpaq sahəsində çiyələk bitkisi əkilərək zəbt olunması faktı aşkar olunmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı 11 saylı X1 Mərkəzinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. 28 noyabr 2024-cü il tarixli, 004516 nömrəli aktdan görünür ki, 11 saylı X1 Mərkəzinin 18 saylı meşə dolayında 10-cu kvartalının 19-cu bölməsində Cavabdeh tərəfindən 0.16 ha torpaq sahəsinin zəbt edildiyi və orda çiyələk əkilməsi aşkar edildi.
8. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 30 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 11 saylı X1 Mərkəzinin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının, 10-cu kvartalının, 19-cu bölməsində 0.16 ha meşə fondu torpağı zəbt olunaraq çiyələk bitkisinin əkilib becərilməsi faktı müəyyən edilmişdir. Xəbərdarlıq məktubu rəsmi qaydada alındığı gündən etibarən 10 (on) gün müddətində meşə fonduna aid zəbt edilmiş torpaq sahəsi əvvəlki vəziyyəti bərpa edilməklə boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır. Göstərilən müddət bitdikdən sonra ərazi Mərkəzə təhvil verilmədiyi təqdirdə Cavabdeh barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza materialına görə Masallı rayonu Müşəkənar kəndi ərazisində Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.1866 (iddia tələbinə görə 0.16 ha) hektaradək torpaq sahəsinin naurada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 2. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza materialına görə Masallı rayonu Meşəkənar kəndi ərazisində Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.1866 (iddia tələbinə görə 0.16 ha) hektaradək torpaq sahəsinin hüdudları daxilində hər hansı tikilinin mövcud olmadığı, çiyələk əkini altında olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti (koordinatları) müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. 3. Cavabdeh istifadə etdiyi Masallı rayonu, Meşəkənar kəndi ərazisində çiyələk əkini altında olan torpaq sahəsinin 1993-cü il tarixli meşə quruluşu xəritəsinin elektron baza məlumatı materialı yoxluğundan Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının 11 saylı X1 Mərkəzinin ərazisinə düşübdüşməməsini müəyyən etmək mümkün olmasa da, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu, Meşəkənar kəndi ərazisində Cavabdeh istifadə etdiyi çiyələk əkini altında olan torpaq sahəsi Dövlət mülkiyyətində saxlanılmış Meşə fondu torpaqlarına aid ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. 4. Cavabdeh istifadə etdiyi Masallı rayonu, Meşəkənar kəndi ərazisində çiyələk əkini altında olan torpaq sahəsi 1993-cü il tarixli meşə quruluşu xəritəsinin elektron baza məlumatı materialı yoxluğundan Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının 11 saylı X1 Mərkəzinin ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmasa da, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu, Meşəkənar kəndi ərazisində Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.1866 (iddia tələbinə görə 0.16 ha) hektaradək torpaq sahəsinin Dövlət mülkiyyətində saxlanılmış Meşə fondu torpaqlarına aid ərazinin cizgisi daxilində naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 5. Cavabdeh istifadə etdiyi Masallı rayonu, Meşəkənar kəndi ərazisində çiyələk əkini altında olan torpaq sahəsi 1993-cü il tarixli meşə quruluşu xəritəsinin elektron baza məlumatı materialı yoxluğundan Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının 11 saylı X1 Mərkəzinin ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmasa da, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu, Meşəkənar kəndi ərazisində Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.1866 (iddia tələbinə görə 0.16 ha) hektaradək torpaq sahəsinin Dövlət mülkiyyətində saxlanılmış Meşə fondu ərazisinin hüdudları daxilində naturada yerləşmə vəziyyəti məyyənləşdirilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.
10. Ödəniş tapşırığından görünür ki, Meşələrin İnkişafı Xidməti tərəfindən 95 manat məbləğində pul ödənilmişdir.
İşin faktiki halları:
11. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayonu Meşəkənar kənd sakini Cavabdeh tərəfindən Meşə Fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşən, faktiki istifadəsi kimi naturadan plana alınmış 0.1866 ha torpaq sahəsi zəbt olunaraq orda qanunsuz olaraq çiyələk əkmişdir. Ona görə də, iddiaçı Masallı rayonu Meşəkənar kənd sakini Cavabdeh qanunsuz zəbt etdiyi meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X1 Mərkəzinə təhvil verilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 4-cü maddəsinə əsasən meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46-cı maddəsinin 1-ci bəndinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir. 4-cü bəndə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
16. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Beləliklə, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsində çiyələk əkməsi işin mübahisəsiz halıdır.
19. Belə ki, iş materialları, təqdim olunmuş sübutlar, mütəxəssis rəyi, eyni zamanda iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan Meşə fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşir. Cavabdeh həmin torpaq sahəsini özbaşına tutaraq orada heç bir icazə almadan çiyələk əkmişdir. Lakin mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi 0.16 ha deyil, 0.1866 ha təşkil edir. Cavabdeh torpaq sahəsini özbaşına tutduğundan qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən cavabdeh tərəfindən torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməlidir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
23. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
24. Məhkəmə hesab edir ki, iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Meşəkənar kəndində yerləşən, Cavabdeh istifadəsində olan 0.16 ha meşə fondu torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X1 Mərkəzinə təhvil verilməlidir.
27. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Masallı rayonu, Meşəkənar kəndində yerləşən Cavabdeh istifadəsində olan 0.16 ha meşə fondu torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X1 Mərkəzinə təhvil verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 95 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X1 Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zeynal Zeynalov