Məhkəmə qərarları › İş №2(050)-2214/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2214/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2214/2024 14.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağlanmış icarə müqaviləsinə əsasən mopedin dəyəri olan 3000 manat və maddi zərər (əldən çıxmış fayda) olaraq 2200 manat pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tufan M 50 modelli mopedin dəyəri olaraq3000 (üç min) manat və maddi zərər olaraq (əldən çıxmış fayda) 2900 (iki min doqquz yüz) manat və 79 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X1 ilə 19 mart 2024-cü il tarixdə “motorlu nəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlamışlar. Həmin icarə müqaviləsinin 1.1-ci maddəsində qeyd olunur ki, icarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan Model: Tufan M 50, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsini icarəçinin mülkiyyətinə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd olunur ki, bu müqaviləyə əsasən icarəyə verən motorlu nəqliyyat vasitəsini tərəflərin razılığına əsasən 3000 (üç min) manat dəyərində qiymətləndirir. İcarəçi müqavilənin bütün bu şərtləri ilə razılaşmış və müqaviləni imzalamışdır. İcarə müqaviləsinin 2.1.1-ci maddəsində qeyd olunur ki, icarəyə verən icarəçidən 100 AZN məbləğində depozit alır. Həmin müqavilənin 2.1.3-cü maddəsində qeyd olunur ki, icarəçi minumum 10 ay icarəyə götürdüyü motorlu nəqliyyat vasitəsini istifadə etməyi öz öhdəsinə götürür. 10 aydan tez icarəçi motorlu nəqliyyat vasitəsini hər hansı bir səbəbdən geri qaytararsa icarəçinin verdiyi depozit geri qaytarılmır. İcarə müqaviləsinin 2-ci icarəçinin öhdəlikləri bölməsinin 2.2.1-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsinin təyinatına uyğun istifadə edir və motorlu nəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği yəni günlük 10 AZN vaxtında icarəyə verənə ödəyir. Müqaviləni 2.2.2-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsini icarəyə verəndən təhvil aldıqda bu müqavilə ilə yanaşı tərtib olunmuş təhvil-təslim 1 aktını imzalamalıdır. Həmin akt tərtib olunmuş və icarəçi həmin aktı imzalamışdır. Həmin müqavilənin 2.2.3-cü maddəsində qeyd olunur ki, motorlu nəqliyyat vasitəsi razılaşdırılmış müddətin sonunda hər iki tərəfin birlikdə imzaladığı təhvil-təslim 2 aktı əsasında geri təhvil verilir. Aktın icarəçi tərəfindən imzalanamaması və ya hər hansı bir formada boyun qaçırması və ya tərtib olunmuş sənədlərdə hər hansı bir formada icarəyə verənin qəbul iradəsinin görünməməsi motorlu nəqliyyat vasitəsinin geri qaytarılmamsı kimi nəticələr yaradır. İcarə müqaviləsinin 3.1-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsinin gündəliyi üçün 10 AZN ödəyir, lakin icarəçi nəqliyyat vasitəsinin gündəlik istifadəsi üçün müəyyən olunmuş bu haqqı iddia ərizəsi tərtib olunan günə kimi ödəməmişdir. İcarə haqqı hesablanarkən mart ayında qalmış 10 gün və ondan sonra iddia ərizəsi tərtib olunan müddətədək keçən günlər 70 günə bərabərdir, həmin günləridə 10 günə vurduqda 700 (yeddi yüz) manat edir. Məhkəmə həmin iddia ərizəsinə 4 ay ərzində baxacaqdır və bir ay da qətnamənin qanuni qüvvəyə mindiyi günü hesablanarsa, cəmi 5 aya bərabərdir. 5 ay 30x5=150 gün təşkil edir. Həmin günləri də 10 manata vurarkən 1500 manat təkil edir. Ümumi vurulan ziyan 2200 manat təşkil edir. Ümumi vurulan ziyan 700+2200=2900 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 - ci maddəsində qeyd edilir ki. Zərərin əvəzinin tələb edilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bağladıqları müqavilədə belə bir hal nəzərdə tutulmamışdır. İcarəçi icarə müqaviləsinin şərtlərini pozmaqla adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən onu mərhum etmişdir. Bundan əlavə icarəçi icarəyə götürdüyü 3000 manat dəyərində mopedi almış, hazırda isə geri qaytarmır. Buna görə də icarəçi həmin mopedin dəyəri olaraq 3000 (üç min) manatı da icarəçiyə ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mopedin icarə müqaviləsinə əsasən qiyməti 3000 manat göstərilmiş və hazırda da onun müqavilə üzrə olan qiyməti cavabdehdən tələb edilir. Bundan başqa cavabdeh mopedin itməsini bildirsə, də bu barədə aidiyyəti orqanlara müraciət etməmişdir. Bu da onu göstərir ki, özü qəsdən mopedi qeyri-qanuni olaraq satmış və ya bilərəkdən onu mənimsəmişdir. Həmçinin mopedin itməsini bildirdikdən sonra onun itməsini bəhanə gətirərək, onun günlük icarə haqqını da ödəməmişdir. Odur ki, həmin ödənilməyən icarə haqqları da iddiaçıya ödənilməlidir. Sonda Nümayəndə1 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək, bildirmişdir ki, cavabdeh onun oğludur. Oğlu 2-ci qrup gözdən əlildir. Oğluna moped verilərkən onunla əlaqə saxlanılmamış, ondan xəbərsiz ona moped verilmişdir. Oğlu mopeddən bir müddət istifadə etmiş və oğlunun deməsinə görə moped naməlum şəraitdə itmişdir. Hazırda iddianı qismən qəbul edir. Moped iddiaçıya məxsus olduğundan onun qaytarılmasının tərəfdarıdır. Əgər moped tapılmazsa, onun dəyərini cavabdehə ödəməyə hazırdır. Lakin, mopedin müqavilədə göstərilmiş qiyməti ilə razı deyil, çünki qeyd edilən standartlarda olan mopedin real bazar qiyməti aşağıdır. Hazırda ümumiyyətlə mopedin dəyərini qaytarmaq üçün maddi imkanı yoxdur. Hesab edir ki, ona müəyyən qədər vaxt verilsə pulu ödəməyə çalışacaqdır. O, iddiaçının əlavə tələb etdiyi günlər üçün hesabladığı məbləğləri də qəbul etməmiş, moped itdiyindən həmin müddətdən sonra ondan istifadə edilməmiş və qazanc əldə edilməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 19 mart 2024-cü il tarixli “motorlu nəqliyyat vasitəsinin icarə müqaviləsi”-ndən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında Tufan M50, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsinin icarəçinin mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icarəçi həmin nəqliyyat vasitəsindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd olunur ki, bu müqaviləyə əsasən icarəyə verən motorlu nəqliyyat vasitəsini tərəflərin razılığına əsasən 3000 (üç min) manat dəyərində qiymətləndirir. İcarəçi müqavilənin bütün bu şərtləri ilə razılaşmış və müqaviləni imzalamışdır. İcarə müqaviləsinin 2.1.1-ci maddəsində qeyd olunur ki, İcarəyə verən icarəçidən 100 AZN məbləğində depozit alır. Həmin müqavilənin 2.1.3-cü maddəsində qeyd olunur ki, icarəçi minumum 10 ay icarəyə götürdüyü motorlu nəqliyyat vasitəsini istifadə etməyi öz öhdəsinə götürür. 10 aydan tez icarəçi motorlu nəqliyyat vasitəsini hər hansı bir səbəbdən geri qaytararsa icarəçinin verdiyi depozit geri qaytarılmır. İcarə müqaviləsinin 2-ci icarəçinin öhdəlikləri bölməsinin 2.2.1-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsinin təyinatına uyğun istifadə edir və motorlu nəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği, yəni günlük 10 AZN vaxtında icarəyə verənə ödəyir. Müqavilənin 4.7-ci bəndinə əsasən icarəçi istifadə müddətində motorlu nəqliyyat vasitəsinin saz vəziyyətdə qalmasını öz öhdəliyinə götürür. İcarəçi zəmanət verir ki, motorlu nəqliyyat vasitəsini nəzarətsiz qoymayacaq. Əgər nəqliyyat vasitəsi itər və oğurlanarsa bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş məbləği icarəyə verənə ödəməlidir. 19 mart 2024-cü il tarixli, 10114064 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 "xxxx" MMC-dən Tufan M 50 markalı, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsini İddiaçı 1700 manata almışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında motorlu nəqliyyat vasitəsinin icarəyə verilməsi ilə bağlı yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Tufan M 50 markalı, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsi qiyməti 3000 manat qiymətləndirilməklə icarəyə verilmiş, icarəçi gündəlik 10 manatı icarəyə verənə verməyi öhdəliyini üzərinə götürmüşdür. İşin mübahisəli halı isə cavabdeh müqavilədə mopedin qiyməti ilə bağlı razılıq əldə edilməsini bildirsə də, həqiqətdə isə qeyd edilən standartlarda olan mopedin real bazar qiymətinin aşağı qiymətə olduğunu, eyni zamanda moped itirildiyindən mopedin istifadəsi üzrə gündəlik 10 manatın tələb edilməsinin qanunsuz olduğunu bildirərək, qeyd edilən halları mübahisələndirmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir: 152.1. mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2.icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 691-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi müddətləri göstərilmişdir: 691.4. daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.4.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; 691.4.2. əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə. Qeyd edilən müqavilənin bağlanma qaydası, formasına, ümumlikdə etibarlı müqavilə olub-olmaması məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, müqavilənin yekun müddəalar başlıqlı 4-cü səhifəsində iddiaçının imzası və möhürü olsa da, icarəyə götürənin (cavabdehin) imzası yoxdur. Müqavilənin digər səhifələri cavabdeh tərəfindən imzalanmışdır. İddaçının nümayəndəsi izahatında müqavilənin tanış olub imzalanması üçün cavabdehə təqdim etdiklərini, cavabdehin isə bütün səhifələri imzaladığını, sonuncu vərəqi imzalamağı unutduğunu bildirmişdir. Onlar sonradan müqavilənin sonuncu vərəqinin imzalanmadığını aşkar etmişdilər. Cavabdehin nümayəndəsi müqavilənin bağlandığını təsdiq edərək, müqavilədən irəli gələn öhdəliklərin götürüldüyünü təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin sonuncu vərəqi cavabdeh tərəfindən imzalanmasa da, həmin müqavilədə qeyd edilənlər cavabdehin iradəsini əks etdirdiyindən, müqavilənin sonuncu vərəqində qeyd edilən müddəalar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin müqavilə etibarlı müqavilə hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mopedin icarəyə verilməsi barədə razılaşmaya əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, eyni zamanda icarəyə verilmiş mopedi itirməsi səbəbindən geri qaytarmadığından iddiaçı mopedin dəyərini cavabdehdən tələb etməyə haqlı olmuşdur. Lakin, məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən iddia tələbi icarə haqqının tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsinin 4.7-ci bəndində göstərilmişdir ki, icarəçi istifadə müddətində motorlu nəqliyyat vasitəsinin saz vəziyyətdə qalmasını və nəqliyyat vasitəsini nəzarətsiz qoymayacağını öz öhdəliyinə götürmüş, nəqliyyat vasitəsi itər və ya oğurlanarsa bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş məbləği, yəni razılaşdırılmış 3000 manatı icarəyə verənə ödəməyə razılaşmışdır. Cavabdeh mopedin müqavilədə nəzərdə tutulmuş qiymətinin artıq göstərilməsi, həqiqətdə isə real bazar qiymətinin aşağı qiymətə olduğunu göstərməsi ilə bağlı məhkəmə qeyd edir ki, baxmayaraq ki, icarəyə verənin qeyd edilən mopedi 1700 manata almasını təsdiq edən alqı-satqı müqaviləsi iş materiallarında vardır, yenə də cavabdehin həmin hissədə etirazı əsaslı deyildir. Çünki cavabdeh müqaviləni bağlayarkən mopedin qiymətinin 3000 manat olması ilə bağlı razılığını ifadə edərək müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Göründüyü kimi, iddiaçı müqavilə müstəqilliyindən çıxış edərək özünə məxsus əmlakı 3000 manat məbləğində qiymətləndirmiş, cavabdeh də həmin məbləğlə razılaşmışdır. İddiaçının nümayəndəsi məhkəmə prosesləri zamanı izahat verərkən bildirmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehdən verdikləri mopedi dəfələrlə geri qaytarmasını tələb etsələr də, sonuncu mopedi itirdiyini bildirərək qaytarmaqdan imtina etmişdir. Buna görə də onlar məhkəməyə müraciət edərək mopedin dəyərini tələb etmək məcburiyyətində qalmışdılar. Bu hal bir daha təsdiq edir ki, iddiaçının mopedin qiymətini 3000 manat qiymətləndirməkdə məqsədi qarşı tərəfdən artıq pulun alınmasına nail olmaq deyil, sadəcə olaraq özünə məxsus əmlakın dəyərinin həmin məbləğdə olduğunu hesab etdiyindən müqavilədə o cür göstərmişdir. Ona görə də iddiaçının mopedin dəyəri kimi 3000 manat pul tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının mopeddən istifadəyə görə tələb etdiyi pul vəsaiti ilə bağlı məhkəmə hesab edir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, həmin tələbdə göstərilmişdir ki, icarəçi motorlu nəqliyyat vasitəsini icarəyə götürdüyü 19 mart 2024-cü il tarixdən etibarən hər gün üçün 10 AZN olmaqla, iddia ərizəsi tərtib olunan günə kimi, yəni 13 iyun 2024-cü il tarixədək ödəməmiş, məhkəmədə həmin iddia ərizəsinə 4 ay ərzində baxılacağını, bundan sonra bir ay ərzində qətnamənin qanuni qüvvəyə minməsini nəzərə alaraq ümumilikdə 2900 manat tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 13 iyun 2024-cü il tarixədək gündəlik 10 manat olmaqla icarə haqqını tələb etməkdə haqlı olmuş, işə məhkəmədə baxıldığı dövrdə isə icarə haqqının tələb edilməsini isə əsaslı hesab etmir. Çünki iddiaçı mopedi icarəyə verdiyi tarixdən ümumiyyətlə icarə haqqı cavabdeh tərəfindən ödənilməmiş, gündəlik icra edilməsi nəzərdə tutulan öhdəliyin icra edilmədiyi vəziyyətdə iddiaçının müqaviləni daha tez ləğv etmək imkanı olmasına baxmayaraq, uzun müddət sonra məhkəməyə müraciət etmişdir. İddiaçının öz hüququndan istifadə edərək müqavilənin ləğvi ilə bağlı gec müraciət etməsi və bunun qarşılığından daha çox məbləğ tələb etməsi cavabdehin əmlak vəziyyətini mənfi təsir edə bilər. Bu səbəbdən də, iddia qismən təmin edilməli müqavilənin bağlandığı vaxtdan məhkəməyə müraciət edildiyi vaxtadak keçən 2 ay 25 gün müddətində icarə haqqı hesablanmaqla, ümumilikdə 850 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütə- nasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun 58,5 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh bağlanmış icarə müqaviləsinə əsasən mopedin dəyəri olan 3000 manat və müqavilə üzrə hesablanmış 850 manat icarə haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 58.50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar