Məhkəmə qərarları › İş №2(050)-2220/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2220/2023

25.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2220/2023 25.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1967-ci ildə Masallı şəhərində anadan olmuşdur. X6 09 may 1991-ci ildə, anası X12 30 aprel 1993-cü ildə Masallı şəhərində vəfat etmişlər. X4 Masallı şəhəri S.Vurğun küçəsi 24 saylı evdə 2 mərtəbəli 8 otaqlı evi olmuşdur. Hal-hazırda həmin evin 4 otağı cavabdeh tərəfindən sökülmüşdür. Cavabdeh sökülmüş evin materiallarından istifadə etməklə atasının istifadəsində olmuş həyətyanı sahəsində özünə ayrıca yaşayış evi tikmişdir. Hal-hazırda atasından miras qalmış Masallı şəhəri S.Vurğun küçəsi 24 saylı evin 4 otağı sökülməmiş qalmışdır. O, atasına məxsus həmin evdə 2022-ci ilin dekabr ayınadək yaşamışdır. Cavabdehlə aralarında yaranmış narazılıqlar nəticəsində, ona atasına məxsus olmuş evdə yaşamasına maneçilik göstərməklə bərabər evə buraxmır. Evə buraxmamaqla bərabər həmin evin pasport qeydiyyatına almağına razılıq verməmişdir. Hal-hazırda başqa ünvanda yaşamaqla bərabər başqa yerə qeydiyyata alınmışdır. Atasının Masallı şəhəri S.Vurğun küçəsi 24 saylı evi 1964-cü ildə tikilmiş və 559 saylı texniki invertar nömrəsi ilə qeydə alınmışdır. O, həmin evdə böyümüşdür. Cavabdeh qədər onun da həmin evdən istifadə etmək hüququ vardır. Onun hazırda yaşamağa başqa bir yeri yoxdur. Dəfələrlə cavabdehə həmin evdə yaşamaq hüququnun olduğunu bildirməsinə baxmayaraq, cavabdeh onu həmin evdə yaşamağa qoymur. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdeh Qurbanəli qardaşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhmasib isə qardaşı oğludur. 8-ci sinifə qədər köçmək istədiyi evdə valideynləri ilə yaşamışdır. Həmin evi mərhum atası inşa etmiş, evin bir otağını isə yaşamaq üçün ona vermişdir. 1994-cü ildə ailə qurduqdan sonra daimi olaraq Bakıda yaşamış, lakin sonradan həmin evi satmışdır. Həmişə Masallı rayonuna gələndə həmin evdə qalmışdır. Hazırda arvadı və uşaqları Bakı şəhərində yaşayır, özü isə işi ilə əlaqədar Masallı rayonuna gəlmiş, cavabdeh onu evə buraxmadığı üçün məcburiyyət qarşısında qalıb məktəbli olan 2 uşağı ilə birlikdə kirayə tutduğu evdə yaşayır. Qardaşı Cavabdeh onu evə qoymur, ata evi olduğuna və vərəsə kimi onun da payı olduğuna görə göstərdiyi hallara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin ev mərhum atası tərəfindən inşa edilsə də, vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmiş və hal-hazırda oğlu Təhmasib İsayevin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. O, hər dəfə həmin evə gələndə qardaşı İddiaçı qonaq kimi qalmışdır. Mübahisəli ev darısqaldır, həmçinin həmin evdə onun gəlini və nəvələri də yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirdi ki, həmin ev hal-hazırda ona məxsusdur. Bunu təsdiq edən sənədlər də vardır. Əmisi İddiaçı həmişə Bakı şəhərində yaşamışdır. Hər dəfə Masallı rayonuna gələndə onlarda qonaq qalmışdır. Hal-hazırda işi ilə əlaqədar İddiaçı Masallı rayonuna köşmüş və daimi olaraq onun mülkiyyətində olan evdə yaşamaq istəyir. Evdə valideynləri və öz ailəsi yaşayır, İddiaçı daimi yaşaması mümkün deyil və mülkiyyətçi kimi buna razı deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1967-ci ildə anadan olmuşdur, X6, anası X10r. Ölüm haqqında arayışlardan görünür ki, X11 09 may 1991-ci ildə, X12 30 aprel 1993cü ildə vəfat etmişdir. Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsinin 28 fevral 2023-cü il tarixli, 472 saylı arayışdan görünür ki, İddiaçı, X7 doğma oğludur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumat görünür ki, Masallı şəhəri, Səməd Vurğun küçəsi, 96 (keçmiş S.Vurğun küçəsi 20) yerləşən 0.0386 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evi Təhmasib İsayevin tam mülkiyyətinə verilmişdir. Hüquq xx.xx.2020-ci il ildə qeydiyyata alınmışdır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı şəhəri, Səməd Vurğun küçəsi, 96 (keçmiş S.Vurğun küçəsi 20) yerləşən 0.0386 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evi Təhmasib İsayevin adına mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il ildə qeydiyyata alınmışdır. Göründüyü kimi, yeni hüquq münasibəti 2020-ci il də yarandığına görə, mənzilə köçmək hüququnun əsaslılığı qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, iddiaçının yaşamaq istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Təhmasib İsayevin adına mülkiyyət hüququ üzrə qeydə alınmaqla onun mülkiyyətindədir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından İddiaçı onun ailə üzvü hesab olunmur. Belə ki, maddədən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvlərinin dairəsi konkret olaraq onun arvadı (əri), habelə onun uşaqları və valideynləri göstərilmişdir. Belə olan halda, İddiaçı ailə üzvü hesab olunmur və onun köçmək istədiyi evə mənzil hüququ yaranmır. Təhmasib İsayev mülkiyyətçi kimi, əmisi İddiaçı əvvəllər evində qonaq saxlamasına razılıq verməsi, İddiaçı yaşayış sahəsi olaraq mənzil hüququnun yaranması üçün həmin evlə yetərli və davamlı əlaqələrinin olması anlamına gəlməməlidir. İddiaçı həmin evin mərhum atası tərəfindən inşa edilməsini və vərəsə kimi onun evə hüququnun olmasını bildirsə də, Mülki Məcəllənin 140-cı maddəsinin tələbi baxımından evin Təhmasiv İsayevin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, onun vərəsə kimi atadan miras qalmış evinə hüququnun olması barədə əsasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar