Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-23/2025 31.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Kolatan bələdiyyəsi) zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,29 hektar torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh1 həmin torpaq sahəsinin ona geri qaytarılması, orada olan maneələrin cavabdeh tərəfindən aradan qaldırılması (tikilinin sökülməsi), torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında zərurət yarandığından Masallı rayon Kolatan bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 26 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə cavabdeh qismində qeyd edilmiş Cavabdeh1 əsl olan cavabdehlərlə, yəni Cavabdeh2 və Cavabdeh3 ilə əvəz edilməsini və həmin şəxslərin cavabdeh qismində tanınmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 31 iyul 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin məzmununda zəbt edilmiş torpaq sahəsinin qaytarılması, maneələrin aradan qaldırılması və evlərin sökülməsini göstərsə də, iddianın “xahiş edirəm” hissəsində tikilinin sökülməsi kimi qeyd etmiş, lakin konkret olaraq evlərin sökülməsini qeyd etməmişdir. Odur ki, iddia tələbində dəqiqləşmə apararaq zəbt edilmiş torpaq sahəsinin qaytarılması, torpaq sahəsində maneələrin aradan qaldırılması, iddia etdiyi torpaq sahəsində yerləşən evlərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: Aparılmış torpaq islahatı zamanı Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarına əsasən, "Torpağın mülkiyyətə verilməsinə dair, JN-238 seriyalı, KOD 80506029 olan şəhadətnamə ilə ailə üzvlərinə (həyat yoldaşı X5 və özü-İddiaçı Nehmət qızı) 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həyat yoldaşı X5 2012-ci ildə vəfat etmişdir. Torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsinə baxmayaraq, 2011-ci ildən həmkəndlisi Cavabdeh1 tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş və hal-hazıra kimi istifadə edilir. Cavabdeh torpaq sahəsini dəmir torlarla çəpərə alaraq orada əkin işləri ilə məşğul olmaqla yanaşı yaşayış evləri inşa etmişdir. Onun mülkiyyətində olan sözü gedən torpaq sahəsinin boşaldılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirib torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdehin zəbt edərək istifadə etdiyi torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədi də yoxdur. O, mübahisənin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, mübahisənin həlli mümkün olmamışdır. Bu səbəbdən də torpaq sahəsini qanunsuz zəbt edən cabvabdehdən geri alınması, orada inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun torpağının cavabdehlərdə olmasını 3-4 il əvvəl bilmişdir. Buna səbəb isə anasına məxsus torpaq sahəsi ona səhv təqdim edildiyindən uzun müddət özünün torpağı kimi istifadə etmiş, lakin bir neçə il əvvəl istifadə etdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə başqa bir şəxsə məxsus olması ona aydın olmuşdur. Bundan sonra anası istifadə etdiyi torpaq sahəsini torpağın əsl mülkiyyətçisinə təhvil vermiş, dövlət aktı ilə ona verilmiş torpaq sahəsinin harada yerləşməsi ilə bağlı dəqiqləşmə apardıqdan sonra onun torpağının cavabdehlər tərəfindən uzun müddət ərzində istifadə edildiyini, həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edərək yaşadıqlarını aşkara çıxarmışdır. Bu səbəbdən də hazırda özünə məxsus olan torpaq sahəsinin ona qaytarılmasını və orada inşa edilmiş evlərin sökülərək, torpağın əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, ilkin torpaqayırma sənədlərinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 verilmişdir. Hesab edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi elektron baza məlumatlarında olan xəritəyə əsasən yanlış olaraq üst-üstə düşür. Bundan başqa iddiaçı ilə razılığa gələrək ona torpaq sahəsi verilməklə barışıq üçün təklif də edilmiş, lakin iddiaçı onlarla razılığa gəlməmişdir. Həmin torpaq sahəsində evlər inşa edilmişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən baxış iclasında şahid qismində iştirak etmiş 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi Şahid ifadəsində göstərmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr informasiya sistemində tam olaraq İddiaçı verilmiş çıxarışla üst-üstə düşür. Lakin, faktiki olaraq tam dəqiqliklə torpaq sahəsi cüzi fərqlərlə sürüşmələrin olması mümkündür. Bu da torpaq sahəsinin başqa şəxsə məxsus olması anlamına gələ bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Kolatan bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19 avqust 2012-ci ildə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi idarəsinin Nümayəndə1 ünvanladığı 19 fevral 2022-ci il tarixli məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan 0.29 ha torpaq sahəsinin sərhədləri 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssislərinin və onun iştirakı ilə dəqiqləşdirilərək mərz nişanları qoyulmuşdur. “Torpağa mülkiyyət hüququna” dair JN-238 Kod 80506029 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X5 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.29 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********82 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Bala Təklə kəndində yerləşən 0.2762 ha torpaq sahəsi üzərində İddiaçı və X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı rayon Kolatan bələdiyyəsinin torpaqların yerquruluşu planından çıxarışdan görünür ki, planda Cavabdeh2 satılacaq torpaq sahəsi göstərilmişdir. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin xx.xx.2007-ci il tarixli, 628 saylı Masallı rayonu Kolatan kənd sakini Cavabdeh2 fərdi mənzil tikmək üçün satılacaq həyətyanı torpaq sahəsi barədə rəyindən görünür ki, Cavabdeh2 fərdi mənzil tikmək üçün satılacaq həyətyanı torpaq sahəsi Kolatan kəndinin şimalında yerləşir. Kolatan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Satılacaq torpağın ümumi sahəsi 0.06 ha olmaqla şimaldan və qərbdən Bələdiyyə mülkiyyəti torpağı ilə, cənubdan Yunusov Azər və Cavabdeh3 həyətyanı torpaqları ilə, şərqdən pay torpağı ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı qaydaları”na uyğun olaraq Cavabdeh2 bələdiyyə tərəfindən alqı-satqı qaydasında satıla bilər. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin xx.xx.2007-ci il tarixli seçim aktından görünür ki, Masallı rayonu Kolatan kəndində yerləşən 0.06 ha torpaq sahəsindən Cavabdeh2 təyinatı üzrə istifadə etməsinə razılıq verilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı rayon Kolatan kənd sakini Yunusov X3 bələdiyyəsinə xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmişdir. Kolatan bələdiyyəsi 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 10 saylı qərar qəbul etmişdir. Cavabdeh2 banka 180 manat ödəniş etmişdir. Akt xx.xx.2007-ci il tarixdə 528 sayla Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Masallı rayon Kolatan bələdiyyəsinin torpaq sahəsinin planından görünür ki, ərazidə yaşayan Cavabdeh2 Bala Kolatan kəndində fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan 600.0 kv.m torpaq sahəsi göstərilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı rayon Koltan kənd sakini Yunusov X4 bələdiyyəsinə xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmişdir. Kolatan bələdiyyəsi 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 07 saylı qərar qəbul etmişdir. Cavabdeh3 banka 660000 manat ödəniş etmişdir. Akt xx.xx.2005-ci il tarixdə 156 sayla Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-156/2024 saylı qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi JN-238, KOD 80506029 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan Masallı rayonu, Kolatan kəndində yerləşən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olub-olmaması, əgər mübahisə predmeti olan torpaq sahəsi JN-238, KOD 80506029 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə düşürsə, hansı hissədə və hansı ölçüdə düşməsinin, mübahisəli torpaq sahəsində nə yerləşməsinin aydınlaşdırılması kimi məsələlər qoyulmuş; aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, 10/4964 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2825/2023 №-li mütəxəssis rəyinə əsasən, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN238 saylı "Torpağa mülkiyyət hüququna dair Masallı rayonu, Kolatan kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu və Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-238 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə tam olaraq düşdüyü müəyyən edilmişdir. Daha sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-156/2024 saylı qərardadı ilə əlavə ekspertiza təyin edilmiş, ekspert qarşısında Masallı rayon Kolatan bələdiyyəsinin 10 iyul 2005-ci il və 24 oktyabr 2007-ci illərdə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 satdığı həyətyanı torpaq sahələrinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə ilkin torpaqayırma sənədləri arasında uyğunsuzluğun mövcud olması, Bələdiyyənin müvafiq qərarları ilə ayrılmış torpaq sahələrinin texniki sənədlər (torpaqayırma) üzrə məkan göstəricilərinin kordinatları müəyyən edilməklə, həmin torpaq sahələri mübahisə predmeti olan torpaq sahəsi ilə (əvvəlki ekspert rəyində mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus JN 238 Kod 80506029 nömrəli şəhətnamə ilə verilmiş 0,29 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir) ilə üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissədə düşməsi, Bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahələrin faktiki istifadə vəziyyəti seçim aktı ilə uyğunluq təşkil etməsi, Azərbaycan Respublikası Prezidentin Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 07 mart 2016-cı il tarixli 8/8 saylı fərmanına uyğun, mübahisəli həyətyanı sahələrdə inşa edilmiş yaşayış evlərinin faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqlar torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tətbiq olunmasında nəzərə alınmalı olub-olmaması kimi məsələlər qoyulmuş; aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 25 aprel 2025-ci il tarixli, 10/1764 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1468/2025 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Masallı rayonu, Kolatan bələdiyyəsinin 10 iyul 2005-ci il və 24 oktyabr 2007ci illərdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrılmış torpaq sahələrinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin pianı və ölçüsü” sənədinin olmaması səbəbindən faktiki istifadə vəziyyəti ilə ilkin torpaqayırma sənədləri arasında uyğunsuzluğu müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Bələdiyyənin müvafiq qərarları ilə ayrılmış torpaq sahələrinin texniki sənədlər üzrə məkan göstericilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini təyin etmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********23 (JN 238) reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,2762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2448 ha hissəsi cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin hüdudları daxilində (üst-üstə) yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Masallı rayon Kolatan bələdiyyəsinin 10 iyul 2005-ci il və 24 oktyabr 2007-ci illərdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrılmış torpaq sahələrinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması səbəbindən naturadan plana alınmış torpaq sahəsinin istifadə vəziyyəti ilə seçim aktı arasında uyğunluq təşkil edibetmədiyini müəyyənləşdirmək mümkün olmadı. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 07 mart 2016-cı il tarixli 818 saylı fərmanına uyğun, mübahisəli həyətyanı sahələrdə inşa edilmiş yaşayış evlərinin faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqlar torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tətbiq olunmasında nəzərə alınmalı olub-olmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. Əsaslandırma hissəsi: Məhkəmədə mülki işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı əvvəlcə “Torpağa mülkiyyət hüququna” dair JN-238 Kod 80506029 saylı Dövlət aktına əsasən mərhum əri X5 ilə birlikdə onun mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yer ona səhv təqdim edildiyindən faktiki olaraq mülkiyyət hüququ ilə başqa şəxsə məxsus torpaq sahəsini öz torpaq sahəsi kimi qəbul edərək istifadə etmişdir. 3-4 il bundan əvvəl bu hal ona aydın olduqdan sonra faktiki istifadəsində olan torpaq sahəsini sahibinə qaytarmış və dövlət aktı ilə ona verilmiş torpaq sahəsinin yerini dəqiqləşdirərkən ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyini, həmin torpaq sahəsində fərdi yaşayış evlərinin inşa edildiyini aşkara çıxarmışdır. İş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış 0.29 hektar torpaq sahəsinin tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN238 saylı "Torpağa mülkiyyət hüququna dair Masallı rayonu, Kolatan kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu və Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-238 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə tam olaraq düşdüyü müəyyən edilmişdir. Cavabdehlər isə buna etiraz edərək mübahisəli torpaq sahəsini Kolatan Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyini, həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək iddia tələbini qəbul etməmişlər. Məhkəmə qeyd edilən iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə bir daha təsdiq edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evləri tikərək zəbt etmişdilər. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin Kolatan Bələdiyyəsindən alqısatqı yolu ilə əldə edilməsi, həmin torpaq sahəsinin məhz ona yaşayış sahəsinin tikilməsi üçün ayrıldığı ilə bağlı etirazını əsaslı hesab etmir. Bununla bağlı aşağdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Cavabdeh sözü gedən mübahisəli torpaq sahəsini Kolatan Bələdiyyəsindən aldığına dair sənədləri təqdim etsə də, aldığı torpaq sahəsinin plan və ölçü sənədi olmadığından onun aldığı torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Görünür, cavabdeh Bələdiyyədən alqı-satqı yolu ilə torpaq sahəsini əldə edərkən əldə etdiyi torpaq sahəsinin planı (cizgisi) müəyyən edilməmiş, şifahi formada ona həmin torpaq sahəsi təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tələb olunan torpaq sahəsinin İddiaçı “Torpağa mülkiyyət hüququna” dair JN-238 Kod 80506029 saylı Dövlət aktına əsasən mərhum əri X5 ilə birlikdə verilmiş torpaq sahəsi olduğu iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının sözü gedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın 8 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınaraq ona çıxarış verilmişdir. İş üzrə alınmış ekspert rəyi müəyyən edilmişdir ki, zəbt edilmiş torpaq sahəsinin hüdudları daxilində iki fərdi yaşayış evi inşa edilmişdir. Bu baxımdan da iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlər çıxarılmalı və torpaq sahəsində yerləşən fərdi yaşayış evləri və digər tikililər cavabdehlərin hesabına sökülməli və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert rəylərinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2024-cü il, ********** qeydiyyatlı, **********82 reyestr nömrəli çıxarışa əsasən üzərində mülkiyyət hüquqları qeydə alınmış, Masallı rayonu Bala Kolatan kəndində yerləşən 0.2762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanunsuz istifadə edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılsınlar. Həmin torpaq sahəsində olan tikililər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hesabına sökülsün və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsi onların üzərinə qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə tikinti-texniki ekspertiza xərci kimi hesablanmış 100 manat pul alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-23/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-23/2025
31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver