Məhkəmə qərarları › İş №2(050)-237/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-237/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-237/2024 28.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «miras əmlakın qəbul edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «miras əmlakın qəbul edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X3 miras qalmış Masallı rayonu Qızılağac kəndində yerləşən və Masallı rayonu Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 68 saylı qərarı ilə verilmiş JN 598A, kod 80500038 saylı şəhadətnamədə qeyd olunan 0,06 hektar torpaq sahəsində mərhum arvadının payının müəyyən edilməsi və həmin paya qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, X19 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinin notariusu X8suz hərəkətləri barəsində xüsusi qərarın çıxarılması, ödədiyi 100 manat dövlət rüsumunu notarius X14 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Hal-hazırda Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır. X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından üç övladları olmuşdur. Övladları xx.xx.1991-ci ildə doğulmuş Cavabdeh2, xx.xx.1993-cü ildə doğulmuş Cavabdeh1 və xx.xx.1996-cı ildə doğulmuş Cavabdeh3dur. Rəsmi nikahda olarkən ona ailə üzvləri ilə birlikdə Masallı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 68 saylı qərarı ilə Masallı rayon Qızılağac kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Mərhumla rəsmi nikahda olduqları müddətdə həmin torpaq sahəsində yaşamaqları üçün ev inşa etmişlər. Mərhum vəfat edənə kimi həmin evdə birlikdə yaşamışlar. Qızı Cavabdeh2 ərə gedərək Bakı şəhərində yaşayır. Oğlu Cavabdeh1 üçün şəxsi ev tikmiş, o ailəsi ilə birlikdə həmin evdə yaşayır. Digər oğlu Cavabdeh3 Bakı şəhərində ev almaq istəyir və o, oğluna evin alınmasına maddi köməklik edir. Mərhum həyat yoldaşı Pərnisə Quliyeva vəfat etdikdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmiş və o idarə edir. Oğlanları və qızıda mirasın onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər. O, mirasın faktiki qəbulu ilə bağlı X19 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmişdir. Heç bir qanundan və qərarlardan məlumatı olmayan notarius X21 əsassız olaraq savadsızcasına ona imtina barədə qərar vermişdir. Qərarında qeyd etmişdir ki, o, xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuş, ona görə vərəsə ola bilməz. Mülki Məcəllənin də 1163-cü maddəsinə istinad etmişdir. 1163-cü maddədə qeyd edilir ki, nikahı ləğv edilmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Notarius bilə-bilə hansısa maraqlara görə ona imtina vermişdir. Sonrakı cümləsində qeyd edir ki, mirasın qəbuluna dair müddəti ötürmüşdür. Notariusun bu fikridə ona qarşı birbaşa qəsdir. Kosntitusiya Məhkəməsinin Plenum qərarına əsasən vərəsələr arasında mübahisə yoxdursa müddət ötürülmüş olsa belə notarius vərsəlik şəhadətnaməsinin verilməsindən imtina edə bilməz. Yəni hörmətli məhkəmə qanun və qərarlar onun tərəfində olduğu halda notariusun belə bir qərar qəbul etməsi vəzifə səlahiyyətlərindən sui istifadədir. Notariusun qərarları qanuni və əsaslı olmalıdır. Çıxarılmış qərar vətəndaş olaraq onun bütün hüquqlarını kobud şəkildə pozmaqdadır. 10 günə görə biləcəyi işi, savadsız bir qərarın nəticəsi olaraq aylarla məhkəmədə gözləməli olacaqdır. Miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edərək qeyd etdi ki, Cavabdeh1 mərhum anasından, yəni X3 qalmış torpaq sahəsindən imtina edir. Lakin Cavabdeh1 adına olan torpaq sahəsi və evin sənədləşdirilməsinə lazım olan kömək və dəstəyini verəcəkdir. Həmçinin, hansı dövlət idarəsi olmasından asılı olmayaraq gedib imza edəcəkdir. Həmçinin, sənədləşməyə lazım olan bütün sənədləri verəcəyinə söz verdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, mərhum anası X3 ona çatası torpaq paydan imtina edir. Miras payı atası İddiaçı qəbul etmiş və bu səbəbdən iddia ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X21 məhkəməyə məktub göndərərək 28 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən iddiaçının, onun vəkilinin, Cavabdeh1 izahatlarını dinləyərib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək qeyd etmişdir ki, iddianı qəbul edir. Anası X2ndan miras qalmış paydan atası İddiaçı xeyrinə imtina etmək istəsə də, notariat ofisi tərəfindən mirasdan imtinası qəbul edilməmişdir. Həmçinin, anasından miras qalmış torpaq sahəsində 2 mərtəbəli ev inşa edilmiş, o da həmin evdə doğulub böyümüdür. Həmin evdə yaşamaq hüququndan imtina edir. Bu imtina qarşılığında atasından 7000 (yeddi min) manat pul almışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək qeyd etmişdir ki, iddianı qəbul edir. Mərhum anası X3 miras qalmış 80500038 saylı şəhadətnaməyə əsasən torpaq sahəsini atası İddiaçı faktiki qəbul etmişdir. Ona çatası miras paydan atası İddiaçı xeyrinə imtina etmişdir. Gələcəkdə heç bir iddia tələbi olmayacaqdır. İş materiallarında olan; nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 arasında 25 sentyabr 1990-cı il tarixdə Masallı rayon VVADQ şöbəsində 180 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X21 tərəfindən qəbul edilmiş 05 noyabr 2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqından qərardan görünür ki, Vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində doğulmuş, atası İddiaçı, anası X5r. nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X11 arasında 01 mart 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 38 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Salmanova soyadı verilmişdir. ölüm haqqında arayışdan görünür ki, X9 24 may 2021-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmamazlığı səbəbindən Masallı rayonunda ölmüşdür. Bu barədə xx.xx.2021-ci ildə 610 saylı qeyd aparılmışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 937 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı arvadı X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 yaşayış yeri Masallı rayonu Qızılağac kəndi olmuş ölənədək onunla birlikdə yaşamış və hazırda evdə yaşayn ailə üzvləri əri İddiaçıdur. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri qızı Cavabdeh2, oğlu Cavabdeh1, oğlu Cavabdeh3dur. X1 yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. JN-598A Kod 80500038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı, X6, X7 və Cavabdeh1 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum arvadı X3 miras qalmış torpaq sahəsini faktiki qəbul etməsi mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ərizələri və izahatları ilə, həmçinin iş materiallarına əlavə edilmiş Masallı rayon icra hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla bu fakt öz təsdiqini tapır. Həmçinin iddiaçı həmin torpaq sahəsini istifadə və idarə etmiş, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamaqdadır. Məhkəmə İddiaçı X19 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinin notariusu X8suz hərəkətləri barəsində xüsusi qərarın çıxarılmasına münasibətdə qeyd edir ki, qeyd edilən şəxsə münasibətdə xüsusi qərarın çıxarılması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun X19 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinin natariusu X14 tutularaq ona verilməsi hissəsində qeyd edir ki, qeyd edilən şəxs cavabdeh olmadığından 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qanuna uyğun olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24 may 2021-ci ildə vəfat etmiş X2ndan miras qalmış Masallı rayonu Qızılağac kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarına əsasən JN-598A Kod 80500038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş torpaq sahəsini vərəsə kimi İddiaçı faktiki qəbul etməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar