Məhkəmə qərarları › İş №2(050)-2392/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2392/2024

19.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2392/2024 19.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarış əsasında mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən mənzili var. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xx.xx.2009-cu il tarixdə 1 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində onun adına hüquqi qeydiyyata alınmış, mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzildə onun ailə üzvləri olan lakin uzun illər öncə həmin evdən çıxıb getmiş cavabdehlər qeydiyyatdadırlar. Belə ki, Cavabdeh1 onun qızıdır, digər cavabdehlər isə nəvələridir. Onlar uzun illərdir ki, ondan ayrılıb gediblər, ayrı yaşayırlar. Lakin, buna baxmayaraq ona məxsus mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqdadırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə rayon pasport qeydiyyat idarəsinə müraciət etsə də, həmin şəxlərsin pasport şöbəsinə gəlmədiklərindən, digər lazımı sənədləşmə işlərini aparmadıqlarından bu mümkün olmadığından və məhkəmə qətnaməsi olmadığından cavabdehləri qeydiyyatdan çıxarmaq mümkün olmamışdır. Artıq cavabdehlər onun mülkiyyətində qeydiyyatda olduqlarından narahat olmaqla yanaşı, əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus yaşayış mənzilindən pasport qeydiyyatından çıxarılmaları barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh ona məxsus mənzilə yaşayış hüququnun əmələ gəlməsi barədə onunla notarial qaydada yazılı razılığı olmamış, onun evində pasport qeydiyyatında qalması barədə heç bir razılıqları olmamış, nədə ki, cavabdeh əvvəlki mülkiyyətçinin ailə üzvü deyil. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, üç uşağı vardır, onlardan böyük olanı onunla qalmır, digər iki uşaq Aynarə və Amar onunla birlikdə Bakı şəhərində yaşayırlar. İddiaçı onun anasıdır. O, Masallı rayonu, Təzə Alvadı kəndinə ərə getmiş, ərə getdikdən sonra orada qeydiyyata düşmüş. Sonradan ayrılmış və atası evinə qayıtmış, atası onu sözügüdən ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata salmışdır. Sonradan o, işləmək üçün uşaqlarını da götürüb Bakı şəhərinə getmişdir. Həmin vaxtdan Bakı şəhərində kirayələrdə yaşayır. Arabir rayona gələndə həmin evə gedib orada yaşayır. Atası vəfat etdikdən sonra atasından qalan mirasdan anasının xeyrinə imtina etmişdir. Həmin evdən və mirasdan heç bir pay istəməmişdir. Lakin qeydiyyatda qalmaq istəyir. Hesab edir ki, həmin evdən qeydiyyatdan çıxarsa, bir daha ora gedə bilməz. Bundan başqa o, evdən qeydiyyatdan çıxsa, onun başqa yerdə qeydiyyata düşməsi onun özü və uşaqları üçün çətinliklər yaradacaqdır. Özü və qızı Aynarə işləyir, oğlu Amar da artıq böyümüşdür, bir neçə vaxtdan sonra əsgər gedəcək. Onların gələcək işləri və həyatı üçün qeydiyyatları olmasa problemlər yaranacaqdır. Həmçinin kirayədə yaşadıqlarına görə kirayə sahibləri hazırki vaxtda heç kimi qeydiyyata salmırlar. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 verdiyi izahatla eyni mnəzmunda izahat verərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Elektron notariat” X1 vasitəsilə Yaşıyış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan çıxarışdan görünür ki, X4, Cavabdeh3, Cavabdeh1, X8, Cavabdeh2, X3, və X2 şəhəri, Heydər Əliyev prospekti, bina 48, mənzil 30 ünvanında qeydiyyatdadırlar. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında X7 və X8 qeydiyyatdadırlar. Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri PHŞnin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 60.9 kv.m ibarət mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı tam payı olmaqla onun adına qeydə alınmışdır. **********07-05101-093004 reyestr nömrəli Texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 60.9 kv.m olan mənzil hüquq subyekti kimi 19 iyun 2023-cü il tarixdə, 3200 invertar nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Masallı rayon Polis şöbəsinin 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-1588/2024 saylı, 12 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, mərhum X4ndan miras qalmış Masallı şəhəri, Heydər Əliyev prospektində ümumi istifadədə olan 0.09 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 60.9 kv.m ümumi, 37.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 30 nömrəli mənzilin 9/10 (onda doqquz) hissəsinə İddiaçı və 1/10 (onda bir) hissəsinə X8nun vərəsə kimi pay hüququ tanınması qət edilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam payı olmaqla mülkiyyətindədir. Cavabdeh1 2006cı il tarixdə boşandıqdan sonra evin əvvəlki mülkiyyətçisi olan atasının razılığı ilə qeyd edilən mənzilə qeydiyyata alınmış, onunla birlikdə yetkinlik yaşına çatmayan övladları da həmin mənzilə qeydiyyata alınmışdır. Bununla da cavabdehlərin qeyd edilən mənzildə istifadə hüquqları yaranmış, lakin onlar qeydiyyata düşdükdən sonra Bakı şəhərinə köçərək orada yaşamağa başlamışdılar. Hal-hazırda da cavabdehlər Bakı şəhərinə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8.-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 16 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödənilmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarım sahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə qeyd edir ki, işin hallarına əsasən cavabdehlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə evdən istifadə hüquqları əvvəllər yaranmışdır. Lakin Konstitusiya Məhkəməsinin mövqeyini də əsas götürərək məhkəmə hesab edir ki, istinad olunmuş maddələrin tələbləri baxımından cavabdehlərin evdən istifadə hüququna xitam verilməlidir. Belə ki, cavabdeh tərəfin etirazlarına əsasən onlar da əvvəllər iddiaçı ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar və yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Bununla belə cavabdeh tərəfin də izahatından göründüyü kimi, onlar uzun müddət daimi olaraq Bakı şəhərində yaşayırlar, orada işləyirlər. Hal-hazırda ünvan 1 ünvanında olan evlə onların davamlı əlaqəsi yoxdur. Cavabdehlərin bu müddət ərzində davamlı olaraq evdən könüllü istifadə etməmələri servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bundan başqa xx.xx.2023-cü il tarixdən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış, cavabdehlərin yeni mülkiyyətçi ilə yeni hüquq münasibəti yaranmışdır. Mülkiyyət hüququ mütləq olmasa da, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, bu konstitusiya hüququnun mahiyyətini dəyişməməli, qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd olunmuş hallar kifayət qədər əsasdır ki, cavabdehlərin evdən yaşayış sahəsi kimi istifadə etmə zərurətləri aradan qalxmışdır. Ona görə də onların evdən istifadə hüquqları itirilmiş hesab olunmalındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 48 saylı binanın, 30 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Masallı şəhəri, Heydər Əliyev prospekti, bina 48, 30 saylı mənzildə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar