Məhkəmə qərarları › İş №2(050)-2415/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2415/2023

27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2415/2023 27.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) şəxsin işləməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1974-cü ilin iyul ayının 1-dən 1976-cı ilin iyul ayının 1-ə, 1978-ci ilin iyul ayının 1-dən 1983-cü ilinaprel ayının 1-dək, 1985-ci ilin iyul ayının 1dən 1992-ci ilin sentyabr ayının 2-dək “H.Aslanov” adına sovxozda iqtisadçı işləyərək cəmi 14 il 5 ay 25 gün əmək stajı qazanması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, qeyd edilən illərdə “H.Aslanov” adına sovxozda iqtisadçı vəzifəsində işləmişdir. Lakin keçmiş “H.Aslanov” adına sovxozun inzibati binası yandığından əmək kitabçası yanmışdır. Əmək kitabçası bərpa edilsə də, pensiya təyin edilməsi üçün müraciət edilərkən nəzərə alınmamışdır. Ərizəçinin vəkili ərizəni müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əmək kitabçası “H.Aslanov” adına sovxozun inzibati binasının yanması nəticəsində yanmışdır. Əmək kitabçası staj komissiyasının protokoluna əsasən bərpa edilmiş, lakin əmək kitabçasının birinci səhifəsi təsdiqlənməmişdir. Bundan başqa, sovxoz ləğv edilmiş, həmin sovxoza aid əmək haqqı sənədləri yanaraq məhv olunduğundan, arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən qərarın 3-cü bəndində staj protokolu barədə heç bir şey göstərilmir. Bundan başqa, əmək kitabçasının 1-ci səhifəsində möhür mövcud deyil. Bu səbəblərdən faktın təsdiqi üçün məhkəməyə müraciət edilmişdir. Sonda Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, Ərizəçi işləməsi barədə əmək kitabçasında qeydlər var. İşə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Sonda Nümayəndə göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materillarında olan seriya АЗЕ, ******* saylı kolxozçunun əmək kitabçasında “Ad, soyad, atasının adı, doğulduğu il” kimi “Ərizəçi, xx.xx.1957”, “Mollahəsənli-Xoşçobanlı” KKFT-ı üzrə yanvar 1974-cü ildən 1976-cı ilin iyul ayına kimi, 1978-ci ilin iyul ayından 1983-cü ilin aprel ayına kimi sovxozda mühasib və 1 iyul 1985-ci ildən 25 sentyabr 1992-ci ilə kimi keçmiş “H.Aslanov” adına sovxozda iqtisadçı işləyərək, cəmi 14 (on dörd) il 5 ay 25 gün əmək stajı qazanmışdır. “Mollahəsənli-Xoşçobanlı” KKFT-nın başçısı V.Yusifli, k/inspektoru L.Qurbanova.” qeydləri aparılmış, qeydlərin aparıldığı ikinci səhifədə imza və möhür var. İş materillarında olan Masallı Rayon Dövlət Arxinin 24 oktyabr 2022-ci il tarixli, 374 saylı arxiv arayışında göstərilir ki, “Verilir Ərizəçi ondan ötrü ki, Masallı rayonu Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, st. Masallı və Ləngan kəndləri ərazisində fəaliyət göstərmiş sabiq “H.Aslanov” adına sovxozun sənədləri, o cümlədən, sovxozun əmr kitabları və əmək haqqı hesablaşma cədvəlləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Lakin, Masallı Rayon Dövlət Arxivinə təhvil verilmiş, 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Mollahəsənli-Xoşçobanlı” X1 Təssərrüfatında staj komissiyası tərəfindən əmək stajları müəyyən edilmiş fəhlə və qulluqçuların SİYAHİSl-nın 3-cü səhifəsində, 105-ci sırasında 17 (on yeddi) il doqquz ay iş stajı qazanması təsdiqlənmişdir Qeyd: Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 194 saylı sərəncamı ilə “H.Aslanov” adına sovxoz ləğv edilərək onun bazasında yeni “Təklə”, “Ləngan", “Mollahəsənli-Xoşçobanlı” X1 Təsərrüfatları yaranmışdır. Staj protokolunun hər səhifəsi “Mollahəsənli-Xoşçobanlı“ X1 Təssərrüfatının möhürü ilə, vərəqlərin arxası isə staj komissionunun sədri və k/in. tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan, 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Mollahəsənli-Xoşçobanlı” X1 Təssərrüfatında staj komissiyası tərəfindən əmək stajları müəyyən edilmiş fəhlə və qulluqçuların SİYAHİSİ Fond №-12, siyahı №-1, saxlama vahidi №-1, səhifə № 3.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın13.2 və 13.3-cü bəndlərində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə hesab edir ki, ərizəçini əmək stajını təsdiq edən sənəd (əmək kitabçası) mövcud olduğundan əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmalı olunubolunmaması məsələsi inzibati məhkəmə icraatı qaydasında aparılan araşdırma çərçivəsində qiymətləndirilməlidir. “H.Aslanov” adına sovxoz ləğv edilərək onun bazasında yeni “Təklə”, “Ləngan", “Mollahəsənli-Xoşçobanlı” X1 Təsərrüfatları yaranmışdır. Ərizəçinin əmək kitabçası mübahisəli dövr üzrə “Mollahəsənli-Xoşçobanlı” X1 Təsərrüfatının möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının “Əmək kitabçasının doldurulması” adlananın 3-cü maddəsinin 3.11-ci bəndində göstərilir ki, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Yəni, ərizəçinin iddia etdiyi kimi qanunvericilkdə əmək kitabçasının 1-ci, 2-ci və sair səhifəsinin möhür ilə təsdiq edilməsindən deyil, onun möhür ilə təsdiq edilməsindən söhbət gedir və ərizəçinin əmək kitabçası da möhür ilə təsdiq edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 2, 3.1, 5.1, 15.4-cü bəndlərində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.; inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.; inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 15.4-cü bəndindəki göstərişə əsasən ərizəçiyə izah edir ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə ixraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, ödənilmiş 100,00 manat məbləğində pul ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) şəxsin işləməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100,00 manat məbləğində pul Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar