Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-244/2025 14.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh2, onun nümayəndəsi, eyni zamanda cavabdeh Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 azyaşlı uşaqları 02 iyun 2022-ci il təvəllüdlü X5 və 22 yanvar 2024-cü il təvəllüdlü X6 ilə birlikdə hazırda cavabdehlərin yaşadığı Masallı rayon, Xırmandalı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ailənin mülkiyyətində olan evlərdən birində ona və 2 azyaşlı uşaqlarına həddibuluğa çatana qədər otaq və ya otaqların ayrılması, eləcə də, həmin otaq və ya otaqlarda sərbəst və toxunulmaz yaşamasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikahları olmamışdır. Faktiki ər-arvad yaşadıqları müddətdə 09 iyun 2022-ci il təvəllüdlü X5 və 22 yanvar 2024-cü il təvəllüdlü X6 adlı iki uşaqları anadan olmuşdur. Uşaqların atalığı müəyyən edilmişdir. O, cavabdehlərin evinə gəlin köçmüşdür. Ev 1 mərtəbəli, 5 otaqdan ibarətdir. O, gəlin köçdüyü evdə cavabdehlərlə birlikdə yaşamışlar. O, cavabdehlərin evində uzun müddət yaşamışdır. Onun iki uşağı gəlin köçdüyü evdə doğulmuşlar. Onun əmlakları hal-hazırda cavabdelərin evində qalmışdır. Cavabdehlər onunla yola getməmişlər, aralarında mübahisələr olmuşdur. O, yaşadığı evdən özü getməmiş, onui həmin evdən çıxarmışlar, qovmuşlar. Dəfələrlə həmin evə qayıtmağa cəhd etsə də, ona imkan verməmişlər. Onun başqa yerdə yaşamağa yeri yoxdur. O, qanun daxilində öz evində yaşamaq hüququ istəyir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 09 avqust 2021-ci il tarixdə ailə quraraq cavabdehin evinə gəlin köçmüşdür. Qayınatası və qayınanası ilə yola getmədiklərindən, dalaşdıqları üçün 16 oktyabr 2023-cü il tarixdə uşaqları ilə həmin evdən çıxıb valideynlərinin yaşadığı evə getmişdir. Cehizləri həmin gəlin köçdüyü evdədir. 2024-cü ildə uşaqları ilə birlikdə yoldaşı Cavabdeh2 yaşadığı evə qayıtmışdır. Lakin 13 gün yaşadıqdan sonra yoldaşı onu və uşaqları valideylərinin evinə aparmışdır. O, gəlin köçdüyü evə uşaqları ilə köçmək istəyir, lakin cavabdehlər ona ərizə göndərərək onun həmin evdən öz cehizlərini çıxartmasını tələb edirlər. Belə bir halda yəqin ki, cavabdehlər onun köçməyini istəmirlər. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qızı gəlin köçdüyü evdə yoldaşı ilə birlikdə yaşadığı dövrdə ailə təsərrüfatında daimi iştirak etmiş və qayınatası Cavabdeh3 öz qızı üçün 26000 manat məbləğində həyət evi almışdır. O, mübahisəli evin ətrafına 148 metr uzunluğunda hasar, evinə qaz xətti çəkmiş, darvaza qoyaraq rəngləmiş və evin 2 otağına divar kağızı vurmuşdur. Həmin işlərlə bağlı materialları Tapdığ almış, o, da, əvəzində təxminən 2000 manat zəhmət haqqını almamışdır. Həmin vaxt hasarın bir metri üçün zəhmət haqqı 6 manat olmuşdur. Cavabdeh Tapdığ ona zəhmət haqqı olaraq 300 manat pul verdiyini bildirsə də, 200 manat pul verilmişdir, o, da onun arvadına ona görə ki, Tapdığın qızının evi üçün hasar çəkmişdir. Hazırda qızının uşaqları ilə yaşamağa yerləri yoxdur. Ona görə də, ona bir otaq ayrılmasını xahiş edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkmədən xahiş etmişdir.
6. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev babasından qalan evdir. 2010-cu ildə həmin köhnə evi sökərək yerində yeni ev tikmişdir. Ev əslində atası rəhmətə gedəndə anasına məxsus olmuş, sonradan ona verilmişdir. Evə dair rəsmi sənəd yoxdur. Kommunal xərclər onun adınadır. İddiaçının atası nişan vaxtı qızının köçəcəyi evin divar kağızını dəyişmiş və evə qaz xətti çəkmişdir. Həmin işlərin materiallarını o, almış, Müsafir isə zəhmət haqqı almamışdır. Müsafir əlavə olaraq onun evinin ətrafı üçün dəmir şifer və borularla təxminən 150 metr hasar çəkmişdir. O, buna görə Müsafirin arvadına 300 manat pul vermişdir. O, iddiaçının gəlin kimi evə köçüb yaşamasına etiraz etmir. Lakin gəlin kimi yaşamayacaqsa etiraz edir. Eyni zamanda iddiaçıya ayrıca otaq ayrılmasını istəmir.
7. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi, eyni zamanda cavabdeh Nümayəndə2 iddia tələbini qəbul edərək bildirmişdir ki, gəlini İddiaçı oğlu ilə el adəti ilə 2021-ci ildə ailə qurmuşlar. Gəlini 2023-cü ilin oktyabr ayında evdən nəvələri ilə çıxmışdır. Dava olmamışdır, özü birdən elə qərar verərək getmişdir. Sonradan 2024-cü ildə gəlini yenidən qayıtmış və 13 gün evdə qalmışdır. Ona qarşı pis olmamışlar, davaları da, olmamışdır. Yenə də, oğlu Cavabdeh2 gəlini uşaqlarla atasıgilə aparmışdır. Gəlinin evə köçməsinə etirazı yoxdur, onun bütün cehizləri onlara məxsus evdədir. Həmin ev o, gəlin köçməmişdən əvvəl olub və onun adına keçirmişlər. Ancaq evin sənədləri var ya yox bilmir, yoldaşı dəqiq bilər. Lakin evin qaz və işığı onun adınadır.
8. Məhkəmə baxışı iclasında Cavabdeh2 nümayəndəsi, eyni zamanda cavabdeh Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının gəlin kimi evə köçüb yaşamasına etiraz etmir. Lakin gəlin kimi yaşamayacaqsa etiraz edir. Eyni zamanda iddiaçıya ayrıca otaq ayrılmasını istəmir.
9. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, da, atasının fikri ilə razıdır, iddiaçının gəlin kimi evə köçüb yaşamasına etiraz etmir. Lakin gəlin kimi yaşamayacaqsa etiraz edir. Eyni zamanda iddiaçıya ayrıca otaq ayrılmasını istəmir.
İş materialları:
10. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 08 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-46xx-xx/2024 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, 02 iyun 2022-ci ildə Lənkəran rayonu, Lənkəran şəhərində İddiaçı doğulmuş X2 atası Cavabdeh2 hesab olunmuşdur. Bu barədə 23 iyun 2022-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 361 №-li atalığın müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən olunduqdan sonra vətəndaşın soyadı Nəzərov, adı Tapdıq, atasının adı Salman oğlu qeyd edilmişdir.
11. AZ-İV seriyalı 730885 nömrəli 23 iyun 2022-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 iyun 2022-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh2, anası qrafasında İddiaçı qeyd edilmişdir.
12. AZ-İ seriyalı 478585 nömrəli 08 oktyabr 2024-cü il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 22 yanvar 2024-cü ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 oktyabr 2024-cü il tarixdə 553 nömrə ilə qeyd edilmişdir.
13. AZ-V seriyalı 046322 nömrəli 08 oktyabr 2024-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 yanvar 2024-cü il tarixdə anadan olmuşdur. Atası qrafasında Cavabdeh2, anası qrafasında İddiaçı qeyd edilmişdir.
14. 284406000007120 nömrəli abonent saldosundan görünür ki, Masallı rayon, Xırmandalı kəndində yerləşən ünvanda məişət qaz qurğusu istifadəçisi X1r.
15. 441680504400447 nömrəli abunə haqqında məlumatdan görünür ki, Masallı rayon, Xırmandalı kəndində yerləşən ünvanda elektrik enerjisinin istifadəçisi X1r.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 11 yanvar 2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
17. 1-682075652 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
18. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli Masallı rayon, Xırmandalı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Həmin evə dair kommunal xərclər Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçı həmin evə gəlin köçərək cavabdehlərlə birlikdə (yoldaşı və uşaqları) təsərrüfat aparmışdır.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası: 43-cü maddənin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəyə əsasən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11.1-ci maddəyə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3-cü maddəyə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
21. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu: 2-ci maddəyə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarı Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarından çıxarış: “…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir...”
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.
25. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarı: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak edən çəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Qeyd olunan hallar cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır. Ona görə də, 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir.
29. Eyni zamanda, məhkəmə vurğulayır ki, Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
30. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
32. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, yəni mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və azyaşlı uşaqlarının bu hüququ realizə edərək həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının və azyaşlı uşaqlarının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
33. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərdən heç biri hazırki yaşayış evinin mülkiyyətçisi olmasa da, evlə bağlı demək olar ki, bütün sənədlərdə Cavabdeh3 adı keçir. Belə ki, mübahisəli ünvanla bağlı "xxxx" ASC və “Azəriqaz” ilə bağlı müqavilələrdə tərəf kimi cavabdeh iştirak etmiş və onun adına sənədləşmə işləri aparılmışdır. Bu səbəbdən iddiaçı hazırki evin mülkiyyətçisi olmasa da, qeyd olunan evə cavabdehlərlə bərabər faktiki olaraq sahiblik etdiyi üçün mülkiyyətçi ilə əlaqəli hüquqları ona aid etmək olar və bu zaman əmlak sahibi kimi onun hüquqlarının da, mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğur.
34. Bundan əlavə, işin faktiki hallarından görünür ki, iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə (yoldaşı və uşaqları) təsərrüfat aparmışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçı Cavabdeh2la faktiki nikaha daxil olmaqla həmin evdə yaşamış, bu müddət ərzində iddiaçı cavabdehlə birlikdə evdə təmir işləri aparmışlar və onun əşyadan istifadə hüququ yaranmışdır. İddiaçının nümayəndəsi qızı üçün təxminən 2000 manat dəyərində görülən işə görə zəhmət haqqını almadığını bildirmişdir. Cavabdeh3 zəhmət haqqı olaraq iddiaçının atasına 300 manat pul verdiyini bildirsə də, iddiaçının atası 300 manat yox, 200 manat pul aldığını və həmin pulu Tapdığ Salmanovun qızının evi üçün çəkdiyi hasara görə zəhmət haqqı olaraq aldığını demişdir. Cavabdehlər iddiaçının atasının bu dəlilinə etiraz etməmişlər. Beləliklə iddiaçının cavabdehlərlə birlikdə evdə yaxşılaşmalar aparması inkar olunmur. Məhkəmə iddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığını, cavabdehlərin iddiaçının gəlin olaraq evə köçməsinə etiraz etməmələrini nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı övladları ilə birlikdə mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayıldığı üçün məhkəmə hesab edir ki, hazırki halda 02 iyun 2022-ci il təvəllüdlü X3 və 22 yanvar 2024-cü il təvəllüdlü X4 yaşayış yeri analarının yaşayış yeri ilə müəyyən edilir.
Məhkəmə xərcləri:
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
36. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələb qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları 02 iyun 2022-ci il təvəllüdlü X5 və 22 yanvar 2024-cü il təvəllüdlü X6 ilə birlikdə Masallı rayon, Xırmandalı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət evə köçürülməlidir.
37. İddiaçı uşaqları ilə birlikdə ailənin mülkiyyətində olan evlərdən birinə köçürülməsini xahiş etsə də, uşaqları ilə birlikdə gəlin köçüb yaşadığı evə köçürülməsi təmin olunduğundan, digər evlə bağlı heç bir sənəd təqdim etmədiyindən, ümumiyyətlə digər evin olub-olmaması, olduğu təqdirdə həmin evə dair hər hansı hüququnun yaranması sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhz belə araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçı Masallı rayon, Xırmandalı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət evdə otaq və ya otaqların ayrılması, eləcə də, həmin otaq və ya otaqlarda sərbəst və toxunulmaz yaşaması, yəni evdən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir və onun belə tələb irəli sürməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, yaşayış evi mülkiyyətdə deyildir və mülki qanunvericiliyinə tələbinə əsasən yalnız mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi istifadə qaydasının müəyyən edilməsi hissəsində əsassız olduğundan rədd olunmalıdır.
39. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları 02 iyun 2022-ci il təvəllüdlü X5 və 22 yanvar 2024-cü il təvəllüdlü X6 ilə birlikdə Masallı rayon, Xırmandalı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət evə köçürülsün. İddia tələbi digər hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 birgə qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov