Məhkəmə qərarları › İş №2(050)-2446/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2446/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2446/2023 11.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 edən Məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu üç nəfər azyaşlı uşaqları 12 iyun 2009-cu il təvəllüdlü X16, 12 fevral 2013-cü il təvəllüdlü X17 və 22 iyun 2014-cü il təvəllüdlü X23 ilə birlikdə hazırda cavabdehin yaşadığı Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 2011-ci ildə inşa edilmiş 7 (yeddi) daş üstə bir mərtəbəli 3 (üç) otaqlı, bir mətbəxdən, böyük karidordan ibarət evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh əri Cavabdeh ilə el adəti qaydasında toy etməklə 2006-cı ilin oktyabr ayında qeyri-rəsmi ailə həyatı qurmuşlar. Faktiki ər-arvad yaşamaqla Masallı RİHB-nin Bambaşı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 22 iyul 2009-cu ildə rəsmi nikaha daxil olub, 05 dekabr 2018-ci ilə kimi ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 12 iyun 2009-cu ildə X16, 12 fevral 2013-cü ildə X17 və 22 iyun 2014-cü ildə X23 adlı 3 (üç) nəfər uşaqları olmuşdur. O, cavabdehin atası evinə 2006-cı ilin oktyabr ayında gəlin köçüb bir mərtəbəli 10 daş üstə olan evin günçıxan tərəfinə 2 (iki) gözlü otaqlara köçüb yaşamağa başlamışdır. Qaynatasının köhnə evində qısa müddət yaşadıqdan sonra qaynatasının evindən çıxmışlar. Qaynatasının aldığı kənar torpaq sahəsində cavabdeh əri ilə təzə 7 (yeddi) daş üstə bir mərtəbəli 3 (üç) otaqlı bir mətbəxdən ibarət, böyük karidoru olan təzə ev tikib həmin evə köçüb yaşamağa başlamışlar. Təzə evdə o, təsərrüfatla məşğul olmuş, əkin əkmiş, toyuq-cücə saxlamışdır. O, müəllimə işləmiş, təxminən 2013-cü ildə Dəmir Bankdan öz adına kredit götürmüş və təzə həyətdə Naves tikdirmişlər. Onun 2 (iki) uşağı təzə 2011-ci ildə tikilmiş evdə anadan olmuşdur. Cavabdeh əri ilə yaşadıqları illərin sonunda əri özünü kobud aparmış, onu döymüşdür. Ona qadına yaraşmayan nalayiq söyüşlər demişdir. Cavabdeh sərxoşluq edir, hər gün spirtli içki içir, pul qazanırdı və özü üçün yeyib içirdi. Cavabadeh xəstə uşağa heç bir köməklik etməmişdir. O, 3 (üç) uşaqlarına görə istəməmişdir ki, ailə dağılsın. Lakin artıq məcburiyyət qarşısında qalıb evdən çıxmışdır. Onun gəlinlik cehizlərinin qismən hissəsi təzə tikilib yaşadıqları evdə qalmışdır. Onun və 3 (üç) uşaqlarının başqa yerdə yaşamaq üçün torpaq sahələri və evləri yoxdur. Atası evi köhnə və darısqaldır. İki ailəli qardaşı, atasının köhnə evində yaşayır. Atası qoca yorğan-döşək xəstəsidir. Üç uşaqla evsiz qalmışdır. O, qanun daxilində öz evində yaşamaq istəyir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinn təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 430 saylı arayışdan görünür ki, İddiaçı Masallı rayonu Binə Xocavar kəndində yaşayır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 428 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri-qızı X16, qızı X17 və oğlu X12 ibarətdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 434 saylı arayışdan görünür ki, Həsənov X4 rayonu Binə Xocavar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş nikahın pozuması haqqında arayışdan görünür ki, Cavabdeh ilə X18 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmudur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X16 12 iyun 2009-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası Nurullayeva (Həsənova) Nuranə Səid qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X17 12 fevral 2013-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası Nurullayeva (Həsənova) Nuranə Səid qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X23 22 iyun 2014-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası Nurullayeva (Həsənova) Nuranə Səid qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından çıxarışından görünür ki, X23 autizim kanner sindiromundan əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından çıxarışından görünür ki, X17 neyrogen sidik kisəsi xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(050)-2047/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh X18 ilə Masallı RİHB-nin Banbaşı ərazisi nümayəndəliyində bağlanmış 22 iyul 2009-cu il tarixli, 29 saylı nikah qeydi pozulmuş, 12 iyun 2009-cu il təvəllüdlü X16, 12 fevral 2013-cü il təvəllüdlü X17 və 22 iyun 2014-cü il təvəllüdlü X23 anası X8 himayəsində saxlanılması, Cavabdeh 09 iyul 2018-ci il tarixdən başlayaraq 12 iyun 2009-cu il təvəllüdlü X9, 12 fevral 2013-cü il təvəllüdlü X10 və 22 iyun 2014-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment X13 verilməsi, əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X21, X15, X19, X3, İddiaçı Masallı rayonu, Binə Xocavar kəndində xüsusi mülkiyyətlərində 110.6 hektar yaşayış məntəqələrinin tikilisi üçün torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN-0060, Kod 80504038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X21, X3, İddiaçı, X19, X6 0.53 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-104A, Kod 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X21, X3, İddiaçı, X19, X6 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan ev təsərrüfatlarının uçotu kitabından elektron çıxarışdan görünür ki, təsərrüfat başçısı Cavabdehdur. Eyni təsərrüfatda arvadı İddiaçı, qızı X16, qızı X17 və oğlu X23 vardır. Fərdi yaşayış evi 2010-cu ildə tikilmiş, ümumi sahəsi 120.00 kv.m, otaqların sayı 3, mərtəbəsi 1, yardımçı tikilinin sahəsi 48.00 kv.m-dir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-66- 4/2-45/2023 saylı məktubda qeyd edilmişdir ki, Masallı rayon Binə Xocavar kəndində qeydiyyatda olan Cavabdeh məxsus Binə Xocavar kəndində yerləşən sahəsi 120 kv.m olan 1 mərtəbəli (7 mişar daşı üstündə tikilmiş), 3 otaq, bir mətbəx və dəhlizdən ibarət olan fərdi yaşayış evi vardır. Evin qarşısında sahəsi 48 kv.m olan əlavə talvar da yerləşir. Ev orta təmirlidir. Cavabdeh daşınmaz əmlakı barədə məlumatlar Banbaşı kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında qeyd olunmuşdur (17 nömrəli kitab, səhifə 68, təsərrüfat nömrəsi 1385). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 2006-cı ildə faktiki, 2009-cu ildə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahlarından üç nəfər uşaqları anadan olmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 2010-cu ildə Masallı rayonu Binə Xocavar kəndində bir mərtəbədən, üç otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmiş və nikahları pozulanadək birilkdə həmin evdə yaşamışlar. Daha sonra münasibətləri pozulduğundan ayrılmalı olmuşlar. Ayrıldıqdan sonra cavabdeh iddiaçını həmin fərdi yaşayış evindən çıxarmışdır. İddiaçıya məxsus cehiz əmlaklar və digər zəruri əşylar hazırda həmin evdə yerləşir. Həmçinin fərdi yaşayış evi dövlət qeydiyyatından keçməməklə özbaşına tikilidir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan üç nəfər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci hal mübahisəsizdir. Yəni iddiaçı köçmək istədiyi evdə uzun illər yaşamışdır. 2-ci hala münasibətdə qeyd edilməlidir ki, şəxs hazırda yaşamış olduğu evə daxil ola bilmir. Buna səbəb cavabdehin yaratmış olduğu maneələrdir. Bu isə mahiyyət etibarı ilə yaşadığı yerdən məhrum edilməyə bərabərdir. 3-cü halın mövcudluğuna dair isə qeyd edilməlidir ki, cavabdeh və iddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə eyni hüquqa malik şəxslərdir. Belə ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmiş, həmçinin ev rəsmi reyestrdə qeydiyyatdan keçməmişdir. Hazırki vəziyyətdə cavabdeh mübahisəli evdə yaşamaq hüququnun olduğunu hesab edirsə, o zaman bərabərlik prinsipi baxımından iddiaçının da həmin evdə yaşamasına mane olmamalıdır. Odur ki, məhrum etmə qanuni deyildir. Bundan başqa qeyd edilməlidir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Hazırki iş üzrə iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğuna baxmayaraq mübahisəli məsələnin maddi hüquqi əsasları olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, o, mübahisəli evə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının himayəsində olan 3 nəfər uşaqlar 18 yaşına çatmamış fiziki şəxslərdir. Masallı Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(050)-2047/2018 nömrəli qətnaməsindən də görünür ki, tərəflər arasında olan nikah pozularkən uşaqlar analarının himayəsində saxlanılmdır. Bu isə o deməkdi ki, həmin şəxslərin yaşayış yeri hazırda sağ olan valideynləri, yəni analarının yaşayış yeri sayılır. İddiaçı isə mübahisəli evə köçürüldüyündən, onun himayəsində olan üç nəfər azyaşlı uşaqları da onunla birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı uşaqları 12 iyun 2009-cu il təvəllüdlü X16, 12 fevral 2013-cü il təvəllüdlü X17 və 22 iyun 2014-cü il təvəllüdlü X23 ilə birlikdə Masallı rayonu, Binə Xocavar kəndində yerləşən və Cavabdeh istifadəsində olan 1 mərtəbədən, 3 otaqdan ibarət ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar