Məhkəmə qərarları › İş №2(050)-250/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-250/2024

08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-250/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Ərizəçi şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək oğlu Maraqlı şəxs2 müalicə olunmasından ötrü qeyri-könüllü 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Sadıqov Ərizəçi Yeganə Abuş qızı ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuş, rəsmi nikahlarından üç övladları olmuşdur. Oğlu Maraqlı şəxs2 avtomobil qəzasından sonra ağır kəllə-beyin travması almışdır. Bir çox xəstəxanalarda ambulator və stasionar müalicələr almış, ilk illərdə düzəlməyə doğru getsə də, sonradan müalicələrin ona heç bir təsir etmədiyini görmüşdür. Hissiyyatı olmadığından çəkisi 190 kq olmuş, mədə kiçiltmə əməliyyatı olduqdan sonra isə çəkisi 70 kq olmuşdur. Bütün bu proseslər onun beynində xəsarətlər yaratmışdır. 2019-cu ilin yanvar ayının əvvəlində özünə qəsd edərək, ölüm həddinə çatmış, son anda Respublika Taksikologiya Mərkəzi Xəstəxanasına çatdırılmış, həkimlərin səyi nəticəsində həyatda qalmışdır. Bir neçə dəfə Respublika 1 saylı Psixiatriya Xəstəxanasında müalicə almışdır. Mərkəzin rəyinə əsasən Maraqlı şəxs2 “şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulmuşdur. Maraqlı şəxs2 çöldə özünü idarə edə bilmir. Dəfələrlə qohum və tanışlardan borca pullar götürür, hara xərclədiyini də bilmirlər. Öz ailəsinə, uşaqlarına, anasına, qardaşlarına və ərizəçiyə qarşı çox aqresivdir, bir neçə dəfə üzərlərinə balta və bıçaqla hücum etmişdir. Psixiatriya Mərkəzində müalicə aldıqdan sonra 5- 6 ay müddətində normal insanlar kimi özünü idarə edə bilir. Həkimlərin verdiyi dərmanları mütəmadi qəbul etmədiyindən yenidən fikirləri qarışır, əsəbi olaraq, ailəsinə və onlara qarşı aqressiv hərəkətlər, söyüşlər, təhqir və sair hörmətsiz hərəkətlər edir. Həyat yoldaşı da artıq ondan imtina edərək, nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda psixi xəstə oğlu Maraqlı şəxs2 ilə bir evdə sağ-salamat yaşamaq təhlükəli olsa da, onunla yaşamaq məcburiyyətindədir. Maraqlı şəxs2 könüllü müalicə almaqdan ötrü xəstəxanaya getmək istəmir. Odur ki, Maraqlı şəxs2 stasionar müalicə olunmasından ötrü, Səhiyyə Nazirliyinin Respublika 1 saylı Psixiatriya Xəstəxanasına məcburi yerləşdirilməsindən ötrü Masallı rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və X2 Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 Mərkəzi”nin 19 aprel 2012-ci il tarixli, 90 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixdə X4 Mərkəzində müayinə olunmuş və ona Q.K.B.T., baş-beyinin silkələnməsi və təpənin əzilməsi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” PHŞ-nin 23 oktyabr 2020-ci il tarixli, 2120 saylı rəyindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Maraqlı şəxs2 “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla” diaqnozu müəyyən edilib. Üzvi şəxsiyyət pozuntusunun əmələgəlmə vaxtı 2019-cu ildən əvvəlki dövrlərə təsadüf edir. Masallı Rayon Polis Şöbəsinin 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X8, X1 və X5 müraciətləri ilə bağlı Maraqlı şəxs2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” PHŞ-nin 16 fevral 2024-cü il tarixli, 625 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-4093/2023 saylı xx.xx.2023-cü il tarixli mülki iş üzrə qərarı xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Lakin, həmin iş üzrə məhkəmə psixatrik ekspertizası təyin olunmuş, lakin Maraqlı şəxs2 təqdim olunmamışdır. Odur ki, iş üzrə qərar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” PHŞ-nin 05 mart 2024cü il tarixli, 898 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” publik hüquqi şəxsi məlumat üçün bildirir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında Maraqlı şəxs2 barəsində 2(050)- 250/2024 nömrəli iş xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Mahiyyətinə uyğun olaraq, qeyd olunan iş üzrə Maraqlı şəxs2 psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi məsələsinə baxılması və qərardadda qoyulan sualların hazırkı vəziyyətdə cavablandırılması Məhkəmə-X3 publik hüquqi şəxsin səlahiyyəti daxilində deyildir. Psixi pozuntulu şəxslərin “Qeyri-könüllü hospitallaşdırması” “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1 maddəsinə Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsəduyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 iyun 2024-cü il tarixli, 33 m saylı məktubundan görünür ki, Psixiatriya Xəstəxanasına müalicə olunması məqsədilə yerləşdirilməsi barədə mülki iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli 2(050)-4093/2-23 saylı qərardadın icrasının təmin edilməsi barədə müraciətə Səhiyyə Nazirliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin psixi pozuntusunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda sadalanan hallar olduqda təyin edilir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatını müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir. Hazırki mülki iş materiallarında həkimpsıxiatr komissiyasının rəyi olmadığından ekspertizanın həyata keçirilməsi mümkün deyildir. Belə ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün şəxs stasionar şəraitdə həkim-psixiatr müayinəsindən keçirilməlidir. Psixi pozuntu vəziyyətində olan şəxsin ilkin diaqnozunun həkim-psixiatr komissiyası tərəfindən təsdiq edilməsinə və məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi və müayinəsi haqqında qərarı həkim-psixiatr qəbul edir və tibbi sənədə yazmaqla rəsmiləşdirir. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs hökmən 48 saat ərzində müayinədən keçirilməlidir. Şəxs barəsində həkim-psixiatr komissiyasının rəyi təqdim olunduqdan sonra qərardadın icrasına yenidən baxıla bilər. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən psixi pozuntunun xarakteri müayinənin, müalicənin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir: (11.1.1.) psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; (11.1.2.) şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması; (11.1.3.) ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi. Həmin Qanunun 18.2-ci maddəsinə görə, şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatını müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir. Həmin Qanunun 22.1-ci maddəsinə görə, psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi və ya məhkəmənin qətnaməsidir. Azadlıq hüququ doğulduğu andan hər bir insanın təbii və ayrılmaz hüququdur. O, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş əsas insan hüquqları və azadlıqların sırasındadır (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9cu maddəsi, İnsan Hüquqları və azadlıqları haqqında Konvensiyanın 5-ci maddəsi). Həmin aktlar azadlıq hüququnu nəinki bəyan edir, həm də bu hüququn təmin edilməsi üçün müəyyən təminatlar nəzərdə tuturlar. Belə ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində göstərilir ki, heç kəs zorla həbs və ya dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir. Konstitusiyada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüquq mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Hər hansı şəxsin tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi Konstitusiyada nəzərdə tutulmuş hallardan kənar və qüvvədə olan qanun normalarında müəyyənləşdirilmiş qaydaların ziddinə baş verərsə, bu, hər hansı şəxsin azadlıq hüququnun pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə görə hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu maddənin tələblərinə müvafiq olaraq: “1. ... Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: e) ... ruhi xəstələrin ... qanuni saxlanılması; ... 4. Həbs və ya saxlanılma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun saxlanılmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması və onun saxlanılması məhkəmə tərəfindən qanunsuz hesab edildiyi təqdirdə azad edilmək hüququna malikdir. ...” Ruhi xəstələrin azadlığının məhdudlaşdırılması insan və vətəndaş hüquq və azadlıqları sahəsində aktual məsələlərdən biridir. Belə ki, psixiatriya xəstəxanalarında insanların məcburi və ya qeyri-könüllü saxlanılması və müalicəsi konstitusiya hüququ sahəsində vacib olan insan hüquqlarının məhdudlaşdırılmasının həddi probleminin bir elementidir. Ona görə bu məsələnin həllində Konstitusiyanın və insan hüquqları üzrə beynəlxalq standartların üstünlüyü nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “İlneseher Almaniyaya qarşı” işi üzrə qərarında (İlnseher v. Germany [GC], nos. 10211/xx xxx 27505/14, §§ 127-141, x xxxxxx 2018-ci il) ruhi xəstələrin azadlığının məhdudlaşdırılmasına dair əsas prinsiplər müəyyən edilmişdir. Belə ki, 5-ci maddənin 1-ci hissəsinin “e” bəndindəki “ruhi xəstə” ifadəsinin müstəqil anlayışı vardır (Glien v. Germany, no. 7345/12, §§ 78 et seq., xx xxxxxx 2013-cü il). Psixiatriya elmi daimi inkişafda olduğu üçün onun dəqiq anlayışı ola bilməz (bax Winterwerp v. the Netherlands, xx xxxxxxx 1979-cu il, § 39, Series A no. 33, və Rakevich v. Russia, no. 58973/00, § 26, xx xxxxxxx 2003-cü il). Şəxs aşağıdakı üç şərt gözləmədən “ruhi xəstə” kimi azadlıqdan məhrum edilə bilməz: birincisi, onun ruhi xəstə olması etibarlı surətdə göstərilməli, yəni həqiqi ruhi xəstəlik səlahiyyətli orqan tərəfindən obyektiv tibbi rəy əsasında müəyyən edilməli; ikincisi, ruhi xəstəlik qeyri-könüllü yerləşdirməni tələb edən xarakterli və dərəcəli olmalı; üçüncüsü, davamlı surətdə yerləşdirmə bu cür xəstəliyin mövcudluğundan asılıdır (yuxarıda göstərilən Winterwerp, § 39; Stanev v. Bulgaria [GC], no. 36760/06, § 145, ECHR 2012; və Bergmann v. Germany, no. 23279/14, § 96, 7 yanvar 2016-cı il). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 335.1 və 335.2-ci maddələrinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Həmin Məcəllənin 337.1-ci və 338.2-ci madələrinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyrikönüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarında həkim-psixiatr komissiyasının rəyi və digər mötəbər sübutlar olmadığından Ərizəçi, oğlu Maraqlı şəxs2 müalicə olunmasından ötrü qeyri-könüllü 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə rədd edilsin. Ərizəçi oğlu Maraqlı şəxs2 müalicə olunmasından ötrü qeyri-könüllü 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar