Məhkəmə qərarları › İş №2(050)-2777/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2777/2023

17.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2777/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həyətyanı torpaq sahəsindən istifadə qaydasının təmin olunması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 sentyabr 1980-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1981-ci il təvəllüdlü X8, xx.xx.1982-ci il təvəllüdlü X9 və xx.xx.1983-cü il təvəllüdlü X10 adlı övladları olmuşdur. Övladlarının hər birinin ailəsi var. Ana kimi arabir uşaqlarının yanında qalmağa gedir. Cavabdeh ailəyə qazanc gətirmir, onu onu döyür, söyür, həmçinin evinə buraxmır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evinə dair sənəd yoxdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. İddiaçı qızlarının yanında yaşayır. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 10 sentyabr 1980-ci il tarixdə ailə qurmuşlar. Cavabdeh 5 ildir ki, mübahisəli fərdi yaşayış sahəsini könüllü şəkildə tərk etmişdir. Fərdi yaşayış evi 2 mərtəbəli, 3 otaqlıdır. Birinci mərtəbədə yaşayış sahəsi yoxdur, ikinci mərtəbədə 3 otaq var. Fərdi yaşayış evinin birinci mərtəbəsi 1992-ci ildə, qalan hissələri isə sonradan yavaş-yavaş tikilmişdir. Fərdi yaşayış evinə dair sənəd yoxdur. Fədri yaşayış sahəsi “Torpağın mülkiyyətə verilməsinə” dair JN-686A Kod 80501039 saylı şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsində yerləşir. Faktiki torpaq sahəsi 6-7 sotdur. Şahədnamədə “X11” qızı kimi göstərilmiş şəxs “İddiaçı” qızıdır. Belə ki, “Nadirova” soyadı iddiaçının qızlıq soyadıdır, atasının adı isə “Əhməd” əvəzinə el arasında ona “Cumu” deyildiyi üçün səhvən elə yazılmışdır. Mübahisəli evdə tək yaşayır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-686A Kod 80501039 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarına əsasən Masallı rayonu, Dadva kənd sakini Cavabdeh, X4, X6, X7 və X5 mülkiyyətinə 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, İddiaçı Masallı rayonu, Qarabağ küçəsi, ev 13, mənzil 13-də qeydiyyatdadır. Nikah haqqında arayışdan görünür ki, tərəflər arasında nikah 1980-ci ildə rəsmiləşdirilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 1805 saylı arayışda göstərilir ki, İddiaçı Masallı rayonu, Qarabağ küçəsində yaşayır, əri Cavabdeh və oğlu X2 ibarət ailə tərkibi var. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 5-66-1/2-403/2023 saylı məktubdan görünür ki, Cavabdeh istifadəsində Masallı şəhəri, Rəsul Rza (keçmiş Dadva) küçəsində 2 mərtəbəli fərdi yaşayış evi vardır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında nikah 1980-ci ildə rəsmiləşdirilmiş, mübahisəli fərdi yaşayış evinə dair hüquq qeydiyyata alınmamış, 0.04 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, tərəflər arasında nikah pozulmamışdır. Cavabdehin bildirməsinə görə fərdi yaşayış evinin birinci mərtəbəsi 1992-ci ildə, qalan hissələri isə sonradan yavaş-yavaş tikilmişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X14 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X14 Məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Mülki Məcəlləninin müvafiq normalarına əsasən 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər (mad.222.1). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (mad.225.1). Məhkəmə hesab edir ki, torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olduğundan, mübahisəli fərdi yaşayış evi ərlə arvadın nikah dövründə tikildiyindən ümumi qaydaya görə ərlə arvadın ümumi birgə mülkiyyətidir. Məhkəmə iclasında cavabdeh bunun əksini təsdiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Mövcud mübahisə üzrə iddiaçının mübahisəli fərdi yaşayış evini hər hansı səbəbdən tərk etməsi iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, mülkiyyətçinin fərdi yaşayış sahəsini hər hansı səbəbdən tərk etməsi onun həmin əmlaka münasibətdə hüququnun itirilməsinə səbəb olmur. Cavabdeh mübahisəli fərdi yaşayış sahəsinə münasibətdə hansı hüququ sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Masallı şəhəri, Qarabağ küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Masallı şəhəri, Qarabağ küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar