Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-28/2025 10.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı1, Cavabdeh, Cavabdehin vəkili Vəkil iştirakları ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətlərində olan Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən 1.03 ha ümumi sahəsi olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin öz hesabına sökülməsi, torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması, habelə ödənilmiş dövlət rüsumuna görə 100 manat tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarına əsasən onların mülkiyyətlərinə Masallı rayonu, Xoşçobanlı kəndində 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini zəbt edərək orada fərdi yaşayış evi inşa etmişdir. Halbuki, Cavabdeh əvvəllər onların torpaq sahəsini zəbt etdiyi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 27 may 2021-ci il tarixli, 2(050)-82/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş və Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qətnamə qüvvədə saxlanmışdır. Həmin qətnamə Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən icra olunmuş və cavabdeh torpaq sahəsindən çıxarılmışdır. Bundan sonra cavabdeh yenidən həmin torpağı zəbt edərək bu dəfə orada fərdi yaşayış evi inşa etmişdir. Dəfələrlə tikintinin dayandırılmasını bildirsə də cavabdeh evi inşa etmişdir. Cavabdehin inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi onların mülkiyyətlərindədir, həmçinin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı olduğu üçün fərdi yaşayış evi inşa etmək olmaz. Lakin cavabdeh qanunsuz olaraq onların mülkiyyətlərini zəbt edərək orada fərdi yaşayış evi inşa etmişdir. Cavabdehin torpaq sahəsindən çıxarılması barədə Masallı Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, məhkəməyə ərizə vermiş, lakin nəticəsi olmamış və ona bildirilmişdir ki, hazırkı mübahisə əvvəlki işdən fərqli olduğu üçün, əvvəlki işdə evin söküntüsü olmadığı üçün yenidən məhkəməyə müraciət olunmalıdır. Onların mülkiyyətlərində olan torpaq sahəsini cavabdeh istifadə edir, mülkiyyət hüquqlarını məhdudlaşdırır, məhkəmə qətnaməsinin icra etmir, nəticədə onların mülkiyyət hüquqları məhdudlaşmış olur. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirdi ki, onun torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və geri qaytarılmasını xahiş edir. 1.03 ha onun, 0.20 ha qızı İddiaçı2 torpaq sahəsi var. Əvvəl məhkəməyə müraciət etmişdir. Məhkəmə qərar çıxarıb ki, torpaq sahəsi ona məxsusdur və cavabdeh torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin icraatında iş olarkən cavabdeh ev tikirdi. Evin tikilməsinə etiraz edirmiş. Hazırda cavabdeh yenə də torpaq sahəsini zəbt edib və ev tikmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, uzun müddət mübahisəli torpaq sahəsindən istifadə etmişdir. 2019-cu ildən sonra aralarında problemlər başlamışdır. İddiaçı ilə onun torpaq sahələri qonşu torpaq sahələridir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil bildirdi ki, iş materiallarından və iddiaçının izahatından da görünür ki, iddia əsassızdır və rədd edilməlidir. Eyni işə baxılıb. Hazırda isə eyni iddia qaldırılmışdır. Belə olamamalıdır. İddiaçı cavabdehin tikdiyi evdə fəhlə kimi işləmiş və pul qazanmışdır. İddiaçı əgər bilirdisə onun torpaq sahəsində ev tikilir, niyə imkan verirdi. Həmçinin iddia müddəti ötürülmüşdür. Bununla bağlı vəsatət verilib. Ekspert rəyindən də görünür ki, zəbt yoxdur. Təmsil etdiyi şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçılara məxsus deyil. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən iddiaçınınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, İddiaçı2 tam mülkiyyət payı olmaqla Masallı rayonu, Xoşçobanlı kəndində xüsusi mülkiyyət hüququ ilə 0.2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. JN-318 kod 80520069 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Masallı rayonu Xoşçobanlı kəndində İddiaçı1, X1, X3, İddiaçı2 və X4 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(050)-82/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-qərb cəhətinin 0.17 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(106)-2800/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(050)-82/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(102)-2114/2022 saylı qərarı ilə İddiaçı1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(106)-2800/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 21 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış ilə və JN-318, kod 80520069 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətində olan 0.2058 ha və 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı uçün nəzərdə tutulmuş torpaq sahəsinin yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. Cavabdeh X5 faktiki istifadə etdiyi torpaq sahəsinin və torpaq sahəsinin üzərində tikilimiş evin yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinə aid deyil. Cavabdeh torpaq sahəsinin üzərində tikilmiş evi iddiaçılara mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilməmişdir. Mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış ilə və JN-318, KOD 80520069 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan 0.2058 ha və 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı uçun nəzərdə tutulmuş torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 20 iyun 2025-ci il tarixli, 10/3654 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2874/2025 saylı mütəxəssis rəyinə əsasən, mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış ilə və JN-318, kod 80520069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətində olan 0.2058 ha və 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında koordinatlar göstərilmişdir). Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinə və torpaq sahəsinin üzərində tikilmiş evə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında koordinatlar göstərilmişdir). Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsinin iddiaçılara mülkiyyət hüquqi ilə məxsus torpaq sahəsinə aid olmadığı müəyyən edilmişdir. Cavabdeh torpaq sahəsinin üzərində tikilmiş evi iddiaçılara mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilməmişdir. Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış ilə və JN-318, kod 80520069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətində olan 0.2058 ha və 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq səhəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırmaları zamanı iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmadığından, Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış ilə və JN-318, kod 80520069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətində olan 0.2058 ha və 1.03 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq səhəsinin üst-üstə düşmədiyi müəyyən edildiyindən iddia rədd edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın əsassız olması qənaətinə gəlir. Belə ki, hər iki rəydən məlum olur ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçılara mülkiyyət hüququ ilə məxsus 1.03 ha və 0.2058 ha torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia təmin edilməməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında təsbit edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməli və onlardan müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa İddiaçı1 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı1 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-28/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-28/2025
10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver