Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2827/2024 05.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Lənkəran-Astara Regional Təhsil İdarəsi Çaxırlı tam orta məktəbinə və Elm və Təhsil Nazirliyinə qarşı “sertifikatlaşdırma barədə imtahanının nəticələrinin ləğv edilməsi və əmrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: O, uzun müddət Cavabdeh2ndə müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər keçirilmiş sertifikatlaşdırma barədə imtahanlarda uğurlu nəticələr vermişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma barədə imtahanın nəticələri ilə razı deyildir. İmtahan normal şəraitdə keçirilsə idi yüksək bal toplayardı. Göstərilən tarixdə imtahan iştirak etmiş və kompüterdə olan suallara baxaraq doğru cavabları işarələməyə başlamışdır. Bir neçə sual üzrə cavab variantını qeyd etdikdən sonra kompüterdə nasazlıq olduğunu görmüş və bu barədə nəzarətçiyə yaxınlaşaraq, problemi ona bildirmişdir. Nəzarətçi kompüterə baxmış və bir neçə proqram yenilənməsi verərək ona problemin aradan qalxdığını bildirmişdir. O, yenidən sualların doğru cavablarını tapmağa başlamış və kompüterlə işləmişdir. Lakin sonradan kompüterə işlədiyi cavabları yoxlayanda kompüterdə başqa cavabların işarələndiyini görmüşdür. Bu barədə dərhal nəzarətçiyə bildirmiş, nəzarətçi yenidən kompüterə baxış keçirmiş, təkrarən ona imtahana davam etməsini bildirmişdir. Sonda imtahanların nəticəsini gördükdə təəccüblənmiş, doğru qeyd etdiyi cavablar yanlış göstərilmişdir. Bu barədə dərhal apellyasiya şurasına şikayətini bildirmişdir. Lakin şura tərəfindən obyektiv araşdırılma aparılmamış, şikayəti əsassız olaraq təmin edilməmişdır. Hesab edir ki, çıxarılmış əmr qanunsuzdur və ləğv edilməlidir. İddiaçının tələbi: Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma barədə imtahanın nəticələrinin ləğv edilməsi və Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 19 saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin yazılı etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə bağladığı əmək müqaviləsinə əsasən Masallı rayon Çaxırlı kənd tam orta məktəbində sinif müəllimi vəzifəsində fəaliyyət göstərir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə bağladığı əmək müqaviləsinə əsasən Masallı rayon Çaxırlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin 19 nömrəli 27 iyun 2024-cü il tarixli əmrindən görünür ki, Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı X1 filialına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00647 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasından sonra mediasiya prosesi davam etdirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-1-ci maddəsinə əsasən sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur; 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 36-2.6-cı maddəsinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarının: 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, baxılan mülki iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi təşkil edir və tələbdə göstərilən maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Masallı rayon Çaxırlı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh2 19 nömrəli 27 iyun 2024-cü il tarixli əmri ilə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı sözügedən sertifikatlaşmanın nəticələrinin ləğv edilərək 19 nömrəli 27 iyun 2024-cü il tarixli əmrin etibarsız hesab edilməsini xahiş edir. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İşəgötürən əmək qanunvericiliyinə riayət etməklə, işçinin təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş sadalanan əsaslar qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, məhkəmə iclaslarında da iddiaçının verdiyi izahatlardan da müəyyən edildi ki, həqiqətən də İddiaçı təkrar sertifikatlaşmada iştirak etmiş və müəyyən olunmuş keçid balını toplaya bilməmişdir. Həmçinin iddiaçı tərəfindən keçirilmiş sertifikasiya imtahanının nəticələrinin ləğv edilməsinə əsas olacaq biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, iddia bu hissədə də sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi təmin edilməməli, Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma barədə imtahanın nəticələri və Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 19 saylı əmr qanuni hesab olunduğu üçün qüvvədə qalmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Lənkəran-Astara Regional Təhsil İdarəsi Çaxırlı tam orta məktəbinə və Elm və Təhsil Nazirliyinə qarşı “sertifikatlaşdırma barədə imtahanının nəticələrinin ləğv edilməsi və əmrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova