Məhkəmə qərarları › İş №2(050)-2899/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2899/2023

16.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2899/2023 16.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, İ Səmidxan kəndində yerləşməklə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki istifadəsində olan evə azyaşlı uşağı 03 dekabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 05 sentyabr 2017-ci il tarixdə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurub onun valideynlərinin kəndlərində yerləşən evə gəlin köçmüşdür. Ailə üzvlərinin razılığı ilə cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Nikahlarını isə 05 oktyabr 2017-ci il tarixdə Masallı rayon İHB-nin İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Nikahlarından 03 dekabr 2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Əvvəllər mehriban olslar da, sonradan aralarında narazılıqlar yaranmışdır. İki ildən artıqdır ki, aralarında ailə məişət zəmnində yaranmış narazılıqlara görə ayrılmışlar. Cavabdehlər Bakı şəhərinə getmiş, evin qapısının isə bağlamışlar. Nəticədə evə girməyi və evdən istifadə etməyi mümkün deyildir. Halbuki o, həmin evə gəlin köçmüşdür. Evin sahibi olan cavabdehlərin ailə üzvüdür, cehiz əşyaları həmin evdədir. Evə dair təsərrüfatda onun da adı vardır. 2017-ci ilin sentyabr ayında cavabdehlərin razılığı ilə onlara məxsus evə gəlin köçdüyündən, onların razılığı ilə həmin evdə yaşadığından, əşyaları həmin evdə olduğundan qeyd olunan evdən istifadə etmək hüququ vardır. Lakin cavabdehlər evdən istifadə etməsinə imkan vermirlər. Fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmasa da, mülkiyyətində olan əmlaklarından istifadə etməsi üçün həmin əmlakların saxlandığı tikintiyə köçməsinə məhdudiyyət qoyulmadığından həmin evə köçürülə bilər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyasının 8-ci maddəsinə və Mənzil Məcəlləsinin 5.3, 9.2.2-ci maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh1 ilə 05 sentyabr 2017-ci il tarixdə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurub onun valideynlərinin kəndlərində yerləşən evə gəlin köçmüşdür. Ailə üzvlərinin razılığı ilə cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Nikahlarını isə 05 oktyabr 2017-ci il tarixdə Masallı rayon İHB-nin İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Qaynatasına məxsus evə gəlin köçdükdən sonra həmin evdə 4 ay yaşamışdır, sonradan əri və onun ailə üzvləri ilə Bakı şəhərində yaşamışlar. Nikahları məhkəmə qaydasında pozulmuş, övladı ilə atasına məxsus evdə yaşayır. Cehiz əmlakları gəlin köçdüyü evdədir və həmin evə köçmək istədiyi üçün cehizlərini çıxartmamışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, fərdi yaşayış evini o, tikmişdir, evə dair hər hansı hüquq qeydiyyata alınmamışdır. Hesab edir ki, iddiaçının həmin evə hər hansı bir haququ yoxdur. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə olunmuş: Nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 və İddiaçı arasında 05 oktyabr 2017-ci il tarixdə Masallı RİHB-nın Səmidxan İƏDÜN-də 10 saylı nikah aktı bağlanmışdır. Nikahdan sonra ərə (arvada) Süleymanov (a) soyadı verilmişdir. 03 dekabr 2018-ci ildə doğulmuş X3 anası İddiaçı, atası Cavabdeh1dur. Masallı Rayon Məhkəməsinin 05.04.203-cü il tarixli, 2(050)-593/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli, 10 nömrəli nikah akt qeydi pozulmuş, 03 dekabr 2018-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Masallı RİHB-nın İ Səmidxan kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli, 551 saylı arayışında göstərilir ki, Cavabdeh2 Masallı rayonu, 1-ci Səmidxan kəndində olan evin təsərrüfatbaşına qeydiyyat kitabında 220 nömrəli təsərrüfatında arvadı Cavabdeh3, qızı X1, oğlanları X5, Cavabdeh1, gəlini İddiaçır qızı, nəvəsi X6, gəlini X4, nəvələri Cavabdeh3 Asim qızı, X10, X8 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 05 oktyabr 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İddiaçı cavabdehlərin yaşadığı Masallı rayonu, İ Səmidxan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. İddiaçı 4 ay müddətində cavabdehlərlə birlikdə mübahisəli evdə yaşamış, sonradan əri və onun valideynləri ilə birlikdə Bakı şəhərində yaşamışlar. İddiaçı ilə Cavabdeh1 birgə nikahından bir uşaqları doğulmuşdur. İddiaçı 2 ildən artıqdır ki, yaranmış ailədaxili narazılıq səbəbindən azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. İddiaçı ilə Cavabdeh1 arasında nikah Masallı Rayon Məhkəməsinin 05.04.203-cü il tarixli, 2(050)-593/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Mübahisəli ev cavabdehlərin istifadəsindədir. Yaşayış sahəsinin istifadəçiləri ilə iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsini tələb edir, cavabdehlər isə iddiaçının köçməsinə razılıq vermirlər. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olundu ki, tərəflərin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə, yəni iddiaçının və cavabdehlərin izahatları ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadəsindədir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki,...“yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evdə təsərrüfatı idarə etmədyinə (bildirməsinə görə cəmi 4 ay həmin evdə yaşamışdır.), həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi düzgün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin işin hallarından göründüyü kimi yaşayış sahəsinin faktiki sahibi iddiaçının keçmiş həyat yoldaşının valideynləridir və buna görə də iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş “digər qohumlar” siyahısına daxil olmadığından onun mübahisə predmeti olan evdən istifadə hüququ yaranmamışdır. Masallı RİHB-nın İ Səmidxan kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli, 551 saylı arayışında iddiaçının Cavabdeh2 Masallı rayonu, 1-ci Səmidxan kəndində olan evin təsərrüfatbaşına qeydiyyat kitabında təsərrüfatda qeydiyyatda olan şəxs kimi göstərilməsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə şəxsin təsərrüfatbaşına qeydiyyat kitabında təsərrüfatda qeydiyyatda olan şəxs kimi göstərilməsi şəxsin istifadə hüququnun yaranması və mübahisəli yaşayış sahəsinə köməsi üçün əsas deyil. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar