Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2951/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, evdən istifadə hüququnun tanınması və evdən istifadə hüququna maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Masallı rayonu, İsgəndərli kəndində yerləşən 3 otaqdan, mətbəx, hamam və ayaqyolundan ibarət olan yaşayış evinə köçürülməsi, istifadə hüququnun tanınması və Cavabdeh onun evdən istifadə etmək hüquqlarına maneə törədən hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu ildə toy etməklə ailə qurmuş, rəsmi nikahları 01 iyun 2011-ci ildə bağlanmışdır. Həmin nikahdan 07 iyul 2011-ci ildə Zeynəb və 28 avqust 2013-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış, xasiyyətləri düz gəlmədiyi üçün nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-919/2020 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların onun himayəsində saxlanılmaqla, hər ay 220 manat aliment ödənilməsi qət edilmişdir. Cavadbeh Cavabdeh ilə birgə nikahda olduqları dövrdə Masallı rayonu, İsgəndərli kəndi ərazisində fərdi yaşayış evi tikmişlər. Həmin evin tikintisinə qızıllarını satıb xərcləmişlər. Elektrik xəttinin çəkilməsi, elektrik avadanlıqları quraşdırılması üçün pul xərcləmişdir. Həmin evdə iki uşaqları anadan olmuşdur. Ona məxsus olan cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Yaşadıqları ev bir mərtəbəli, üç otaqlı, mətbəx, hamam və ayaqyolundan ibarət Masallı rayonu, İsgəndərli kəndində yerləşir. Lakin cavabdeh ona həmin evdən istifadə etməsinə mane olur və imkan vermir ki, o, azyaşlı uşaqları ilə həmin evdə yaşasın. Odur ki, evə köçürülmə, evdən istifadə hüququnun tanınması və cavabdehin evdən istifadə hüququna maneçilik törədən hərəkətlərinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdehlə 2010-cu ildə faktiki olaraq ailə qurduqdan sonra, iki ilədək qaynanası ilə yaşamışlar. Sonradan birgə nikah dövründə ev tikmişlər, 2012-ci ildə həmin evə köçmüşlər. Həmin evin heç bir sənədi yoxdur. Lakin sonradan cavabdehlə münasibətləri pozulduğundan boşanmış, boşandıqdan sonra iki ilə yaxın uşaqlarla həmin evdə yaşamışdır. İşləməsi ilə əlaqədar, iş yeri yaxın məsafədə yerləşdiyinə görə bir müddətdir valideynlərinin yanında yaşayır. Evin açarı özündə olmuş, hər həftə həmin evə gedərək ev işləri görmüşdür. Lakin cavabdeh üç aydır ki, açarı ondan almış, qaytarmamışdır. Sonradan açarı istəmiş, lakin cavabdeh verməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, mübahisəli evi birgə nikah dövründə inşa etmişlər. O, İddiaçı həmin evə köçməsinə qadağa qoymamışdır və onun evə köçürülməsinə heç bir etirazı yoxdur. Ayrıldıqdan sonra Bakı şəhərində yaşayır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Nikah pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 07 iyul 2011-ci ildə, X5 28 avqust 2013-cü ildə doğulmuşlar. Uşaqların anası İddiaçı, atası Cavabdehdur. Masallı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(050)-919/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 01 iyun 2011-ci ildə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 388 nömrəli nikah aktı qeydinin pozulması, 07 iyul 2011-ci il təvəllüdlü X2 və 28 avqust 2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanımaları, 07 iyul 2011-ci il təvəllüdlü X2 və 28 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, alimentin tutulmasının 10 avqust 2020-ci il tarixdən hesablanması və qətnamənin aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər 2012-ci ildə birgə nikah dövründə inşa edilmiş və evdə iddiaçı və cavabdeh birgə yaşamışlar. Evin hüquqmüəyyənedici sənədləri yoxdur, özbaşına tikintidir. Evin açarının cavabdehdə olub, iddiaçıya verməməsi İddiaçı evə köçürülməsinə maneə kimi qiymətləndirilməlidir. İddiaçının əmlakları halhazırda həmin evdə yerləşir və cavabdeh onun evə köçüb yaşamasına etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yarandığından və münasibəti tənzimləyən konkret maddi norma olmadığından, mübahisə qanunun analogiyası üzrə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin maddi hüquq normalarına uyğun həll edilməlidir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra–Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. (Mənzil Məcəlləsinin 68.1. və 68.2.-ci maddələri) Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. (Mənzil Məcəlləsinin 69.1. və 69.2.-ci maddələri) Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı mübahisənin qanuni əsası kimi tətbiq etməklə qeyd edir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə şəxsin köçmək istədiyi evdə əvvəllər yaşaması, yaşadığı yerdən məhrum edilməsi, məhrum edilmənin qanuniliyi müəyyənləşdirilməlidir. İddiaçı və cavabdeh ilə ailə qurduqdan sonra uşaqlar ilə birlikdə həmin evdə yaşamışlar, təsərrüfatı birgə idarə etmişlər, sonradan ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Evə köçüb yaşaması cavabdehin yaratdığı maneələr nəticəsində mümkün olmamışdır. Hazırkı mübahisədə iddiaçının köçmək istədiyi evdə yaşaması və yaşadığı evdən öz iradəsinin ziddinə olaraq məhrum edilməsi mövcuddur. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verə şəxsin mənzil üzərində mülkiyyət və ya digər əşya hüququ hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin və ya digər şəxsin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının əmlakları hal-hazırda həmin evdədir, uşaqları orada yaşayır, həmin evlə yetərli və davamlı əlaqələri davam etməkdədir. Ona görə də iddiaçının ötən müddət ərzində başqa yerdə yaşaması daimi qiymətləndirilməməli və iddiaçı əvvəllər yaşadığı evə köçürülmə, evdən istifadə hüququnun tanınması və evdən istifadə hüququna maneçilik törədən hərəkətlərin qadağan olunmasılidir. Nəzərə alınmalıdır ki, ev faktiki olaraq özbaşına tikintidir. Belə ki, Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Göstərilənlər ona əsas verir ki, cavabdeh birgə təsərrüfat hesabına inşa edilmiş evdə hansı dərəcədə yaşamaqla istifadə edirsə, iddiaçının da bərabər əsaslarla həmin evdə köçüb yaşamaq və istifadə etmək hüquqları vardır. Məhkəmə evdən istifadə hüququnun tanınması tələbinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə mənzil hüququ ilə bağlı olduğuna görə, evə köçürülmə evdən istifadə edilməsini də ehtiva edir. İddiaçının həmin tələbi yaşayış sahəsininn tərkib hissəsinə aid olan əyşa hüququ ilə bağlıdır və ev mülkiyyət hüququ üzrə qeydiyyata alınmadığı və həmin hüququn əmələ gəlməsi üçün hüquqi əsas olmadığına görə həmin tələbə münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Əliyeva X1 rayonu, İsgəndərli kəndində yerləşən üç otaqlı, mətbəx, hamam və ayaqyolundan ibarət evə köçürülsün.Cavabdeh İddiaçıı evdə yaşaması üçün maneə yaradan hərəkətlər etməsi qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2951/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2951/2023
30.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver