Məhkəmə qərarları › İş №2(050)-301/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-301/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-301/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu Qəriblər kəndində yerləşən və ona məxsus (mülkiyyətində olan) torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları və həmin torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Masallı rayonu, Qəriblər kəndində yerləşən 204.4 kv.m fərdi yaşayış evinin bölünməsi və 1/2 hissədə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddiaçı Cavabdeh1 tələbin həcminin artırılması barədə ərizə verərək İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Masallı rayonu Qəriblər kəndində yerləşən 204.4 kv.m fərdi yaşayış evinin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin bölünərək ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 1984-cü ildə evlənmişdir. 2022-ci ilin iyun ayında nikahları pozulmuşdur. Cavabdeh1 və oğlu Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdırlar. Hal-hazırkı Masallı rayonu Qəriblər kəndindəki evi o, tikmişdir. Həmin ev və altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı onun Dövlət Reyestrindən Çıxarışı vardır. Cavabdehlər özbaşına olaraq 2023-cü ilin oktyabr ayının 5 tarixində evə daxil olublar və qapı-pəncərəni qırıblar. Bu barədə o, polis şöbəsinə şikayət vermiş və həmin şikayət üzrə araşdırma aparılmışdır. Onun Masallı rayonu Qəriblər kəndində bir başqa evidə vardır. Şəfayət gəlin gələrkən həmin evə gəlin gəlmişdir və əşyalarıda oradadır. 1985-ci ildə Şəfayət köhnə evə gəlin gəlmişdir və o evdə də qeydiyyata düşmüşdür. Uşaqlarıda həmin evdə dünyaya gəlmişdir. Şəfayətin və ondan olan uşaqlarının həmin köhnə evdə yaşamalarına tam razıdır və həmin evi cavabdehlərə verməyə hazırdır. Hətta Rusiya Federasiyasında olan 3 (üç) otaqlı evi və mağazanıda cavbadehlərə vermişdir. Cavabdehlər qərəzli olaraq qəsdən yeni evə girib və onu ikinci həyat yoldaşı ilə birlikdə həmin evdən çıxarıb qovmuşlar. Cavabdehlər onu öz şəxsi mülkiyyətindən qovub çıxarmışlar. Bu isə qanunla onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavbadehlərə mülkiyyətinə olan qəsdi aradan qaldırıb evindən çıxıb evini ona qaytarmalarını bildirsədə cavabdehlər mülkiyyətinə olan qəsdi aradan qaldırmamışlar. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 22 avqust 1984-cü ildə Masallı rayonu Qodman ərazi nümayəndəliyində nikaha daxil olmuşdur və 18 may 2022-ci ildə Rusiya Federasiyasında Çelnı Məhkəməsinin qərarı əsasında onun məlumatı olmadan arasında olan nikah pozulmuşdur. İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi əldə etmişlər. İddiaçı həmin əmlakda onun payını verməmək üçün onun məlumatı olmadan 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023-cü il tarixdə həmin əmlaka dair çıxarış əldə etmişdir. İddiaçı məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır. Halbuki, mübahisəli evi 2002-ci oildə birgə nikahda birgə qazancları hesabına tikilmiş, bunu təsdiq edən şahidlər vardır. O, cavabdeh Oktayla həmin evdə yaşamışlar və istifadə etmişlər. Hazırda oğlanları ilə birgə həmin evdə yaşayırlar. Evin hüquqi rejiminin 2023-cü ildə yaranmasına baxmayaraq ev birgə nikah dövründə əldə olunduğu üçün onunla iddiaçının payları bərabərdir. Həmin ev iddiaçı qədər onada məxsusdur, buna görə də iddiaçının onu və oğullarını həmin evdən çıxarması mümkün deyildir, ilkin iddia tamamilə əsassızdır və heç bir qanuni əsası yoxdur. Həmçinin, ərazi nümayəndəliyində təsərrüfatbaşına kitabda və digər sənədlərdə həmin evin 2002-ci ildə tikilməsinə dair sübutlar vardır, həmçinin, şahidlərdə vardır ki, həmin ev 2002-ci ildə tikilmiş və onların birgə qazancları hesabına tikilmişdir. Odur ki, həmin fərdi yaşayış evinin və evin yerlədiyi torpaq sahəsinin bölünməsi və payların müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 ilə 1984-cü ildə evlənmiş, 2022-ci ilin iyun ayında nikahları pozulmuş, Cavabdeh1 və oğlu Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır, Masallı rayonu Qəriblər kəndindəki evi o, tikmişdir. Həmin ev və altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı onun Dövlət Reyestrindən Çıxarışıda vardır, cavabdehlər özbaşına olaraq 2023-cü ilin oktyabr ayının 5 tarixində evə daxil olublar və qapı-pəncərəni qırıblar. Bu barədə o, polis şöbəsinə şikayət vermiş və həmin şikayət üzrə araşdırma aparılmışdır, Masallı rayonu Qəriblər kəndində bir başqa evidə vardır. Şəfayət gəlin gələrkən həmin evə gəlin gəlmişdir və əşyalarıda oradadır. 1985-ci ildə Şəfayət köhnə evə gəlin gəlmişdir və həmin evdə də qeydiyyata düşmüşdür. Uşaqlarıda həmin evdə dünyaya gəlmişdir. Şəfayətin və ondan olan uşaqlarının həmin köhnə evdə yaşamalarına tam razıdır və həmin evi cavabdehlərə verməyə hazırdır, Rusiya Federasiyasında olan 3 otaqlı evi və mağazanıda cavbadehlərə vermişdir. Cavabdehlər qərəzli olaraq qəsdən yeni evə girib və onu ikinci həyat yoldaşı ilə birlikdə həmin evdən çıxarıb qovmuşlar. Cavabdehlər onu öz şəxsi mülkiyyətindən qovub çıxarmışlar. Cavabdehlərə qarşı evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılmasında tələbi cavabdehlərin Qəriblər kəndində yerləşən 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmaqla həmin evdə onun yaşaması üçün yaradılan maneələrin aradan qaldırılmasından ibarətdir. Bu isə qanunla onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavbadehlərə mülkiyyətinə olan qəsdi aradan qaldırıb evindən çıxıb evini ona qaytarmalarını bildirsədə cavabdehlər mülkiyyətinə olan qəsdi aradan qaldırmamışlar, evdən çıxmamışlar. İlk iddianın təmin edilməsini Cavabdeh1 tərəfindən qaldırılmış iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında ilk iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildiridi ki, İddiaçı ona məxsus olan köhnə evin cavabdehlərə verilməsinə və həmin evin təmirinə köməklik etməsinə razıdır. Belə ki, cavabdehlər Rusiya Federasiyasının vətəndaşıdır və Oktayla Şəfayət arasında olan nikah pozulmuşdur. Odur ki, İddiaçı adına olan və çıxarışla ona məxsus olan evdən cavabdehlərin çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mübahsiəli evdə onun yaşamaq və istifadə etmək hüququ olduğu üçün ilk iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçıla 22 avqust 1984-cü ildə nikaha daxil olmuşdur və 18 may 2022-ci ildə Rusiya Federasiyasında Çelnı Məhkəməsinin qərarı əsasında onun məlumatı olmadan arasında olan nikah pozulmuşdur, İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi əldə etmişlər, həmin evin tikilməsində onun böyük zəhməti olmuşdur, uşaq saxlaya-saxlaya evin tikilməsində iştirak etmişdir, ümumi gəlirləri ilə evi tikmişlər, İddiaçı həmin əmlakda onun payını verməmək üçün onun məlumatı olmadan 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023-cü il tarixdə həmin əmlaka dair çıxarış əldə etmişdir, Oktayın məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır, mübahisəli ev 2002-ci ildə birgə nikahda birgə qazancları hesabına tikilmişdir, cavabdehlə həmin evdə yaşamışlar və istifadə etmişlər, oğlanları ilə birgə həmin evdə yaşayırlar. Həmin ev iddiaçı qədər onada məxsusdur, buna görə də iddiaçının onu və oğulları Elvini həmin evdən çıxarması mümkün deyildir, Oktayın mübahisəli evdə özünün yaşamasına onların maneçilikləri yoxdur gəlib gəlib yaşaya bilər, ilk iddia tamamilə əsassız və heç bir qanuni əsası olmadığından rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilk iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Oktay və Şəfayət birgə nikah dövründə 0.06 ha həyətyanı torpaq sahəsi əldə etmişlər və həmin torpaq sahəsində fərdi yaşayış evini birgə gəlirlə tikmişlər, hazırda ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdanda görünür ki, ev tərəflərin birgə nikahı dövründə tikilmişdir. Məhkəmə icasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o usta işləməklə fərdi əməklə məşğul olur. O, təqribən 20 il bundan öncə Oktayın həyətində yerləşən evin ikinci mətbəsinin tikilməsi və üstünün bağlanmasında şəxsən o, özü etmişdir. Mənzilin tikilməsini Oktay və onun atasının sifarisi ilə etmişdir. Evin tikilməsi ilə bağlı olan usta pulunu Oktay vermişdir. İş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X3 arasında 22 avqust 1984-cü il tarixdə Masallı rayon Qodman ərazi nümayəndəliyində 22 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah 21 iyun 2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, ********************4 nömrə ilə qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Masallı rayonu, Qəriblər kəndində xüsusi mülkiyyətlərində 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. JN-214B, Kod 80513048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 02 may 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün Masallı rayonu Qəriblər kəndində torpaq sahəsi verilmişdir. xx.xx.2007-ci ildə DT və XK Masallı rayon şöbəsində qeyd edilmişdir. Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 5-66-16/2-71/2023 nömərli məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu Qəriblər kənd İnzibati ərazi dairəsinin Qəriblər kəndində müvəqqəti yaşamasına baxmayaraq Qəriblər kəndində təsərrüfatında qeydiyyatda yoxdurlar. Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 5-66-16/2-09/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustaların yazdığı sorğuya cavab olaraq 1998-ci ildə tikintiyə başlanmış, 2002-ci ildə bitmişdir. Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli, 5-66-16/2-15/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustaların yazdığı sorğuya cavab olaraq 1998-ci ildə tikintiyə başlanmış, 2002-ci ildə bitmişdir. Təsərrüfat başına kitabda elektron sistemdən çıxarışdan müəyyən olunmuşdur. Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 5-66-16/2-97/2023 nömərli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustalar tərəfindən iltizam alınmışdır. İddiaçı yazılı vəsatətindən görünür ki, o, 1984-cü ilin avqust ayında xalası qızı X3 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları olmuşdur. 3 oğlan və bir qız. Ailələrində həmin dövürdən boşananadək qısqanclıq zəmnində münaqişələri olmuşdur. Bütün bunlara səbəb keçmiş həyat yoldaşı zəmin yaratmışdır. Sovetlər dönəmində işlədiyi idarədən ona Qəriblər kənd ərazisində Pasyolka adlanan fəhlə şəhərciyindən ev verilmiş və ailəsi ilə uzun illər orda yaşamışdır. 1995-ci ildə ailəsi ilə birgə Rusiyanın Kazan vilayətinə gedib orda işləyərək ailəsinin maddi təminatını ödəyə-ödəyə özünə ev almışdır. Ailəsi ilə yaranmış soyuqluğa görə darıxan zaman Azərbaycana, yəni valideyinlərinin yanına gəlib bir-iki ay qalıb getmişdir. 2007-ci ildə kəndin şimal hissəsində fərdi yaşayış ev tikmək üçün (Torpağın Mülkiyyətə Verilməsinə Dair) JN 214B Kod 80513048 saylı Şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi alaraq evin bünövrəsini inşa etdirmişdir. 2012-ci ilədək evini tikib qurtarmıdır. Keçmiş həyat yoldaşı onu öz hərəkət və təhqirləri ilə yaşamaqdan bezdirmişdir. Bir neçə dəfə intihar etməyə qərar vermişdir. Çünki analarının təsiri və təbliğatı ilə doğma uşaqları ona söz qaytararaq təhqir edirdilər. Qərara gəlib Kazan vilayətində bütün mülkiyyətində olan əmlakını həyat yoldaşının adına Notarius vastəsi ilə keçirərək bağışlamışdır. 2022-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib 2022-ci ilin iyun ayında rəsmi qaydada boşanaraq doğulduğu kəndə qayıtmışdır. Özünə tikdirdiyi evi tam şəkildə təmir edib həmin evə xx.xx.2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (**********60-10301) saylı Çıxarış almışdır. Məqsədi ömrünün qalan hissəsini sakit həyat tərzi qurub yaşamaq idi. Yeni qurduğu ailəsi ilə şəxsi evində yaşadığı zaman 5 oktyabr 2023-cü ildə keşmiş həyat yoldaşı, oğlu və qaynı onun evinə daşla, balta və digər küt alətlərlə hücum edib evinin qapısını, pəncərə şüşələrini sındıraraq onu və arvadını nəlayiq söyüşlərlə təhqir edib döymüşlər. Səsə küyə gələn kənd sakinləri və qonşuların müdaxiləsi ilə onu və arvadı ordan uzaqlaşdırılmışdır. Keçmiş ailəsinə ömrünü həsr edib bütün daşınan və daşınmaz əmlakını bağışlamışdır. Amma sözü gedən evin ondan başqa kimsəyə aidiyyəti yoxdur. Məhkəmə işin tədqiq edilmiş faktiki və hüquqi hallarına əsasən, mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılılqı iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları, iş materilları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 22 avqust 1984-cü il tarixdə Masallı rayon Qodman ərazi nümayəndəliyində 22 nömrə ilə rəsmi qeydiyyta alınmaqla ailə həyatı qurmuşlar. Cavabdeh1 İddiaçı məxsus Masallı rayonu Qəriblər kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bundan əlavə İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0.06 ha həyətyanı torpaq sahəsi əldə etmişlər və həmin torpaq sahəsində 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tikmişlər, İddiaçı 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023-cü il tarixdə mübahisəli əmlaka dair çıxarış əldə etmişdir. Cavabdeh1 dəlillərinə görə İddiaçı məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır, mübahisəli ev isə 2002-ci ildə birgə nikahda birgə qazancları hesabına tikilmişdir. Həmin evdə İddiaçı və birgə nikahlardan olan uşaqları ilə bir yerdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. İddiaçı Cavabdeh1 və oğlu Cavabdeh2 ilə birgə çıxarılmasını tələb etməsinə baxmayaraq mübahisəli evdə sonuncuların yaşayış və istifadə hüququ yaranmışdır, ona görə də ilk iddia ərizəsi təmin edilə bilməz, qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin dördüncü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin üçüncü hissəsinə görə isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı bağqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki; İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Göründüyü kimi qanunvericilik hər kəsin yaşadığı mənzildən qanunsuz məhrum etiməsinin qarşısını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı qərarının 3.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2.Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3 3.3.Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10.Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13.Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın 4 dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 3.14.Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15.Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16.Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 6.1.Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. 6.2.Nikah davam etdiyi müddətdə bölünmənin predmeti daha əvvəl ər-arvadın bölüşdürmədiyi ümumi əmlak ola bilər. Çünki tərəflər hansısa predmetləri öz aralarında bölüşdürdükləri andan həmin əmlak üzərində birgə mülkiyyət halı aradan qalxmış olur. Bu baxımdan nikah dövründə üzərində ümumi mülkiyyət olan əmlak bölüşdürülür, bununla da həmin predmetlərə münasibətdə birgəlik aradan qalxır. Nikah dövründə bölüşdürülməmiş və nikahın davam etdiyi müddətdə əldə edilən digər əmlaka ümumi qaydada qanuni rejim tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə, əmlak birgə nikah dövründə alınıbsa onun ər-arvadın ümumi mülkiyyəti hesab olunması prezumpsiyası vardır. Başqa sözlə, nə qədər ki, əmlak birgə nikah dövründə alınıb, belə ehtimal olunur ki, həmin əmlak ər-arvadın ümumi vəsaiti hesabına alınıb və həmin əmlak üzərində ər-arvadın bərabər payı vardır. Bunun əksini, yəni əmlakın ümumi gəlir hesabına alınmadığını bu barədə etirazı edən şəxs sübut etməlidir və bu sübut elə mötəbər olmalıdır ki, əmlakın ər-arvadın ümumi mülkiyyət hesab olunması prezumpsiyasını təkzib etsin. Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir, qarşılıqlı iddia tələbi tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınmaz əşyalar Masallı rayonu Qəriblər kəndində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 204.4 kv.m olan fərdi yaşayış evi üzərində tərəflər Cavabdeh1 və İddiaçı paylarının bərabər bölünməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Masallı rayonu Qəriblər kəndində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 204.4 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 və İddiaçı hər birinin ikidə bir hissədə payları müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar