Məhkəmə qərarları › İş №2(050)-3222/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3222/2025

17.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3222/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və İlyasova (Əzizova) Röya Adil qızının iştirakları ilə İddiaçı Masallı rayon “ASAN xidmət” mərkəzində Notariat ofisi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və İlyasova (Əzizova) Röya Adil qızına qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və İlyasova (Əzizova) Röya Adil qızına qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların dövlət qeydiyyatı aparılmış (09 dekabr 2006-cı il tarixli, qeydiyyat nömrəsi 230600805, reyestr nömrəsi **********29-05101- 093002) 4 mərtəbəli binanın 2-ci girişinin 4-cü mərtəbəsində yerləşən, 49.9 kv.m ümumi sahəsi, 21.5 kv.m yaşayış sahəsi olan 2 otaqlı fərdi yaşayış mənzili üzrə digər vərəsələrlə birlikdə vərəsəlik hüquqlarının tanınması, mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsi və hər bir vərəsənin miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində göstərilən mənzil saxlanılmaqla, həmin mənzil üzrə vərəsəlik hüququnun 1/6 hissədə onun adına, 1/6 hissədə İlyasova (əvvəllər Əzizova) Röya Adil qızının adına, 4/6 hissədə isə Cavabdeh1 adına tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayır. Atası Cavabdeh1 və mərhum anası X6 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan özü və cavabdeh olan bacısı Röya Əzizova dünyaya gəlmişlər. X12 2014-cü ildə vəfat etmişdir. Anası sağlığında, atası ilə birgə nikahda olarkən Masallı şəhəri, C.Cabbarlı küçəsində öz adına mənzil almışdır. Mənzilin ananın mülkiyyətində olmasını təsdiq edən, 0 dekabr 2006-cı il tarixli, qeydiyyat nömrəsi 230600805, reyestr nömrəsi **********29-05101-093002 olan çıxarış tərtib edilmişdir. Anası sağ ikən ərizəçi özü və atası ilə birlikdə həmin mənzildə yaşamışlar. Hal-hazırda da, özü həmin evdə yaşayır. Mirasın qəbulu ilə əlaqədar Masallı regional “ASAN xidmət” mərkəzində yerləşən notariat orqanına müraciət etmiş, lakin bacısı Röya Əzizova notariat orqanına gəlmədiyi üçün miras kütləsinin məhkəmədən kənar rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmçinin bacısı ilə telefon əlaqəsi saxladıqda, o, anadan qalan miras əmlakda maraqlı olduğunu və payından imtina etmədiyini bildirmişdir. Bu səbəbdən mərhumdan qalan miras ətrafında mübahisə yaranmış və həmin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək iddia tələbinin təmin olunmasına etiraz etməmişdir.

6. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh İlyasova (Əzizova) Röya Adil qızı iddia tələbini qəbul etdiyini bildirərək iddia tələbinin təmin olunmasına etiraz etməmişdir.

7. İddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Masallı rayon “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov 24 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş yükünün ağırlığı ilə əlaqədar iştirak edə bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Məhkəmə işə iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X3 03 aprel 1954-cü ildə Masallı rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 117 № ilə qeyd edilmişdir. Atası qrafasında X5, anası qrafasında X4 qeyd edilmişdir.

11. AZ-İİ seriyalı 530198 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 avqust 1979-cu ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında 13 avqust 1979-cu il tarixdə 48 № ilə qeyd edilmişdir.

12. AZ-İİ seriyalı 530199 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 may 2003-cü ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında 04 iyun 2003-cü il tarixdə 51 № ilə qeyd edilmişdir.

13. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə X3 arasında 25 may 1982-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd edilmişdir.

14. AZ-İ seriyalı 717084 nömrəli 04 dekabr 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29 noyabr 2014-cü ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında 29 noyabr 2014-cü il tarixdə 136 № ilə qeyd edilmişdir.

15. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli arayışın surətindən görünür ki, X11 xx xxxx 1983-cü ildə Masallı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 188 № ilə qeyd edilmişdir. Atası qrafasında Cavabdeh1, anası qrafasında X6 qeyd edilmişdir.

16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 09 dekabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********29-05101-093002 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində istifadədə olan 0.04012 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 49.9 kv.m ümumi, 21.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

17. Masallı rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X6 29 noyabr 2014-cü il tarixində vəfat etmişdir. Mərhumun son qeydiyyat yeri Masallı şəhəri, C.Cabbarlı küçəsi 33 saylı binanın 23 saylı mənzil olmuş və vərəsələri vardır: oğlu – İddiaçı və qızı – İlyasova (Əzizova) Röya Adil qızı qeyd edilmişdir.

18. Masallı regional «ASAN xidmət» mərkəzində Notariat şöbəsinin İddiaçı ünvanlanmış 09 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 29 noyabr 2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat orqanına 09 avqust 2025-ci il tarixdə təqdim etdiyiniz ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən edilmişdir ki, vərəsələr arasında mübahisə mövcuddur. Bu səbəbdən vərəsəlik işinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmadığından təqdim olunmuş sənədlərlə məhkəməyə müraciət etməyiniz xahiş olunmuşdur.

İşin faktiki halları:

19. Məhkəmə iclasında müəyyən edildi ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 33 nömrəli evin 23 nömrəli mənzili Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 09 dekabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********29-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətindədir. X6 29 noyabr 2014-cü il tarixində vəfat etmişdir. X1 miras qalmış əmlakda vərəsələrin payları müəyyən edilməmişdir. Ona görə də, İddiaçı miras əmlak olan mənzil üzərində 1/6 hissədə onun, 1/6 hissədə İlyasova (əvvəl Əzizova) Röya Adil qızının və 4/6 hissədə Cavabdeh1 vərəsəlik hüququnun tanınmasını xahiş edir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

24. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ilə X6 25 may 1982ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan İddiaçı və İlyasova (Əzizova) Röya Adil qızı adlı iki uşaqları anadan olmuşdur. Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 33 nömrəli evin 23 nömrəli mənzili Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 09 dekabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********29-05101- 093002 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətindədir, mənzil Cavabdeh1la birgə nikah dövründə əldə edilmiş əmlakdır və tərəflər arasında bununla bağlı mübahisə yoxdur. Xuraman Əzizova 29 noyabr 2014-cü il tarixində vəfat etmişdir. Xuraman Əzizovanın birinci dərəcəli vərəsələrindən olan atası X5 və anası X4 vəfat etmişdir. Xuraman Əzizovanın birinci dərəcəli vərəsələrindən olan əri Cavabdeh1, oğlu İddiaçı və qızı İlyasova (Əzizova) Röya Adil qızı sağdır. Cavabdeh1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlaka 3/6 hissədə məcburi payı vardır. Digər 3/6 hissədə isə onun, o cümlədən uşaqları İddiaçı və İlyasova (Əzizova) Röya Adil qızının bərabər pay hüquqlu vərəsə olaraq hər birinin miras əmlakın 1/6 hissədə məcburi payı vardır.

25. Ona görə də, məhkəmə hesab edir ki, miras əmlak üzərində 1/6 hissədə İddiaçı, 1/6 hissədə İlyasova (Əzizova) Röya Adil qızının və 4/6 hissədə Cavabdeh1 payı müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 09 dekabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********29-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan və ondan miras qalmış Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 33 nömrəli evin 23 nömrəli mənzili üzərində İddiaçı 1/6 hissədə payı, İlyasova (Əzizova) Röya Adil qızının 1/6 hissədə payı və Cavabdeh1 4/6 hissədə payı müəyyən edilməlidir.

28. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 09 dekabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********29-05101-093002 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan və ondan miras qalmış Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 33 nömrəli evin 23 nömrəli mənzili üzərində İddiaçı 1/6 hissədə payı, İlyasova (Əzizova) Röya Adil qızının 1/6 hissədə payı və Cavabdeh1 4/6 hissədə payı müəyyən edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar