Məhkəmə qərarları › İş №2(050)-3333/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3333/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3333/2025 21.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona 4420 manat pulun, 65 manat dövlət rusumun və 70 manat iddia ərizəsinə görə ümumilikdə 4555 manat pulun alıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər Binə qəsəbəsində yaşayan, obyekti olan, yeməkxana işlədən Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh ilə işlətdiyi yeməkxanaya gedərkən tanış olmuşdur. 2015-ci ilin iyun ayının əvvəlində Cavabdeh bildirdi ki, oğlunun toy mərasimi üçün ona bankdan pul götürmək istəyir. Ondan xahiş etdi ki, onun üçün zamin qalsın, lakin pulun ödənilməsi ilə bağlı onun heç bir problemi olmayacaq. Daimi gəlir yeri var və onun bu təklifi ilə razılaşmışdır. 11 iyun 2015-ci ildə onunla "xxxx" ASC-nin Atatürk prospekti ünvanında yerləşən filialına getmişlər. Həmin filialda ona 24 ay müddətində 28 faiz olmaqla 3500 dollar pul verildi. Ondan sonra onun tərəfindən pulun ödənilməməsi barəsində onda heç bir məlumat yox idi. 2018-ci ilin iyun ayında ona məlum oldu ki, Cavabdeh götürdüyü krediti ödəmədiyi üçün "xxxx" ASC cavabdehi, ona zamin qalan onu və Şahverdi adlı şəxsi məhkəməyə vermişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1805/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsindən ona bəlli oldu ki, Bank müştərək qaydada ondan faiz borcu ilə birlikdə 5166 dollar tələb edir. Masallı Rayon Məhkəməsi ona aid olan hissəni tələbi ilə bağlı qətnaməni Xəzər Rayon İcra şöbəsinə göndərmişdir. Xəzər Rayon İcra şöbəsi ondan 2023-cü ilin yanvar ayından 2025-ci ilin fevral ayına kimi 2598.28 dollar, manatla isə 4420 manat pul pensiyasına yönəltməklə tutdu. O, bu müddət ərzində dəfələrlə Cavabdeh ilə əlaqə saxlamaq istəsə də mümkün olmamışdır. Odur ki, məcbur olaraq cavabdehin yerinə ödədiyi 4420 manat məbləğindəki pulu məhkəmə vasitəsi ilə ondan tələb etsin. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(050)-1805/2018 saylı məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh, İddiaçı və X1 müştərək qaydada əsas borca görə 2918.88 ABŞ dolları, faiz borcuna görə 2247.38 ABŞ dolları, cəmi 5166.26 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə verilməsi əmr edilmişdir. "xxxx" ASC-nin Mərdəkan filialının 04 avqust 2025-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ümumillikdə 4420 manat məbləğində pul vəsaiti kreditə görə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-dən kredit borcu götürərkən iddiaçı ona zamin durmuşdur. Cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən "xxxx" ASC məhkəməyə müraciət edərək məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(050)-1805/2018 saylı məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı və X1 müştərək qaydada əsas borca görə 2918.88 ABŞ dolları, faiz borcuna görə 2247.38 ABŞ dolları, cəmi 5166.26 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə verilməsi əmr edilmişdir. Məhkəmə əmrinə əsasən iddiaçıdan 4420 manat məbləğində pul vəsaiti tutulmuşdur. Hazırda iddiaçı zamin olaraq iddiaçının əvəzinə ödədiyi pulu tələb edir. Cavabdeh məhkəmə iclasında kredit borcunun onun tərəfindən ödənilməsini bildirsə də bununla bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödədiyi 65 manat və iddia ərizəsinin yazılmasına gərə ödənilmiş 70 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh reqres qaydada 4420 manat, ödənilmiş dövlət rüsumuna görə 65 manat və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 70 manat pul, cəmi 4555 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh reqres qaydada 4420 manat, ödənilmiş dövlət rüsumuna görə 65 manat və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 70 manat pul, cəmi 4555 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar