Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3412/2025 24.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinə, müstəqil təlb irəli sürməyən üçüncü şəxslər Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: O, ali təhsilli Rus dili müəllimidir, 1984-cü ildən 1996-cı ilə kimi Meşəkənarı kəndində Rus dili müəllimi işləmiş, xx.xx.1996-cı ildən etibarən Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbində Rus dili müəllimi vəzifəsində çalışmış, xx.xx.2025-ci il tarixli, 50 saylı əmr əsasında sertifikasiyadan keçmədiyi üçün işdən azad olunmuşdur. İşdən azad olunmağı barədə əmr və əmək kitabçası xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuşdur. O, 2006-cı il tarixdən şəkərli diabet xəstəsidir, hər ay xəstəliyi ilə bağlı dövlət tərəfindən dərman alır. Şəkərli diabet xəstəsi olduğu üçün sertifikasiya imtahanında narahatlıq keçirmiş və imtahanda tam iştirak edə bilməmişdir. Buna görə də sertifikasiyadan keçə bilməmişdir. Buna baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əslində şəkərli diabet xəstəsi olduğu üçün Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermək olmaz. Buna baxmayaraq cavabdeh orqan onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Mediasiya orqanına da müraciət etmiş, lakin prosesə xitam verilməsi barədə arayış verilmişdir. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Masallı rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 50 saylı əmrinin ləğv olunması, məcburi iş buraxma müddəti üçün xx.xx.2025-ci il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb ona ödənilməklə onun rus dili müəllimi vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, sertifikasiya imtahanından kəsildiyinə görə ona AR ƏM-in 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılacağı, həmçinin istəsə öz ərizəsi ilə də işdən çıxa biləcəyi bildirilmişdir. İlk əvvəl etiraz etsə də, sonradan məcbur qalıb işdən azad edilməyi ilə bağlı ərizə yazmışdır. O, şəkər xəstəsidir və AR ƏM-in 79-cu maddəsinin tələblərinə əsasən xəstəliyi ilə əlaqədar işəgötürən tərəfindən ərizəsinə xitam verilə bilməzdi. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin direktoru Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı yaşına görə sertifikasiya imtahanında iştirak etməkdən azad olsa da, özü könüllü şəkildə iki dəfə imtahanda iştirak etmişdir. Hər iki imtahandan kəsildikdən sonra ona sertifikasiya imtahanından keçməyənlərin AR ƏM-in 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarıldığı barədə onun tərəfindən məlumat verilmişdir. İddiaçı özü könüllü surətdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmışdır. Ona sertifikasiya imtahanında iştirak etməsi və ya işdən çıxması ilə bağlı ərizə yazması üçün heç bir təzyiq olmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələr, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 50 № li əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilə qədər Meşəkənarı kəndində rus dili müəllimi, xx.xx.1996-cı ildən xx.xx.2025-ci ilədək Masallı rayonu Banbaşı kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2025-ci il tarixli, 2094 saylı arayışdan görünür ki, İddiaçı 2006-cı il tarixdən Masallı rayon poliklinikasının endekrinoloji kabinetində dispanser qeydiyyatında durur. Ona şəkərli diabet tip 2 orta ağır forma diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, sertifikasiya imtahanında 28 bal təkrar olaraq topladığı üçün, keçid balını keçmədiyi üçün mövcud qaydalara uyğun olaraq onunla bağlanılan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-L-5250- 4/2025 saylı məktubundan görünür ki, onun təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsindən kəsildiyi üçün müvafiq işlə təmin edilməyilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasına uyğun olaraq sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla həyata keçirilir. Nəzərə çatdırılır ki, üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmçinin, təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məlumat üçün qeyd edilir ki, məktəblərdə tədris-yardımçı (laborant, kitabxanaçı, təsərrüfat müdiri və s.) heyət üzrə işə qəbul üçün Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqədə iştirak etməyiniz tövsiyə olunur. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00919 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddəsinin İİİ bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 67-2-ci maddəsinin 3-1-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin “a” bəndinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292.1-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292.2-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1984-cü ildən 1996-cı ilə kimi Meşəkənarı kəndində, xx.xx.1996-cı ildən etibarən Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbində Rus dili müəllimi vəzifəsində işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2025-ci il tarixli, 50 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə öz ərizəsinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, baxılan mülki iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi təşkil edir və tələbdə göstərilən maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1996-cı ildən etibarən Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbində Rus dili müəllimi vəzifəsinə qəbul edilib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi Banbaşı kənd tam orta məktəbi 50 nömrəli 25 iyun 2025-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi öz ərizəsi nəzərə alınmaqla ləğv edilmişdir. Hazırda iddiaçı 50 nömrəli 25 iyun 2025-ci il tarixli əmrin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iddiaçı tərəfindən işəgötürənə ünvanlanmış 25 iyun 2025-ci il tarixli ərizəni nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddiaçı ərizəsində xəbərdarlıq müddəti müəyyən etmədən konkret olaraq 25 iyun 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, eyni tarixdə də 50 nömrəli 25 iyun 2025-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçı 25 iyun 2025-ci il tarixli ərizəni işəgötürənin təkidi ilə məcbur qalıb yazdığını bildirsə də, bu hal iş materiallarına əlavə edilmiş sübutlar və məhkəmə araşdırması zamanı tərəflərin qarşılıqlı çəkişmə prinsipi əsasında alınmış izahatları ilə sübuta yetməmişdir. Bu halda məhkəmə hesab edir ki, Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 50 № li əmr qanuni hesab edilməlidir. Məhkəmə iddianın işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsinə qiymət verərək, hesab edir ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi bilavasitə əmrin ləğvi tələbi ilə bağlı olduğundan və xx.xx.2025-ci il tarixli, 50 saylı əmrin verilməsilə bağlı hər hansı qanunazidd və onun etibarsızlığına əsas olacaq hal müəyyən edilmədiyindən iddianın işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsi də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3412/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3412/2025
24.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver