Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3563/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasına, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öhdəlik müqaviləsinə görə ona veriləcək 1200 (bir min iki yüz) manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildə Masallı rayonu, Yeyənkənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə xx.xx.2013-cü il tarixdə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınaraq nümayəndəlik fəaliyyəti ilə məşğuldur (nümayəndəlik məhdudlaşdırılsa da, ləğv edilməmişdir). Belə ki, xx.xx.1968-ci ildə Masallı rayonu, Kalinovka (hazırda Viləş kəndi) kəndində anadan olmuş, Cavabdeh ona müraciət edərək, Dövlət Təhlükəsizlik Xidmətinin müxtəlif rayonlarında əməkdaşlıq edən, Xaçmaz rayonunda qeydiyyatda olan X2 tərəfindən aldadılaraq, 2023-cü ilin yavar ayında 12000 (on iki min) manat pulunu dələduzluq yolu ilə ələ keçirərək, sonra da, bugün, səhər verərəm deyə onu incitdiyi barədə müraciət etmişdir. O, Cavabdeh fikirlərini dinlədikdən sonra, həmin gün xx.xx.2023-cü il tarixdə ona etibarnamə verərək, razılaşmalarına əsasən hesabına 500 (beş yüz) manat pul ödədikdən sonra, Cavabdehla aralarında, 010 saylı, xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi bağlamışlar. Öhdəlik Müqaviləsinin 2.1-ci bəndinə əsasən “Sifarişçi” “İcraçı”nın yerinə yetirdiyi işlərin müqabilində əvvəlcədən ona işin həlli istiqamətində hərəkət etməkdən ötəri etibarnamə verməklə, nümayəndə ilə öhdəlik müqaviləsi bağlayır. İşin həllindən aslı olmayaraq 500 (beş yüz) manat pul vəsaiti ödəyir. Tələb olunan pul 12000 (on iki min) manat təşkil edir. Həmin müqavilə əsasında da işin həllindən sonra, yəni 12000 (on iki min) manat pul alınarsa və yaxud sifarişçi tərəfdən razılıq olarsa, işin həllindən sonra 10%-i icraçıya ödəyəcəkdir. O, Cavabdeh borclu olan Taleh Həmidovla telefon əlaqəsi yaratmışdır. Telefonda aralarında mübahisə yaranmış, o, da öhdəlik müqaviləsinə əsasən, Respublikanın müxtəlif təşkilatlarına bu barədə müraciət etmişdir. Taleh Həmidov barəsində cinayət işi başlanmış, iş gedişində X4 Hüseynova olan borcunu ödəyərək, razılıq əldə olunmuşdur. Cavabdeh sonradan yanına gəlib, ona öz təşəkkürünü bildirmişdir. Xidməti otağında adamların çoxluğundan, Yaqubla ona verəcəyi pul barədə bir söz demək yadından çıxmışdır. Ondan bir-iki gün sonra, Yaquba ona öhdəlik müqaviləsinə əsasən verəcəyi pul barədə nəzərinə çatdırdıqda, bildirmişdir ki, sənin yanına gələndə üstümdə pul var idi. Sən mənə heç bir söz demədin, mən də o pulları xərcləmişəm. Həmin gündən indiyədək bu ay, gələn ay verərəm deyə-deyə onu aldatmağa başlamışdır. Sonda isə, telefon zənglərini açmamışdır. Məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, müqavilələrin məbləğləri hər kəslə fərqli ola bilir. Bundan başqa icra etdiyi işlərə görə məbləğin 10 faizi müqavilə əsaında ona çatdığına görə bu səbəbdən işin axıracan həll olunmasında öz marağı olur. Bu səbəbdən də işlərin həllində sonacan öz öhdəliyini yerinə yetirir. Cavabdehin işi ilə bağlı MTN işçisinə zəng etmişdir, o, telefona cavab vermədiyindən onun həyat yoldaşına zəng etmişdir. Sonradan Taleh adlı həmin şəxs ona zəng etmiş və ona Yaqubdan aldığı pulu qaytarması barədə onu axtardığını bildirmişdir. Bu zaman Taleh ona təzyiq etmişdir. Sonra Talehə pulu qaytarmasını, bu barədə bir daha ona zəng etməyəcəyini bildirmişdir. Taleh isə ona niyə hədə-qorxu gəldiyini soruşduqda, ona hədə-qorxu gəlmədiyini, onun barəsində müvafiq orqanlara müraciətlər edəcəyini bildirmişdir. Sonra isə xx.xx.2023-cü il tarixdə Taleh barəsində müvafiq orqanlara şikayət yazaraq poçt vasitəsilə ünvanlamışdır. Onun bir məktubu ilə MTN işçisi olan Taleh barəsində tədbir görülmüş və o, işdən azad edilmişdir. Onu yazdığı məktub əsasında Yaqubu çağırmışlar və onun izahatları alınmışdır. Həmin vaxt Yaqub həmiş şəxslə barışmışdır. Yaqub ona barışığa görə şəhid ailəsi gətirdiklərindən ona görə barışmışdır və bu səbəbdən də az pul aldığını bildirmişdir. O, şəhid ailəsinə görə öz haqqını keçə bilər, lakin onun haqqını kəsə bilməz. Cavabdehlə müqavilə bağlamış və müqavilənin bir nüsxəsini də ona vermişdir. Müqavilə bağlananda ümumilikdə cavabdeh ona 500 manat pul ödəmiş, müqavilənin şərtlərini ona izah etmişdir. Prokurorluqda işlə bağlı araşdırma olsa da, cavabdeh həmin araşdırmada tərəf olmamışdır. Yalnız onun şikayətindən sonra onu da Prokurorluğa çağırıb izahatını almışlar. Bundan başqa DİN 102 zəng xidmətinə də zəng edib şikayət etmişlər. Bu da həmin işlə əlaqədar olmuşdur. Məhz onun etdiyi şikayətlərə əsasən cavabdehin problemi həll edilmişdir. Sonradan cavabdeh onun yanına başqa bir işlə bağlı gəlmişdir. O, edə bilmədiyi işi öhdəsinə götürmür. Həmin zaman onun yanında başqa vətəndaşlar olduğundan ona pul verəcəyi barədə bir söz deyə bilməmişdir. Daha sonra cavabdehə zəng edib, ona pul verəcəyini bildirdikdə, cavabdeh ona bildirmişdir ki, ora gələndə pulu var imiş, lakin pul barədə ona nəsə demədiyindən, o, da həmin pulu aparıb banka ödəmişdir. Talehin barəsində araşdırmanın gedib getməməsindən məlumatı olmamışdır. Lakin onun şikayətindən sonra həmin şəxsi bir müddət saxlamışlar. Cavabdehin deməsinə görə Taleh ona 3000 manat pul ödəmişdir, lakin onun bildiyinə görə Taleh 6000 manat pul ödəmişdir. Bundan başqa Talehin ona nə qədər pul ödəməsinin ona heç bir aidiyyəti yoxdur. Müqavilədə 12000 manat pulun alınması və ya sifarişçinin öz istəyi ilə məbləğdən imtina etməsinin onun üçün fərqi yoxdur. Odur ki, 1200 manat pul ona ödənilməlidir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun üçün şikayət ərizəsi yazdıqdan sonra onu etdiyi şikayətə görə Masallı Rayon Prokurorluğuna çağırmışlar, həmçinin DİN 102 zəng xidmətinə də zəng edib şikayət etmişlər. O, Prokurorluqda qəbulda olmuşdur. O, şikayət etdiyi məsələdə tək olmamışdır, ondan başqa 7 nəfər şəxs də Taleh tərəfindən aldadılmışdır, bu barədə də ümumi araşdırma aparılmışdır. O, bu məsələni qaldırmamışdan əvvəl də həmin 7 nəfər şəxslərin də şikayətləri əsasında araşdırmalar başlamışdır. O, iddiaçı ilə müqavilə bağlayarkən onun şərtləri barədə iddiaçı ona məlumat verməmişdir. İddiaçıya ümumilkdə 500 manat pul ödəmişdir. Lakin, pulu aldıqdan sonra ona 10 faiz aldığı puldan ödəyəcəyini bilməmişdir. Bundan başqa Talehlə sonradan razılığa gəlmiş və Taleh ona borcundan 3000 manat pul ödəmişdir. Talehin arvadı ona pul ödəyərkən şəhid ailəsi ilə gəldiyindən, ona qalan pulun ödənilməsi üçün vaxt vermişdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, iddia rədd edilməlidir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində təqsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh özünün idarə müəssisə, təşkilatlarda, İcra və probasiya şöbələrində, Prokurorluq orqanlarında, DİN-də onun bütün şöbə və bölmələrində təmsil etməyi, müvafiq sənədləri təqdim edib təhvil almağı, arayışları təqdim edib təhvil almağı, aldığına dair imza etməyi, dövlət rüsumlarını ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə bütün hərəkətləri, o cümlədən bütün məhkəmə orqanlarında onunla bağlı qətnamə qərarların surətini almağı kimi səlahiyyətlərini İddiaçı etibar etmişdir. 13 iyun 2023-cü il tarixli, 010 nömrəli öhdəlik müqaviləsindən görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında öhdəlik müqaviləsi bağlanmışdır. 13 iyun 2023-cü il tarixli ərizədən və poçt qəblərindən görünür ki, Cavabdeh adından Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Masallı rayon Polis şöbəsinin rəisi cənab Azay Ağayevə ərizə ünvanlanaraq, X1 barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi xahiş edilmişdir. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Cavabdeh onu müxtəlif dövlət orqanlarında təmsil etmək və lazimi tapşırıqları icra etmək üçün İddiaçı etibarnamə vermiş və tərəflərin arasında “öhdəlik” müqaviləsi bağlanmış, həmin müqavilədə İddiaçı ərizə və şikayətlər yazmaq və digər hərəkətlərin icra edilməsi üçü öhdəlik götürmüşdür. Qeyd edilən müqavilənin bağlanmasına səbəb cavabdehin aldadılaraq MTN əməkdaşı kimi qeyd edilən şəxsin ondan aldığı 12000 manat pulun geri alınması ilə əlaqədar olmuşdur. İddiaçı müvafiq dövlət orqanlarına ərizə-şikayətlər ünvanlayaraq həmin pulu geri qaytaracağına köməklik edəcəyinə söz vermişdir. Tərəflər aralarındakı münasibəti rəsmiləşdirərək öhdəlik müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə cavabdeh əvvəlcə 500 manat pulu iddiaçıya ödəmiş, alınacaq pulun isə 10 faizini ona ödəyəcəyinə söz vermişdir. İddiaçı qeyd edilən müqavilə üzrə cavabdehin adından yalnız bir dəfə 13 iyun 2023-cü il tarixdə müvafiq dövlət orqanlarına şikayət ərizəsi yazaraq cavabdehi aldatmış şəxsin hərəkətləri barəsində şikayət etmişdir. İddiaçı hazırda bağladıqları müqaviləyə əsasən üzərinə düşən vəzifələrini yerinə yetirdiyini, cavabdehin 3000 manat pulu aldığını, digər məbləğin də ona qaytarılacağı ilə bağlı borclu şəxslə razılaşdığını bildirmiş, lakin cavabdehin ona 12000 manat pulun 10 faiz məbləğini ödəmədiyini qeyd etmişdir. Cavabdeh alınacaq pulun 3000 manatı aldığını, qalan məbləğin isə ona hələ ödənilmədiyini, lakin gələcəkdə ödənilməsi ilə bağlı möhlət verdiyini bildirərək, qeyd edilən pulun qaytarılmasında İddiaçı heç bir köməkliyinin olmadığını, pulun hüquq mühafizə orqanlarının təsiri nəticəsində ona qaytarıldığını, eyni zamanda bağlanmış müqavilənin şərtlərini oxumadığını qeyd edərək həmin pulun faizini ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər 13 iyun 2023-cü il tarixdə bağladıqları müqavilənin adını öhdəlik müqaviləsi qoysalar da, əslində tərəflər arasında yaranmış münasibətlər şərtlə bağlanmış tapşırıq müqaviləsinin əsasında yaranmışdır. Bu baxımdan da qeyd edilən mübahisənin həlli ilə bağlı tapşırıq müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilədə göstərilən şərtlərdən aydın olur ki, iddiaçı imkanları xaricində olan şərtləri müqaviləyə daxil etmişdir. Belə ki, hüquqi xidmətlər göstərən şəxsin başqa şəxsin və orqanların iradəsindən asılı olan halları özünün həll edəcəyini konkret olaraq göstərməsi müqavilənin təbiətinə uyğun deyildir. Müqavilədə MTN əməkdaşının aldığı 12000 manat pulu geri alacağı ilə bağlı göstərilən şərti müqavilənin etibarsız şərtidir. Çünki dələduzluq yolu ilə və yaxud başqa yolla özgəsinin əməlakını ələ keçirmiş şəxsin pulu qaytarması pulu almış şəxsin iradəsindən asılı olan haldır. Həmin şəxs pulu qaytarmayacağı halda, onun cinayət, mülki və ya digər məsuliyyəti yaranır ki, onun da barəsində dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülür. İşin araşdırılması zamanı məlum olmuşdur ki, MTN əməkdaşı kimi qeyd edilən şəxs 12000 manat pulu almış, sonradan barəsində araşdırma aparıldığı zaman pulun qaytarılması üçün hərəkətlər etmişdi. Göründüyü kimi, şəxs barəsində Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılması nəticəsində, məhz məsuliyyətinin yüngülləşdirilməsi, məsuliyyətdən azad edilməsi ehtimalı ilə həmin pulun qaytarılmasına razılaşmışdır. Cinayət məcəlləsində də məhz dələduzluq yolu ilə əldə edilmiş əmlakın geri qaytarıldığı halda, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün lazimi normaların olduğu onu göstərir ki, şəxs məhz həmin məsuliyyətdən azad olunmaq və ya məsuliyyətinin yüngülləşdirilməsi üçün pulun qaytarılmasında maraqlı olmuşdur. Tərəflərin izahatlarından məlum olmuşdur ki, cavabdehi aladaraq pulunu almış şəxsin barəsində başqa şəxsləri də aladaraq pulunu ələ keçirməsi ilə bağlı araşdırma müvafiq orqanın icraatında olmuş, İddiaçı cavabdehin adından müvafiq dövlət orqanlarına şikayət ərizəsi yazdıqdan sonra Cavabdeh da aldadıldığı dövlət orqanına məlum olmuş, dolyası yolla o da zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı cavabdehə köməkliyi həmin məqamadək, yəni cavabdehin aldadılması ilə bağlı məlumatın dövlət oranına verilməsi ilə başa çatmışdır. Bundan sonra araşdırma aparılması nəticəsində pulun qaytarılması isə iddiaçının iradəsi ilə deyil, həm hüquq mühafizə orqanlarının bu fakt üzrə araşdırma aparması, ən əsası da pulu almış şəxsin özünün məhz mənafeyi üçün həmin pulun qaytarması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən normalarına əsasən: 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, iddiaçı pulun qaytarılacağı halda, ona həmin pulun 10 faizinin verilməsini nəzərdə tutmuş, qaytarılmayacağı halda isə özü üçün hə hansı mənfi nəticələri nəzərdə tutmamış, bir sözlə müqavilənin qeyd edilən şərtini arzusundan asılı etmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3563/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3563/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver