Məhkəmə qərarları › İş №2(050)-3648/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3648/2023

06.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3648/2023 06.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh tmsil edən X5 iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və işə bərpa olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 45 saylı əmrin ləğv olunması və onun Cavabdehnə sürücü vəzifəsinə işə bərpa olunması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə 45 nömrəli əmrlə isə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Onun işdən azad olunması barədə əmr tamamilə qanunsuzdur. Çünki o, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan heç bir qanun pozuntusuna yol verməmişdir. Əksinə işlədiyi müddət ərzində kollektiv arasında və cəmiyyətdə hörmətli işçi olmuş, heç bir töhmət və ya xəbərdarlıq almamışdır. Əgər hər hansı bir pozuntu etmişsə, bu hal sübut edilməli idi, eləcədə əgər hər hansı bir töhmət almış olsaydı, bu onun əmək kitabçasına qeyd olunardı, lakin əmək kitabçasında belə bir qeyd yoxdur. O, dəfələrlə haqqını tələb etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərdiyi əsaslara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 27 aprel 2023-cü il tarixdə sərxoş olmamışdır, həmin gün sərxoş olmasına dair heç bir sənəd yoxdur. İcazə almadan həmin gün işdə olmamışdır, lakin buna görə işdən çıxarılması ədalətli deyildir. Ona bu pozuntuya görə töhmət verə bilərdilər. Sabiq müəssisə rəhbəri Məhərrəm Əliyev onu işdən qərəzli olaraq azad etmişdir. Belə ki, Məhərrəm Əliyev onu işdən çıxararaq öz oğlunu həmin vəzifəyə təyin etmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, iddia əsaslıdır və əmr ləğv olunmalıdır. Cavabdeh rəisi X9 izahatında bildirdi ki, İddiaçı 27 aprel 2023-cü il sərxoş vəziyyətdə olmuş, həmçinin əvvələr də işə bir neçə dəfə içkili vəziyyətdə gəlmişdir. İddiaçı 27 aprel 2023-cü il tarixdə işə içkili gələrək Masallı rayon İcra Hakimiyyətinin qarşısında və şəhidlər xiyabanında yerləşən qadağan olunmuş ərazidə şəxsi avtomobilini srürətlə idarə edərək iş vaxtı nizam-intizam qaydalarını pozmuş və 27 aprel 2023-cü il tarixdə onun barəsində akt tərtib edilmişdir. Sərxoş vəziyyətdə şəhidlər xiyabanın qarşısında, avtomobil idarə olunması icazə verilməyən ərazidə avtoçobilini sürətlə hərəktlər etmiş, bu səbəblə də polis şöbəsinin post patrul xidmətinin əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Bununla bağlı təqdimat yazılmış, həmkarlar ittifaqının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmr qanunidir və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X2 ifadəsində bildirdi ki, o, sahə rəisidir. Hadisə olan gün o, işçilərin yanında olmuşdur. Belə ki, həmin gün İddiaçı özünü pis aparmış və sərxoş vəziyyətdə olmuş, əmək funksiyasını pozmuşdur. X3 ifadəsində bildirdi ki, o, Cavabdeh Həmkərlar İttifaqının sədridir. İddiaçı 27 aprel 2023-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının yanında sərxoş vəziyyətdə olmuş və xoşagəlməz hərəkətlər etmişdir. Polis işçiləri gələrək onu polis şöbəsinə aparmışlar. Bu hərəkəti həmkarlar ittifaqında müzakirə edilmiş və işdən azad edilməsi qərara alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh səlahiyyətli nümayəndəsi mediasiya sessiyasında iştirak etmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehndə xidməti sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir Cavabdeh sahə rəisi X8 tərəfindən təqdim edilmiş təqdimatdan görsənir ki, 27 aprel 2023-cü il tarixdə İddiaçı sərxoş vəziyyətdə Masallı RİH-nin inzibati binasının qarşısında ona aid olan “Vaz-2106” markalı avtomobil ilə avtoxuliqanlıq edərək insanların narahatlığına səbəb olmuşdur. Cavabdeh Həmkərlar İttifaqı Təşkilkatının iclas protokolundan görünür ki, iclas iştirakçıları həmkərlar ittifaqının sədri Polad Mənsimov, baş mühəndis Fərasət Abiyev, sahə rəisi Əjdər Həsənov, çilingər Qalib Kərimov çıxış edərək yekdilliklə İddiaçı işdən azad olunmasını tələb etmiş, iclasın sonunda İddiaçı işçiyə yaraşmayan nalayiq hərəkətlərinin,sərxoş vəziyyətdə işə gələrək qadınların yanında özünü ədəbsiz aparmasının pislənilməsi və İddiaçı işdən azad edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4 və 9-cu hissələrinə əsasən əmək münasibətləri-əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. İstinad olunmuş Məcəllənin 11-ci maddəsinin “b” bəndində əsasən işəgötürən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü ilə mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsininin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində qeyd olunmuşdur ki, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göstərilən Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Məhkəmə göstərilən maddi normalarını iddia tələbinin əsasları ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı qanuni əsaslarla işdən azad edilmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi müvafiq sənədləri sübut kimi tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı 27 aprel 2023-cü il tarixdə sərxoş vəziyyətdə işə gəlmiş, əmək funskiaysı üzrə öhdəliklrini yerinə yetirməməklə, ictimai yerdə qınağa səbəb olan hərəkətlərə yol verməklə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlər etmişdir. Həmin məsələ həmkarlar ittifaqının iclasında müzakirə edilmiş və hərəkəti kobud pozuntu kimi qiymətləndirilərək, əmək müqavilsinə xitam verilməsi barədə Həmkarlar Komitəsinə müraciət edilmişdir. İddiaçı həmin gün sərxoş olmadığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsassızdır, iddianın əsasları sübuta yetmir, ona görə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 45 saylı əmrinin ləğv olunması və onun Cavabdehnə sürücü vəzifəsinə işə bərpa olunması tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar