Məhkəmə qərarları › İş №2(050)-3813/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3813/2025

17.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3813/2025 17.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X7, X10 və X8 cəlb edilməklə mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: X5 ilə nənəsi X27 xx.xx.1962-ci ildə Masallı rayon Yeyənkənd ərazi nümayəndəliyində nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından X41, bibiləri Şiringül Cahangirova, Tehran Cavadova, əmiləri Mirzəhəsən Müseyibov və Əflatun Museyibov anadan olmuşlar. X41 anası X28 ilə nikahlarını xx.xx.1991-ci ildə Masallı rayonu Güllütəpə ərazi nümayəndəliyində rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. X32 xx.xx.1989-cu il tarixdə, babası Mirzağa Musayev xx.xx.1995-ci il tarixdə, nənəsi Lala Cavadova xx.xx.2021-ci il tarixdə, X41 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Babası ilə nənəsinin valideynləri daha öncədən vəfat etdiyindən birinci növbəli vərəsə kimi atası, əmiləri və bibiləri qalmışdır. X19, eləcə də atası vəfat etdiyindən baba və nənəsinə münasibətdə Şiringül Cahangirova ilə əmiləri, həmçinin atasının yerinə onlar birinci növbəli vərəsə hesab edilirlər. Onlardan başqa birinci növbəli digər vərəsələr miras əmlakdan imtina etmiş, onlar isə nənəsindən qalan evdə yaşaraq ona məxsus torpaqdan istifadə edərək miras əmlakı faktiki idarə etməklə qəbul etmişlər. Vəfat edənədək nənəsinin mülkiyyətində Torpağa mülkiyyət hüququna dair JM-116 saylı Dövlət aktı ilə Masallı rayonu Tatyanoba kəndində 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-037A saylı şəhadətnamə ilə həmin kənddə 0,13 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həyətyanı torpaq sahəsində inşa edilmiş ev olmuşdur ki, hələ nənəsinin və atasının sağlığında həmin evdə onlar yaşamış, hazırda həmin evdən istifadə edirlər. Evdə olan qaz və elektrik sayğacları da onun adına rəsmiləşdirilmişdir. Payıbəlli torpaq sahəsini də hər il özləri əkib-becərmişlər. Göründüyü kimi nənəsinin və atasının sağlığında və onların ölümündən sonra qeyd olunan həyətdə yerləşən evdə ailə üzvləri və onlar yaşamaqla təsərrüfatı idarə edərək, kommunal xərcləri ödəmiş, həmçinin təsərrüfatı idarə edərək mirası faktiki qəbul etmişlər. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişlər. Mirası sənədləşdirmək istəyərkən notariat kontorunda mümkün olmamış, bu səbəbdən də nənəsinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının tələbi: Mərhum nənələri X11 miras qalmış Masallı rayonu Tatyanoba kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-116 saylı Dövlət Aktında qeyd edilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Torpağın mülkiyyətə verilməsinə dair JN-037A saylı Şəhadətnamədə qeyd edilmiş 0,13 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməkləri faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı ayrılıqda məhkəmə iclasında izahat verərək bildirmişlər ki, mərhum nənələri X11 miras qalmış Torpağa mülkiyyət hüququna dair JN- 116 saylı Dövlət Aktında qeyd edilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və Torpağın mülkiyyətə verilməsinə dair JN-037A saylı Şəhadətnamədə qeyd edilmiş 0,13 ha həyətyanı torpaq sahəsini vərəsə kimi onlar qəbul etmişlər. Hazırda həmin miras əmlak onların faktiki istifadəsindədir. Digər vərəsələrin mirasın onlar tərəfindən qəbul edilməsinə etirazları yoxdur. Cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X10 hər biri ayrı-ayrılıqda izahat verərək iddia tələbinə etirazlarının olmadığını bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Miras əmlak qardaşı uşaqları İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq istifadə edilir. İş materiallarına əlavə edilmiş sənədlər: Nikah haqqında arayışdan görünür ki, X24 ilə X14 nikahı haqqında xx.xx.1962-ci il tarixdə 56 №-li akt qeydi tərtib olunmuşdur. Nikah haqqında arayışdan görünür ki, X25 ilə X15 nikahı haqqında xx.xx.1991-ci il tarixdə 44 №-li akt qeydi tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, 3/16-5/8-48xx-xx/2025 saylı arayışdan görünür ki, İddiaçı2 xx.xx.1994-cü ildə Masallı rayon Tatyan kəndində anadan olmuşdur. X9, anası X21r. xx.xx.2025-ci il tarixli, 3/16-5/8-48xx-xx/2025 saylı arayışdan görünür ki, İddiaçı1 xx.xx.1992-ci ildə Masallı rayon Tatyan kəndində anadan olmuşdur. X9, anası X21r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 05.9.1989-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. JN-116 nömrəli Kod 80508028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 169 saylı qərarı əsasında X16 mülkiyyətinə 0.11 ha torpaq sahəsi verilmişdir. Masallı RİHB-nin Güllütəpə kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 223 saylı arayışından görünür ki, Tatyanoba kəndində yaşayan X6 mərhumə anası X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumənin daimi yaşayış yeri Tatyanoba kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hal-hazırda yaşayan aşağıdakı ailə üzvləri qalmışdır. 1.Oğlu: X25 xx.xx.2021-ci il tarixdə vəfat edib. X1 ailə tərkibindan qeydiyyatdan çıxıb gedən vərəsələri aşağıdakılardır. 1. Oğlu: X8; 2. Qızı İsayeva (Cavadova) Tehran Mirzağa qızı -xx.xx.1989-cu il tarixdə vəfat edib; 3. Qızı Musayeva (Cahangirova) Şiringül Mirzağa qızı; 4. X10. Masallı RİHB-nin Güllütəpə kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 227 saylı arayışından görünür ki, Tatyanoba kəndində yaşayan X13 mərhum əri X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Tatyanoba kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hal-hazırda yaşayan aşağıdakı ailə üzvləri qalmışdır. 1.arvadı X26; oğlu: İddiaçı1; oğlu İddiaçı2. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən vərəsələri yoxdur. X12 yuxarıda qeyd olunan vərəslərindən başqa vərəsələri yoxdur. Reyestrdə 8İ-11982 № ilə qeydə alınmış ərizədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə anası X27 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirmişdir ki, anasından miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti üzərinə götürəcəkdir. Reyestrdə 8İ-11980 № ilə qeydə alınmış ərizədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anası X27 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirmişdir ki, anasından miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti üzərinə götürəcəkdir. Reyestrdə 8İ-5949 № ilə qeydə alınmış ərizədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anası X27 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirmişdir ki, anasından miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti üzərinə götürəcəkdir. Masallı RİHB-nin Güllütəpə kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 299 saylı arayışından görünür ki, mərhumə X27 vəfat etdikdən sonra oğlu X25, o vəfat etdikdən sonra isə mərhumun ailə üzvləri X26, İddiaçı1 və İddiaçı2 təsərrafatda yaşayır və idarə edirlər. “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" ASC-nin abonent saldolarından görünür ki, işıq və qaz sayğacları üzrə istehlakçı İddiaçı1dur. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 656 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş nənəsi X11 miras qalmış əmlaka dair şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1543 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş nənəsi X11 miras qalmış əmlaka dair şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. JN-037A nömrəli Kod 80508028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997ci il tarixli, 169 saylı qərarı əsasında X16 mülkiyyətinə 0.13 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.3-cü maddələrinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». İşə baxan məhkəmənin mövqeyi. Məhkəmənin tədqiq etdiyi sübutlardan, iddiaçı tərəfin izahatından məlum olur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum nənələri X11 qalmış mirası faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı, tərəflərin izahatları ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər ilə bu fakt öz təsdiqini tapmışdır. İddiaçılar mərhum nənələri X14 vəfatından sonra torpaq sahəsinə faktiki sahiblik etmək, onu əkib-becərməklə, təsərrüfatı idarə etmişdir. Bu əsas verir ki, İddiaçı1 və İddiaçı2 mirası faktiki olaraq qəbul etmişlər. Belə olan halda onların nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bununla yanaşı digər vərəsələr miras əmlakı faktiki qəbul etmədiklərini və miras əmlakdakı paylarından iddiaçıların xeyrinə imtina etmələrini məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan notarial ərizələr ilə təsdiq etmişlər. Belə olan halda qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 mirası faktiki qəbul etməsi nəzərə alınmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu Tatyanoba kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN- 116 saylı Dövlət Aktında qeyd edilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Torpağın mülkiyyətə verilməsinə dair JN-037A saylı Şəhadətnamədə qeyd edilmiş 0,13 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə vəfat etmiş X23 məxsus payın ikinci növbədən vərəsələri İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar